Abbas Mirzə Şərifzadə

Abbas Mirzə Şərifzadə

TÜRK DÜNYASININ MƏŞHURLARI 131/2012

  Əziz və istəkli dinləyicilər! “Türk dünyasının məşhurları” proqramında sizlərə ömrünü vətən və millət yolunda şam kimi əritmiş, lakin uzun illər xidmətləri layiqincə qiymətləndirilməmiş, bir sözlə, bilərəkdən unutdurulmağa cəhd edilmiş insanlardan söz açmağa çalışırıq. Bu günkü verilişimizdə də sizlərə Azərbaycanın görkəmli aktyoru, milli-mədəni sərvətimizin qoruyucusu, 1937-ci il repressiyasının qurbanı Abbas Mirzə Şərifzadənin ömür yolundan və yaradıcılığından söz açacağıq.

Abbas Şərifov 1893-cü il dekabrın 12-də qədim Şamaхı şəhərinin Yuxarı Qala məhəlləsində ziyalı ailəsində, Mirzə Əbdülrəsulun ailəsində anadan olub. Seyid Əzim Şirvaninin açdığı “Üsuli cədid” məktəbində dərs deyən Mirzə Rəsul uşaqlarının ilk təhsili ilə də özü məşğul olub.

1902-ci ildə Şamaxıdakı dağıdıcı zəlzələdən sonra onların ailəsi də Bakıya köçməli olub. 1906-cı ildə Bakıda gimnaziyaya daxil olan Abbas Şərifov xəstə olduğundan oranı bitirə bilmir. Lakin gimnaziyada keçirilən mədəni-kütləvi tədbirlərdə iştirakı onu aktyorluğa həvəsləndirib.

1908-ci ildə ilk dəfə fransız yazıçısı J.B.Molyerin “Zorən təbib” komediyasında Lal Qız rolunu oynayan Abbas bununla da taleyini incəsənətlə bağlamış olur. Hüseyn Ərəblinskini özünə müəllim qəbul edən Abbas soyadını Şərifzadə edir və bu soyadı ilə də şöhrətlənir. 1910-cu ildə “Səfa” və “Nicat” Xeyriyyə Cəmiyyətlərinin teatr truppasında aktyorluq etməyə başlayır.

1911-ci ildə Əbdürrəhim bəy Haqverdiyevin “Ağa Məhəmməd şah Qacar” pyesində baş rolu oynaması A.Şərifzadəyə böyük şəhrət qazandırır.

Fitri istedadı, mətin xarakteri ilə seçilən aktyor yalnız Azərbaycan aktyorlarının yetişməsində deyil, Türküstanda, İranda, Qüzey Qafqazda və b. bölgələrdə də sənətkarların yetişməsinə təsir göstərir.

1913-cü ildən başlayaraq Azərbaycanın müxtəlif bölgələrinə, Orta Asiyaya, Şimali Qafqaza, İrana qastrollara çıxır, tamaşalara rejissorluq edir.

1916-cı ildə Üzeyir və Zülfüqar Hacıbəyov qardaşlarının truppasına rejissor vəzifəsinə dəvət edilən A.Şərifzadə opera və operettalara qurluş verməklə kifayətlənmir, həm də özü aktyorluq edir. Şərifzadə eyni zamanda kinoya çəklimiş ilk Azərbaycan aktyorlarındandır. 1916-cı ildə çəkilən “Knyaz Dəmir Bulat” filmi Abbas Mirzəni kino ilə sıx bağlayır.

1917-ci ildə Bakıda yaradılan “Müsəlman artistləri İttifaqı”na sədr seçilən Abbas Mirzə Şərifzadə səhnəni təhsilli və peşəkar artistlərlə təmin etmək məqsədilə sədri olduğu təşkilatın nəzdində teatr studiyası yaradır. Azərbaycan Xalq Cümhuriyyət dönəmində milli yönlü tamaşalar hazırlayan aktyor və rejissor daim öz üzərində çalışır, peşəkar aktyorlardan öyrənir.

1920-ci ildə Azərbaycan Dövlət Teatrında işləyən A.Şərifzadə bolşeviklərin sosial ədalət, xalqlara azadlıq şüarlarına inananlardan olur. Yeni qurulan hökumətdə nazir vəzifəsi tutan, qatı inqilabçı kimi tanınan, həmyerlisi Əliheydər Qarayevin rəhbərliyi ilə rayonlara gedir, sovetləri təbliğ edən tamaşalar və səhnəciklər göstərir.

1924-cü ildə rejissor Q.Kravçenkonun çəkdiyi “Bayquş” filmində xan obrazını yaradan A.Şərifzadə az sonra özü kinorejissorluq edir. Bir-birinin ardınca “Bismillah”, “Hacı Qara”, “Məhəbbət oyunu” bəddi və “Azərbaycana səyyahət” sənədli filmini çəkir. O, çəkdiyi filmlərdə rejissorluq, montaj etməklə kifayətlənmir, həm də aparıcı rollarda oynayır.

A.Şərifzadə bolşeviklər Azərbaycanı işğal etdikdən sonra fəaliyyətini davam etdirsə də qardaşı Qulamirzə Şərifovu 1920-ci ilin may ayında Azərbaycan SSR FK-a (Fövqəladə Komissiya) həbs edir. Fəaliyyətində ciddi bir qanun pozuntusu, cinayət əməli tapmadıqlarına görə Qulamirzəni həbsdən azad etməli olurlar. Qulamirzənin həbsdən azad edilməsinə Əliheydər Qarayev də yardımçı olur. Həbsdən azad edilən Qulamirzə Şərifov 1921ci ilin sonlarında ailəsi ilə birgə İrana mühacirət edir. Abbas Mirzə Şərifzadə də uzun illər Müsavat partiyasının üzvü olan qardaşı ilə əlaqə saxlamır.

 

Sənətə ürəkdən bağlı olan Abbas Mirzə Şərifzadə ətrafında baş verənləri sanki görmür. Vətənpərvər, millət sevər insanların həbs edilməsi, adamların mal-mülkünün əlindən alınması onu o qədər də təsirləndirimir. Bunların hamısının xalqın xoşbəxt gələcəyi üçün edildiyini, hər gələn günün daha demokratik olacağını düşünür.

1928-ci ildə onun səhnə fəaliyyətinin 20 illiyi təntənə ilə qeyd edilir və həmin il Azərbaycan Dövlət Opera və Balet Teatrına baş rejissor təyin edilir. Gimnaziyanı belə bitirməmiş Abbas Mirzə Şərifzadəyə belə yüksə vəzifənin həvalə edilməsi onu ruhlandırmaya bilməzdi. O, bir-birinin ardınca Üzeyir Hacıbəylinin “Əsli və Kərəm”, Zülfüqar Hacıbəylinin “Aşıq Qərib”, Müslüm Maqomayevin “Şah İsmayıl” operalarına qurluş verir. Teatrda oynadığı Hamlet, Otello, Maqbet, Kral Moor, Aydın, Oqtay Eloğlu, Elxan, Şeyx Sənan, İblis və b. rollarına tamaşa etmək üçün bilet kassalarının qarşısında növbələr yaranır. Fabrik və zavodlardan kollektiv şəkildə tamaşaya gələnlər əllərindəki şüarlarla şəhərin küçə və meydanlarını keçib teatra gəlir.

Aktyor üçün bu ən böyük səadət və fərəh idi. Onun oynadığı rollar haqqında istər Bakıda, istər Moskvada çap olunan qəzet və jurnallar tərif dolu məqalələr yazırlar. Təriflər, şöhrət və alqışlar Abbas Mirzə Şərifzadənin ətrafında baş verənlərə laqeyid qalması demək deyildi. O, açıq-aşkar görürdükü müvəqqəti çətinlik dedikləri zaman uzanır. İnqilab düşmənləri adlandırdıqları insanlar həbs edilmək, sürgünə göndərilməklə bitmir. İnsanların normal hüquqları pozulur. Milli dəyərlər heçə endirilir. Dövlət idarələrində, təhsil ocaqlarında ana dili sıxışdırılır.

Bütün bunlar bir vətəndaş kimi onu narahat edir, yanıldığını, bolşeviklərin minlərlə soydaşı kimi onu da aldatdıqlarını başa düşür. Vətəninin xilas yollarını axtarır. Qardaşı Qulamirzənın, mühacirətdə olan ictimai-siyasi xadimlərin yazdıqlarının nə dərəcədə haqlı olduğunu anlayır.

1929-cu ildən kəndlilərin torpaqlarının əllərindən alınması, etiraz edənlərin ailəliklə sürgünə gönərilməsi və ya həbs edilməsi, şəhərdəki kiçik şəxsi müəssisələrin qapadılması, qaçaq hərəkatının genişlənməsi ölkədə təsərrüfatı iflic vəziyyətinə salır. Aclıq, qıtlıq, xəstəliklər insanları çətin vəziyyətə qoyur.

Abbas Mirzə də bir vətəndaş kimi çıxış yolları axtarır. Çıxış yolunu da vətəninin işğaldan azad olmasında görür. Bunu üçün də Sovetlər adı altında vətənini işğal edənlərə qarşı əhalini mübarizəyə hazırlamaq lazım idi. Bu mübarizədə daxildəki vətənpərvər qüvvələrlə xaricdəki mühacirlərin birgə fəaliyyət göstərməsinə ehtiyac duyurdu.

1937-ci ildə repressiyaya uğrayanların çoxu kimi Abbas Mirzə Şərifzadədən yazanların çoxu da onun nahaqdan həbs edildiyini qabartmağa çalışırlar. Əslində bu fikir onların vətən qarşısında xidmətlərini heçə endirməkdən, əqidələri yolunda ölümün gözünə dik baxmalarına kölgə salmaqdan başqa bir şey deyil.

1932-ci ilə qastrolda olarkən Gəncə şəhərindəki İran konsulu aktyorları evinə qonaq dəvət edir. Bu dəvətdən istifadə edən Abbbas Mirzə Şərifzadə qardaşı haqqında bilgi əldə etməyə çalışır. Sonrakı görüşlərində öyrənir ki, Türkiyədəki və Avropadakı azərbaycanlı mühacirlərlə sıx əlaqədə olan Qulamirzə Şərifov ciddi təşkilati iş aparır, sərhəd bölgələrində “Müsavat” partiyasının özəklərini yaradır.

Konsulluq vasitəsi ilə qardaşı ilə əlaqə yaradan və mühacirlərlə əlaqəyə girən Abbas Mirzə Şərifzadə ölkə daxilindəki antisovet əhval ruhiyyəli adamlarla yaxından tanış olur. Bu işdə ona bir ara Azərbaycan Dövlət Teatrına dirktorluq edən Əli Kərimov kömək edir. O, Əli Kərimov vasitəsilə vaxtilə Azərbaycan KP MK-nın katibi, Maarif Komissarı işləmiş, sonra gizli millətçi təşkilatın öncüllərindən birinə çevrilmiş Ruhulla Axundovla tanış olur.

Fitri istedadını tamaşaçıların və teatr mütəxəssislərinin yüksək qiymətlndirdikləri Abbas Mirzə Şərifzadə gizli təşkilatın rəhbər vəzifədə olan nümayəndələrinin yardımı ilə 1936-cı ildə Azərbaycan Xalq Artisit adına layiq görülür.

Adı Londonda Şekspirin əsərlərinin ən mahir ifaçıları sırasına yazılan, kino, opera, teatr sahəsində və aktyor kadrların hazırlanmasında əvəzsiz sayılan Abbas Mirzə Şərifzadə 1937-ci ilin dekabrında həbs edilir. Gizli təşkilatın üzvlərinin əksəriyyəti ağır işgəncələrə dözərək onu cəzadan qurtarmağa çalışırlar. Lakin gizli təşkilata daxil ola bilmiş KQB cəsusları onun təşkilatdakı rolu, qardaşı ilə əlaqəsi haqqında istintaq orqanlarına lazımı bilgi verirlər. Bu da Abbas Mirzə Şərifzadənin güllələnməsi haqqında hökm çıxarılması üçün kifayət edir. 1938-ci il oktyabrın 19-da istintaqı aparanların işğəncələrinə dözərək gizli təşkilatdakı fəaliyyət haqqında susan böyük sənətkara güllələnmə hökmü oxunur. Onun vətənini rus işğalçılarından azad görmək istəyi isə İranin xeyrinə casusluq kimi dəyərləndirilir.

Qəribəsi odur ki, Abbas Mirzə Şərifzadə və onun kimi Azərbaycanın onlarla vətənsevərinin həbs edilməsi haqqında sənəd hazırlamış və istintaqda onlara ağır işgəncələr vermiş Azərbaycan DTK-da III şöbənin rəis müavini K.İ.Barisov-Pavlov da Əksinqilabi Təşkilatın üzvü olduğu aşkara çıxdıqda həbs edilərək güllələnmişdir. K.İ.Barisov-Pavlov Əksinqilabi Təşkilatın üzvü olsa da, o, Rusiyanın imperiya ərazilərini pozmaq istəyənlərə, vətənlərini azad görmək istəyənlərə qarşı sərt davrananlardan olmuşdur.

Zaman isə K.İ.Barisov—Pavlovların deyil, Abbas Mirzə Şərifzadələrin haqlı olduğunu göstərdi.

  Mətni yazdı Əli Şamil (Əli Hüseyin oğlu Şamilov).

Reklam
 
Sayğac
 
Flag Counter
 

=> Sen de ücretsiz bir internet sitesi kurmak ister misin? O zaman burayı tıkla! <=