Mirsəet Soltanqaliyev

Türk Dünyasının Məşhurları- 49

Mirsəet Soltanqaliyev  

 
Göndərmə 05.12.2013 07:58:54 UTC
Güncəlləmə 05.12.2013 07:58:54 UTC

“Türk dünyasının məşhurları” proqramında sizlərə ömrünü vətən və millət yolunda şam kimi əritmiş, lakin siyasi baxışlara görə uzun illər adlarının çəkilməsi belə qadağan olunmuş, yaxud ömür yolları, yaradıcılıqları öyrənilməmiş, bir sözlə, bilərəkdən unutdurulan insanlardan söz açmağa çalışırıq. Belə insanlardan biri də tatar xalqının oğlu, görkəmli ictimai-siyasi xadim, dövlət adamı, dünyada kommunizmin qurulacağına böyük inam bəsləyən Mirsəet Soltanqaliyevdir.

Mirsəet Xəydərqali oğlu Soltanqaliyev 1892-ci il iyulun 13-də müəllim ailəsində doğulub. Onun Rusiyanın işğal etdiyi türk torpaqlarında yaratdığı Ufa quberniyasının Elimbetov və ya Karmaskalı kəndində anadan olduğunu yazırlar. İndi bu bölgə Başqırdıstan Respublikasının Strelibaş rayonuna daxildir.

Uzun müddət adı və əsərləri qadağan edilən, bəzən isə tənqid hədəfinə çevrilən Mirsəet Soltanqaliyev haqqında SSRİ dağıldıqdan sonra çox yazırlar. Bu yazıların böyük əksəriyyəti də onun ideyasına həsr edilir. Ömür yolunun öyrənilməsi arxa planda qalır. Buna görə də uşaqlıq və gənclik illəri haqqında geniş məlumata az rast gəlinir.

Qaynaqların verdiyi bilgiyə görə ilk təhsilini atasından alıb. 1907-1911-ci illərdə Kazan şəhərindəki müəllimlər seminariyasında oxuyub. Sonra da Başqırdıstanda, Orenburqda müəllim işləyib. Lakin orada çox qalmayıb. Gündən-günə sürətlə inkişaf edərək sənaye və mədəniyyət şəhərinə çevrilən Bakıya köçüb. Onun Azərbaycana gəlişi, Bakıdakı fəaliyyəti geniş öyrənilməyib. Çox vaxt 1905-ci ildən sonra Bakıya gəldiyini, burada tatar məktəbində işlədiyini yazırlar. Həmin illərdə nəinki Bakıda, Qafqazın hər yerində müsəlmanların açdıqları məktəblərin əksəriyyəti rus-tatar məktəbləri adlanırdı. Buna görə də bilmək olmur ki, Mirsəet Soltanqaliyev yerli ziyalıların açdığı məktəbdə dərs deyib, yoxsa Kazan və Volqaboyu tatarların açdığı məktəblərdə.

Bakıda olarkən müəllim, kitabxanaçı işləməklə yanaşı, qəzetlərə məqalələr yazan Mirsəet Soltanqaliyevin dünyagörüşü “inqilab beşiyi” adlandırılan Bakıda formalaşıb. Millətlərin əsarət altına alınmasından, kapitalistlərin istismarından, imperializmin müstəmləkə siyasətindən narazı qalan Mirsəet Soltanqaliyev sosialistlərlə bir mövqedə durub. İnqilabçılarla sıx əlaqədə olan gənc müəllim Məhəmmədəmin Rəsulzadə, Nəriman Nərimanov və başqaları ilə tanış olub.

1917-ci il fevral burjua inqilabından sonra Sankt Peterburqa gedən Mirsəet Soltanqaliyev ardıcıl siyasi fəaliyyətlə məşğul olub. May ayında Moskvada keçirilən Ümumrusiya Müsəlmanları Qurultayında rəhbər heyəti olan Milli Şuraya seçilib. Lakin qurultay iştirakçılarının əksəriyyətinin mövqeyi ilə razılaşmayıb. Bolşeviklərin “dünya inqilabı” nəzəriyyəsi ona daha cəlbedici gəlib. Odur ki, 1917-ci ilin iyulunda Kazan şəhərinə gəlib. Burada Mollanur Vaxidovla Müsəlman Sosialist Komitəsini qurur və onun İcraiyyə Komitəsinə katib seçilir. 1917-ci ilin noyabrında isə bolşeviklərin sırasına qoşulur. İctimai-siyasi həyatda fəallığını, təşkilatçılıq bacarığını, bolşeviklərin cərgəsində müsəlmanların azlığını nəzərə alıb Mirsəet Soltanqaliyevi Rusiya Xalq Millətlər Komissarlığında Milli Məsələlər bölməsinə rəhbər təyin edirlər. Komissarlığın katibi vəzifəsinə isə Mustafa Sübhü təyin edilir.

Mirsəet Soltanqaliyev komissarlıqda işləyərkən burada müxtəlif xalqlardan olan bolşeviklərlə görüşür, gələcək mübarizə yollarını müəyyənləşdirməyə çalışır. Onlar 1918-ci il mayın 10-16-da Moskvada Tatar-Başqırd Sovet Respublikasının Qurucu Məclisinə hazırlıq toplantısının keçirilməsinə nail olurlar. Əhməd Zəki Vəlidi Toğan, Sədri Maqsudi Arsal, Əli xan Bökeyxanov və başqaları isə milli muxtariyyat statusunda qurduqları hökumətlərin Sovet rəhbərliyi tərəfindən tanınmasını istəyirdilər. Mirsəet Soltanqaliyev bunu türk-müsəlman xalqların bölünməsi kimi qiymətləndirirdi. O, yalnız Rusiya işğalı altında əzilən müsəlman xalqlarının deyil, Şərq xalqlarının birlikdə imperializmə qarşı mübarizəsini planlayırdı. O, elə düşünürdü ki, dünya inqilabı ideyasını ortaya atmış sosialistlər bu işdə əzilən Şərq xalqlarının ən yaxın köməkçisi olacaqdır. Odur ki, Rusiya əsarəti altında olan müsəlman xalqlarının milli azadlıq mübarizəsini qətiyyən qəbul etmirdi. Onlara qarşı çox sərt davranırdı. Bu qarşıdurma isə bolşeviklərin işinə yarayırdı.

Bolşeviklər ağqvardiyaçıların və çex üsyançılarının Şərqdən hücumlarının qarşısını ala biləcək gücdə deyildilər. Bundan yararlanan türk – müsəlman xalqları da milli silahlı dəstələr yaradıb öz müxdariyyatlarını elan edirdilər. Belə gərgin bir vəziyyətdə bolşeviklərə Mollanur Vahidov, Mirsəet Soltanqaliyev, Nəriman Nərimanov kimilərinə böyük ehtiyacları vardı. Bolşeviklərin yardımı ilə 1918-ci il mayın 2-də Mollanur Vahidovun rəhbərliyi altında Mərkəzi Müsəlman Əsgəri Şurası quruldu. Müsəlman Qızıl Ordusunun təşkilatlanması vəzifəsi Mirsəet Soltanqaliyevə tapşırılır. O, Beşinci Qızıl Ordunun yüzdə yetmiş beşini təşkil edən Tatar-Başqırd Taburlarını və Müsəlman Qızıl Alayını təşkil edə bilir. Bununla da nəinki milli qüvvələrin parçalanmasına, bir-birinə qarşı savaşmasına şərait yaradır.

Ağqvardiyaçılar və əsirlikdən qurtulub evlərinə getmək istəyən çex əsgər və zabitləri 1918-ci ilin avqustunda Kazan şəhərinə hücum etdilər. Bolşevik əsgəri birlikləri onların hücumunun qarşısını ala bilmir. Həmin vaxt Moskvada olan Mollanur Vahidov Tatar Qızıl Alayının başına keçərək Kazana yollanır və döyüşlərdə əsir düşərək edam edilir. Mollanur Vahidov və yüzlərlə tatar, başqırd, çuvaş, qazax, qırğız döyüşlərdə həlak olsa da, ağqvardiyaçılar və çexlər geri oturdulur.

Mollanur Vahidov və Mirsəet Soltanqaliyev 1918-ci il iyun 17-20-də Kazanda Müsəlman Bolşeviklərin Bütün Rusiya Konqresini keçiridlər. Müstəqil dövlət qurma istəyinin müzakirə edildiyi bu konqresdə Mirsəet Soltanqaliyev bütün türk və müsəlman xalqların Birləşmiş Cəbhədə bolşeviklərilə birlikdə mübarizəsinin vacibliyini irəli sürür və millətçilərin fedaral dövlət yaratmaq ideyasına qarşı çıxır. Onu fikrincə kiçik dövlətlər çox asanlıqla imperializmin təsir dairəsinə düşəcə bilərfi.

Bolşeviklər zəif olduğundan özlərini demokrat kimi göstərir, bu cür toplantılarda millətçilərin çıxışlarına da mane olmurdular.

Mirsəet Soltanqaliyevdən bolşeviklər yalnız döyüşlərdə, dövlətin möhkəmlənməsində, idarəetmədə istifadə etmirdilər. Ondan həm də danışıqlarda istifadə edilirdi. Xalqlara azadlıq, müstəqil dövlətlərini qurmaq vədləri ilə onu müsəlman-türk liderlərilə danışıqlara göndərirdilər. O, Leninin, Stalinin, Trodskinin vədlərinə inanırdı. Çünki Sovet hakimiyyətinin ilk illərində elə bir görüntü yaratmışdılar ki, Mirsəet Soltanqaliyev hökumətin idarəedilməsində guya 3-4-cü adamdır. Milli məsələ haqqında fikirləri mətbuatda özünə geniş yer tapır, toplantılarda fikirlərini müzakirəyə çıxarırdı.

1918-1919-cu illərdə Milli Məsələ üzrə Xalq Komissarlığı yanındakı Mərkəzi Müsəlman Hərbi Kollegiyasının sədri olan Mirsəet Soltanqaliyevi Başqırd Resbublikasının rəhbərləri ilə danışıqlara göndərirlər. O, Lenin, Stalin, Trotskinin istəklərini yerinə yetirərək başqırdları dinc yolla Rusiyanın tərkibinə daxil olmağa razı salır. Bu razılıqdan sonra başqırd hərbçilərinə, ziyalılarına, dinc əhaliyə qarşı terror başlayır. Bunu Mirsəet Soltanqaliyev inqilab naminə quban kimi dəyərləndirir.

1920-ci ilin sentyabrında Bakıda Şərq Xalqlarının I Qurultayının çağrılmasında Mirsəet Soltanqaliyevin də rolu böyük olur. Qurultay bolşeviklərin istədiyi nəticəni vermədiyinə görə Rusiyadakı müsəlman kommunistlərinin çoxunun istəyinə baxmayaraq II qurultayın çağrılmasına icazə verilmir.

1919-1921-ci illərdə Rusiya Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi yanında Şərq xalqları Kommunist Təşkilatları Mərkəzi Bürosuna sədrlik edən, dünya üçün komminist kadrlar hazırlayan ali təhsil ocağında dərs deyən Mirsəet Soltanqaliyev toplantılarda bəzən Leninə, Stalinə qarşı da durur. Lakin onun bu cəsarətli hərəkəti çox da uzun sürmür. 1923-cü il sentyabrın 17-25-də Moskvada keçirilən Rusiya Kommunist (bolşeviklər) Partiyasının 12-ci Qurultayındakı çıxışı müsəlman-türk kommunistləri tərəfindən alqışlarla qarşılansa da, “Soltanqaliyevin işi” deyilən bir cinayət işi açılır və onu Lyubyanka həbsxanasına göndərirlər.

Türk-müsəlman kommunistlərinin, eləcə də demokratik fikirli bolşeviklərin təziqi ilə Mirsəet Soltanqaliyev həbsdən azad edilsə də, ona qarşı təzyiq və təqiblər azalmır. Onu və onun ətrafındakı onlarla türk-müsəlman kommunistini 1928-ci ildə həbs edərək Solovkiyə göndərirlər. Bu dəfə onu hökumətdə yüksək vəzifə tutan dostları Nəriman Nərimanov, Turar Rıskılov və başqaları da qurtara bilmir.

Aldadılmış Mirsəet Soltanqaliyev minlərlə türk-müsəlmanın döyüşlərdə öldürülməsinə səbəb olduğu kimi, yüzlərlə insan da həbsinə bais olmuşdu.

1934-cü ildə onu həbsdən vaxtından əvvəl azad edib Saratova sürgün edirlər. Bu Sovet rəhbərliyini heç də qane etmir. Onu 1937-ci həbs edib uzun sürən istintaqdan sonra 1940-cı il yanvarın 28-də güllələyirlər.

Mirsəet Soltanqaliyev güllələnsə, adının çəkilməsi, əsərlərinin nəşri qadağan edilsə də, onu dünya kommunist hərəkatının liderlərindən biri, imperializmə, müstəmləkəçiliyə qarşı mübariz kimi tanıyırlar. SSRİ dağıldıqdan sonra repressiyaya məruz qalanlar arasında haqqında ən çox danışılan, ən çox yazlıanlardan biri də Mirsəet Soltanqaliyev oldu.

Mətni yazdı Əli Şamil (Əli Hüseyin oğlu Şamilov)

Sayğac
 
Flag Counter
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol