Məhəmməd Bağırzadə Biriya

 

MƏHƏMMƏD BAĞIRZADƏ BİRİYA

 

Türk Dünyasının Məşhurları-18

 

Zamanın keçməkeşlərinə baş əymədiyindən ziddiyətli bir ömür sürsə də, üsyankarlığı və mübarizliyi ilə yaddaşlara hopmuş şair Məhəmməd Bağırzadə Biriyanın ömür yolu və yaradıcılığı...Əli Şamil

 

Göndərmə 30.05.2011 11:45:45 UTC

Güncəlləmə 30.05.2011 11:45:45 UTC

www.trtazerbaycan.com

http://www.trt.net.tr/trtworld/az/newsDetail.aspx?HaberKodu=5c051c1d-99df-4845-b619-5746eb51d740

Zamanın keçməkeşlərinə baş əymədiyindən ziddiyətli bir ömür sürsə də, üsyankarlığı və mübarizliyi ilə yaddaşlara hopmuş şair Məhəmməd Bağırzadə Biriya Nuhinin ömür yolu və yaradıcılığı...\Əli Şamil

Məhəmməd Qulam oğlu Bağırzadən Nuhi 1914-cü ildə Təbriz şəhərində dülgər ailəsində doğulub. 1920-ci ilə ailəsi dolanışıq üçün Bakıya köçüb. Oradan da Xorasana gediblər. Məhəmməd ilk təhsilini Xorasanda alıb.

Məhəmməd Bağırzadə Nuhin özkeçmişində yazır ki, anam xəstələndi. Həkimlər Xorasanın havası anamın xəstəliyini şiddətləndirəcəyini söylədi. Buna görə 1923-cü ilin sonlarında Bakıya qayıtdıq.

1929-cu ildə Bakıdakı 37 saylı yeddiillik məktəbi bitirib Neft Maşınqayırma Texnikumuna daxil olan Məhəmməd Bağırzadənin anası və əmisi ölür. Atası dörd övladı ilə birlikdə 1933-cü ilin yanvar ayının 11-də Təbrizə dönüb.

1934-1936-cı illərdə Məhəmməd Bağırzadə Təbriz Bələdiyyə İdarəsində qeydiyyatçı işləyib. 1938-ci ildə İran ordusunun Təbrizdəki 27-ci alayın 3-cü diviziyasında əsgəri xidmətə başlayıb. Gənc şair zabitlərin qaba rəftarına həsr etdiyi şeirində yazıb:

Şallağa bir bax, mən ölüm, şallağa,

Hazır olublar bizi öldürməyə.

Şeirin sürətlə yayıldığını görən zabitlər Məhəmməd Bağırzadənin əsgərlərdən ayıraraq hərbi hissədəki keçid məntəqəsinə göndəriblər.

Əsgərlik müddətini başa vurduqdan sonra Su İdarəsində katib və Dəmiryol İdarəsində hesablayıcı işləyib. Məktəbdə oxuduğu ilərdə divar qəzetinə şeirlər yazan Məhəmməd "Şahin" qəzetində korrektor işləyərkən yazdığı şeirlərini farsca “səmimi söz” anlamına gələn Biriya imzası ilə çap etdirib.

Satirik şeirlərilə oxucu diqqətini özünə cəlb edən Məhəmməd Bağırzadə İkinci Dünya Savaşı başlayandan sonra ictimai-siyasi fəallığını artırıb. Güney sərhədlərindən “faşizm təhlükəsi” gözləndiyini bəhanə gətirən Sovetlər Birliyi 1941-ci ilin avqustunda İrana qoşun yeridərək Tehrandan Araz çayınadək olan ərazini nəzarət altına alıb. Böyük Birtanıya da vəziyyətdən yararlanaraq İranın neftlə zəngin güney bölgələrinə əsgəri birliklər göndrib. Xalqa min bir zülm verən, hər cür islahatlara və yeniliyə əngəl olan şah ölkəni tərk etməli olub. Sovet ordusu İranın quzeyində yerləşdikdən sonra orada möhkəmlənmək üçün güclü ideya-siyasi iş aparıb. Məqsədi orada sosializ ideyalarını yaymaq, bölgəyə sosialist inqilabı  ixrac etmək, İranı  Sovetlər Birliyinin təsiri altında salmaq olub. Bu məqsədlə də Sovet Azərbaycanından bir qrup ziyalını Güney Azərbaycandakı hərbi hissələrə əsgər və zabiti kimi göndərilib.

Şah rejimi ölkədə fars dilini dövlət dili elan etmişdi. İranda yaşayan Azərbaycan türklərinin, türkmənlərin, ərəblərin, kürdlərin, bəlucların, giləklərin, lorların və b. xalqların dillərində nəinki məktəb, qəzet və jurnal açmaq, kitab nəşr etmək, hətta ictimai yerlərdə danışmaq belə qadağan idi. Bunun əksinə olaraq Sovet Azərbaycanından göndərilmiş mülkü mütəxəssislərin, ədəbiyyat və mədəniyyət işçilərinin Azərbaycan türkçəsində qəzet-jurnal açmaları, radio verlişlər hazırlamaları, kulublarda, kino-teatrlarda xalqın anlayacağı dildə kinolar göstərmələri adamların diqqətini çəkmişdi. Sovet Azərbaycanının yardımı ilə şəhərlərdə yollara asfalt döşənir, su kəməri çəkilir, çirkab sularının axıdılması üçün  qurğular yaradılır, unversitet, flarmoniya, teatr, kiçik sənaye obyektləri açılırdı. Təbrizdə Azərbaycan türkcəsində "Vətən yolunda"  adlı qəzet nəşr ediblməsi, Dostluq Cəmiyyətinin salonundakı toplantıların ana dilində aparılması, məktəblilərə ana dilində dərs keçilməsi Güney Azərbaycanında yaşayan sadə xalqın Sovetlərə məhəbbətini gündən-günə artırırdı.

Sovet Azərbaycanında ərəb əlifbasını qadağan edən, 1929-cu ildə qəbul edilən latın əlifbasını 1939-cu ildə kirillə əvəzləyənlər İranda  ərəb əlifbasına saxta bir məhəbbət göstəririrdilər.  Orada xalq ərəb əlifbasında yazıb-oxuyurdu. Buna görə də Sovetlər qəzet və jurnalları, kitabları, afişaları ərəb əlifbasında Azərbaycan türkcəsində çap etdirirdilər. Sovetlərin milli dillərə önəm verməsi Məmməd Biriyanı Sovet Azərbaycanından gələn ziyalılarla tez-tez görüşür, onların təşkil etdikləri tədbirlərə qatılır, "Vətən yolunda"   qəzetində şeirlərini və məqalələrini çap etdirir, yazdığı kiçik həcmli pyesləri səhnəyə qoymağa həvəsləndirirdi.

Şeirlərini "Vətən yolunda" "Azərbaycan", "Xavəre-no" qəzetlərində, eyni zamanda Tehrandakı “Rəhbər”, "Mərdom", "Zəfər", "Dəmavənd", “Mərdom”, "Şöləvər", Rəştdəki "Səpidrud"  qəzetlərində nəşr etdirən, mitinqlərdə alovlu çıxışlar edən Məhəmməd Biriya xalq arasında siyasi xadim kimi məşhurlaşırdı.

1941-ci ilin dekabrında İran ziyalılarının bir qrupunu Sovet hökuməti təbliğat məqsədi ilə Bakıya gətirib. Onların arasında olan Məhəmməd Biriya xüsusi diqqət yetirilib. On beş gün Bakıda keçiridyi xoş günlərdən ilhamlanan şair Xəzərə, Bakıya, Stalinə həsr etdiyi şeirlərini Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin orqanı olan “Kommunist” qəzetində nəşr etdirib.  

Bakıda gördüklərindən cuşa gələn şair Təbrizə döndükdə Azərbaycan Cəmiyyətinin sədri Hacı Mirzə Əli Şəbüstəri, İsmayıl Şəms, Seyid Mehdi Ehdimat və b. birlikdə coşğun fəaliyyətə başlayıb. Kapitalizmi, imperializmi, müstəmləkəçiliyi tənqid edən şeirlər və məqalələr yazıb, toplantılarda dünyanın xilası sosialistərlə bağlı olduğunu söyləyib. İran şahlıq üsul idarəsini, Böyük Britaniyanın müstəmləkəçilik siyasətini kəskin tənqid etməsi, təcili islahatlar aparılmasını tələb etməsi nə yerli məmurların, nə də ingilisyanlıların xoşuna gəlib. Lakin onu cəzalandıra bilməyiblər. Çünki Sovet ordusunun bölgədə hakim olmasın Sovetləri, sosializmi təbliğ edənlərin cəzalandırılmasına imkan vermirdi.

Böyük Britaniya, İran və Sovetlər Birliyi arasında müqavilə bağlanıb. Bu müqavilənin bəndlərində bir-birinin əleyhinə təbliğat aparmamaq onlar üçün arzuolunmaz sayılan adamları həbs edərək təhvil vermək və s. vardı. Sovetlər Birliyi özü üçün arzuolunmaz saydığı adamları İrandan və  Böyük Britaniyadan alırdı. 1917-ci ildən sonra bolşeviklərin zülmündə qaçarar İrana, İraqa, Suriyaya və b. ölkələrə sığınan mühacirləri də Sovetlər Birliyinin xüsusi xidmət orqanlarına təhvil verilməsini istəyirdi. Özü isə İranın və Böyük Birtanyanın arzuolunmaz saydığı, Sovet Ordusunun təsir dairəsində olanları təhvil vermirdi. Bu da Məhəmməd Biriya və onun kimi antimperialis, islahatpərəs adamların daha çılğın davranmasina şərait yaradırdı. Məhəmməd Bağırzadə Biriyanı, Hacı Mirzə Əli Şəbüstərini (1898-?), İsmayıl Şəmsi (1918-2008), Seyid Mehdi Etimadı (1900-1981) İran hökuməti təkidlə tələb etdiyini görən Azərbaycan Sovet Sosialist Respublikası Daxili İşlər Komissarının müavini, general Səlim Atakişiyev onları gecə ilə Təbrizdən Bakıya qaçırır.

Bakıda yaşadığı müddətdə Azərbaycan Yazıçılar İttifaqında üzv qəbul edilən və Azərbaycan Radio Komitəsində işə götürülən Məhəmməd Biriya Səməd Vurğunla birlikdə Quba, Qusar  və b. bölgələrdəki hərbi hissələrdə olur, əsgər və zabitlərdə ruh yüksəkliyi yaratmaq üçün onların qarşısında alovlu nitqlər söyləyir, mübariz seirlər oxuyur.

Məhəmməd Biriya Bakıda olarkən Sovet Azərbaycanının siyasi xadimləri, dövlət adamları və xüsusi xidmət orqanları ilə görüşür. Xüsusi xidmət orqanlarının, KQB-nin əməkdaşları ondan Sovetlər Birliyinin xeyirinə cəsusluq edəcəyi haqqında iltizam alırlar. Az keçmir ki, əməlindən peşman olaraq İranın Bakıdakı konsulu Zəndin qəbuluna gedir, durumu ona anladır və Təbrizə dönmək istədiyini bildirir. Konsulluğun ciddi səyi nəticəsində Məhəmməd Biriya 1943-cü ilin yanvarında Təbrizə dönə bilir.

Alovlu nitqləri ilə xalqa təsir etməyi bacaran, çılğın təbiətli şairin dəyişkən xasiyəti xüsusi xidmət orqanlarının əməkdaşlarını qane etməsə də ondan əl çəkmək də istəmirlər. Tərbizi dönən kimi Məhəmməd Biriyanı yenidən siyasi işlərə cəlb edirlər. İran Antifaşist Ocağında və İran Kommunistlərinin Hezbi  (farsca partiya) Tudənin (farsca xalq) təşkilatında çalışdırırlar. Onu İran hökuməti tərəfindən təqib edilən Azərbaycanı Həmkarlar İttifaqının sədiri Xəlil İnqilabinin yerinə seçdirirlər. Azərbaycanı Həmkarlar İttifaqına rəhbərlik etdiyi vaxt fəhlələrlə ərbablar (sahibkarlar) arasında 41 maddəlik bir müqavilə də imzalanmasına nail olur.

Məhəmməd Biriya  “Qələbə” adlı qəzetə redaktorluq edir, "Çətirbazlar", "Ruznamə idarəsində", "Stallinqrad", "Ərbab və əkinçi", “Mussolini”, “Hitler və Mussolini”  kimi kiçik pyeslər yazaraq Təbrizdəki Şire-Xurşid Teatrında, Marağa Şəhər Teatrında səhnəyə qoydurur. Bakıda Azərnəşr şairin 1944-cü ildə “Ürək sözü”, “Seçilmiş əsərləri” kitabların çap edir və “Ürək sözü” kitabı rus dilinə tərcümə edilir. Onun Təbrizdə və Bakıda 13 kitabçası nəşr olunur.

Sovetlər Birliyi faşist Almaniyasından gələ biləcək təhlükənin qarşısını almaq bəhanəsilə İranın qüzeyini, Araz çayından Tehrana kimi olan ərazini işğal etmişdi. Lakin bununla kifaytənmirdi. Çünki ölkənin neftlə zəngin olan bölgləri İngilislərin təsir dairəsində idi. Buna görə Sovet cəsuslarının və sosialist düşüncəlilərin əli ilə müttəfiqi olan İngilisləri sıxışdırıb İrandan çıxarmaq istəyirdi.  Məhəmməd Biriya da İranı şah zülmündən azad görmək, müstəmləkəçilərdən qurtulmaq üçün çoxsaylı mitinqlər təşkil edir, mitinqlərdə şeir söyləyir, alovlu çıxışlar edirdi. Fəhlələrin neft məsələsinə həsr edilmiş mitinqlərinin birində Məhəmməd Biriyaya doğru tuşlanmış güllə İsmayıl adında bir mitinq iştirakçısına dəyir. Yaranmış qarışıqlıqda İsmayıl aldığı güllə yarasından ölür, başqa üç yaralı isə müalicəyə göndərilir. Gərginliyi aradan qaldırmaq üçün İranın Baş Naziri Məhəmməd xan Saed Mərağeyi (1883-1973) 1944-cü ilin noyabrında istefa verir.

Vəziyyətdə yararlanan Sovet nümayəndəliyi Məhəmməd Biriyanı Tehrana göndərir. Orada Hezb (farsca partiya) Tudənin (farsca xalq) Mərkəzi Komitəsinin katibləri və Fəhlə Təşkilatının rəhbərləri ilə görüşərək geniş fikir mübadiləsi edir, görəcəkləri işləri planlaşdırır. Onlardan aldığı tapşırıqla geri dönən Biriya 1945-ci ildə Təbrizə gələn Sovet patiya, dövlət və həmkarlar təşkilatlarının rəhbər işçilərini qarşılayır, onlara ictimai-siyasi vəziyyət haqqında məlumat verir.

Təbrizdəki Sovet Mədəniyyət Evi 1945-ci ilin aprel ayının sonlarında İranın bir qurup ictimai-siyasi fəalını Sovet Azərbaycanının yaradılmasının 25 illiyi münasibətilə Bakıda təşkil edilmiş təntənəli toplantılarda iştirak etməyə göndərir. May ayının 7-də onların şərəfinə qonaqlıq verilri. Yüksək rütbəli partiya-sovet işçilərinin qarşısında Məhəmməd Biriya şeir oxuyur, nitq söyləyir. Məclistə iştirak edən Sovet Sosialist Respublikaları İttifaqı Ali Soveti Rəyasət Heyətinin sədri Mixail Kalinin (1875-1946), Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin irinci katibi Mir Cəfər Bağırov (1896-1956)  Məhəmməd Biriyanı yüksək dəyərləndirir. Biriyanın oxuduğu şeir və çıxışı qəzetdə dərc edilir. Bütün bunlar onu göstərir ki, Sovetlər Birliyinin partiya-sovet rəhbərləri, xüsusi xidmət orqanların İran məsələsi ilə məşğul olan nümayəndələri Məhəmməd Biriyaya böyük ümidlər bəsləyirmişlər.

Sovetlər Birliyinin qurduğu plan əsasında Məhəmməd Biriya Təbrizə qayıtdıqdan sonra onu Tehrana dəvət edirlər. Tehrandakı Həmkarlar İttifaqının rəhbərliyi Biriyani 1945-ci ilin sentyabrında Parisdə keçirilən Ümumdünya Həmkarlar İttifaqı Konqresində göndərirlər.

Sovetlər Birliyinin gizli təlimatı ilə Günüy Azərbaycan Kommunistlərinin Hizbi Tudədən ayrılıb Azərbaycan Demokrat Firqəsini yaratmaq istəməsi Məhəmməd Biriyanın ürəyindən olmur. Bu işdən narazı qalsa da 1945-ci ilin oktyabrında keçirilən Birinci  Qurultayda Mərkəzi Komitənin plenumuna və bürosuna üzvü seçilir. İki ay sonra Azərbaycan Milli Məclisinin deputatı, yeni qurulan hökümətin Maarif Naziri olub.

Milli hökümətin nəğməkarı, eyni zamanda ideoloqlarından biri olan şair məktəblərdə dərslərin Azərbaycan türkcəsində keçilməsinə, yeni tədris proqramının yaradımasına, dərsliklərin yazılmasına nail olub.

Lakin o, planlarını həyata keçirə bilməyib. Dünyanı bölən güclü dövlətlər İran Azərbaycanının muxtariyyat qazanması ilə razılaşmayıblar. İranın Baş Naziri Əhməd Qəvvamin (Qəvam ül-Səltənə) (1877-1955) 1946-cı il aperlin 4-də Sovetlər Birliyi ilə apardığı danışıqlarda İranda neft yataqlarının kəşfi və istismarı üzrə birgə Sovet-İran Cəmiyyəti yaradılması haqqında saziş imzalayır.  Beləcə Sovetlər Birliyini müttəfiqlərinin təzyiqi və İran hökumətinin verdiyi vədlər sayəsində Sovet ordusu İrandan çıxmalı olur.

İran höküməti də “Şuralar Məclisinə azad seçkilər keçirilməsini təmin etmək" bəhanəsi ilə Güney Azərbaycana qoşun yeridir. İran hökumətinin bu hərəkatının minlərlə insanın məhvinə səbəb olacağı aydın görünür. Azərbaycan Demokiratik Firqəsinin rəhbərləri arasında fikir ayrılığı yaranır. Şəbüstəri, Doktor Cavadi, Məhəmməd Biriya Güney Azərbaycana doğru irəliləyən İran əskəri birliklərinə qarşı dirəniş göstərməyi təklif edirlər. Pişəvəri, Sadiq Badəkən isə Sovet Azərbaycanına çəkilib Sovetlər Birliyi vasitəsilə İran təzyiq göstərməyi təklif edirlər.

1946-cı ilin dekabrında Təbrizdə qurulmuş Milli Hökümətin rəhbərlərinin əksəriyyəti, eləcə də hərbi birliklərdə, polis təıkilatlarında olanların böyük bir qrupu Sovet Azərbaycanına keçir. Məhəmməd Biriyaya Azərbaycan Demokrat Partiyasının baş katibi vəzifəsini öz üzərinə götürür.  Paryiyanın taktikası və bölgədə nizam-intizamın qorunması haqqında bəyanat hazırlayıb radio ilə oxuyur. Hökumət qoşunları Təbrizə gəlib çatmamış bölgədəki Milli Hökumətdən  narazı qüvvələr təşkilatlanaraq İslam Ordusu adı altında birləşir, hökumət idarələrinə basqın edir orada işləyənləri, milli hökumətin tərəfdarlarını, fədailəri öldürür və ya həbs edir, evlərlin basqın edərək mal-mülkünü talayır, ailələrinə təcavüz edirlər.

İran hökumətinin göndərdiyi əskəri birliklər və yerdəki irticaçı ünsürlərin qəddarlığının qarşısını ala bilməyən Məhəmməd Biriya və silahdaşları silahlı müqavimət göstərərək özlərini qorumaq üçün yaxınlıqdakı Sovet xəstəxanasına sığınırlar. Həmin gün Amerikanın general konsulu Saten  Sovet xəstəxanasına gələrək oraya sığınanları vermələrini tələb edirlər. Lakin xəstəxananı baş həkimi orada kənar adam olmadığını deməklə Məhəmməd Biriya və silahdaşlarını qorumuş olurlar.

Təbrizdəki Sovet konsulu Moskva ilə danışıqdan sonra xəstəxanaya sığınanları konsulluğa gətirir və Məhəmməd Bağırzadə Biriyanı 1947-ci ilin martın 7-də təyyarə ilə Bakıya yola salır. O, Bakıda bərpa olunmuş A zərbaycan Demokrat Firqəsinin Mərkəzi Komitəsinə üzv və təbliğat şöbəsinə müdir təyin olunub. Hətta onu Bakı Ali Partiya Məktəbində oxumağa göndəriblər. Biriya isə Moskvanın göstərişlərinə əməl etmir. Silahdaşlarının fəaliyyətindəki qüsurları kəskin tənqid edir, Sovetlərin İran məsələsində yeritdiyi siyasəti bəyənmədiyini hər yerdə açıq söyləyir.

1947-ci il aprelin 11-də Seyid Cəfər Pişəvərinin Yevlax yaxınlığında avtomobil qəzasına salınaraq öldürülməsi Məhəmməd Biriyanı bərk qorxuya salır. O, avtomobilə minməyə belə ehtiyat edir. Qorxur ki, onu da avtomobil qəzasına salıb öldürərlər. Kommunistlərin dedikləri ilə əməlləri arasında ziddiyətləri ali partiya məktəbində oxuduğu zaman daha aydın görür. Peşimanlıq keçirən şair 1947-ci ilin dekabrın 27-də İranın Bakıdakı konsulu Behnamın qəbuluna gedərək səhv etdiyini söyləyir və Təbrizə dönmək üçün ona paspor verməsini xahiş edir.  Sovet rəhbərliyi isə onun geri dönməsindən rahatsız olur. Bilirlər ki, bu çılğın şair İrana dönərsə hər yerdə Sovetlər Birliyində gördüklərini çılpaqlığı ilə danışacaq. Bu da ən sərt antisovet təbliğatı olacaq. Azərbaycan rəhbərliyinə qəti göstəriş verirlər ki, nə yolla olur-olsun Məhəmməd Biriyanın İrana getməsinin qarşısını alsınlar.

Məhəmməd Biriya İran konsulluğundan evinə dönən günün axçamı Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi Həsən Həsənov, Azərbaycan Daxişi İşlər naziri, general Teymur Yaqubov, Dövlət Təhlükəsizliyi Komitəsinin sədir müavini, general Səlim Atakişiyev, polkovnik Məmməd Saveçallinski, Azərbaycan Sovet Sosialist Respublikası Elmlər Akademiyasının akademiki, tanınmış yazıçı və hökümətdə yüksək vəzifə tutan Mirzə İbrahimov onun yanına gəlir. Onlar Məhəmməd Biriyanı dilə turur, şirin vədlər verirlər ki, İrana getmək fikirindən daşınsın. Vədlərlə onu fikrindən daşındıra bilmədikdə isə təhdid edirlər. Nə şirin vədlər, nə də təhdidlər Məhəmməd Biryanı yolundan döndərir. O, irana getmək fikrində qətiyyətli olduğunu bildirir.

1947-ci il dekabrın 28-də Dövlət Təhlükəsizliyi Komitəsi Kəşfiyat İdarəsinin rəisi Əyyub Qasımov Məhəmməd Biriyanı İrana yola salmaq adı ilə evindən çıxarıb polis idarəsinə təhvil verir.

 Yeddi aydan çox davam edən işgəncəli istintaqdan da Məhəmməd Biriyanın iradəsin qıra bilmir. Əməlində heç bir cinayət tərkibi olmasa da ona  10 il həbs cəzası verir və Qazaxıstan Respublikasının Karaqanda şəhərindəki 415 saylı islah əmək düşərgəsinə göndərirlər. Şair həbsxanada da “dinc durmadığına” görə dəfələrlə cəzalandırır, bir həbsxanadan başqa həbsxanaya dəyişirlər. Həbsxana məhkəməsi 1950-ci il noyabrın 20-də verdiyi hökmdə şairə 10 il həbs cəzasna, Luqovsk həbs düşərgəsində olduğu zaman isə, yəni 23 avqust 1951-ci ildə ciddi nəzarətdə saxlamaqla bir il həbs cəzasına məhkum edilib.

Məhəmməd Bağırzadə Biriya həbsxanalardan rəhbər partiya, sovet, hüquq mühafizə orqanlarına, beynəlxalq təşkilatlara ərizələr yazaraq günahsız həbs edildiyini bildirsə də onun şikayətlərinə əhəmiyyət verən olmur. 1954-cü il aprelin 3-də Sovet Sosialist Respublikaları İttifaqı Nazirlər Sovetinin sədri Georgi Malinkova (1902-1988) ərizə yazaraq altı ildən artıqdır günahsız həbsdə yatdıöını və vətənə dönmək istədiyini bildirir. Bu ərizəsinə görə onu daha da sıxışdırır, cəzasını artırırlar.

  1956-cı ildə keçirilən Sovet İttifaqı Kommunist Partiyasının 20 qurultayında cəmiyyətdəki bütün nöqsanlar ölkəni 30 ilə yaxın qanunlarla deyil, istədiyi kimi idarə etmiş İosif Stalinin adına yazılır. Bundan sonra minlərlə məhbus azadlığa şıxır. 1956-cı il  avqustun 30-da Məhəmməd Bağırzadə Biriyanın şikayət ərizəsinə də baxırlar.  Onun “əməlində cinayət tərkibi olmadığına görə işə xitam verilib”. Bu, 9 il ağır işgəncələr altında həbs cəzası çəkmiş şairə verilən həqiqi bəraət olmayıb. Bəraət verilən siyasi xadimlərin, yazıçı və şairlərin əsərləri yenə də işıq üzü görmyib, arxivlər açılmayıb.

Həbsxanadan Bakıya dönən Məhəmməd Biriya həbsxanada olduğu kimi yenə də islam dinini təbliğ edib, Quran oxuyub, Sovet qanunlarındakı nöqsanları və Sovet həyat tərzini kəskin tənqid edib. Məhəmməd Biriya verilmiş bəraət hökmülə razılaşmayıb. Etirazını Sovet hökümətindən imtiyazlarından istifadə etməmək, şəxsiyyətini təsdiq edəcək hər hansı bir Sovet sənədinə əlini vurmaqla bildirib. Ona ayrılmış təqaüdə aldığı ərzaqla sahibsiz itlər yemləyib. Bunu çəkinmədən hamının yanından da nümaişkəri şəkildə deyib.

 Vətənə – ailəsinin yanına qayıtmaq uğrunda mübarizəsini daim davam etdirib. Onu İranda da əzab-əziyyət, işgəncə, həbsxana həyatı gözlədiyini bilsə belə, yenə geri dönməyə can atıb. Bakıdakı İran konsulluğuna gedir. Oradan viza almağın mümkün olmadığını görən şair Moskvaya yollanıb. Moskvada Məhəmməd Bağırzadə Biriyanın İran səfirliyinə getmək istədiyini görən Sovet milisi şairi tutub milis idarəsinə aparıb. Milis idarəsində onu sorğu-suala tuturlar. Şəxsiyyəti haqqında sorğularla Azərbaycandan, həbsxanalardan, KQB-dən bilgi aldıqdan sonra  “Sovet milisini təhqir etməkdə”  suçlayırlar. Məhkəmə şairə  2 il həbs cəzası verir. Onu Tambov vilayətindəki həbsxanaya göndəriblər.

Şair həbsdən çıxdıqdan sonra yenidən Bakıya gəlir. Lakin ona Bakıda yaşamağa icazə vermirlər. Şamaxıdakı bir sovxoza sürgün edirlər. Özü daimi təqiblər və təziqlər altında olsa da Sovet Azərbaycanında yaşayan soydaşlarının taleyinə də biganə qalmır. 1957-ci il yanvarın 18-də Azərbaycan hökümətinin rəhbərlərinə 16 maddəlik bir məktub göndərir. Məktubunda yenidən kiril əlifbasından imtina edib ərəb əlifbasına qaytarmağın, marksizm-leninizm məktəblərini bağlamağın, Marksın, Engelsin, Lenin və Stalinin heykəllərini götürməyin, sərhədləri açmağın,  aləmi-islamın düşməni olan erməniləri Azərbaycandan çıxartmağın, siyası səbəblərdən həbsə və sürgünə göndərilmiş insanların azad edilməsinin şəriətin bərpa edilməsinin vacibliyi və s.  vurğulanırİnsanların və millətlərin haqqının tapdandığından bəhs edən bu məktub şairin yenidən təqib və həbsinə səbəb olub.

Uzun sürən mübarizədən sonra şair 1980-ci il sentyabrın 29-da Təbrizə qayıda bilib. İlk günlər islam inqilabının rəhbərlərini mədh edən, islam inqilabının tərənnümçüsünə çevrilən şairin ümidləri burada da puça çıxıb. Cəmiyyətdəki nöqsanları kəskin tənqid edən şeirlər yazıb. Onu burada da həbs ediblər.

Məhəmməd bağırzadə Biriyanın həbsxanada sağalmaz xəstəliyə tutulduğunu görən hakimiyyət orqanları onu rəsmi surətdə həbsdən azad edildiyini elan edib Təbrizdəki kimsəsizlər evinə göndəriblər. 1985-ci il fevralın 19-da döyüşkən şair ziddiyətli ömrünü kimsəsizlər evində başa vurub.

 

Şairin ömür yolu ziddiyətli olsa da, mübarizliyi, vətən və millət üçün gördüyü işlər yaşıyıb və gəncliyi də mübarizəyə ruhlandırıb.

  Mətni yazdı: Əli Şamil (Şamilov)

 

Sayğac
 
Flag Counter
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol