Turar Rıskulov

TURAR RISKULOV

TÜRK DÜNYASININ MƏŞHURLARI 152/2012

 Əziz və istəkli dinləyicilər! “Türk dünyasının məşhurları” proqramında sizlərə yeniyetməliyindən sosialistlərə qoşulan, onlarla birlikdə inqilab edən, yeni qurulan hökümətdə yüksək vəzifələr tutan, sonralar yanlış yolda olduğunu anlayıb Vahid Türk Tatar Dövləti yaratmaq üçün fəaliyyətə keçdiyinə görə 1937-ci ildə həbs edilərərək güllənən, qazax xalqının böyük oğlu Turar Rıskulovun  ömür yolundan söz açacağıq.

Turar Rıskulov Rusiyanın işğal etdiyi qazax torpaqlarında anadan olub. Onun doğulduğu bölgədə Rusiya İmperiyası Semreç vilayəti yaratmışdı. Turar da bu vilayətin Besaqaş qışlağında 1894-cü il dekabrın 26-da dünyaya göz açmışdır. İndi Besaqaş müstəqil Qazaxıstan Respublikasındakı Almatı vilayətinin Talqar rayonuna daxildir. Qazaxların Dulat tayfasından olan Turarı da uşaqlıqda Rıskul Jılkaydar ulu kimi çağrırdılar. O, rus məktəblərinə getdikdə səhədlərində soyad yazmasına ehtiyac duyuldu. Beləcə atasının adı Rıskul çevrilib Turarın soyadına  çevrildi və bu soyadı ilə də məşhurlaşır.

Turarın atası Rıskul Jılkaydar ulu  çar idarə üsuluna qarşı çıxdığına görə 1904-cü ildə onu həbs edərək 10 illiyə Sibirə sürgünə göndərirlər. Atasının həbsi və ailəsinin iqtisadi vəziyyətinin ağırlaşması balaca Turarı ruhdan salmır. O, əsas diqqətini oxumağa yönəldir.

Turar Rıskul oğlu ortabab kəndli ailəsinin tək övadı idi. Ailəsi onu 1907-ci ildə evlərindən uzqada yerləşən Merke qəsəbəsindəki rus-qırğız məktəbinə oxumağa göndərir. Bu məktəbin proqramı bizlərdə rus-tatar məktəbi kimi tanınan təhsil ocaqlarının proqramı ilə eyni idi. Üç il burada oxuduqdan sonra Turar Rıskul oğlu indi Biştek kimi tanınan Pişpek şəhərinə yollanır. 1914-cü ildə Pişpek şəhərindəki kənd təsərrüfatı məktəbini bitirdikdən sonra Daşkənd şəhərinə gəlir.

Daşkənd Müəllimlər İnstitutunda oxuyarkən inqilabçılarla yaxından tanış olur və gənclik çılğınlığı ilə monarxiyanı devirmək, sosial ədaləti bərpa etmək istəyənlərin sırasına qoşulur. 1916-cı ildə çar II Nikolay Türküstandakı 19-47 yaşlı kişilərin cəbhə bölgələrində səngər qazdırmaq, əsgəri birliklərə silah-sursat daşıtmaq və b. işləri gördürmək üçün səfərbərliyə alınmasına sərəncam verir. Bu sərəncam kənd təsərrüfatı işlərinin qızğın çağına və əhalinin əksəriyyətinin oruc tutduğu Ramazan ayına düşdüyünə görə xalqın qəzəbinə səbəb olur. 

Türküstanda üsyan baş verir. İmaməliyev qardaşlarının rəhbərlik etdiyi bu üsyanda minlərlə qazax kimi Turar Rıskul oğlu da iştirak edir. Rus əsgəri birliklərinin yüzlərlə insanın öldürüldüyü, həbs edildiyi günlərdə üsyançı qruplarından birinə rəhbəri kimi onu da həbs edirlər. 1917-ci ilin fevralında Romanovlar sülaləsinin hakimiyyətinə son qoyulması, Krenskinin rəhbəriliy ilə Müvəqqəti Hökumət qurulması, bu hökumətin Rusiyanı fedarativ idarəetmə istəyi Turar Rıskul oğlunun həbsdən qurtarıb inqilabi mübarizəyə qoşulmasına şərait yaradır.

O, Merkedə qazax-qırğız gənclərinin inqilabi təşkilatını yaradır və Aulietidəki Sovetlərlə əlaqəyə girir. 1917-ci ilin sentiyabrında isə Rusiya Sosial Demokrat Fəhlə Partiyasına daxil olaraq fəal siyasi mübarizəyə başlayır. Kokandda millətçilərin qurduqları Alaş Hökumətinə qarşı çıxan Turar Rıskul oğlu Aulieti Soveti İcraiyyə Komitəsinə sədr seçilir. 21 yaşlı, heç bir həyat və idarə təcrübəsi olmayan bir gəncin belə böyük vəzifəni öhdəsindən gəlməsi heç də asan olmur.

Ölkədəki hərc-mərclik, Sovetlərin görməli olduğu işlərin dəqiq müəyyənləşdirilməməsi, inqilabçılar arasındakı fikir ayrılığı Turar Rıskul oğlunu çətin vəziyyətə qoyur. Bütün çətinliklərə baxmayaraq o, həm yerli əhalinin müəyyən qisminin, həm də Moskvanın diqqətini özünə çəkə bilir.

1918-ci ilin iyul-dekabrı ndaaylar yeni yaradılan Türküstan Muxtar Sovet Sosialist Respublikasının Səhiyyə Naziri təyin olunan Turar Rıskulova bolşeviklər daha böyük etimad göstərib dekabr ayında Muxtar Respublika Xalq Komissarlar Soveti sədrinə müavin təyin edilir.

Turar Rıskulov bir vəzifədə möhkəmlənməmiş onu bu vəzifədən o vəzifəyə göndərirlər. Bunun bir səbəbi kadr çatışmazlığı, inqilabçılar arasından fikir ayrılığı, ölkəni idarə edəcək qanunların stabilləşməməsi idisə, başqa bir səbəbi də rusların müsəlman xalqlarından olan məsləkdaşlarına inamsızlığı idi. Bolşeviklərin Türküstanda əksinqilabçı hesab etdikləri qüvvələrə qarşı Turar Rıskulov mülayim davrandığına görə  onu bölgədən uzaqlaşdıraraq Azərbaycana göndərirlər. 1921-ci ildə Xalq Komissarlığının milli məsələlər üzrə səlahiyyətli sədri kimi Azərbaycana gələn Turar Rıskulovu burada da çox işləməyə imkan vermirlər. 1922-ci ilin əvvəllərində onu Moskvaya apararaq Rusiya Sovet Fedarativ Sosialist Respublikasının Xalq Komissarlar Sovetinə milli məsələlər üzrə müavin təyin edirlər.

Ədalətli cəmiyyət quracaqlarına, xalqlar bərabərhüquqlu və firavan bir dövlətdə yaşayacağına ürəkdən inanan Turar Rıskulovu 1922-ci il sentyabrın 6-da Türküstan Mərkəzi İcraiyyə Komitəsinə sədr göndərirdilər. Həmin günlərdə Türküstan indiki Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan, Türkmənistan dövlətlərini əhatə edirdi. Əhalinin böyük əksəriyyəti də bölgənin Rusiya tərəfindən yenidən işğal edilməsi ilə razılaşa bilmirdi. Müqavimət hərəkatına bölgənin hər yerində rast gəlmək olurdu. Sovet əsgəri birliklərinə və təşkilatlarına qəflətən basqın edərək aradan çıxan dəstələri basmaçılar adlandırırdılar. Türküstandakı bu müqavimət hərəkatı tarixə də basmaçı hərəkatı adıyla daxil oldu.

Sovet Sosialist Respublikaları İttifaqı yaradılması üçün Türküstanı hazırlamağa göndərilmiş Turar Rıskulovun həmin vəzifədə bir ay belə işləməsinə imkan vermirlər. Çünkü o eyni dilin, eyni dinin, eyni mədəniyyətin daşıyıcısı olan xalqların vahid bir dövlət halında idarə olunmasını istəyirdi. Türküstanın beş yerə bölünməsi, beş müttəfiq və bir muxtar respublika yaradılması ideyasını bəyənmirdi. Odur ki, onu pantürkizmdə ittiham edərək rəhbər vəzifədən və idarəetmədən uzaqlaşdırıb Kommunist İnternasialina işə göndərirlər. 1924-cü ilin aprelindən 1926-cı ilin iyununadək Kominter Şərq şöbəsinin müdir müavini işləyir və burada dünya kommunist hərəkatının liderləri arasındakı fikir ayrılıqları və qarşıdurma ilə yaxından tanış olur.   

Kommunterndə çalışarkən əqidə yoldaşları saydığı, mətin inqilabçı kimi tanıdığı insanların öncədən verdikləri vədlərə əməl etmədiklərini, bütün güclərini hakimiyyətlərini möhkəmləndirməyə yönəltdiklərini və sosializm yaymaq adı altında Rusiya imperiyasının sərhədlərini bərpa etməyə çalışdıqlarını görür. Turar Rıskulov da sosialistlərin verdiyi vədlərə inanıb fikrini sərbəst ifadə edir, idarəetmədəki nöqsanları göstərərək onların aradan qaldırılmasını təklif edir.

Onun proletar diktaturası qurulmasına əngəl olacağını görüb ölkədən uzaqlaşdırırlar. 1925-26-cı illərdə Kommunternin Monqolustanda səlahiyyətli nümayəndəsi olan Turar Rıskulovu 1926-cı ilin martında Kommunist Partiyasının Qazaxıstan üzrə mətbuat şöbəsinə müdir təyin edirlər.

Turar Rıskulov yanıldığını anlayır və mübarizəsini gizli davam etdirməyi planlayır. Bunun üçün də rəhbər vəzifələrdə işləyən, ziyalı, maarifpərvər türk müsəlman xalqlarının nümayəndələri ilə görüşür, onların yaratmış olduğu gizli təşkilata yardım edir.

1926-cı ilin iyulunda Rusiya Sovet Federativ Sosialist Respublikası Xalq Komissarlar Soveti sədrinə müavin təyin edilən Turar Rıskulovun həyatı 1929-cu ildə tükdən asılı vəziyyətdə olur. Tatar komministi və dövlət xadimi Sultan Qaliyevi  pantürkzmdə suçlayıb həbs edəndə onun məsləkdaşları sırasında Turar Rıskulovun da adı çəkilir. Turar Rıskulov isə 1929-cu ildə “İzvestiya” qəzetində bir məqalə çap etdirir. Orada göstərir ki, yanlışlığa yol verib, kommunist partiyasının siyasətindən uzaqlaşıb. Bu etirafına görə, ya da hər hansı başqa səbəblərdən dolayı Turar Rıskulovu vəzifədən azad edib həbsxanaya göndərmirlər.

Turar 1937-ci il may ayınadək RSFSR Xalq Komissarlar Sovetini sədrinin müavini vəzifəsini yerinə yetirir. May ayının 21-də isə onu Kislavodskdəki sanatoriyada həbs edirlər. Ondan bir az əvvəl isə həmin yerdə əqidə və məslək yoldaşı professor Bəkir Çobanzadəni həbs etmişdilər.

Ağır və işgəncəli istintaq öz təsirini göstərir. Turar Rıskulov keçmiş Rusiya imperiyası ərazisindəki türk-tatar xalqlarını Sovet əsarətindən qurtarıb Vahid Türk Tatar Dövləti qurmaq məqsədilə gizli təşkilat yaratdıqlarını, bu təşkilatın üzvləri və onların planları haqqında istintaqa geniş bilgi verir. Bu bilgilər də onun və məsləkdaşlarının güllələnməsi haqqında qərar çıxarmağa kifayət edir. 1938-ci il fevralın 10-da Turar Rıskulov Moskvada güllələnir. Onun istintaqa veriyi bilgilər isə xalqımızı mübariz oğullarının ömür yoluna işıq saçır.
  Mətni yazdı Əli Şamil (Əli Hüseyin oğlu Şamilov).

 

Reklam
 
Sayğac
 
Flag Counter
 

=> Sen de ücretsiz bir internet sitesi kurmak ister misin? O zaman burayı tıkla! <=