8. Lütpulla Mütəllip

Türk Dünyasının Məşhurları 9

 Lütpulla Mutellib (1922-1945) ( لوتپوللا موتللیب, rus. Лутфулла Муталлип) https://ali-shamil.tr.gg/8-.--L.ue.tpulla-M.ue.t%26%23601%3Bllip.htm

Uyğuristanın Aksu şəhərində Üzeyir Hacibəylinin “Arşın mal alan” operettasını ana dilinə uyğunlaşdıraraq səhnəyə qoyan, tamaşada aktyorluq edən, istedadlı uyğur şairi, dramaturq, coşğun vətənpərvər Lütpulla Mütəllip.../ Əli Şamil

 Göndərmə 3/25/2010 12:32:10 PM UTC

Güncəlləmə 3/25/2010 12:32:10 PM UTC

www.trtazerbaycan.com


http://www.trtazerbaycan.com/trtworld/az/newsdetail.aspx?haberkodu=f41510e6-d44c-4166-9e3d-aa0f3b8e4a77

 Lütpulla Mütəllip 1940-cı illərdə hazırladığı bu tamaşa nəinki uygurlar arasında, hətta bölgədəki tatarlar və qazaxlar arasından da məşhurlaşdı. Dəfələrlə müxtəlif şəhər və kəndlərdə göstərildi, dönə-dönə müxtəlif rejissorların tərtibatıyla səhnələşdirildi. Elə buna görədir ki, bu günün özündə belə Çin Xalq Respublikasının Sincan-Uyğur Muxtar Rayonunda, uyğurların, tatarların, qazaxların və başqalarının küçədə-bacada, bazarda-dükanda astadan “Aman, aman ey ! Halım yaman ey!” deyə zümzümə etdiklərini görmək olar.

Nə yazıq ki, Çin cəlladları belə bir fitri istedad sahibini 23 yaşında əqidə və məslək dostlarıyla birlikdə həbs edərək güllələmişlər. Lütpulla Mütəllipin adı çəkiləndə onun faciəli ölümünə üzülsək də, əqidəsindən dönməyən, vətəninin azadlığı uğrunda şəhid olan gənclə qürur duyuruq.

Lütpulla Mütəllip nə rüşvət almışdı, nə bank soymuşdu, nə də əlinə silah alıb, başına dəstə toplayıb quldurluq etmişdi, nə də adam öldürmüşdü. Onun düşmənini lərzəyə salan silahı ucuz və köhnə bir qələmi olmuşdu. O, şeirlər, məqalələr, dram əsərləri yazmışdı. Yazmışdı ki, xalqı maariflənsin, öz haqqı uğrunda, vətəninin azadlığı uğrunda mübarizəyə atılsın. Haqsızlığa, ədalətsizliyə dözməsin.

Bu günkü Çin Xalq Respublikasının Sincan-Uyğur Muxtar Rayonunu Azərbaycandan təxminən dörd min kilometrlik bir məsafə ayırır. Eyni soydan olduğumuza görəmi, yoxsa tarixin gedişindənmi oxşar taleyi yaşayırıq. Əlaqələrimiz zamanın sürətiylə ayaqlaşmasa da, qan yaddaşı sayəsində hələ də ədəbi əsərlərimizin adlarında, mövzularında bir oxşarlıq var. Toponim və şəxs adlarımızın da böyük bir hissəsi eynidir. Dünyada baş verən siyasi hadisələr, bizləri təsir altına alan dövlətlərin strategiyalarının hazırladığı çoxsaylı planlar isə bu fərqi artırmağa xidmət edir.

1922-ci ilin sentyabrın 18-də Kulca vilayətinin Nilki mahalında əkinçi ailəsində anadan olan Lütpulla kiçik yaşlarından fitri istedadıyla ətrafındakıların diqqətini cəlb etmişdi. Belə ki, özü sərbəst Rus dilini öyrənmiş, 1930-cu ildə Kulca şəhərindəki Rus gimnaziyasına daxil olmuşdu. Rus dilində təhsil almasına baxmayaraq 15 yaşında ikən “Mənim xalqım” adlı şeirini “Eli qəzeti”ndə çap etdirmişdi. Yeniyetmə yaşlarından üsyankar şeirləri ilə xalq arasında şöhrətlənmişdi Lütpullanı “bir od yürəkli şair” adlandırmışlar.

1939-cü ildə Urumçidəki müəllimlər seminariyasına daxil olan gənc şair təhsil illərində elm öyrənməklə yanaşı, yaradıcılıqla ardıcıl məşğul olmuş, içtimai-siyasi işlərdə fəal iştirak etmişdi. O, ənənəvi əruz və heca vəznində şeirlər yazmaqla yanaşı, Uyğur ədəbiyyatını yeniləşdirmək üçün sərbəst vəzndə də qələmini sınamış, bu janrın çılğın təbliğatçısına çevrilmişdi.

1941-ci ildə müəllimlər seminariyasını bitirən gənc şair millətinin cəhalətdən qurtarması, öz azadlığı uğrunda mübarizəyə atılması üçün ardıcıl jurnalistlik etmiş, içtimai-siyasi məzmunlu məqalələr, pamfletlər, şeirlər yazır. Onun “Həyatımızın diləkləri”, “İllərə cavab”, “Gəl bahar”, “Sazəndələr” şeirləri Aksudakı “Aksu” qəzetində nəşr edilmişdi. Şair həm də “Borandan sonrakı aydınlıq”, “Samsaq ağa hirsləndi” kimi səhnə əsərlərini yazmaqla xalqını cəhalətdən oyatmağa çalışmışdı.

Ümumiyyətlə 20-ci yüzillik uyğur ədəbiyyatının ən qarışıq və ən zəngin dövrü adlandırılır. Çünki bu dövrdə divan ədəbiyyatının nümayəndələri ilə heca vəznində, yəni xalq şeiri ruhunda yazanlar ənənəyə sədaqət nümayiş etdirirdilər. Avropa mədəniyyətinin təsiri altında ədəbiyyata gəlmiş bir qrup gənc isə nəsri, dramçılığı inkişaf etdirməyə çalışır, poeziyada da janr baxımından dəyişikliklər edir, sərbəst şeir yazırdılar. Onlar bir tərəfdən də klassik Çin, Yapon şeir qəliblərini uyğur şerinə tətbiq edirdilər.

Uyğur teatr sənətçiləri Avropa teatr məktəbi ilə Çinlilərin sintezlərini uyğunlaşdırmaq və sintezini yaratmaq üçün cəhd göstərirdilər. Çin aktyor sənətinin başlıca xüsusiyyəti sayılan təsəvvür olunan əşyalarla oynamaq, şərti ifadə vasitələri, üsulları, simvollaşdırılmış əl-qol hərəkətlərini uyğur teatrına gətirirdilər. Beləliklə uyğur ədəbiyyatı və mədəniyyəti bir axtarış dövrünü yaşayırdı. Lütpulla Mütəllip isə Sovet rejisor və aktyorlarının təsiri altında realizmə üstünlük verirdi.

1934-40-ci illərdə Uyğur teatrlarında yerli müəlliflərin əsərləri ilə yanaşı, Ü.Hacıbəylinin «Arşın mal alan» operettası və özbək şairi Həmzə Həkimzadə Niyazinin 1918-ci ildə yazmış olduğu «Bay və muzdur» pyesi tamaşaya qoyulur.Bu əsərlər səhnədə həmişə alqışlarla qarşılanır.

Tamaşalarda aktyorluq, rejissorluq, bəstəkarlıq da edən gənc Lütpulla Mütəllip “Arşın mal alan” operettasını səhnələşdirməklə kifayətlənmir xalq dastanları əsasında hazırladığı «Qərip-Sənəm», «Tahir-Zöhrə» operalarını da xalqının mühakiməsinə verir.

Ümumiyyətlə, Çin imperiyasının zəiflədiyi 20-ci yüzilliyin birinci yarısını uyğurlarda milli şüurun yüksəlişi, 30-40-cı illəri isə uyğur dramçılığının «altun dövrü» adlandırmaq olar. Çünki bu dövrdə Lütpulla Mütəlliplə yanaşı Zunun Kadıri, Hamit Hakim, Ziya Səmidi, Qasimcan Qəmbəri kimi sənətkarlar «Cəhələtin cəfası», «Künçəm», «Gülnisa», «Samsak ağa hirsləndi», «Kürəş qızı», «Gerçek Moden», “Borandan sonrakı aydınlıq”, «Qanlı dağ», «Zülümə Zaval», «Pirixun», «Əmət Sərrap» və s. dram əsərlərini yazmışlar.

İstedadlı şair, publisist və dramçı Lütpulla Mütəllip1942-ci ildə, yəni 20 yaşında yazdığı, elə həmin il də səhnələşdirilən « Gerçek Moden » pyesi Çin valisi Şeng -Şi-Şey tərəfindən yasaqlanmış və ona qarşı təqiblər başlanmışdır. Lütpulla Mütəllip təqib edilməsinə, həbsxanaya atılmasına baxmayaraq bədii yaradıcılığını və siyasi mübarizəsini dayandırmır. Rus dilində təhsil alması, bu dilin vastəsilə inqilabi ədəbiyatla tanışlığı, Marksın, Engelsin, Leninin, Stalinin əsərlərini oxuması, eləcə də dünyada kabus kimi dolaşan kommunizm ideologiyası Lütpullanı da yeniyetməlikdən öz təsiri altına alır. O, milli azadlq mübarizəsinə kommunuzm ideologiyası ilə nail olacaqlarına inanır.

1945-ci ilin yazında gizli fəaliyyət göstərən “Şərqi Türkistanın qığılcımı” adlı milli azadlıq təşkilatının üzvləri həbs edilir. Təşkilatın rəhbərlərindən Lütpulla Mütəllip, istedadlı və gənc şair Bilal Əzizi, Muniridin Xoja, Abla Mevlanjan, Rozi Turdiyof və 30-a yaxın məsləkdaşları həbs edilirlər. Həmin ilin sentyabrın 18-də, yəni Lütpulla Mütəllipin ad günü Çin cəlladları onları güllələyirlər.

Lütpulla Mütəllipin xanımı 18 yaşlı, Sopiyam Baiz qızı dul qalır. Çin cəlladları dul qadını təqib etməkdən əl götürmür. Nəticədə Lütpullanın yeganə övladı aclıqdan ölür. Lütpulla vətənin azadlığı uğrunda mübarizədə şəhid olsa da onun ideyaları reallaşır. Doğu Türkistan hökuməti qurulur. Nə yazıq ki, iki imperialist dövlət Çin və SSRİ gizli plan quraraq bu hökuməti 1947-ci ildə qan içində boğur.

Lakin onların ideyalarını boğmaq, məhv etmək mümkün olmur. Son illərdə Urumçidə başvənlər onu göstərir ki, Lütpulla Mütəllipin ideyaları yaşayır, bu ideya uğrunda ölümə gedən uyğur gəncliyi var.

 

 

 
Sayğac
 
Flag Counter
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol