Sürgün qorxusu hələ də içimizdədəir

SÜRGÜN QORXUSU HƏLƏ DƏ İÇİMİZDƏDİR

 1997-ci il may ayının 10-da Azərbaycan Qadın Hüquqlarını Cəmiyyətinin Bakıdakı Zevin küçəsindəki salonunda  təşkil etdiyimiz toplantı qeyri-adilliyi ilə seçilirdi. Hər şey öncədən planlaşdırıldığı kimi getmirdi. Bakıda təhsil almağa gələn qaqauzlarla 1946-cı ildə Azərbaycana sürgün edilmiş soydaşlarının görüşünü təşkil etmişdik.

Biz adətən sürgün yeri kimi Sibiri, Qazaxıstanı tanıyırıq. Sən demə vətənimiz Azərbaycana da zaman-zaman insanlar sürgün  ediliblər. Bu sürgünlərin bəzisi haqqında kitablarda, dövrü mətbuatda yazılıb, bəzisi haqda isə yox.

Sovet qoşunları 1939-cu ildə qaqauzlar yaşayan Bessarabiyanı işğal etsə də orada çox qala bilməyib. Onları faşist Almaniyası  gücləyib, bölgə yenidən Ruminyanın nəzarəti altına keçib. 1944-cü ildə Sovet qoşunları ikinci dəfə yenidən Bessarabiyanı işğal etsə də nisbi sakitlik bir ilədək davam edib. Sonra sosializm quruculuğu başlayıb. Varlı, imkanlı adamlar güllələnib, həbs edilib, ailə üzvləri də sürgünə göndərilib. Bu sürgün əslində əhalinin gözünü qorxuzmaq üçün həyata keçirilirdi. Əslində sürgünə göndərilənlərin əksəriyyəti qadınlar, uşaqlar, qocalar idi. Onlar da sosializm quruculuğu adlandırılan zor əməliyyatına güc göstərə bilmədilər.

Bölgədə əhalinin mal-mülkünün əlindən alınması, kollektiv təsərrüfatlar yaradılması ənənəvi təsərrüfat sistemini dağıdıb. Nəticədə böyük aclıq yaranıb. On minlərlə insan aclıqdan, xəstəlikdən ölüb.

Sürgün edilən qaqauzlardan bir qrupu da Azərbaycana göndərilmişdi. Şimali Qafqaza sürgün edilən qaqauzların bəziləri də sonralar maddi, sıxıntıdan, ağır həyat şəraitindən qaçıb Azərbaycandakı soydaşlarının yanlarına gəlmişlər. Burada həyat şəraiti yüksək olmasa da görünür əvvəlki yerlərindən yaxşı imiş.

Odur ki, toplantıya qatılanların əksəriyyəti Azərbaycana sürgün olunanlar deyildi. Sürgündə doğulanlar da vardı, qohumlarının yanına gəlib burada ailə qurub qalanlar da. Eləsi vardı sürgünə birlikdə gəlsələr də ömür yolları sonra ayrılmış, ailə qurmuş uzun illər bir-birlərin ilə görüşə bilməmişdilər. İndi görüşəndə bir-birini tanıyıb sağ-salamat olduqlarına sevinirdi.

Toplaşanlar ağlayırdılar. Amma sifətlərində bir təbəssüm vardı. Gülənlərin gözlərinə bir kədər çökmüşdü. Yas mərasimini xatırladırdı. Amma ölən yoxdu. Deyib-gülənlər, sevinənlər toya gələnlərə oxşayırdı. Amma nə bəy vardı, nə gəlin.

Azərbaycan Qadın Hüquqlarını Cəmiyyətinin və Xalq Cəbhəsinin fəalları da onlarla qoşulmuşdular. Qarılar ömür yollarından, şəxsi faciələrindən danışıb yeni tanışlarını kövrəldirdilər. Gah da tələbələrə-gənclərə özlərini tanımağa hansı kənddən, şəhərdən, hansı nəsildən olduqlarını bildirirdilər. Orada yaşayan qohumlarının adlarını, iş yerlərini söyləyirdilər. Eləcə də gənclərin hansı kənddən, hansı soydan olduqları ilə maraqlanırdılar.

Görüşdə Azərbaycan Qadın Hüquqlarını Cəmiyyətinin sədr əvəzi Novella Cəfərova, sədr müavini Sevil Həmidova, qaqauzların Azərbaycanda ilk tədqiqatçısı filologiya elmləri namizədi Güllü Yoloğlu və b. çıxış etdilər.

50 ildən sonra yada salınması, görüşlərinin təşkili yaman heyrətləndirmişdi. Sonda Düzgincili dedi: - Belə bir görüş hazırlandığını biləndə yaşıdlarımın əksəriyyəti şübhə ilə yanaşdı. Dedilər: Bəlkə bizi bir yerə toplayıb sürgün edəcəklər. Bu görüşə gələnlərin əksəriyyəti Azərbaycanlılara ərə gedib nəvə-nəticələri var. Amma hələdə sürgün qorxusu içimizdən çıxmayıb.

1956-cı ildə Stalinin şəxsiyyətpərəstiş məsələsi ortaya atılandan sonra Azərbaycanda sürgündə olan qaqauzlara pasport verilməyə başladı. Pasport alanların əksəriyyəti vətənə döndü. Az hissəsi isə həmişəlik Azərbaycanda qalası oldu.

İndi onların sayı nə qədərdir ? Bu suala toplaşanların heç biri cavab verə bilmədi. Sonralar da ailə qurub Azərbaycana gələn qaqauzlar da var. Toplantıda Azərbaycanda qaqauz cəmiyyəti təşkil etmək təşəbbüsü ortaya atıldı. Görək reallaşacaqmı?

Əli Şamil

 
Sayğac
 
Flag Counter
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol