12. Asan Rıfatov

ASAN RIFATOV

 

Türk Dünyasının Məşhurları 13

Azərbaycan Bəstəkarlar İttifaqının ilk sədrinin, istedadlı bəstəkar, 36 yaşında KQB zindanlarında güllələnmiş, bu gün məzarı belə bilinməyən Asan Refatovun ömür yolu və yaradıcılığı…/Əli Şamil

 

Göndərmə 5/7/2010 12:02:34 PM UTC

Güncəlləmə 5/24/2010 8:46:24 AM UTC

www.trtazerbaycan.com


http://www.trtazerbaycan.com/trtworld/az/newsDetail.aspx?HaberKodu=65f87579-a2c0-448e-b918-8ef214666e36

Onun adı və soyadı qaynaqlarda Asan Refatov, Həsən Rüfətov və Qasan Rıfatov kimi yazılır. Ad və soyadın fərqli yazılışı Rus, Azərbaycan və Krım Türkcələrinin orfoqrafiyasından doğur. Türkiyədə, Azərbaycanda, İranda, İraqda yaşayan Türklər h səsindən geniş istifadə etdikləri halda, tatarlar söz önündə h səsini işlətmirlər. Rus dilində isə h səsi olmadığından alınma sözlərdə onu q və ya x səsi ilə əvəzlәyirlər. Ona görə Azərbaycanda, Türkiyədə “Həsən”, “Hasan” kimi çağırılan ad tatarlarda “Asan”, ruslarda isə “Qasan”, “Xasan” kimi yazılır və səsləndirilir.

Azərbaycan Bəstəkarlar İttifaqının ilk sədrinin tatar olması çoxlarına qəribə görünər bilər. Yaxın keçmişimizdə isə Azərbaycan ziyalıları sırasında milliyətcə tatar olan Bəkir Çobanzadə, Xeyri Əliyev, Fatma Qədri, Əziz Ubaydullin, Abdulla Şərifov, Həsən və Əli Terequlovlar, Mərziyə Davudova və başqalar vardı. Heç kim də onların tatar olduqları halda Azərbaycanda işləmələrinə, şan-şöhrət qazanmalarına təəccüblənmirdi

Krım Türklərindən olan Mamut ağa yalnız yaşadığı Bağçasarayda deyil, bölgədə də bilikli, yenilikçi, vətənpərvər bir insan kimi tanınırdı. 1902-ci ilin dekabr ayının 19-da bu ailədə dünyaya göz açan oğlana Asan adı verdilər. İlk təhsilini atasının dərs dediyi məktəbdə alan Asan uşaqlıqdan qardaşları və qonşudakı yaşıdları ilə birlikdə kiçik musiqi proqramı hazırlayarmış. Yeniyetməliyində isə simli instrumental alətlərdə, hətta pianoda çalmağı öyrənir. İlk not dərslərini isə kaman çalan böyük qardaşı Midatdan alır.

Bağçasarayda İdadiyə məktəbi adı ilə tanınan gimnaziyada oxuyanda Asan milli musiqini nota köçürməklə kifayətlənmir, rus bəstəkarlarının klassik əsərlərinin partiyalarını yazıb özünün təşkil etdiyi orkestrdə çalır.

Müxtəlifin musiqi alətlərində məharətlə çalması, orkestir yaratması, musiqi əsərləri yazması onu bölgədə məşhurlaşdırır. Tanınmış ziyalı, tarixçi-etnoqraf Osman Nuri Akçokraklı(1879-03.01.1938) 18 yaşlı Asan Refatova məsləhət görür ki, nəinki tatarlar, qıpçaq türkləri arasında da məşhur olan «Çorabatır» mövzusunda opera yazsın. Özü də operanın librettosunu yazmaqda ona yardımçı olur. Asan bu işin ağırlığını anlasa da, vətəndaşlıq borcunu yerinə yetirməyə çalışır. Milli musiqidən yararlanaraq klarneti əsas götürüb ilk Kırım tatar operasını yazmağa başlayır.

Bu dövrdə bölgədə baş verən qarışıqlıq, hakimiyyəti bölüşmək uğrunda bolşeviklərlə ağqvardıyaçılar adlandırılan hərbi birləşmələr arasında gedən qanlı savaşlar, böyük qardaşı Midətin general Vrangel tərəfindən güllələnməsi, 1921-ci ildəki böyük aclıq və Aslanın ağır xəstələnməsi “Çorabatır” operasının yaranmasını yubadır.

Asan 1922-ci ildə Ağməsciddəki Totaykıy Tatar Texnikumunda musiqi müəllimi kimi işə başlayır. Tezliklə bu¬rada nəfəsli orkestr təşkil edir. Gündüzlər dərs deyib, gecələr yeni musiqi əsərləri yazır. Qısa zamanda «Totaykıy marşı», B.Çobanzadənin şeirinə «İgid marşı», Şevki Bektörənin şeirinə «Qış günündə diləyim», Ümer İpçinin şeirinə «Gənc bülbülcük» mahnılarını, eləcə də Leyli-Məcnun, Tahir-Zöhrə dramlarına, A.S. Puşkinin «Bağçasaray çeşməsi» poeması əsasında hazırlanmış tamaşaya musiqi yazır.

Evində pianinosu belə olmayan gənc bəstəkar klublardakı, məktəblərdəki alətlərindən faydalanaraq tamaşalara musiqi yazmaqla kifayətlənmir, yarımçıq qalmış «Çorabatır» operasını bitirir. Musiqi alətlərinin, peşəkar kadrların, dekorların və s. qıtlığına baxmayaraq, 3 pərdəli, 6 şəkilli opera 1923-cü ilin sentyabrında Ağməsciddəki Qızıl Əsgər Klubunda tamaşaya qoyulur. Kırım Tatarları ilk operalarını, «Çorabatır»ı coşğuyla, alqışlarla qarşılayırlar. Professor Bekir Çobanzadə tamaşa haqqında yazır: “Bu Krımtatar sənəti tarixində ilki görülən ən güclü, ən sevimli mədəni, siyasi vaqiyə oldu. Əsərin müəllifləri Osman Akçokraklı və Asan Refatov bununla xalqının mədəni həyatında silinməz iz qoydular”

1924-cü ilin fevralında Kırım Dövlət Dram Teatrında «Çorabatır» operası ikinci dəfə səhnəyə qoyulur. Kommunist rəhbərliyi operanın çoxlu tamaşaçı cəlb etdiyini, xalqın rəğbətini qazandığını, insanlarda vətənpərvərlik, milli hisslər oyatdığını görüb narahat olur və onun göstərilməsinə əngəl törədirlər.

1924-cü ildə Sovetlər Birliyinin bir çox yerlərində olduğu kimi, Kırımda da etnoqrafik və arxeoloji bir elmi təşkilat qurulur. Asan Refatovu da xalq mahnılarını, yırları, maniləri toplayıb nota köçürmək üçün bu təşkilatda işə dəvət edirlər. 1932-ci ildə onun nota köçürdüyü 300-dən çöx mahnıdan yalnız 150-ni çap edirlər.

Asan Refatov 1926-cı ildə musiqi təhsili almaq üçün Azərbaycana gəlir, Bakı Konservatoriyasının bəstəkarlıq və dirijorluq fakültəsində təhsil alır. Üzeyir Hacıbəyovla yaxından tanış olur və onun yaradıcılığını dərindən öyrənir. 1928-ci ildən etibarən konservatoriyanın nəzdindəki musiqi texnikumunda nəzəriyyədən dərs deməyə başlayır. Konservatoriyanın tələbəsi olan, texnikumda dərs deyən Aslan eyni zamanda yaradıcılığını da davam etdirir. Kiçik həcmli əsərlərlə yanaşı, tamaşalara da musiqi yazır.

Asan 1930-cu ildə konservatoriyanı bitirsə də, geri dönməyə tələsmir. 1931-ci ildə o, konservatoriyaya prorektor təyin edilir. O, 1929-1931-ci illərdə İşçi-Kəndli Teatrında Riza Şövqünün «İrəli», Hacıbaba Nəzərlinin «Yolda», Seyid Hüseynin «Kölgə», Qavril Karnellinin «Əfilər» və «Pambıq verək», Azərbaycan Dövlət Dram Teatrında Cəfər Cabbarlının «Almaz» və M. Danilovun «Qara su» tamaşalarına musiqi yazır.

Fars şairi Firdovsinin anadan olmasının 1000 illiyinə həsr edilmiş müsabiqəyə «Gavə» operası ilə qatılır.

1934-cü il onun həyatda yüksəlişinin ən yüksək nöqtəsi olur. Həmin ilin iyunun 30-da keçirilən təsis iclasında 32 yaşlı Aslan Azərbaycan Bəstəkarlar İttifaqına sədr seçilir.

1935-ci ildə Kırım Mərkəzi İcraiyyə Komitəsi Aslan Refatovu vətənə dəvət edir. O, bu dəvəti məmnunluqla qarşılayır. Ağmesciddəki Tatar Musiqi Texnikumuna müəllim təyin olunur. Kırıma döndükdən sonra zəhmət haqqının böyük qismini musiqi alətləri almağa, yaşadığı mehmanxananın bir otaqlı mənzilinin kirayəsini ödəməyə xərcləyir. Yusuf Bolatovunn «Toy davam edir», «Nəsrəddin Xoca», İlyas Tarkanın «Hücum» pyeslərinə musiqi yazmaqla yanaşı, tatar yırlarının musiqisini də nota köçürür. Əvvəllər nota köçürdüyü yırlar üzərində yenidən işləyir, onları aranjeman edir. Bütün bunlar onu xalq musiqisi əsasında «Krım süitası» adlı klassik əsərini yazmağa həvəsləndirir.

1936-cı ildə Moskvada hazırlanmış daş plakaya Aslan Refatovun «Qı¬zıl əsgər marşı», «Pioner marşı», «Krım süitası» kimi əsərləri və nota köçürdüyü xalq yırlarından «İki puqa», «Armut dalda (budaqda) sallanır» və «Şompul» daxil edilir. Bu, onun əsərləri yazılmış ilk və son val olur. Elə həmin il onun «Toy davam etdir» əsəri Sovetlər Birliyində keçirilən radio festivalına və «Şüştər» süitası isə Azər¬baycan Bəstəkarlar İttifaqı tərəfindən Üzeyir Hacıbəyovun və Asəf Zeynallının əsərləri ilə birlikdə sentyabr ayında Parisdə keçirilən bir festivala göndərilir.

Aslan Refatov xalq əfsanəsi əsasında «Arzu qız» adlı opera yazmağa başlayır. 1937-ci ilin aprelin 27-də Aslanı və qardaşı Refatı Türk xalqlarını SSRİ-dən ayıraraq Vahid Turan Dövləti yaratmaqda suçlayıb həbs edir, evlərindəki bütün yazılı kağızları, kitabları da aparırlar. 1938-ci ilin avqustun 8-də ataları 78 yaşlı Mamutu da həbs edirlər.

Beləliklə, Krımda maarif və mədəniyyət yayan bir ailənin yaşamına Rus müstəmləkəçiləri son qoysa da onların ideyalarını məhv edə bilmirlər. 70 il sonra olsa da Rıfatovlar ailəsinin talei öyrənilir, əsərləri təbliğ olunur.

 

Reklam
 
Sayğac
 
Flag Counter
 

=> Sen de ücretsiz bir internet sitesi kurmak ister misin? O zaman burayı tıkla! <=