TƏBRİZDƏ TEATR
Şərqi Azərbaycanın inzibati mərkəzi Təbrizdə keçirilən teatr festivalına Ostanın Mərənd, Ərdəbil və Təbriz şəhərlərindən 6 kollektiv tamaşa gətirmişdi. Dördü farsca, ikisi Türkcə olan bu tamaşalardan “Alın yazısı”nın göstərilməsinə icazə verilməmişdir. Bu qadağanın səbəbi haqqında istər “Alın yazısı”nı hazırlayanlara, istərsə də festival iştirakçılarına heç bir izahat verilməmişdir.
Festivalda türkcə “Sarı gəlin”ə və farsca “Bazgəşti lokomotivran” (Lokomotiv maşinistinin qayıtması) tamaşaları fərqləndirilərək qalib hesab edilmiş və “məntəqəvi müsahibə”də iştirak etmək hüququ verilmişdir.
Aradan bir neçə ay keçəndən sonra “Alın yazısı” tamaşasını həmin kollektiv ölkənin paytaxtı Tehran şəhərində bir neçə dəfə nümayiş etdirmişdir. Təbrizdə göstərilməsinə icazə verilməyən tamaşanın müvəffəqiyyəti jurnalistlərin də diqqətini cəlb etmişdir. Tehranda nəşr olunan “Yol” jurnalının əməkdaşları Şərqi Azərbaycan ostanın mədəniyyət və İslami İrşad İdarəsinin ümumi müdiri Mahmud Rəncbəridən “Alın yazısı”nın Təbrizdə göstərilməsinin səbəbi ilə maraqlandıqda o demişdir: “Alın yazısı” Şimali Azərbaycanın ədəbi dilindədir. Ancaq bizim Azərbaycanda dramatik və folklorik ədəbiyyat üzrə ədəbi dilimiz olmadığına görə bu qardaşlar (yəni tamaşanı hazırlayanlar – Ə. Ş.) Azərbaycan cümhuriyyətinin ədəbi dilində danışmaq məcburiyyətində qalıblar.
M. Rəncbəri ağanın cavabını oxuyanda ürək ağrısı keçirməkdən başqa bir əlacım qalmayıb. Gör mədəniyyətimizə, incəsənətimizə kimlər rəhbərlik edir, ilahi?! “Dramatik və folklorik ədəbiyyat üzrə ədəbi dilimiz”in olmadığını söyləyən M. Rəncbəri yəqin ki, ötən yüz illiklərdə yaşamış şair və alimlərimizi demirəm, heç müasiri Məhəmməd Hüseyn Şəhriyarın, Bulud Qaraçoğlu Səhəndin, Həbib Sahirin, Yəhya Şeydanın, Savalanın və başqa onlarla adını çəkmədiyimiz şair və ədibin yaradıcılığı ilə tanış deyil. M. Ə. Sabir demişkən: “Öz qövmümüzün başına əngəl xələf” olan məmurlar yəqin xəbərsizdirlər ki, onların Şimali Azərbaycanın ədəbi dili adlandırdıqları dili formalaşdırılmasında şiəliyi dövlət dini səviyyəsinə yüksəldən Şah İsmayıl Xətainin, Qövsi Təbrizinin, Qurbaninin, Abbas Tufarqanlının, Xəstə Qasımın və eləcə də Cənubi Azərbaycanda yaşayıb yaratmış onlarla adını çəkmədiyimiz ədibin xidmətləri əvəzsizdir.
Öz vəzifə kürsüsünü milli mənafedən üstün tutanlar, yuxarılara daha sədaqətli olduğunu sübut etməyə çalışanlar istər o tayda, istər bu tayda həmişə belə hərəkət ediblər. M. Rəncbərinin bu hərəkəti adamın yadına Bakıda məmurların bir çox kitablarımızın çapına icazə vermədiyini, həmin kitabların birinci dəfə Moskvada çap olunduğunu sonra respublikamızda yayıldığını yada salır. Vəzifə üçün yaşayan belə məmurlar sonra da müxtəlif bəhanələrlə özlərinə haqq qazandırmağa, günahlarını zamanın, quruluşun boynuna atmağa çalışırlar.
Rəncbərilər nə qədər maneçilik törətməyə çalışsalar da axının qarşısını ala bilməyəcəklər. Xalq öz kökünə qayıdacaq. O tayda son illərdə türkcə tamaşaların, kitabların, qəzet-jurnalların sayının artması da dediyimizə sübutdur.
Təbrizdə “Alın yazısı”nın göstərilməsinə icazə verilməsə də ondan bir az sonra həvəskarlar “Gəcil qapısı” adlı musiqili dram tamaşaya qoymuşlar. Bu bəlkə də son 45 ildə Təbrizdə Azərbaycan dilində ilk oynanılan musiqili dram idi.
Təbrizdə idarələr bəsicinin (bizdə xalq ordusu anlamındadır – Ə. Ş.) birinci nahiyəsinin məsulu Əmirinnin və Şərqi Azərbaycan Sepahında (İslam İnqilab Keşikçiləri Ordusu – Ə. Ş.) Vəliyi Fəqihin (yəni rəhbər S. Ə. Xomeyninin – Ə. Ş.) nümayəndəsi höccətül İslam Abdullazadənin təsdiqi və yardımı ilə oynanılan “Gəcl qapısı” musiqili dramı böyük ruh yüksəkliyi ilə qarşılanmışdır.
Gənc şair Rza Əfşarpurun yazdığı “Gəcl qapısı”nın səhnə həllində rejissor İbrahim Firdovsinin xidməti olsa da müəllif də onunla yanaşı çalışmışdır. Tamaşanı peşəkar kollektiv hazırlamadığına görə müəllif rejissora da, rəssama da, dirijora da kömək əlini uzatmalı olmuşdur.
Məşqlərdə iştirak edəndə gördük ki, Rza Əfşarpur hər misranı dönə-dönə nəzərdən keçirir. Yerinə düşməyən ağır səslənən ifadə və sözləri elə həmin andaca dəyişirdi. Qıçları iflic olduğundan arabada gəzən gənc şair bütün varlığı ilə milli mədəniyyətimizə bağlıdır. Onun əsəri üçün belə bir ad seçməsi təsadüfi deyil. Bu ad tamaşaçıya çox şey deyir. Oğruların, əyrilərin, fırıldaqçıların toplandığı yer kimi tanınan “Gəcil qapısı” tamaşası cəmiyyətin ümumiləşdirilmiş obrazı təsiri bağışlayır. Müəllif başdan-başa çirkab yuvası olan bu yeri islah etmək yolları arayır. Mənəvi təmizlənmə cəmiyyətin sağlamlaşması üçün yeganə yolu tanrıya inanmaqda, insanlara hörmət etməkdə görür. Ü. Hacıbəyovun əsərlərindən seçilmiş musiqi parçalarına Rza Əfşarpurun tamaşanın məzmununa uyğun mətnlər yazması da tamaşanın baxımlılığını artırır.
Rza Əfşarpurun “Gəcil qapısı ” musiqili dramı İran İslam Respublikasında türkcə oynanılan ilk musiqili dramlardandır. Odur ki, tamaşanın bütünlüklə videolentlə aldırdıq ki, bəlkə Bakı və Naxçıvan televiziyasında ondan parçalar göstərib tamaşaçılara göstərək. Təəssüf ki, videolentin bu taya gətirilməsinə icazə ala bilmədik. Baxmayaraq ki, tamaşanın hazırlanmasına və səhnələşdirilməsinə icazə verilməsində ölkənin ən nüfuzlu rəhbərləri iştirak etmişdirlər.
Təbrizdə olarkən bizə də bildirdilər ki, icazə alıb “Gəcil qapısı” musiqili dramın videolentinin Şimali Azərbaycana göndərəcəklər. Aylar ötdü amma videolent gəlib çıxmadı. Görünür icazə ala bilmədilər.
Əli Şamilov,
“Mədəniyyət” qəzeti, 18 iyun 1992-ci il
|