Hümam Təbrizi

Hümam Təbrizi

Türk Dünyasının Məşhurları-10

Böyük alim, xəttat, şair və dövlət adamı Hümam Təbrizinin həyat və yaradıcılığı...

Göndərmə 12.03.2013 12:09:04 UTC

Güncəlləmə 12.03.2013 12:09:04 UTC

www.trtazerbaycan.com

http://www.trtazerbaycan.com/trtworld/az/newsDetail.aspx?HaberKodu=f106350f-3bbf-4ccb-bde9-9a76fb494a62

Onun tam adı və soyadı Xacə Hümaməddin ibn Ələddin Firudin Təbrizi olsa da əsasən Hümam Təbrizi və ya Xacə Hümam Təbrizi kimi yazılır. Azərbaycan Sovet Ensikilopediyasinda və bəzi qaynaqlarda onun doğum ili 1238-ci il kimi göstərilir. Bu da şairin divanını nəşrə hazırlayaraq 1972-ci ildə Təbrizdə nəşr etdirən alim Rəşid Eyvəzidən qaynaqlanır. Hümam Təbrizinin ölüm tarixini ay və gününə qədər dəqiqliyi ilə yazan və onun dövrünə daha yaxın bir zamanda yazılmış “Məcməli-fəsihi” təzkirəsində isə göstərilir ki, Hümaməddin Təbrizi hicri-qəməri 714-cü il səfər ayının 25-də 116 yaşında Təbrizdə vəfat etmişdir. Hicri-qəməri təqvimində göstərilən tarix isə miladi ilə 1314-cü il iyun ayının 10-a uyğun gəlir. Onda Hüma Təbrizinin doğum tarixi də 1238-ci il deyil, 1198-ci il olur.

Hümam Təbrizi böyük alim, şair, xəttat, təsəvvüf əhli, dövlət adamı olsa da onun uşaqlıq və gəncliyi haqqında bilgilər çox azdır. Özünün əsərlərində də istər soykökü, istərsə də uşaqlıq və gəncliyində harada təhsil aldığı, kimlərdən elm öyrəndiyi haqqında bilgi yox dərəcəsindədir.

Qaynaqların verdiyi bilgiyə görə Hümam təxəllüsü ilə şeirlər yazan şairin adı Məhəmməd, atasının adı Əla, və ya Əlaidir.

Araşdırıcılara görə Hümam Təbrizinin atası Əlan dövrünün tanınmış ziyalılarından olmuş, şeir yazmışdır. Oğlunun ilk təlim və tərbiyəsi, təhsili ilə də özü məşğul olmuşdur. Sonralar Hümam Təbrizi Nəsirəddin Tusidən dərs almış, ictimai elmlərə böyük maraq göstərmişdir. Az bir zamanda türk, ərəb və fars dillərinin incəliklərini öyrənməyə nail olmuşdur.

Elm aləmində böyük nüfuz sahibi olduğuna görə Elxanilərin vəziri Xacə Fəzlullah Rəşidəddin Quranın təfsiri haqqındakı “Tozihat” əsərini rəy üçün 200 alimə göndərir. O alimlərdən biri də Hümam Təbrizi olmuşdur. Böyük alim rəyində yazmışdır: “Ağanın yazdığı təfsir ən aydın dəlilli ədalət və ən ədalətli dəlildir. Bu zəif qul, mən təbrizli Hümam fəzilət sahiblərinin istifadə mənbəi olan bu yazıları mütaliə edərək, onun həyatverici çeşməsi həqiqətlərindən və bilik bulağından doyunca su içdim və bu şeiri qələmə aldım”.

Çağdaşları və ondan sonrakı yüzilliklərdə yaşayanlar Hümam Təbrizini “qüdvətül-üləma”, yəni alimlərin başçısı adlandırmışlar.

Zamanında istər elm aləmində, istərsə də ictimai həyatda Hümam Təbrizinin böyük nüfuzu olmuşdur. Belə ki, Abaqa xan Sahibdivan Şəmsəddin Cüveyni 1277-78-ci illərdə Kiçik Asiyada baş verən qarışıqlığı nizama salmaq üçün oraya göndəririr. Müinüddövlə Pərvanənin var-dövlətinin geri qaytarılması üçün təşkil edilmiş bu diplomatik heyətin tərkibinə Hümam Təbrizi də daxil edilmişdir. Şair divanındakı şeirlərində həmin səfərdən danışır və Ş. Cüveyniyə müraciətlə belə bir səmimi misra da işlədir: “Lütf edərək, Azərbaycandan Ruma gəldin”.

Görünür diplomatik heyətdəki bacarığına görə Elxani vəziri Fəzlullah Rəşidəddin Hümam Təbrizini dövlətin Azərbaycan vəziri kimi yüksək vəzifəyə təyin etdirə bilir.

Hümam Təbrizi maddi sıxıntıdan uzaq bir həyat yaşasa da təsəvvüfə böyük maraq göstərib. Görkəmli ədəbiyyatşünas Məhəmmədəli Tərbiyət “Danişməndani Azərbaycan” əsərində Hümam Təbrizinin:

Xəbər verin bülbülə Hümam olan bir yerdə,

Olarmı yüksəldəsən məhəbbət, eşq sədası?

Hümamın var fərəhli könül açan sözləri,

Şirazda deyil yazıq, nə etsin yox faydası!

Misralarına dayanaraq onun təsəvvüf əhli olduğunu yazır.

Şeirdə Hümam Təbrizi Şirazda olmadığına təssüflənir. Şirazda yaşayan böyük sufi şairi Sədi isə Təbrizə gələrək Hümamla görüşmüş, aralarında dostluq əlaqəsi yaranmış, bir-birinə müraciətlə şeirlər yazmışlar. Alimin görüşünə gələn yalnız Sədi Şirazi olmamışdır. Porboha Cami kimi nüfuzlu şəxsiyyət də Təbrizə Hümamın görüşünə gəlmişdir.

Xacə Hümam dövrünün bir sıra görkəmli dövlət, elm, mədəniyyət və ədəbiyyat xadimləri ilə dost olmuş, onların bəziləri ilə mənzum və mənsur şəkildə məktublaşmışdır. Onların sırasında tanınmış dövlət xadimi və alim Şərafəddin Harun, istedadlı üləmalardan Nurəddin, İbrahim Həməvi, şair Qütbəddin Əmiqi Elxani vəziri Fəzlullah Rəşidəddin və vəzir, Elxanilərin nüfuzlu dövlət xadimi Sahibdivan Şəmsəddin Məhəmməd Cüveyni və digərlərinin adları çəkilir.

Hümam Azərbaycan ədəbiyyatında Nizami ənənələrini davam etdirən bir şair kimi tanınır. Sənətkarın yaradıcılığında mühüm yer tutan “Söhbətnamə” məsnəvisi də Nizaminin “Sirlər xəzinəsi” poemasının ənənəsinə uyğun qələmə alınmışdır. Poema Sahibdivan Xacə Şəmsəddin Cüveyninin oğlu Şərafəddin Harun ibn Şəmsəddinin adına nəzmə çəkilmişdir.

Xacə Hümam Təbrizi ədəbiyyat, mühazirə, şeir, inşa və xəttatlıqda zamanın birincilərindən sayılmış, fəsahətdə, şirin və rəvan şeir deməkdə şöhrət qazanmışdır. Dövlətşah Səmərqəndi “Təzkirətüş-şüəra”da 20 ən məşhur sənətkar sırasında HümamTəbrizidən də söhbət açır. “Rövzətül-cinan” əsərində bu böyük insan haqqında yazılır: “Xacə Hümam zahiri fəzilətlərdən əlavə, ariflərin batini saflığından da bəhrələnmişdi. Məlum olduğuna görə o, Şeyx Həsən Bulqarinin müridi olmuşdur.”

Məkkə, Misir, Qüds və İraqda səfərdə olmuş, islam dininin dərinliklərindən xəbər verən, irfan və ilahiyyata aid olan 40 hədisi seçərək onlara şərh yazmışdı. Onun “Xəzinələr açarı və sirlər çırağı (“Miftahul-kunuz və misbahur-rumuz”) əsəri Şərqdə geniş yayılmışdı.

Qocalanda dövlət işlərindən əl çəkən alim mənəviyyat, axirət məsələlərinə daha çox vaxt ayırmış, doğulub boya-başa çatdığı Təbriz şəhəri haqqında ilhamlı misralar yazmışdı. Farsca yazdığı bir rübaisində deyir: “Təbriz gözəldir, hər nə ki, vardır, o da gözəldir. Onun sakinləri yüksək fikir sahibidirlər. Onlar müxalifətin fikiri ilə müxalif müvafiq ola bilməzlər. Məlaikə divlə heç vaxt dost ola bilməz.”

Hökümətdə yüksək mövqe tutan, vəzir vəzifəsinə yüksələn Hümam Təbrizi Elxani hökümətində vəzir işləmiş Xacə Şəmsəddin Məhəmmədin edam edilməsinə dözə bilməmiş, etirazını bir tərcibəndində bildirmişdir. Dostu və görkəmli dövlət adamı olan Xacə Şəmsəddinin edamına səbəb olan günahkarları şeirində nifrətlə damğalamış, zülmün tüğyanından və ədalətin yoxa çıxmasından söz açaraq yazır: “Zülm dovşanı elə hakim olmuşdur ki, ədalət şirinin dırnaqları sınmışdır”.

Əli İbrahim xan “Sühufi-İbrahim” təzkirəsində yazır: “Xacə ömrünün axırlarında dünyanı tərk edib, dünya malından və dünya vəzifələrindən əl götürərək Şeyx Seyid Fərqaninin müridi olmuşdur. O, Məkkəyə gedib qayıdandan sonra guşənişin olmuşdur.

Xacə Hümam hicri qəməri 713, yəni miladi təqvimi ilə 1313, ya da 714 cü ildə, yəni miladi təqvimi ilə 1314-cü ildə Təbrizdə vəfat etmişdir. Onu Təbrizdə özü tikdirdiyi xanəgahda dəfn etmişlər”.

Azərbaycan alimlərindən Q. Kəndli, Ə. Xaneqahi, T. Xalisbəyli, M. Müsəddiq, Hüsam Təbrizi haqqında yazmışlar. Lakin bunlar çox azdır. Hüsam Təbrizinin yaradıcılığının yeni baxışla öyrənilməsinə, təbliğinə böyük ehtiyac vardır.

 Mətni yazdı Əli Şamil (Şamilov Əli Hüseyn oğlu)

Reklam
 
Sayğac
 
Flag Counter
 

=> Sen de ücretsiz bir internet sitesi kurmak ister misin? O zaman burayı tıkla! <=