Әbdülqadir Marağayi

ӘBDÜLQADİR MARAĞAİ

 

Türk Dünyasının Məşhurları 41

Azәrbaycanın musiqi nәzәriyyәçisi, bәstәkar vә xanәndә, ilk dәfә 12 әsas mәqamdan törәmә 24 şöbә sistemini elmi cәһәtdәn әsaslandırmış Әbdülqadir Marağayinin ömür yolu və yaradıcılığı...Әli Şamil

 Göndərmə 08.11.2010 11:32:20 UTC

Güncəlləmə 08.11.2010 11:32:20 UTC

www.trtazerbaycan.com


http://www.trt.net.tr/trtworld/az/newsDetail.aspx?HaberKodu=10af9beb-c53f-40d8-a904-b611d005d8c7

 

Bütovlükdə adı, atasının adı və soyadı Əbdülqədir ibn Qeybi əl-Hafiz Əl-Marağayi olan, gələcəyin böyük alimi 1353-cü ildə Azərbaycanın məşhur elm və mədəniyyət mərkəzlərindən sayılan Marağa şəhərində anadan olmuşdu. Onun atası Mövlana Qeybi də dövrünün tanınmış musiqiçi idi. Əbdülqədir "Ma-qasid əl-Əlhan" adlı əsərində atası haqqında yazır: "Mənim atam Qeybi müxtəlif elmlərdə və xüsusilə də musiqidə çox qabağa getmişdi. O, mənim təhsilim üçün, xüsusən də musiqi elmini öyrənməyim üçün çox iş görmüşdü."

Fitri istedadı sayəsində dörd yaşında ikən Quranı əzbərləyən, on yaşında musiqi elminin əsaslarını mənimsəyən, qrammatikanı, ritorika və üslubiyyatı öyrənən Əbdülqədiri atası ilə birlikdə alim və şeyxlərin məclislərinə dəvət edirlər. O, məclislərdə Quran ayələrini avazla oxuyması və mürəkkəb musiqi əsərləri ifa etməsilə dinləyənlərin sevimlisinə çevilir.

Böyük həvəslə musiqi təhsilini artıran, Farabi, İbn-Sina, Səfiəddin Urməvi, Qütbəddin Şirazi, Əbu Əli kimi Şərqin məşhur alimlərinin musiqi nəzəriyyəsinə həsr edilmiş əsərlərini öyrənən Marağai nəzəriyyə üzrə nüfuz sahibi, gözəl xanəndə, virtioz ifaçı, bəstəkar, rəssam - xəttat və şair kimi məşhurlaşır. Tezliklə onun şöhrəti yaşadığı şəhərinin hüdudlarını aşır və Təbrizdə sultan sarayına çatır.

Əbdülqədir Marağayini Təbrizə, sultan Üveys Cəlairin sarayına dəvət edirlər. Dövrünün ən tanınmış müğənni və şairlərindən, ifaçılarından heç də zəif şair və musiqiçi olmayan sultan Üveys Marağayinin istedadına heyran qalır və onun haqqında fərman verir. Fərmanda Əbdülqədiri "dövrün yeganəsi, musiqidə tayı-bərabəri olmayan" adlandırılır. Bu fərman gənc Əbdülqədirin şöhrətini daha da artırır.

Sarayda qalarkən yaradışılığını davam etdirən, bildiklərini öyrədən Əbdülqadir Marağai Sultan Üveysin vəfatından sonra da onun oğlu sultan Hüseynin sarayında yaşayır və fəaliyyətini davam etdirir. Sultan Hüseyn sənətkara atasından da artıq hörmət-izzət göstərir.

23 yaşlı sənətkarı saraydakı məclislərin birində çətin vəziyyətdə qoymaq istəyirlər. 1377-ci ilin müqəddəs Ramazan ayı ərəfəsində Sultan Hüseyni Marağayiyə təklif edir ki, qarşıdan gələn müqəddəs ayın hər gününə bir mahnı bəstələsin. Bu zaman həmin məclisdə olan məşhur Azərbaycan musiqiçisi Rizvanşah Təbrizi deyir ki, Əbdülqədir bu işi görə bilsə 100.000 qızıl dinar verəcək. Bir şərtlə ki, muğamı, ritmi, quruluşu və sözləri məclisdəki münsiflər heyəti müəyyənləşdirsin və gün qabaq onun bəstəkara versin.

O, təklifin çox çətin oldugunu bilsə də qəbul edir. Şeirlər məclisin görkəmli şairləri tərəfindən ərəb və fars dillərində yazılır. Sultan Hüseyn də bir şeir yazır və Marağayidən bu şeirə Hüseyni ladında musiqi bəstələməyi xahiş edir. Əbdülqədir nəinki sultanın bu arzusunu yerin yetirir, hətta saray bağçasında gəzərkən bədahətən yaratdığı "Bahar ritmi" əsərini də Sultan Hüseynə həsr edir. Marağayi olduqca çətin bir vəziyyətə düşsə də, vaxtında 30 nəğməni hazır edərəkr şərti yerinə yetirir. Onun istedadına heyran qalan Rizvanşah Təbrizi Əbdülqədir Marağayiyə nəinki uduzduğu pulları göndərir, həmçinin qızını da ona ərə verir.

Beləcə, 1377-ci ilin müqəddəs Ramazan ayında Əbdülqədir Marağayinin "Əlhani-siqanə" (Otuz nəğmə) adlı əsər yaranır.

1380-ci ildə hakimiyyətə gələn sultan Əhməd ibn Üveysin şərəfinə Marağayi otuz ayrıca bölmədən ibarət "Dövri-şahi" adlı bir əsər yazır. Sultan da alim-musiqiçinin istedadını layiqincə qiymətləndirir.

Əmir Teymurun Azərbaycana yürüşü sarayda sultanlara yaxınlığı ilə seçilən Marağainin həyatını təhlükə qarşısında qoyur. Ona qarşı dirəniş göstərən hökümdarın yaxın adamları sırasında Marağayi də cəzalandırılmalı olur. O, türkcə söylədiyi ağıllı və məntiqli çıxışıyla nəinki cəzadan qurtarır, hətta Əmir Teymurun rəğbətini də qazanır.

Əmir Teymur 1397-ci ildə Marağayini "bütün musiqi bilicilərinin padşahı" adlandırır və bir çox incəsənət xadimləri kimi onu da Səmərqəndə aparır. İki il sonra isə Əmir Teymur oğlu Miranşahın Azərbaycanda mövqeyini möhkəmlətmək üçün Əbdülqədir Marağai və bəzi ağıllı və təcürbəli adamları Təbriz sarayına qaytarır. Lakin bu o qədər də uzun çəkmir. İkicə ildən sonra Əmir Teymur onu yenə ölüm cəzasına məhkum edir. Bu dəfə də səriştəsiz idarəçilikdə və xəyanətdə təqsirləndirdiyi oğlu Miranşahın yaxın adamı kimi. Marağayi yenə də ağlı, fərasəti və istedadı sayəsində cəzadan canını qurtara bilir.

Onun Qurandan avaxla oxuduğu bir surə Teymurun qəzəbini söndürür və Marağayini yenidən Səmərqəndə göndərir.

Marağayi Səmərqənddə Əmir Temurun sarayında "Kənz əl-əlhan" ("Melodiyalar xəzinəsi"), "Came əl-əlhan" ("Melodiyalar məcmusu"), "Məqasid əl-əlhan" ("Melodiyaların məqsədi"), "Lahiyyə" ("Musiqi"), "Şərh əl-ədvar" ("Dövrələrə şərhlər") və "Fəvaid-i əşərə" ("On fayda") kimi ölməz əsərlərini yaradır. Bir çox musiqi alәtindә məharətlə çalmağı bacaran və bəzi musiqi alәtlәrini tәkmillәşdirən Marağayi yaratdığı 20 yeni ritmdәn (iqa) 6-sı klassik ritmlәr silsilәsinә daxil edilir.

Onun elmi-nәzәri vә musiqi yaradıcılığı Yaxın vә Orta Şәrq musiqi mәdәniyyәtinin inkişafına böyük tәsir göstәrir

Marağayi musiqiyə dair yazdığı kitablarını farsca və Azərbaycan türkcəsində yazdığı şeirlərlə bəzəmişdi. Bir dəfə ağır xəstələnən sənətkarı həkimlər müalicə etməkdə aciz qalırlar. Marağayi xəstəliyinin ən şiddətli vaxtında belə udu alıb çalaraq onu sağaltmaq istəyən həkimlərə müraciətlə belə oxuyur: "Ey həkimlər, əgər Əbdülqədir çarəsini udda axtarırsa heyrətlənməyin. Çünki o, musiqini özü üçün ən yaxşı dərman bilir."

Marağayinin Azərbaycan türkcəsində yazdığı bu şeir və ona udda bəstələdiyi mahnı uzun illər sənətkarların dillər əzbəri olur.

Marağayi türk xalqlarının musiqisinə, xüsusilə aşıq musiqisinə böyük diqqət yetirmişdi. O, bütün şərq xalqları üçün ümumi olan, lakin türk musiqisində daha çox işlənən doqquz əsas ladı müəyyənləşdirir. (Üşşaq, Nəva, Busalik, Nehoft, Bayatı-Novruz). Marağayi yazır ki, həmin türk ladlarından monqol musiqiçiləri də istifadə edir.

Araşdırıcıların fikrincə Marağayinin yaratdığı bir çox melodiyalar XX yüzilliyədək türklər arasında "Giyar", yaxud da "Kiyar"adı ilə yaşamaqdadır.

Marağai muğam termini altında müxtəlif musiqi əsərlərinin əsasını təşkil edən başlıca ladlardan birini nəzərdə tutduğundan yazır ki, türklər Üşşaq, Nəva, Busalik muğamlarına üstünlük versələr də, başqa muğamlarda da gözəl əsərlər yaradır və şirin avazla oxuyurlar.

Azərbaycan türkcəsində Segah, Üşşaq və Nəva muğamlarına uyğun vəznlərdə qələmə aldığı şeirlərinin əksər qismini Azərbaycanda və İraq türkləri arasında geniş yayılmışdır.

Marağayi risalələrində simli və nəfəs alətləri haqqında da geniş məlumat vermişdir. Onun təsvir etdiyi alətlərdən biri Təbriz-Şirvan tənburu adlanır.

Marağayi ömrünün son illərində Heratda yaşamış və 1436-cı ildə orada vəfat etmişdir..

Onun oğlanları və nəvələri də tanınmış musiqiçilər olmuşdur. Kiçik oğlu Əbdüləzizin musiqi nəzəriyyəsinə dair yazdığı "Niqavət ül-ədvar" və nəvəsi Məhəmmədin yazdığı "Ma-qasid ül-ədvar" əsərləri hazırda Türkiyədəki "Nuri Osmaniyyə" kitabxanasında saxlanmaqdadır.


 

 
Sayğac
 
Flag Counter
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol