Yunus Kandımovla bir həftə Bakıda

YUNUS KANDIMOVLA

BİR HƏFTƏ BAKIDA

 

Şair, şərqşünas Nəriman Qasım oğlu evimizə zəng vuraraq məni Bakıda keçiriləcək Xəzər formuna dəvət etdi. Onunla tanışlığımızın tarixi bir il olmazdı. Amma tanınmış şairi və ədəbiyyat araşdırıçıs olan atası Qasım Qasımzadənı çoxdan tanıyırdım. Yaşda məndən böyük olsa da xoş bir münasibətimiz vardı.

 Azərbaycan Dövlət Unversitetinin Şərqşünaslıq fakültəsini bitirən, xarici ölkələrdə bir neçə il tərcüməçi işləyən, elmlər namizədi, mətbuatda şeirləri çap olunan Nəriman “Ədəbiyyat” qəzetində çap etdirə bildiyi birşeiri ilə nəinki mənim, Azərbaycanda çoxlarının sevimlisinə çevrildi. Onu Naxçıvana – oxucularla görüşə dəvət etməyimiz atasını da heyrətləndirmişdi. Qasım müəllimə görə Naxçıvanda oxucuların çoxu heca vəznində yazılan xalq şeirlərini sevirdi. Əsasən sərbəst vəzndə şeirlər yazan oğlu orada oxucu diqqəti çəkə bilməzdi.

Zaman isə başqa zaman idi.Millətdə bir milli oyanış vardı. Şeirin hansı vəzndə yazılmasına deyil insanların içindən keçənləri necə ifadə etməsinə önəm verirdilər. Nəriman da bir vətəndaş kimi cəsarətlə xalqının istəklərini qələmə alan, xalqının haqqını müdafiə edən bir ziyalı idi. O, Naxçıvana gəldi və çayxanalarda, meydanlarda, kənd klublarında təşkil etdiyimiz görüşlərdə böyük uğur qazandı. Onun oxuduğu şeirlər alqışlarla qarşılanır, milli məsələ ilə bağlı çoxlu suallara cavab verməli olurdu. Cəsarəti və milli dəyərləri yüksək qiymətləndirməsi bizi bir-birimizə yaxınlaşdırdı.

Nəriman məni Bakıda 1989-cuil dekabrın 4-də başlayacaq Xəzər formuna dəvət edirdi. Mən ona gedib-getməyəcəyim haqqında qəti cavab verə bilmədim. Çünki həmin gün biz Araz çayı boyunda canlı zəncir yaratmaqla SSRİ-nin İranla sərhəddə yaratdığı dəmir pərdəyə etirazımızı bildirəcəkdik.

Qafqazı işğal edən Rusiya Azərbaycanı parçalamışdı. Sovet hökuməti isə sərhədlərdə sərt rejim yaratmaqla vəziyyəti daha da gərginləşdirmişdi. Neçə-neçə kənd və qəsəbə iki yerə bölünmüşdü. Eyni şəhər və ya qəsəbə İran Astarası və Sovet Astarası, İran Culfası və Sovet Culfası, iran Biləsuvarı və Sovet Biləsuvarı adıyla tanınır və yazılırdı. 50 ilə yaxın idi Sovet Azərbaycanında yaşayanlar İran Azərbaycanındakı qardaş-bacılarından, qohum­larından xəbər tuta bilmirdilər. 50 il idi sərhədçilər vaqonda gedənlərə pəncərədən İran tərəfə baxmağı qadağan edirdi. 50 il idi neçə-neçə ana balasının, bala anasının üzünə həsrət idi.Culfada yaşayan bir ana təsadüfən Arazın sağ sah ildə qalmış oğlunu görmək üçün İrana getməyə viza ala bilsəydi, o qatarla Bakıya, Bakıdan Moskvaya, Moskvadan Tehrana, Tehrandan Təbrizə, Təbrizdən İran Culfasına gəlməli olurdu. Araz üzərindəki 100 metrlik körpünü keçməyə içazə verilmədiyindən 6-7 min kilometr məsafəni keçməli, bir neçə gün vaxt itirməli, nə qədər pul xərcləməli olurdu.

Xalq bu əngəllərdən boğaza yığılmışdı. Xalqın etirazını istiqamətləndirən, toplantıları idarə edən isə Xalq Cəbhəsi adlandırılan təşkilat idi. Mən də bu təşkilatın Naxçıvan Muxtar Respublikasındakı özəyinin idarə heyyətinin üzvü idim. Belə bir gərgin vaxtdanə özüm getmək istəyirdim, nə də yoldaşlarım buna icazə verirdi.

Vəziyyətə aydınlıq gətirmək üçün Bakıya – Azərbaycan Xalq Cəbhəsinin sədri Əbülfəz Elçibəyə zəng vurduq. O, nə üçün zəng vurduğumuzu bildikdə qətiyyətlə dedi: “Sərhəddə başladığınız aksiyalar hələ çox uzun sürəcək. Sən sonrakı aksiyalara qatılarsan.Sənin Bakıdakı toplantıda iştirak etməyin daha önəmlidir. Tanıdığın insanlar da gələcəklər. Onlar da səni görmək istəyəcəklər. Oradakı işləri uşaqlar yoluna qoyacaqlar.”

Təşkilat sədrinin qəti göstərişindən sonraBakıyayola düşdüm.

Xəzər forumu Bakının doğusunda, Azərbaycan LKGİ-nin (Komsomolunun) Mərkəzi Komitəsinə məxsus Zuğulba gənclik düşərgəsində keçirilirdi.Qəribə burası idi ki, əsasən Türkçülərin dəvət olunduğu toplantının təşkilatçıları arasında Azərbaycan Lenin Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsinin adı olsa da, işləri reallaşdıran, düzənə salan məşhur türkoloq, Azərbaycan Elmlər Akademiyasının əməkdaşı, dilçi alim Aydın Məmmədovidi.

Dekabrın4-ü günü mən toplantı iştirakçılarıyla bir yerdəydim. Əsərlərini oxuduğum Kırım tatarlarından olan şair-publisist Yunus Kandımovla da burada tanış oldum. Əslində mən uzaqdan-uzağa da olsa onu tanıyırdım. Dostlarımla birlikdə Kırım tatarlarınınDaşkənddə çıxan “Lenin bayrağı” qəzetinə və “Yıldız” jurnalına abunəçi olduğumuzdan ordakı məqalələrin və şeirlərin əksəriyyətini gözdən keçirirdik. Yunusun da şeir və məqalələri ilə tanış idim. Amma məni heyrətləndirən onun iki il əvvəl “Lenin bayrağı” qəzetinin21 mart 1987-ci il sayında çap etdirdiyi “Buz yerindən köçdü” məqaləsi olmuşdu. Məqaləni oxuduqdan sonra ona təşəkkür məktubu yazaraq ruhlandırmışdım.

İlk görüşümüzdə də ətrafımızdakılara Yunusun “Buz yerindən köçdü”məqaləsindən söz açdım. Diqqətimizə çox sevindi. O da mənim “Abunə yazılmaq istəyirik” məktubumu “Kırımskaya pravda” qəzetinin həftəlik əlavəsi olan “Dostluq” qəzetinin 10 noyabr 1990-cı il,19-cu sayında çap etdirdiyindən, bu cür məktubların vətənə dönən xalqı ruhlandırdığından söz açdı. Mən isə qəzetin həmin sayında onun Ş.Ramazonovla birlikdə İkinci Dünya Savaşı illərində Kırımda partizan dəstələrinin komandir müavini və komandiri olmuş, RSFSR Dövlət Mükafatı laureatı, bir neçə kitabın və kinonun ssenari müəllifi Georgi Leonudoviç Severskidən apardıqları “Həqiqət və tək həqiqət” müsahibənin Naxçıvanda böyük maraqla qarşılandığından söz açdım. Beləcə xatirələr çözələnməyə başladı. Kırım tatarlarının sürgün həyatından, imzasını tanıyıb üzünü görmədiyimiz insanlardan, vətənə dönənlərin üzləşdikləri çətinliklərdən xəbər tutmağa başladıq.

 Xəzər formuna dəvət olunanlar tanıdıqları və tanımadıqları insanlarla uzun illər ayrı düşmüş doğmalar kimi görüşür, söhbətləşirdilər. Kırım tatarlarına içimdə böyük sevgi olduğundan, onların sürgün olunmasına açıdığımdan Yunus Kandımova daha çox diqqət və qayğı göstərməyə, ondan sürgün həyatları haqqında daha genişbilgi almağa çalışırdım. O da həvəslə danışırdı.

Yunus 1959-cu il sentyabrın 4-də Daşkənd vilayətinin Ağkurqan sovxozunda dünyaya gəldiyindən, orta məktəbdə oxuyarkən ədəbiyyata böyük maraq göstərdiyindən, şeirlər yazdığından, ilk şeirini 1979-cu ildə “Lenin bayrağı” qəzetindəçap etdiyindən söz açdı. Öyrəndimki, 1981-ci ildəDaşkənd Dövlət Pedaqoji İnstitutununKırım tatar şöbəsini bitirib.

1988-89-cu illərdə “Lenin bayrağı” qəzetində işləyən, şeirlərini və məqalələrini çalışdığı qəzetdə, “Yıldız” jurnalında, “Karılğaclar” almanaxında çap etdirən Yunus Kırım tatarlarının vətənə dönmələrinə icazə verilən kimi Kırıma köçür. Burada yerləşməyə, ev-eşik qurmağa, iş tapmağa nə qədər əngəllər törətsələr də, çətinliklərdən qorxmur. “Dostluq” qəzetinin yaranmasında və formalaşmasında yaxından iştirak edir və qəzetin ən fəal və cəsarətli əməkdaşlarından birinə çevrilir.

Yunus Kandımov 1988-ci ildə Daşkənddəki Qafur Qulam adına Ədəbiyyat və Sanat Nəşriyyatında çap etdirdiyi “Sen denizge benzeysin” adlı şeirlər kitabçasına “Əli muallime büyük ürmet ve sayğı ile müəllif. 6.XII.89” avtoqrafıyla mənə bağışladı.

Yunus bəylə, ömür yolundan, sürgün həyatlarından, vətənə qayıtmaq uğrunda apardıqları mübarizədən söhbətlər edirdik. Foruma qatılan azərbaycanlıların ona olan sevgisinə, Kırım tatarları haqqında bilgisinə, onların mübarizəsini necə ürəkdən dəstəklədiyinə heyran qalmışdı.

Yunus bəy çılğın, vətəni və milləti üçün lazım gələn hər bir işi görməyə hazırdı. O, daim axtarırdı. Millətinin keçmişinə bağlı, keçmişiylə qürur duyan birisiydi. Böyük həvəslə yeni şeir formaları yaratdığından, keçmişdə Kırım ədəbiyyatında olan və unudulan “palindrom”lar, “akroşeir”lər yazdığından danışır, XVII yüzildə yaşamış Kırım tatar şahzadəsi Şahin Gərayın poeziyaya gətirdiyi janr yeniliyini davam etdirdiyini söyləyirdi. Dinləyənlər onun dediyi terminləri başa düşmədiklərini gördükdə, öz yazdığı nümünələrlə fikrini izah etməyə çalışırdı.

Onun söylədiyinə görə “palindrom” janrında misralar qısa olur, sağdan da, soldan da oxunanda məna verir. “Akroşeir”də isə hər misranın ilk hərifini yuxarıdan aşağı oxuduqda şeir kimə həsr olunduğu b ilir. Yəni şeir kimə ithaf olunubsa, onun adı oxunur.

Yunus bəyə görə “akroşeir”i 1930-cu illərdə Kırım tatar şairi Yunus Temirkaya yaradıb. Azərbaycanlı şairlər isə belə şeirlərin bizdə də yazıldığından və həmin şeirlərin müəllifləri mətbuatda tənqid olunduqlarından söz açanda Yunus Kandımov bərk təəccübləndi də.

Proqrama əsasən, 1989-cu il dekabrın 4-8-də keçirilməli olan“Xəzər” forumu bir həftəyədək davam etdi.Toplantıya bir neçə yeni yaranmış ictimai təşkilatın rəhbəri də dəvət edilmişdi.Foruma dəvət edilmiş içtimai təşkilatlarda səhv etmirəmsə, yalnız Azərbaycan Xalq Cəbhəsinin sədri kimi ƏbülfəzElçibəy toplantıya qatıldı və çox maraqlı çıxış da etdi. Təəssüf ki, sonralar onun çıxışının çap olunduğunu görmədim.

 Əbülfəz bəy danışdıqca kiçik cib dəftərçəmdə qeydlər aparırdım. Türk xalqlarının nümayəndələrinin verdiyi suallar və verilən cavabların bəzilərini burada verirəm:

Niyazi Arifoviç Arumin (Kazan tatarı): – Bakıda keçirilən nümayişlərdə Rus, Ryazan, Kazan Tatar Şurası yaradıldığı elan edildi. Buna münasibətiniz?

Əbülfəz bəy: – Çox pis. Biz buna qarşı mübarizə aparırıq. Azərbaycanda yaşayan, özünü Azərbaycan vətəndaşı sayan hər bir şəxs demokratik hərəkatda, yenidənqurmada iştirak etmək istəyirsə, d ildən, dinindən, irqindən asılı olmayaraq, AXC-nin tərkibində mübarizə apara bilər. Elə şuraların yaranması qüvvələri parçalamağa, sabah isə onları qarşı-qarşıya qoymağa xidmət edir.

Yunis Kamdımov (Kırım tatarı): – Kırım tatarlarının vətənə dönmək uğrunda mübarizəsinə necə baxırsınız və bizə kömək etmək istərdinizmi?

Əbülfəz bəy: – İndi deyil, 60-cı illərdən, tələbə olarkən Kırım tatarlarının mübarizəsini diqqətlə izləmişəm. Mustafa Cəmilovun haqqında xarici radioların yaydığı məlumatlar, onun həbsxanada aclıq etməsi Azərbaycan çayxanalarında uzun müddət mövzu olub. Sizə fəal qoşula bilməsək də, həmişə Kırım tatarlarına qarşı haqsızlıq edildiyini söyləmişik. Yadınızda varsa, Fərqanədə Axıska türkləri ilə özbəklər arasında toqquşma yaradıldıqda biz Sovet hakimiyyət orqanlarının irticaçı siyasətini, Rusiyanın araqarışdı­rıcılıq fəaliyyətini pislədik, Axıska türklərinin Azərbay­canda yerləşməsi üçün əlimizdən gələni əsirgəmədik. Kırım tatarları ilə bağlı xüsusi proqram hazırlayırıq. Onların gənclərinin Bakıya gəlib ali təhsil almalarına nail olacağıq. Hamınızın vətənə dönüb ata-baba yurdlarında məskunlaşmağınız üçün sizlərlə birgə mübarizə aparacağıq. Fəaliyyət birliyinə nail olmaq üçün mütləq koordinasiya şurası yaratmalıyıq.

Rafael Nurəttinoviç Bədrkin (Kazan tatarı): – Xalq Cəbhəsinin qurultayınadək Bakıda yaşayan türk xalqlarının mərkəzini yaratsaq, çox yaxşı olar.

Əbülfəz bəy: – Biz də bu yöndə iş aparırıq. Amma təkcə Bakıda, Azərbaycanda yaşayan türk xalqlarının mərkəzini deyil, dünya türklərinin koordinasiya mərkəzi ola biləcək təşkilatların əsasının qoyulması vacibdir. Gələnil aprelində Türkiyədə keçiriləcək Böyük Azərbaycan Konqresi də bu istiqamətdə atılan addımlardan olacaq. Bizim nümayəndələr də orada iştirak edəcək.

Todur Zanet (qaqauz şairi): – Xalqımız qurultay çağırdı. Öz müstəqilliyini elan etdi. Lakin Moldova Ali Soveti qurultayın qərarları ilə hesablaşmaq istəmir. Buna siz necə baxırsınız?

Əbülfəz bəy: – Sizin problemə beynəlxalq hüquq baxımından iki prizmadan baxmaq olar.Xalqların öz müqəddəratını həll etməsi baxımından siz doğrusunuz. Bir də var, dövlətlərin ərazi bütövlüyü məsələsi. Gəlin, görək, sizin bölgədə qaqauz dövləti yaratmaq mümkündürmü? Birinci, etnik baxımdan bölgə çox qarışıqdır. Orada qaqauz da var, bolqar da, ukrayn da, moldov da, rus da. Siz dövlətinizi quranda onlar ayağa qalxıb hay-haray salacaqlar ki, bizim hüquqlarımız pozulur. İkincisi, beynəlxalq hüquq normaları pozulmuş olacaq. Kiçik bir qurumun yaratdığı dövlət isə güclü dövlətlərin əlində qonşu dövlətlərə təzyiq vasitəsinə çevriləcək. Nəinki Moldova, hətta Ukrayna, Rumıniya, Bolqarıstan da belə dövlətin yaranmasına razı ola bilməz. Yaxşı olardı ki, siz müttəfiq respublika statusu almaq uğrunda deyil, öncə mədəni muxtariyyət, sonra isə Moldovanın tərkibində inzibati-ərazi muxtariyyatı almaq istiqamətində iş görəydiniz.

Niyazi Arifoviç: – Tatarıstan və Başqırdıstan birləşib bir müttəfiq respublika yaratmaq istəyir. Həmin bölgələrdən seçilən deputatların əksəriyyəti rus olduğuna görə, buna imkan vermirlər.

Əbülfəz bəy: – Tarixdə həmişə tatarlarla başqırdlar bir dövlətin tərkibində olublar. Bu ideya indi baş tutmasa da, bir neçə ildən sonra reallaşacaq. Buna zaman lazımdır. Məsələnin yetişməsi lazımdır. Bir siyasi aksiya kimi bunu biz də müdafiə etməli, deputatlara təsir yolları axtarmalıyıq.

Rafael Nurattinoviç: – Tümendə tatarlarla azərbaycanlılar birlikdə cəmiyyət yaradıblar. Buna necə baxırsınız?

Əbülfəz bəy: – Təbii, belə də olmalıdır. Biz də əlimizdən gələni əsirgəməməliyik. Kömək etməliyik.”

Vaqif Cəbrayılzadə (Azərbaycanlı şair): – Bəy, mitinqlər çox uzun çəkir, adamları yorur. Doğrudanmı, bu qədər danışmağa ehtiyac var.

Əbülfəz bəy: – Müstəqil qəzetlər nəşr ediləndən, insanlara fikirlərini sərbəst şərh etməyə şərait yaradılandan sonra mitinqlərdə uzun-uzadı danışmağa ehtiyac qalmayacaq.

Əbülfəz Elçibəy Xəzər formunda çıxış edib getdi. Lakin əlaqəsini üzmədi. Sonrak günlərdə forum iştirakçısı olan qonaqlarla ayrılıqda görüşməyə də vaxt ayırdı. Baxmayaraq ki, həmin vaxt Bakı çətin və gərgin günlərini yaşayırdı.

O, toplantıya ilk gündən qatılmasa da nəinki oradakı söhbətləri diqqətlə izləyir, həm də gələn qonaqlarla, onların baxışlaıryla, arzu və istəkləri ilə maraqlanırdı.

Görüşəcəyi adamlar haqqında öncədən bilgi toplamağı sevən ƏbülfəzElçibəy Yunus Kandımov haqqında mənə  verdiyi suallar təxminən belə yadımda qalıb: Yunus Kandımov millətinin adının Kırımlımı, Kırım tatarımı, Kırım türkümu yazılmasını istəyən hansı qurpdandır? O, Kırımın Ukrayınanınmı, yoxsa Rusiyanınmı tərkibində olmasını istəyir? Yunus Kandımov sürgün olunanların köçürüldükləri kənd və şəhərlərə qayıtmalarını istəyir, yoxsa Kırımın hər hansı güşəsində yerləşmələrini istəyir? Sürgündən dönənlərin Türkiyəyə, ABŞ-a köçmələrinə necə baxır?

Mən Yunus Kandımov söhbətlərimdə Elçibəyin maraqlandığı məsələlərə münasibətini öyrəndim. Onunla baxışlarımız üst-üstə düşürdü. Yunis bəy millətinin adının Kırım türkü yazılmasını, yarımadanın harasında olsa yerləşmələrini, xarici ölkələrə köçməmələrini, yaxın planda Ukraynanın tərkibində qalmasını istəyirdi.

Yunus Kandımov Elçibəylə görüşəndə Kırım mövzusunda  söhbətləri geniş oldu. Elçibəyə görə Kırıma köçdükdə milliyətlərinin adını türk yazdırsalar oradakı azərbaycanlılar da, türkmənlər də, özbəklər də, qazaxlar da, qırğızlar da və b. türk xalqlarının nmayəndələri də milliyətlərini gələcəkdə türk yazdırar. Beləliklə sayca ruslardan sonrakı yerdə durar və söz sahibi olarlar.

Kırımın Unraynanın tərkibində qalmasına məsələsində də Elçibəylə Kandımov arasında fikir ayrılığı yaranmamışdı. Hər ikisinin fikrincə Ukrayna da Rusiya müstəmləkəsindən qurtulduğundan iqtisadi cəhətdən zəif olsa da, Kırım türklərinə daha çox arxa durmağa, onların vətənlərinə qayıtmasına tərəfdar olacaq. Rusylara qarşı duruş gətirmək üçün Ukraynalılar Kırım türklərilə birlikdə olmağa məcburdular.

Yunis Kandımov vətənə köçən soydaşlarına rus şovinistləri və xuliqanları təzyiqlər göstərdiyindən, dönənlərin ev tikib yerləşməkdə çətinlik çəkdiyini bildirəndə Elşibəy ona təskinlik vermişdi. Bildirmişdi ki, Azərbaycan çətin vəziyyətdən çıxsa bu problemi sadə yolla həll edə biləcək. Hər il 50 minə yaxın gənc müxtəlif fasilələrlə Kırıma tələbə inşaat dəstəsinin üzvü kimi göndəriləcək. Tələbələr soydaşlarına tikinti, təsərrüfat quruculuğu işlərində yardım göstərməklə yanaşı xuliqanlara və faşistpərəs ünsürlərə qarşı da müqaviməti təşkil edə biləcəkllr.

“Tərcuman” qəzetinin bərpasından, Kırımdan Azərbaycana oxumağa çox sayda tələbə göndərilməsindən, ortaq televizya qurulmasından, ortaq ünsiyyət dilinin formalaşdırılmasından və b. mövzulardan da geniş söhbət etmişdilər.

Xəzər forumundan sonra bütün qonaqlar kimi Yunus Kandımovu da yola saldıq.

Lakin əlaqələrimiz kəsilmədi. O mənim Noman Çələbi Cihan və onun başçılıq etdiyi dövlətə, Asan Səbri Ayvazova, Cəfər Seyidəhmədə və Kırımın azadlığı uğrunda mübarizə aparmış insanlara,ziyalılarına böyük maraq göstərdiyimi bilirdi. İki il sonra Bakıda oxuyan tələbələrdən “1917 sene Kurultay o nasıl olğan edi”kitabçasını mənə göndərdi. Kitabça Kırımda rataprintle az tirajda və olduqca bəsit hazırlansa da, oxucular böyük maraq və həvəslə oxuyurdular.

Yunus Kandımovun mənə bir neçə məktub da yazmışdı. Nə yazqı ki, onları qoruyub saxlaya bilmədim. Evimdə hərbiçilərin və milislərin axtarışları zamanı apardıqları kağızlar və sənədlər arasında onun məktubları da olmuşdu. Heyif ki, evimdən aparilan sənəd və yazıların heç birisini geri ala bilmədim. Bakıya köçəndən, xalq cəbhəsi fəallarına qarşı təqiblər səngiyəndən sonra dostlarımın evində saxladığım sənədlər arasında Yunis bəyin bir məktubuna da rast gəldim. O yazırdı:

“Salam, Ali muallim!

Sağ selemetsinizmi? İşlerinğiz nasıl?

Bizim işlerimiz yaxşı kete, desem de oladjakğ. Kureş devam ete.

Ali muallim 29 mayda bir teleqramma aldım. Teleqrammadan anğlaşılqğanına köre 27 mayda Naxiçevanda Milli Azatlıkğ Kunyu – Azərbaycan Demokratik Respublikasınınğ 72 yıllıqğına baqğışlanqğan tantanalarqğa teklif etilqenim. Lekin teleqrammanı manca pek keç berdiler. Çokğ teesuf ki, men fursattan faydalanıp, sizlernen azeri dostlarimnen korkoşip olamadım.

Men sizlerni, azerilerninğ azatlıqğı içyun djanlaını ayamqğan azerbaydjan əvlyadlarını, bütyün xalkğını mezkyur kunnen xayırlayım. Epincizi sabır-takğat, kuç-kğuvet tileyim. Kırım-tatar milletine urğmet bildirqeninğiz içyun çokğ saqğ olunğız, aziz dostlar.

Ali muallim, dostlarımıznınğ episine seeylam etinğiz”.                  

Urmetle Yunus Kandımov

29.05.90

Olduqca məhsuldar çalışan Yunus Kandımovun sorağını gah Türkiyəki Uluslararası şeir şölənindən (Burdada, 1992), Avropa Yazıçılarının Rumınyadakeçirilən II Uluslararası görüşündən (Kostence, 2001), gah Avropa Şairlərinin Riqada keçirilən III Dəyirmi stolundan (Litvada), gah Ukrayna şairi Taras Şevçenkoya həsr olunan Uluslararasıtoplantılardan (Luqanski, 1998, Kamensts-Podolsk, 2000, İvan-Frankovsk, 2001) alırdım. Tədbirlərdə bu qədər fəal iştirak etməklə, soydaşlarının sürgündən dönərkən üzləşdiyi problemləri dünyaya çatdırmaqla yanaşı, yorulmadam yazıb-yaradırdı.

O, az vaxtda Londonda yaşayan və romanlarını Türkiyə türkcəsində yazan Kırım tatar yazıçısı Çingiz Dağçının “Onlar da insan idilər”, “Anama məktublar”,“Yurdunu qayb edən (itirən) adam”, “Qorxunc illər” romanlarını, “Çingiz Dağçı: yazıçının öz qələmilə” xatirələrini çevirərək ana dilində çap etdirdi. Bundan başqa Taras Şevçenkonun şeirlərini və “Qafqaz” poemasını, Lesya Ukrainkanın şeir və poemalarını,Mixaylo Kotsyubinskinin hekayə və povestlərini, Y.Muşketikinin, P.Movçaninin, M.Miroşniçenkonun, B.Basırovun və başqalarının əsərlərini Kırım tatarcasına çevirərək çap etdirdi. Çevirdiyi neçə-neçə əsəri çap etdirə bilmədiyi kimi, sənədlər topladığı neçə-neçə araşdırmanı da tamamlaya bilmədi.

...Qarabağda doğulub boya-başa çatan, Daşkənddə Dövlət Pedaqoji İnstitutunun tatar dili və ədəbiyyatı fakültəsini bitirən və mənimlə Azərbaycan Milli Elmlər AkademiyasınınFolklor İnstitutunda işləyən İlqar Qasımov bir gün dərin hüznlə xəbər verdi ki, Yunus Kandımov dünyasını dəyişib. Onun belə gənc ikən ölümü bizi sarsıtsa da, nə edəcəyimizi bilmədik. İlqar da Yunus Kandımovun nə vaxt öldüyünü dəqiq bilmirdi. Sonralar 2005-ciil martin 20-də, azərbaycanda və Kırımda ailələr sevimli Novruz bayramlarını qeyd etdikləri bir vaxt ürək xəstəliyindən dünyasını dəyişərək, haqqa qovuşduğunumənəsöylədi.

Çılğın bir şairin, vətənpərvər bir insanın, Türk dünyasının birliyi üçün canından keçməyə hazır olan bir millətsevəri də belə itirdik.

 
Sayğac
 
Flag Counter
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol