Xudu Məmmədov

Türk Dünyasının Məşhurları-44

Böyük insan, coşğun vətənsevər, geniş dünyagörüşlü alim, kristollaqrafiya sahəsindəki kəşfləri ilə şöhrət qazanmış Xudu Məmmədov...Əli Şamil


 

Göndərmə 19.01.2012 10:00:37 UTC

Güncəlləmə 19.01.2012 10:00:37 UTC

www.trtazerbaycan.com

http://www.trt.net.tr/trtworld/az/newsDetail.aspx?HaberKodu=b4ba4668-c28b-48b3-ba4a-efbd1cbc83fd

 



Xudu Surxay oğlu Məmmədov 1927-ci il dekabrın 14-də Ağdam rayonunun Mərzili kəndində anadan olmuşdur. Ona nə xüsusi müəllim tutmuşdular, nə də oxuması üçün xarici ölkələrə göndərmişdilər. Onun dünyagörüşünün formalaşmasında, elmə, təhsilə marağının artmasında Leninqrad Tikinti Akademiyasını bitirmiş atası Surxayın rolu olmuşdur. Evdar qadın olan anası Yaxşı xanım üç övladının – Xudunun, Oqtayın, Məhbubun ənənəyə sadiq bir övlad kimi böyüməsi üçün əlindən gələni əsirgəməmişdi.

Xudu Mərzilidəki 7 illik məktəbi bitirəndən sonra rayon mərkəzindəki orta məktəbdə təhsilini davam etdirir.

1946-cı ildə Ağdamda orta məktəbi bitirən Xudu Məmmədov Azərbaycan Dövlət Universitetinin geologiya-coğrafiya fakültəsinin geologiya şöbəsinə daxil olur. İkinci Dünya Savaşının doğurduğu maddi və mənəvi sıxıntılara mətanətlə dözərək tətsilini davam etdirir. Onu yaşıdlarından bir çoxu ailədən uzaqda, bir qarın çörəyə möhtac vəziyyətdə yaşamağa dözməyərək ali məktəbi atıb işləməyə, güzəranlarını təmin etməyə gedir. Xudu Məmmədov isə nəinki aclığa, qışın soyuğunda nazik geyinməyə, qızdırılmayan otaqda yatmağa dözür, hətta təhsil əlaçısı kimi müəllimlərinin sevimlisinə çevrilir.

1951-ci ildə universiteti fərqlənmə diplomu ilə başa vurur və müəllimi Heydər Əfəndiyevin məsləhəti ilə təyinatını Azərbaycan Elmlər Akademiyasının Kimya İnstitutuna alır. Doğulub boya-başa çatdığı bölgədən aldığı bilik, xüsusən Qarabağın musiqi dünyası gənc Xudunun elmi axtarışlarına da öz təsirini göstərir. O, dəqiq elmlərlə mədəniyyətin, xüsusən də musiqinin bir vəhdətdə olduğunu görür.

Xudu Məmmədov SSRİ EA-nın Kristalloqrafiya İnstitutunun aspiranturasına daxil olur. Ona borosilikat-aksinit mineralının quruluşunun təyin olunması istiqamətində tədqiqatlar aparması və həmin mövzuda elmi iş yazması tapşırılır. 1952-ci ildə borosilikat-aksinit mineralının quruluşunu açmaq üçün eksperimental materiallar alınması ərəfəsində məlum olur ki, yapon alimləri bu mineralın quruluşunu təyin ediblər.

1953-cü ildə Londonda kecirilən III Beynəlxalq Sement Sempoziumunda Dünya Sülh Şurasının sədri olmuş, görkəmli fizik və kristalloqraf Con Bernal deyir: “Sementin bağlayıcılıq və bir sıra başqa xüsusiyyətlərini izah edə bilən mükəmməl nəzəriyyə yalnız sement silikatlarının quruluşu açıldıqdan sonra yarana bilər. Bu çıxışdan sonra dünyanın bir çox görkəmli alimləri və dövrün müasir cihazları ilə təmin edilmiş elmi-tədqiqat laboratoriyaları kristalın quruluşunu açmağa girişir. Akademik N.V. Belov da bu məsələ ilə məşğul olmağı Xudu Məmmədova tapşırır.

1955-ci ildə X. Məmmədov SSRİ EA-nın Kristalloqrafiya İnstitutunun elmi şurasında “Kristalloqrafiya və Kristallofizika” ixtisası üzrə “Ksonolit və vollastonit minerallarının kristal quruluşu” mövzusunda müvəffəqiyyətlə namizədlik dissertasiyası müdafiə edir. Bu o dövrdə kristalloqrafiya sahəsində böyük qələbə və böyük elmi nailiyyət sayılır.1956-cı ildə Moskvaya Beynəlxalq Sülh Konfransına gələn Con Bernal Xudu Məmmədovla görüşür və onun elmi işinin nəticələri ilə tanış olur. Onu Londona “Sement silikatlarının quruluşunun tədqiqi” elmi mərkəzinə dəvət edir. Böyük alimin gənc həmkarına belə diqqət yetirməsi çoxlarının diqqətindən yayınmır.

Xudu Məmmədovu Moskva və Leninqrad şəhərlərindəki elmi tədqiqat institutlarının labarotoriyalarında işləməyə, ali məktəblərində dərs deməyə dəvət edirlər. Bu dəvətlərin arxasında imtiyazlar, lazımi iş və mənzil şəraiti durur. Lakin Xudu Məmmədov butün imtiyazlardan, gələcəyin prespektivindən imtina edərək vətənə dönməyi qərara alır. Bildiklərini vətən övladlarına öyrətmək, burada kadrlar yetişdirmək, yüksək səviyyəli labarotoriyalar hazırlamaq üçün 1957-ci ildən Azərbaycan Elmlər Akademiyası Qeyri-Üzvi və Fiziki Kimya İnstitutunun struktur kimya laboratoriyasında işə başlayır və kristallokimya sahəsində axtarışlar aparır.

Xudu Məmmədovun Con Bernalla tanışlığı sonradan dostluğa çevrilir. Bir neçə dəfə onunla görüşür, 1966-cı ildə bir ilə yaxın Con Bernalın laboratoriyasında çalışır. Con Bernal da gənc həmkarını diqqətdən kənarda qoymur, Bakıya gəlir, Xudu müəllimin labaratoriyasında olur və kitabına “Canlı və cansız təbiəti vəhdətləşdirən böyük alim Xudu Məmmədova” yazaraq ona bağışlayır.

Xudu Məmmədova ingilis dilində “Kalsium-silikatları və hidrosilikatları və hidrosilikatların kristallokimyası” monoqrafiyasını yazmağı məsləhət görülür. O, ingilis dilində yazmağı bacarsa da, ana dilinə məhəbbətindən kitabı Azərbaycan türkcəsində yazır və 1960-cı ildə Bakıda nəşr etdirə bilir. Texniki terminlərin zəif olduğu bir dildə gənc alimin belə uğurlu kitab yazması çoxlarını heyrətləndirir.

Silikat birləşmələrindən bir çoxunun quruluşunun müəyyənləşdirməsi, həmin birləşmələr sinfi ilə boratlar, karbonatlar, yarımkeçiricilər və s. arasında kristallokimyəvi qohumluq olmasını aşkara çıxarması, 50-dən çox üzvi liqandlı kompleks birləşmənin molekul və kristal quruluşunu öyrənməsi, tədqiqatlarında elektronoqrafiya, rentgen-spektral analiz və hidrotermal sintez üsullarından geniş istifadə etməsi Xudu Məmmədova böyük şöhrət qazandırır.

Onun kəşfləri, ixtiraları, sanballı elmi məqalələri yalnız dəqiq elmlər sahəsində çalışan alimlərin deyil, hümanitar elmlərlə məşğul olanların, yazıçı və şairlərin, tibb sahəsinin mütəxəssislərinin də diqqətini özünə çəkir.

Çingiz Aytmatov onun haqqında yazıb: "Elmlə sənətin qeyri-adi uğurlarını kəşf edən, zəkası ilə "cansız təbiət" terminini elm tarixindən silən Xudu Məmmədovun şəxsiyyətinə də, xarakterinə də, sadəliyinə də vuruldum. Fəxr edirəm ki, türk dünyasında Xudu Məmmədov kimi ziyalı var".

1957-ci ildən Azərbaycan Elmlər Akademiyasının Qeyri-Üzvi və Fiziki Kimya İnstitutunun struktur kimya laboratoriyasının müdiri vəzifəsində çalışan Xudu Məmmədov 1969-cu ildə doktorluq dissertasiyasını müdafiə edir.1970-ci ildə geologiya-mineralogiya elmləri doktoru diplomunu alan alimi 1973-cü ildə professor seçirlər. 1976-cı ildən isə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü olur.

Yüksək ixtisaslı elmi kadrlar hazırlanmasında müstəsna xidmətləri olan alimi dostları və yaxınları həm də rəssam, musiqiçi, jurnalist, şair kimi tanıyırlar. O, “Naxışların yaddaşı”, “Qoşa qanad” kimi məşhur kitabları ilə hümanitar sahəyə fərqli baxışıyla diqqəti cəlb edir.

Xudu müəllim təbiətlə, riyazi qanunlarla sənətin harmoniyasını heyrətamiz şəkildə, coşquyla qələmə alan, dilə gətirən, təbliğ edən şəxs kimi Azərbaycan televiziyasında uzun müddət “Elm və həyat” verilişini aparır. Bu veriliş elm adamlarının, ziyalıların mənəvi-intellektual ehtiyaclarını ödəmək, neçə-neçə gəncin elmə marağını formalaşdırma, millətini maarifləndirmək baxımından olduqca önəmli idi.

Xudu Məmmədov həmişə vətənini və millətini düşünən bir insan idi. Milli azadlıq hərəkatının ön sıralarında olan bu insan hərəkəti, davranışı, danışığı ilə rəhbər vəzifə tutanlara, özlərini ziyalı adlandıraraq xalqdan uzaq duranlara nümunə göstərirdi. Rusiyanın hakim dairələrinin təkidi ilə özlərini erməni millətçisi adlandıranlar Dağlıq Qarabağı Azərbaycandan ayırıb Ermənistanın tərkibinə qatmaq istəyəndə o, tez-tez Qarabağa getmək, xalqla birgə olmaqla yanaşı, Bakıda da fəal ictimai iş aparır. Sözü keçən alimlərə, rəhbər işçilərə təsir etməyə, onları xalq hərəkatının sıralarına qoşmağa səy edirdi.

Kükrəyib ayağa qalxmış xalqın düzgün istiqamətləndirilməsinə böyük ehtiyac olduğunu görən Xudu müəllim də toplumu doğru yola yönəldən bir təşkilata güclü ehtiyac olduğunu görür. Bunun üçün də müxtəlif dünyagörüşlü, cəmiyyətin müxtəlif təbəqələrindən olan adamların bir yer – bir təşkilatın çatısı altında birləşməsinə can atır. Elə bu yolda da canını vətəninə və millətinə fəda edir. 1988-ci il oktyabrın 15-də yenicə formalaşmaqda olan Azərbaycan Xalq Cəbhəsinin Üzeyir Hacıbəyovun ev muzeyində təşkil edilmiş toplantılarının birində ürəyi durur.

Ölümündən az sonra Bakıda izdihamlı mitinqlər başlayır. Bu mitinqlər və etiraz dalğaları təkcə Azərbaycanın Rusiya müstəmləkəsindən qurtarmasına yol açmır. Həm də SSRİ-nin dağılmasına, əsarət altında olan xalqların bir çoxunun azadlığa çıxmasına şərait yaradır.

Xudu Məmmədov "Qoşa qanad" əsərində yazır: "İnsanın ən böyük qüdrəti ondadır ki, nəinki təbiətdəki gözəllikləri duyur, dərk edir, bunlardan həzz alır, habelə özü öz dünyagörüşünə, arzusuna uyğun gözəlliklər yaradır. Bu gözəlliklər də öz növbəsində insan üçün eyni dərəcədə həzz mənbəyinə çevrilir. Gəlin unutmayaq, gözəllik Tanrının yaratdığı ən böyük, ən canlı sənət əsəridir"

Gözəllik vurğunu olan Xudu Məmmədov yaddaşlarda elmi kəşfləri ilə yaşayacaq bir alim olaraq qalmayacaq, o həm də vətənin və xalqının çətin günündə özünü önə atan bir cəngavər kimi yaşayacaqdır.

 

Reklam
 
Sayğac
 
Flag Counter
 

=> Sen de ücretsiz bir internet sitesi kurmak ister misin? O zaman burayı tıkla! <=