Ahmedcan Kasimi

Türk Dünyasının Məşhurları-35

AHMEDCAN KASİMİ


   Göndərmə 9/12/2013 1:00:52 PM UTC

 Güncəlləmə 9/12/2013 1:00:52 PM UTC

www.trtazerbaycan.com

http://www.trtazerbaycan.com/trtworld/az/newsDetail.aspx?HaberKodu=810e637f-0cb2-49aa-b594-ac93bc1f43ae 

Türk dünyasının məşhurları” proqramında sizlərə ömrünü vətən və millət yolunda şam kimi əritmiş, lakin siyasi baxışlara görə uzun illər adlarının çəkilməsi belə qadağan olunmuş, yaxud ömür yolları, yaradıcılıqları öyrənilməmiş, bir sözlə, bilərəkdən unutdurulan insanlardan söz açmağa çalışırıq. Belə insanlardan biri də uyğur xalqının mübariz oğlu, siyasətçi, dövlət adamı Ahmedcan Kasimidir.

 Ahmedcan Kasimi İli vilayətindən olan Nadir Mahmudun oğludur. 1914-cü il aprelin 15-də Qulcan şəhərinin Toqrakoruk məhəlləsində və ya Jarkənd şəhərində doğulduğunu yazırlar. 1922-ci ildə atası Nadir Mahmud öldükdən bir neçə il sonra Qazaxıstan Respublikasının Yeddisu, yəni Semereciye vilayətinin Jarkənd şəhərində yaşayan dayısı Ömər Kasimi onu yanına aparır. O, Ahmedcanı öz familyasi ilə məktəbə yazdırır. Beləcə gələcək siyasi xadim və dövlət adamı Kasimi soyadı ilə tanınır.

1932-ci ildə Almatıda orta məktəbi bitirən Ahmedcan Kasimi iki ilə yaxın müəllimlik edir.

1937-ci ildə isə Daşkəndə gedərək oradakı Orta Asiya Dövlət Universitetinin fəhlə fakültəsinə qəbul olunur. Universiteti bitirdikdən sonra diribaşlığını, ictimai-siyasi işlərdə fəallığını nəzərə alıb onu Moskvadakı Doğu Dilləri İnstitutuna oxumağa göndərirlər. Əslində bu təhsil ocağı SSRİ-nin sosialist inqilabını Doğuda yaymaq üçün yaradılmışdı. Burada oxuyanların hamısı üzərində Sovet xüsusi xidmət orqanlarının ciddi nəzarəti vardı.

Moskvada Doğu Dilləri İnstitunda oxuyarkən Ahmedcan Kasimini uyğur kökənli, sovet ictimai-siyasi xadimi Abdullaoy Razıbakiyevlə tanış edirlər. Abdullaoy Razıbakiyev Ahmedcan Kasimilə xeyli söhbət etdikdə onun sosialist dünyagörüşlü, SSRİ-yə ürəkdən bağlı olduğunu görür. Odur ki, Ahmedcan Kasimini Kommunist İnternosianalına üzv yazdırır. Kommunist İnternosianalında dünyanın bir çox ölkələrindən gəlmiş ictimai-siyasi xadimlərlə tanış olur, inqilablar, milli azadlıq hərəkatları tarixini öyrənir.

1940-cı ildə Ahmedcan Kasimini Daşkənd şəhərinə göndərirlər. O, bir zaman tələbəsi olduğu Orta Asiya Dövlət Universitetində dərs deməklə yanaşı, aspiranturada oxuyur, elmlər namizədi dərəcəsi almağa hazırlaşır. Sovet hökuməti isə onu elmi işçidən çox Uyğurustanda xalqı ayaqlandırıb sosialist inqilabı edəcək kadr kimi hazırlayırdı. Odur ki, 1942-ci ilin iyununda Ahmedcan Kasimini gizli Sovet Çin sərhəddindən keçirib Çuquçaq şəhərinə göndərirlər.

 

Ahmedcan Kasimi gizli siyasi fəaliyyətlə məşğul olur. Uyğurları və bölgədə yaşayan xalqları milli azadlıq mübarizəsinə, Çin hökumətinə qarşı üsyana hazırlayır. 1943-cü ildə Qulcan şəhərinə gələrək burada dülgər və şüşəkəsən işləyir, gizili imzalarla hökumət əleyhinə məqalələr yazır, xalq kütlələrini sosial ədalət uğrunda mübarizəyə səsləyir.

Həmin dövrdə hakimiyyət formal Çan Kayşinin əlində olsa da, bölgəni Şin Si Seyin idarə edirdi. Sovet hökuməti Yaponiyadan gələ biləcək təhlükənin önlənməsi üçün Şin Si Seyinə hər cür yardım etirdi. Onu 1938-ci ildə Moskvaya dəvət edərək, təntənəli qəbul təşkil etmiş, Rusiya Kommunist (bolşeviklər) Partiyasına üzv bileti vermişdilər. Şin Si Seyin Sovetlərin yardımlarının, qayğısının arxasında bölgənin uran, volfram, nikel, sürmə və sair yataqlarını ələ keçirmək durduğunu görürdü. Ona görə də İkinci Dünya Savaşı başlayanda Şin Si Seyin Sovetlərin başının savaşa qarışdığını görüb müstəqil siyasət yeritməyə çalışır.

Şin Si Seyinin agenturası Ahmedcan Kasiminin SSRİ-dən gəldiyini bilir və onun üzərində nəzarəti gücləndirir. 1943-cü ildə isə Ahmedcan Kasimini siyasi sığıncaqda həbs edərək Urumçi şəhərindəki həbsxanaya göndərirlər. Onu həbsxanada xüsusi təhlükəli şəxs kimi ciddi nəzarət altında saxlayırlar. Lakin ölkəni bürümüş qarışıqlıq, milli azadlıq hərəkatının güclənməsi hökuməti güzəştlərə getməyə məcbur edir. İli bölgəsindəki üsyançıların təkidli tələbindən sonra 1944-cü ilin oktyabrında Ahmedcan Kasimini və bir çox siyasi dustaqları həbsdən azad edirlər.

Ahmedcan Kasiminin azad edilməsində Sovet hökumətinin də marağı vardı. Çünki milliyətcə özbək olan və özbəkistanda doğulub, boya-başa catan Əlixan Törənin Doğu Türküstan hökumətinə rəhbərlik etməsi, siyasi fiqur kimi nüfuz qazanması SSRİ-ni qane etmirdi. Əlixan Törə dini təhsil görmüş, islamı ehkamlara hörmətlə yanaşan, çıxışlarında və verdiyi qərarlarda Qurani Kərimə dayanan birisi idi. Onun islamçı-millətçi görüşləri ateist Sovetləri qane edə bilməzdi. Odur ki, Sovet təbiyəsi görmüş, Sovet xüsusi xidmət orqanlarının yetişdirdiyi Ahmedcan Kasimini Əlixan Törəyə qarşı qoymaq planlaşdırılır.

Çin hökumətinə qarşı üsyan qaldırmış xalq kütlələrinin liderləri arasında fikir birliyi yox idi. Liderlərin bir qrupu silahlı müqavimət yolu ilə azadlığa nail olmağa çalışırdı. Başqa bir qrup Çin əhalisinin çoxluğunu, uyğurların azlığını nəzərə alaraq silahlı mübarizədən çəkinib çinlilərlə danışığa üstünlük verirdilər. Onların fikrində öncə danışıqlarda muxtariyyat məsələsi irəli sürülməli, buna nail olduqdan sonra müstəqilliyə doğru can atılmalı idi. Üçüncü qrup isə dünyanın müstəqil dövlətlərinin, Yaponiyanın, Hindistanın, xüsusən də Türkiyənin və islam ölkələrinin təsiri ilə azadlığa qovuşmağa üstünlük verirdi. Dördüncü qrup isə SSRİ ilə əməkdaşlığa vacib sayırdı.

Ahmedcan Kasiminin rəhbərlik etdiyi qrup Çin zülmündən qurtarmaq üçün SSRİ ilə əməkdaşlıqdan başqa bir yol görmürdü. Onlar deyirdilər ki, çinlilərlə savaşsaq, əvvəllər olduğu kimi üsyan yenə qan içində boğulacaq. Çünki Çinin 800 milyona yaxın əhalisindən təşkil edilmiş əsgəri birliklər axın-axın üzərimizə gələcək. Onları məhv etməyə isə nə əsgəri gücümüz, nə də hərbi texnikamız çatar.

 

Dünya dövlətlərindən, xüsusən, Yaponiyadan, Hindistandan, Türkiyədən və islam ölkələrindən kömək gözləmək də mənasızdır. Çünki onlar Çinə təzyiq edə biləcək gücdə deyillər.

Çinlilərin verəcəyi muxtariyyat isə başımızın altına yastıq qoyub, dinc yolla vətənimizin işğalını gözləmək deməkdir. Çünki Çin hökuməti buraya hər il onminlərlə çinli köçürəcək. 50-60 ildən sonra çinlilərin sayı bizdən qat-qat çox olacaq.

Odur ki, Sovetlərin köməyi ilə Uyğur dövləti qurmaq daha münasibdir. Çünki, SSRİ çoxmillətli bir dövlətdir, buraya yalnız Ruslar göndərilməyəcək. Ölkədəki türk və müsəlman xalqlarını kommunist mütəxəssisləri göndəriləcək. Onlarla da dil tapmaq asandır. Həm də rusların sayı az olduğundan Uyğurustana on minlərlə insan köçürüb assimilə siyasəti yeridə bilməzlər.

1947-ci ildə Doğu Türküstanın üç vilayəti, yəni İli, Altay və Çöçək Sovetlərin köməyi ilə çinlilərin zülmündən qurtararaq müstəqill Doğu Türküstan Cümhuriyətini qurur. Bu cümhuriyyətin Sovetlərin köməyi ilə qurulmuş radyo ötürücüsü, ordusu olur.

Ahmedcan Kasimi 1945-ci ildə ABŞ, Böyük Britaniya, SSRİ arasında bağlanmış anlaşmanın nə ilə nəticələnəcəyini görmürdü. Sovet KQB-si 1946-cı ildə yeni qurulmuş Doğu Türküstan Cümhuriyyətinin rəhbəri Əlixan Törəni oğurlayaraq Moskvaya aparır. Onun yerinə Ahmedcan Kasimini təyin edir.

Ahmedcan Kasimi bütün manevrlərinə baxmayaraq, SSRİ verdiyi vədlərə əməl etmir. Mao Tszun ilə danışıqlara gedir. Uyğurustandakı Qomindan hökuməti məğlub olduqdan, Çində Mao Tszinun rəhbərliyi ilə yeni hökumət qurulduqdan sonra Sovet rəhbərliyi Doğu Türküstan hökumətinin rəhbərlərini və Çin hökumətinin nümayəndələrini Almatıda danışıqlara çağırır. Danışıqlarda Doğu Türküstan hökumətinin rəhbərləri müstəqillik ideyasından əl çəkməyəcəklərini bildirirlər.

1949-cu il avqustun 27-də radiolar belə bir xəbər yaydılar. Guya Mao Tszinuya təbrikə gedən Doğu Türküstan rəhbərləri İl-12 təyyarəsində qəzaya uğramışlar. Bu sirli qəzanın səbəbi hələ də açılmamış qalır. Elə həmin günlərdə Çin əsgəri birlikləri Doğu Türküstana hücum edərək nəinki hərbçilərə, həm də dinc sakinlərə divan tutur.

Ahmedcan Kasiminin adı uzun illər unutdurlmağa çalışılsa da, xalqı heç vaxt onu unutmur. Qulcan şəhərində ona məzar düzəldilər.

Mətni yazdı Əli Şamil (Şamilov Əli Hüseyn oğlu)

 

Reklam
 
Sayğac
 
Flag Counter
 

=> Sen de ücretsiz bir internet sitesi kurmak ister misin? O zaman burayı tıkla! <=