HeydƏr Əlİyev keÇmİşƏ
münasİbƏtİnİ dƏyİşdİrİr
Halbuki cəmi iki il əvvəl o, çıxışlarında Sovet İmperiyasının Azərbaycan xalqına vurduğu mənəvi və maddi zərərdən alovlu söhbətlər açardı.
Prezident 1993cü ili Azərbaycanda milli dövlət quruculuğu ili e’lan edib. Naxçıvanda isə bu il deyəsən, Yeni Azərbaycan Partiyası (YAP-ın) quruculuq ili olacaq, Naxçıvan televiziyasının hər biri iki saata yaxın davam edən reportajlarının 80 faizini partiya sədrinin alovlu nitqi və sürəkli alqışlar təşkil edir.
Sərbəst düşünüb qərar qəbul etmək əziyyətinə qatlaşmaq, yaxşını pisdən, doğrunu yalandan ayırmaq, istəməyənlər hansı bir nüfuzlu adamınsa hamının əvəzindən düşünüb qərar çıxarmasını həvəslə qəbul edirlər. Özlərinə isə düşünmədən həmin şəxsin arxasınca getmək qalır.
Yeni Azərbaycan Partiyasının Şərur rayon konfransında YAP-ın sədri deyəndə ki, yalnız bu rayondan 31 min nəfər üzvümüz var, təəccüblənmədik. Vaxtilə heç komsomolun 15 min üzvü olmayan həmin rayonda iki-üç il əvvəl Xalq Cəbhəsi üzvlərinin sayı təxminən o qədər idi. Amma bir fərqi vardı ki, Xalq Cəbhəsi siyasi partiya yox, ümumxalq hərəkatı idi. Bir-iki ildən sonra isə bu hərəkatın tərəfdarlarının sıraları seyrəldi.
Naxçıvanda rəsmi məclislərdə tez-tez səslənən “Naxçıvan Azərbaycanın ayrılmaz hissəsidir!” deyimi şüara çevrilib. YAP konfranslarında isə Azərbaycan dövlətçiliyi əleyhinə üstüörtülü, eyhamlı təbliğat gedir. Partiya liderləri çıxışlarında yaratdıqları təşkilatın Kommunist Partiyası ilə heç bir bağlılığı olmadığını söylədikləri halda yeni partiyanın sıralarında keçmiş rəhbər sovet və inzibati orqan işçiləri daha çox gözə dəyir. Muxtar respublikanın ictimai-siyasi həyatında keçmişi qaytarmaq meylinin güclü olduğu açıq-aydın hiss olunur. Rəhbər vəzifələrə əsasən, keçmiş raykom katibləri, yüksək vəzifədə işləyənlər, daha dəqiq desək, bir-iki il əvvəl xalqın təzyiqi ilə vəzifədən uzaqlaşdırılanlar irəli çəkilir. Son 5-6 ayda əvvəllər Naxçıvan Şəhər Partiya Komitəsinin birinci katibi işləmiş Şəmsəddin Xanbabayev Baş nazir, əvvəllər Nazirlər Soveti sədrinin birinci müavini işləmiş Eldar İbrahimov Baş nazirin birinci müavini, əvvəllər Babək Rayon Xalq Deputatları Soveti İcrayyə Komitəsinin sədri işləmiş Mircəmil Mahmudov isə Naxçıvan MSSR Torpaq Komitəsinin sədri təyin ediliblər.
Cəmi iki il əvvəl nitqlərində və çıxışlarında sovet imperiyasının Azərbaycan xalqına vurduğu mə’nəvi və maddi zərərdən alovlu söhbət açan Heydər Əliyev yavaş-yavaş keçmişə münasibətini dəyişdirir. Partiyanın konfranslarında sədr tez-tez “1920-ci ildən bəri Azərbaycanda çox böyük iqtisadi potensial yaranıb”. “Son yetmiş il Azərbaycanın həyatında baş vermiş hadisələr Azərbaycanın sərvətidir” kimi ifadələr işlədir. “Keçmişi inkar edənlər, ona damğa vuranlar” (natiq yaxın keçmiş deyəndə Sovet hakimiyyəti illərini nəzərdə tutur — müəl.) bolşevik siyasətçilərinə oxşadırlar. Azərbaycanın müstəqilliyi uğrunda aparılan mübarizə, tökülən qan bə’zən də az qala inkar edilir, dövlət müstəqilliyimiz hədiyyə adlandırılır.
Əliyevin fikrincə, əgər iki il əvvəl müharibə Qarabağın dağlıq ərazisində gedirdisə, iqtidarın səhv siyasəti nəticəsində indi nəinki Azərbaycanın sərhəd bölgələrində, Ağdam, Füzuli kimi mərkəzi rayonlarında gedir. Bunun nəticəsində də 100 minlərlə adam evindən-eşiyindən qaçqın düşüb. “Naxçıvanda bir nəfər də qaçqın yoxdur!”.
Kərki, Günnüt, Havuş, Cağazir kəndlərinin sakinlərinin, Sədərəyin yarısının ev-eşiklərindən didərgin düşdüklərindən sədrin xəbəri yoxdurmu?
Dəmiryolunun işləməməsi Muxtar Respublikanın aşağı təbəqə sakinlərinə ağır zərbə vurur (Meğridə ermənilərin dəmiryolunu kəsməsinin günahını da Yeni Azərbaycan Partiyasının sədri erməni quldurlarında deyil, “hansısa” başqa qüvvələrdə görür). Halbuki imkanlı şəxslər istədikləri yükləri istədikləri vaxtda Muxtar Respublikaya gətirib oradan da xaricə ötürə bilirlər. Bu yaxınlarda Muxtar Respublika Daxili İşlər Nazirliyinin əməkdaşları İran İslam Respublikasına keçirilmək üçün hazırlanmış bir qatarı saxlayıblar. 20 yük vaqonundan ibarət olan bu qatarda nə olmayıb? 10 pianino, 45 avtomobil şini, 8 su nasosu, 5 mərkəzdənqaçma nasosu, 2 dizel yanacağı ilə işləyən su nasosu, 2 ədəd qaynaq aparatı, 2 ədəd elektrik mühərriki, 1 vaqon taxta mebel, metal adı ilə sökülüb vaqona yığılmış təzə avtokran, dəmir təbəqə, Naxçıvan xalçaçılıq fabrikinə məxsus 8,5 ton iplik və s. və i.
H.Əliyev çıxışlarında ərzaq və yanacaq mallarının dağıdılmasından, göndərilmiş humanitar yardımın bazarda od qiymətinə satılmasından ürək ağrısı ilə danışır. Naxçıvan Muxtar Respublikasında iqtisadi və sosial gərginlik davam edir. Yaz tarla işlərinə hazırlaşan yoxdur. Kənd təsərrüfatı texnikasını, eləcə də idarə və müəssisələrin nəqliyyat maşınları üçün ayrılmış yanacağı qısa müddətdə baha qiymətə satmaqla işi bitmiş hesab edirlər. Bu isə sabahımızın bu gündən pis olacağını xəbər verir.
“525-ci qəzet” 1993, 13 mart, № 14, s. 2, 7.
“Azadlıq” qəzetinin müxbiri işlədiyimə görə məqaləni oraya göndərmişdim. Çox təəssüf ki, çap etməyi münasib saymamışdılar. Qəzetin əməkdaşı Hikmət Sabitoğlu isə redaksiyanın və müəllifin xəbəri olmadan məqaləni “525-ci qəzet”ə göndərib. Bunu mən aradan 5-6 il keçəndən sonra bildim.
|