Yaxın keçmişimizin canlı tarixi
Əli ŞAMİL,
AMEA Folklor İnstitutunun elmi əməkdaşı
Yeniyetməlik və gənclik illərimdə, adətən, ağsaqqalların toplaşdığı yerlərdə olmağı, onların söhbətlərinə qulaq asmağı sevərdim. Bəzən onlar məni qovardılar. Bundan inciməzdim. Yenə də gedərdim. İndi isə tərsinə olub. Yaşlandıqca yeniyetmələrin və gənclərin söhbətlərinə qulaq asmağa, onların fikirlərini dinləməyə başladım. Çünki, yaşıdlarımın əksəriyyəti təxminən mənim kimi düşünür. Həyat təcrübələri, keçdikləri ömür yolu onları ehtiyatlı olmağa, neçə deyərlər, yüz ölçüb, bir biçməyə vadar edir.
Gənclər isə çox çılğın olurlar. Dünyanın nizamı ilə barışmır, onu dəyişməyə çalışırlar. Özlərində də bir inam var ki, dünya düzənini dəyişə biləcəklər. Mən də yeniyetmə və gənclərin gələcəyi necə görmək istədikləri, nələri dəyişməyə meyilli olduqları ilə maraqlanıram. Onların həyata keçirmək istədikləri “inqilablar”ın, cəmiyyəti sərt yöndən dəyişmək istəklərinin mümkün olmayacağını bilsəm də, fikirlərinə sayğı ilə yanaşıram.
Yaşıdlarım və məndən yaşlı ağsaqqallar arasında elələri var ki, onların söhbətlərini dinləməyə ehtiyac duyuram. Zaman isə öz işini görür. Onların sayı ildən-ilə azalır. Özümdən asılı olmayaraq, bəzən dünyasını dəyişən dost və tanışlarımın xəyalları ilə söhbətlərşirəm. Görünür ki, bu da ixtiyarlığın bir əlamətidir.
Yaşımın bu çağında özümdən böyüklərin söhbətlərinə ehtiyac duyduğum insanlardan biri də Səadət müəllimdir. Onunla da könlüm istəyəndə görüşüb, söhbətləşə bilmirəm. Çünki, Səadət Tağıyev Lənkaran rayonunun Separadi kəndində, mən isə Bakıda yaşayıram.
Gənclik illərimdə, Naxcıvan şəhərində yaşayanda Babək rayonunun Nehrəm kəndində Əsəd müəllimi görməyə tez-tez gedərdim. Geniş dünyagörüşlü, səmimi bir insan olan Əsəd Əliyevin söhbətlərindən doymaq olmurdu. Onda nə çib telefonu vardı, nə də şəhərlərarası telefonlar normal işləyirdi ki, zəng vurub görüş üçün vaxt müəyyənləşdirim. Avtobuslar da sabit qrafiklə işləmirdi. Ona görə də imkanım düşəndə avtobusa əyləşib Naxçıvandan 10-15 kilometir aralıdakı Nehrəm kəndinə gedər, Əsəd müəllimi tapıb doyunca söhbət edərdik. Bəzən də “əliboş” qayıtmalı olurdum. Əsəd müəllim də Naxçıvana gələndə mənə zəng vurar, çayxanada oturub söhbət edərdik. Onunla söhbətlərimiz bəzən 2-3 saat çəkərdi.
İndi çib telefonları da var, şəhərlərarası telefon xətləri də əvvəlkilərə nisbətən yaxşı işləyir. Amma məsafə uzaq olduğundan Səadət müəllimlə istədiyim vaxt görüşüb söhbət edə bilmirəm. Ya dostlar Lənkarana gedəndə onlara qoşulub Səadət müəllimi görür, ya da o, Bakıya gələndə özü xəbər edir, başına toplaşıb saatlarla söhbət edirik. Adətən, belə söhbətləri ibadətdən-ziyarətdən sayarlar.
Səadət müəllimi mən dostlarıma baxanda sonralar tanımışam. Rəhmətlik İnqilab Babayev, Qənimət Səfərov, Əlipənah Bayramov, Tahir Abbaslı, Tahir Aydınoğlu və b. onunla məndən əvvəl tanış idilər. Mən isə 1993-cü ildə Naxçıvandan Bakıya köçəndən sonra həmin dostların əhatəsində Səadət müəllimlə yaxın oldum. Bu tanışlıqda Qənimət bəy körpü rolunu oynamaqla qalmadı, mən deyərdim, dostluğumuzun möhkəmlənməsinin də səbəbkarı oldu.
Əvvəllər Qənimət bəyin maşını ilə dostlarla Lənkarandakı İstisuda dincəlməyə gedərdik. Səadət müəllim də bizi qarşılayar, qonaq edər, dincəlməmiz və müalicəmiz üçün lazımı şərait yaradardı. Onun hər bir hərəkətində yaşadığı bölgəni neçə çılğınlıqla sevdiyini görürdüm. Həmişə süfrədə xörəyin çox olmasına, qonağın çox yeməsinə deyil, daha çox bölgəyə məxsus yeməklərin olmasına diqqət yetirər. Hər dəfə də çalışar ki, bizim dadmadığımız təamlar hazırlansın. Sanki, bir həkim-kulunar kimi süfrədəki yeməklərin sağlamlıq üçün əhəmiyyətindən, hazırlanma qaydalarından söz açar.
Ciddi görünən Səadət müəllimin inçə yumoru, adətən, ailələrimizdə, dost-tanış arasında atalar sözü kimi işlədilir. Belə ki, biz İstisuda dinçələrkən səhərlər südlü sıyıq yeyir və Səadət müəllimə də bu xorəyin çox dadlı olduğunu söyləyərdik. Onda Səadət müəllim sıyığın südünün və düyüsünün təzə və yerli məhsullardan olduğunu deməz, zarafatla “Bir talış qızı alsaydınız həmişə belə südlü sıyıq yeyərdiniz!” deyərdi. Yaxud da hər il bizə Lənkaran çayı hədiyyə verəndə, sonra da biz zarafatla “Səadət müəllim, çayı apardıq dəmlətdik, amma buradakı kimi ətirli alınmadı” söyləyəndə, o da eyni zarafatla “O çayın gözəl dəm alması üçün gərək talış qızı alaydınız” deyərək bizləri güldürürdü.
Onun qonağı yalnız biz deyilik. Bəlkə də 50 ildir ki.qonaq qarşılayır, yola salır. Hər il onlarla qonağı olur. Özü də bu qonaqların dünyagörüşü də, vəzifəsi də, yaşı da bir-birindən fərqli olur. Bu fərqli insan toplumunda o, ortaq məxrəci gözəl tapa bilir. Məsələn, mən həyata baxışlarımda müxalif yönlüyəm. Bir yerə toplaşanda, söhbət edəndə sovet dönəminin nöqsanlarından daha çox söz açıram. Səadət müəllim isə gəncliyindən müxtəlif vəzifələrdə işləyib. Necə deyərlər, sovet hökumətinə çanla-başla qulluq edib. O vaxtlar başı çox qallar çəksə də, həyatının o illərindən razıdır. O vaxtkı kimi, indiki əyriliklərlə də barışa bilmir. Ölkədəki rüşvətxorluq, yaltaqlıq, kəskin təbəqələşmə, ikiüzlülük və s. onu da üzür, məni də, söhbətdə iştirak edən dostlarımızı da. Düşünürük ki, kökü dünəndən gələn bu nöqsanlar bugünə keçməməli idi.
Məsul vəzifəlilərin nöqsanlarından danışırıq. Mətbuatda oxuduqlarımızı bölüşürük. Aradan bir neçə il keçəndən sonra haqqında söhbət açdığımız məsələlərlə bağlı cinayət işi açılır, adamlar həbs edilir. Demək biz nöqsanları vaxtında görürmüşük...
Keçmişə münasibətdə Səadət müəllimlə mənim aramda müəyyən fikir ayrılığı olsa da, aramızda kiçik narazılıq belə olmayıb. Səbirlə dinləməyi, müsahibinin fikirlərinə hörmət etməyi baçarır. Çox vaxt mənim dediyim nöqsanları o da təstiqləyir. Amma bu söhbətlərimiz Səadət müəllimin içindəki keçmiş günlərə olan sevgini azaltmır.
Moskvadan, Bakıdan gəlmiş yüksək rütbəli hökümət məmurları ilə, hərbiçilərlə tez-tez görüşüb, bir yerdə yeyib-içib, söbətləşib. Həmin insanlarla bağılı zəngin xatirələri var. O yaxın keçmişimizin çanlı bir tarixidir. Rəhbər vəzifələrdə işləmiş insanlar haqqında elə maraqlı və dəyərli xatirələr danışır ki, onları biz heç bir kitabda oxuya bilmirik. Bu xatirələr, sadəcə, bir məişət söhbəti, yeyib-içmək məclislərində kef havasına deyilən elə-belə söz deyil, dövrün mənzərəsini, ruhunu əks etdirən əvəzsiz faktlardır.
Səadət müəllim danışır ki, bir dəfə ovaxtkı Stepanakertə-- Xankəndinə rəhbər vəzifədə işləyən bir ermənini oğlunun toyuna getmişdik. Azərbaycanda kifayət qədər tanınan, cəmiyyətdə sayılıb- seçilən, böyük nüfuzu olan insanlar orada idilər. Toyda çox sağlıqlar deyildi, çox badələr qaldırıldı. Yüksək səviyyədə keçən məclis bir kəlmə sözlə birdən-birə qarışdı. Toy sahibi azərbaycanlıların dostluğa sədəqətindən, cəsarətindən, hünərindən söz açdı və təklif etdi ki, hamı ayaq üstə badaləri Azərbaycan xalqının sağlığına içsin...
Hamı ayağa qalxdı. Toy sahibinin atasından başqa. Hamımız qocanın bu hərəkətinə məəttəl qaldıq. O isə əsəbiliklə bizə baxır və yerindən tərpənmək belə istəmirdi. Sağlıq deyən oğul atasına müraciətlə “niyə mənim dediyim sağlığa içmirsən” deyəndə, ata daha sərt və kəskin: “mən yaramazların sağlığına içmərəm!”-- dedi. Məclisdə qarışıqlıq yarandı. Bizi toya dəvət edən də, o biri ermənilər də bizdən heç də az pərt olmadılar.
Vəziyyətin belə olduğunu gördükdə toy sahibinin atası aqıqlama verdi: “Mənim 17-18 yaşım olardı. Andranikin yavəri idim. Qoşunlarımız müzəlmanları qırıb. Qarabağı onlardan təmizləmək ümidilə irəliləyirdi. Laçının Zabıx dərəsində Sultan bəyin dəstələri bizi mühasirəyə aldı. Təslim olmaqdan başqa əlacımız qalmadı. Bizi Sultan bəyin yanına gətirdilər. O, əsirləri dindirir və qruplara ayırırdı. Məni də dindirdi. Bizi yedirdib-içirdəndən sonra əsirlərin arasındakı dörd qızı ayırdı və yanındakılara tapşırdı ki, bunları aparıb Gorusda ermənilərə təhvil verin. Nə fikirləşdisə mənə baxıb dedi: “Bu uşağın da heç bir günahı yoxdu. Onu da bu qızlarla birlikdə aparıb Gorusa yola salın”.
Bizi gətirib təhlükəsiz bir yerdən Görüsa ötürdülər. Qızlara da güldən ağır bir söz deyən, sataşan olmadı. Amma mən şahidəm ki, Andranikin gözü qarşısında neçə müsəlman qızını zorlamışdılar, neçə hamilə qadının qarnını yırtmışdılar. Hətta bir-biri ilə mərc gəlirdilər ki, hamilə qadının qarnındakı oğlandır, yoxsa qız...
Mən Görusa gələndə öyrəndim ki, Andranik Zabıxda mühasirəyə düşəndə keşişin paltarını zorla əlindən alıb geyinərək aradan çıxıb. Ermənilərin hamısının evində Andranik kimi bir qəddarın və qorxağın şəkilinə rast gəlmək olar. Onu milli qəhramana çeviriblər. İndi mənə desinlər görüm, bunların hansının evində Sultan bəyin şəkili var, kim cəsarətlə Sultan bəylə qürur duyduğunu söyləyə bilər? Mən belə unutqanlara neçə yaramaz deməyim?!”
Səadət müəllim söyləyir ki, qoça erməninin sözləri, sanki, üstümüzə qaynar su kimi ələnsə də, bizi təhqir etdiyini deyil, haqlı qınadığını anlayıb Sultan bəyə görə qürur duyduq, özümüzə görə yenidən pərt olduq.
Hər dəfə Səadət müəllimdən ayrılanda təəssüflənirəm ki, nədən diktafonu gətirib onun danışdıqlarını gizlicə yazmadım. Bilirəm ki, onun səsini gizli yazdığımdan xəbər tutsa buna yaxşı bazmaz. Amma illər keçəndən sonra bunun xeyirxah məqsədlərlə edildiyini gördükdə incikliyi də keçib gedər.
Yubileylərin, ad günlərinin qeyd edilməsini çox sevirəm. Bəzən yaşımın bu çağında da şıltaqlığım həddi keçir. Sevinir, deyir-gülür, məclis sahibi olan dostlarla zarafat edirəm. Amma, nədənsə, özümün ad günümün qeyd edilməsinə, mənim haqqımda çox danışlımasına dözümsüzlük edirəm. Necə deyərlər, dostlarıma rəva gördüyümü özümə yaxın qoymuram. Dostlarım da buna görə mənim çəkincəkliyimlə ilk baxışda hesablaşır,gizlində isə sayğı göstərir, öz istəklərindən keçə bilmirlər...
Bir dəfə Səadət müəllim Lənkarandan zəng vurdu. Sabah Bakıda olub- olmayacağımla maraqlandı. Mən də heç yerə getməyəcəyimi dedim. Bakıya gələcəyini, görüşmək istədiyini bildirdi, razılaşdıq. Görüş yerini və saatını Səadət müəllim təyin etdi: Canaqqala restoranı.
Təyin olunan vaxtda xanımımla birlikdə restorana getdikdə gördüm ki, dostlarım və onların xanımları da buradadır. Otadqdakı gül dəstələri, mügənni və s. burada xüsusi bir şənlik keçiriləcəyindən xəbər verirdi. Anladım ki, bu gizli yubiley mənim üçün təşkil edilib. Dostlarım bilirdilər ki, ki, mənə 60 illik yubiley keçirəcəklərini desələr, Bakıdan çıxıb gedəcəyəm. Ölcüb-biciblər ki, Səadət müəllim deyil, dostlardan başqası məni belə bir görüşə dəvət etsə, duyuq düşərəm, onların planını pozaram, Səadət müəllimin dəvətindən isə şübhələnmərəm.
Səadət müəllimin məni melə məharətlə dostlarımızın qurduğu “tora salmağından” əvvəlcə incidim. Sonra düşündüm ki, bu, dostlarımın da, Səadət müəllimin də xeyirxahlığından doğan bir “tordur”. Arxasında qədirbilənlik, səmimiyyət durur.
Toplantıda iştirak edənlər danşıdıqca mən sıxılır, bilmirdim harada gizlənim ki, onların dediklərini eşitməyim. Məclisi lentə köçürüb diskini mənə də verdilər. O videonu dost-tanışlara, qonşu ölkələrdə yaşayan tanışlara da payladılar. Şənlikdə çıxış edən insanlar, onların söyləriyi fikirlər haqqında xoş sözlər eşitdim. Nəhayət, mən də həmin vidoyazıya sakitlikdə diqqətlə baxdım. Gördüm ki, orada söylənənlər şəxsi müstəvidə deyil, ictimai məzmunludur. Sanki, dostlarım mənim timsalımda zaman, dostluq, borc, ləyaqət, insanların cəmiyyətdə yeri haqqında fikirlərini bölüşüblər. Onda anladım ki, məclisi gizli təşkil edənlər məndən uzaqgörən və vətənsevərdirlər. Beləcə Səadət müəllimdən bu kiçik incikliyim yox olub getdi, yerini isə minnətdarlıq hissi tutdu.
Yaşadığı bölgənin iqtisadiyyatını, tarixini, etnoqrafiyasını, folklorunu gözəl bilən Səadət müəllim onlardan xeyirxahlıq, insansevərlik, ənənəni yaşatmaq üçün bacarıqla istifadə edir. Yəni o gördüklərini kameraya köcürən fotoqrafdan çox, firça ilə tablo yaradan rəssama bənzəyir.
Onun söhbətlərini qələmə alsaq, XX yüzilin ikinci yarından günümüzə qədər baş verənlər barədə oxunaqlı, yaddaqalan, həm də tarixi bir kitab alınar.
|