Abdullo Raximboyev
Türk Dünyasının Məşhurları-
Özbək xalqının oğlu, ictimai-siyasi xadim, hökumət qurucularından Abdullo Raximboyevin ömür yolu...
Göndərmə 6/27/2013 7:46:52 AM UTC
Güncəlləmə 6/27/2013 7:46:52 AM UTC
www.trtazerbaycan.com
http://www.google.com.tr/url?sa=t&rct=j&q=&esrc=s&source=web&cd=1&ved=0CC4QFjAA&url=http%3A%2F%2Fwww.trtazb.com%2Ftrtworld%2Faz%2Fnewsdetail.aspx%3Fhaberkodu%3Db918fc17-49f8-4548-8401-873d32d8beeb&ei=vhVAUqfNFceFtAbquoCQAQ&usg=AFQjCNEBMjVvbVVlxpXUNTKqNWXhMUMc5Q
Abdullo Raximboy oğlu 1896-cı il iyunun 1-də keçmiş Türküstanın Xocənd şəhərində bir özbək taciri ailəsində anadan olub. Qədim mədəniyyət mərkəzi Xocənd 19-cu yüzildə əvvəlki şöhrətini itirərək bir qəsəbəyə çevrilməkdə idi. Abdullo ilk təhsilinə məhəllə məktəbində başlayır. Molla yanına gedərək “Qurani-Kərim”i qiraəti, fars dilində Sədi Şirazinin “Gülüstan” və “Büstan” kitablarını oxumağı öyrənir.
Məhəllə məktəbindən sonra mədrəsədə oxuyan Abdullo boş vaxtlarında atasına ticarət işlərində kömək etməklə həyat təcrübəsi qazanır, dünyagörüşünü genişləndirir. Rusiya əsarətinə düşmüş Xocənddə də rus dilinə tələbat günü-gündən artırırdı. Rusiyanın bölgədə təsirinin artdığını, Rusiya vasitəsilə Avropaya çıxan tacirlərin gəlirinin sürətlə çoxaldığını görən ata, oğlunu Rusiyanın Avropa hissəsində rus-tatar, Asiya hissəsində rus-tuzem məktəbi adlandırılan təhsil ocağına göndərir. Məktəbdə oxumağa qəbul olunanlara Rusiya qaydaları ilə soyadı tələb olunurdu. O zamanlar isə türklər arasında soyadından çox ata adı işlədilirdi. Məktəbin tələbinə görə Abdulloya soyadı gərək idi. Atasının adının sonuna “yev” artırmaqla Raximboyev soyadı yaradıldı. Beləcə o, Abdullo Raximboy oğlu Raximboyev kimi tanınmağa başladı.
Diribaşlığı və iti yaddaşı ilə seçilən Abdullo məktəbi uğurla başa vurub 1913-cü ilin oktyabrında Səmərqəndə gəlir. Burada ali məktəbə hazırlıq sinfində oxuyur. Oranı bitirdikdən sonra təhsilini Daşkənddəki müəllimlər seminariyasında davam etdirir.
Rus dilini dərindən bilən, bu dil vasitəsilə ölkədə baş verənləri diqqətlə izləyən və ictimai-siyasi təşkilatların fəaliyyətini öyrənən yeniyetmə Abdullo, inqilabçılara böyük maraq göstərir. Onların əqidələri yolunda dönməzlikləri, hər əzaba dözmələri onda dərin duyğuların baş qaldırmasına səbəb olur. Birinci Dünya müharibəsində uğursuzluğa doğru gedən Rusiya, Türküstanda gəncləri səfərbərliyə alaraq cəbhə bölgələrinə göndərmək istəyir. Bu da xalq üsyanı ilə nəticələnir. Üsyanın gedişi və üsyançılara tutulan divan onu bərk narahat edir. Bu narahatlıq, xalqına qarşı edilən zülmün aradan qaldırılması yollarının axtarışı, onu Rusiya Sosial Demokrat Fəhlə Partiyasının sıralarına gətirib çıxarır.
1917-ci ildə Daşkənd Müəllimlər Seminariyasını bitirən Abdullo Raximboyev Xocəndə dönərək 1918-ci ilin yanvarından dekabrına kimi müəllim işləyir. Bölgədəki qarışıqlıq gənc inqilabçını daha da fəallaşdırır. Milli hərəkatın güclənməsi, Mustafa Çokay və məsləkdaşlarının 1918-ci il noyabrın 27-də Kokandda Qazax və Qırğız Türklərinin ortaq dövlətləri olan Alaş-Orda Türküstan Hökumətinin dövlətini qurması, Ağ qvardiyaçıların təhdidləri, bolşeviklərin vədləri Abdullonun fikrində bir qarışıqlıq yaradır. Türküstanın mərkəzində, sahəsi 182 min kvadratkilometr, yəni indiki Azərbaycan, Gürcüstan və Ermənistanın ərazisi qədər, əhalisi 2 milyon 200 mini keçən Buxara Xalq Sovet Respublikası qurulur. Bolşeviklər Buxara Əmirinin qovularaq Xalq Sovet Respublikası yaradılmasına normal yanaşır, lakin milli düşüncəli insanların yaratdıqları Alaş-Orda Türküstan Hökumətinin varlığıyla barışa bilmirdilər. Ona görə də silah gücünə bu hökuməti devirdilər.
Bölgədə silah gücünə möhkəmlənən bölşeviklər çar hökumətinin 1867-ci ildə yaratdığı Türküstan qubernatorluğunun yerində Türküstan Sovet Sosialist Respublikası qurduqlarını elan etdilər.
Belə gərgin və qarışıq günlərdə Abdullo Raximboyev Rusiya Sosial Demokrat Fəhlə Partiyasının sıralarında olarsa, xalqına və vətəninə daha çox xeyir verəcəyini düşünür. Bu düşüncə ilə də Rusiya Kommunist (bolşeviklər) Partiyasına qəbul olunur.
1919-cu ilin yanvarında onu Ac Çöl Qəza İnqilab Komitəsinə katib seçirlər. Abdullo Raximboyev bu vəzifədə aprel ayınadək işləyə bilir. May ayında onun vəzifəsini böyüdərək doğulduğu bölgəyə göndərirlər. Xocənd Şəhər və Qəza İcraiyyə Komitəsinin sədri kimi işə başlayır. Basmaçıların silahlı dəstələrinin aparıcı gücə çevrildiyi, xalqın böyük bir qisminin bolşeviklərin fəaliyyətindən, onların qanunlarından xəbərsizliyi, Abdullo Raximboyevin işini xeyli çətinləşdirirdi. Mərkəzi hökumətin qəbul etdiyi bir sıra qərarlar ya vaxtında yerlərə çatdırılmır, ya da yerli şəraitə uyğun gəlmirdi. Belə çətin və ağır bir dövrdə 23 yaşlı Abdullo Raximboyev qəzanı, qanunlardan çox özünün bildiyi kimi idarə edirdi. O, basmaçılarla da danışıqlara gedir, din adamları ilə də xoş münasibət yaradır, bölgənin sayılan-seçilən adamlarına da sayqı ilə yanaşırdı. Beləcə qəzada dinclik yaratmağa çalışır, bütün gücünü ona yönəldirdi ki, əhali dağılan təsərrüfatı bərpa etsin.
Bolşeviklər isə bölgədə mövqelərini gündən-günə möhkəmləndirirdilər. Onlar sözdə çarizmin əleyhinə olsalar da, dövləti xalqlar həbsxanası adlandırsalar da, var gücləri ilə imperiyanın sərhədlərini bərpa etməyə, ərzağı bol olan Türküstanı əldən buraxmamağa çalışırdılar. Bu işdə də Abdullo Raximboyev kimi aldadılmışlar ruslara yaxından, özü də səmimiyyətləri və var gücləri ilə kömək edirdilər.
1919-cu ilin dekabrında Abdullo Raximboyevi Türküstan Kommunist Partiyası Səmərqənd Vilayət Komitəsinə birinci katib vəzifəsinə göndərirlər. Təhsil almağa, elmi biliklərini artırmağa imkan tapmayan gənc Abdullonun vəzifəsini daha da böyüdürlər. 1920-ci ilin iyununda onu Türküstan Muxtar Sovet Sosialist Respublikasının Mərkəzi İcraiyyə Komitəsinə sədr seçirlər. Bolşeviklərin 23 yaşlı bir gənci belə vəzifəyə qoyması heç də təsadüf deyildi. O yaşda insanlar daha iddialı, çılğın, dünyanı dəyişə biləcəklərinə inanan olur. Bu vəzifədə 5 ay işlədikdən sonra Abdullo Raximboyevə daha məsul və böyük vəzifə həvalə edilir.
O, 1920-ci ilin oktyabrından 1923-cü ilin iyununa kimi Türküstan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi işləyir, həm də 1922-ci ilin may ayından 1926-cı ilin sentyabrına kimi Qızıl Ordunun Türküstan cəbhəsinin komanda heyyətinin və Rusiya Millətlərlə İş Komissarlığının Kollegiyasının üzvü olur.
Buxara Xalq Sovet Respublikası tamamilə dağıdıldıqdan sonra Abdullonu 1923-cü ilin iyulunda Buxara Mərkəzi Komitəsinə birinci katib işləməyə göndərirlər. Beş ay sonra isə onun vəzifəsi daha da böyüdülür və Özbəkistan Kommunist Partiyası Mərkəzi Komitəsinə birinci katib vəzifəsinə göndərilir.
Sovetlər bölgələrdə müvqelərini möhkəmlətdikcə milli kadrları ruslarla əvəzləməyə başlayır. İdarə və müəssisələrdə sənədləşmə işləri milli dillərdə deyil, rusca aparılmağa başlanır. Abdullo Raximboyev mərkəzdən gələn göstərişlərə sərt müqavimət göstərməsə də, aldandıqlarını başa düşür və çıxış yolları arayır. Özü kimi aldadılmışlar arasında həmfikirlər axtarır. Beləcə gizli təşkilatın əsası qoyulur. Bu təşkilatın əlaqələndiricisi rolunu da milliyətcə Krım tatarı olan, Bakıda yaşayan və universitetdə professor olan Bəkir Çobanzadə öz üzərinə götürür.
Moskvada, Abdullo Raximboyevin, tapşırıqları əvvəlki kimi can-başla yerinə yetirmədiyini, milli kadrları müdafiə etdiyini görüb 1925-ci ilin dekabrında onu vəzifədən uzaqlaşdırırlar. Yerinə isə milliyətcə rus olan İvanovu təyin edirlər. Bir ilə qədər işsiz qaldıqdan sonra onu Moskvadakı marksizm-leninizm kurslarına oxumağa göndərirlər. Elə düşünürlər ki, təhsil Abdullo Raximboyevə təsir göstərər, onu milli düşüncədən uzaqlaşdırar.
Vətəndən və dostlarından 1 il 8 ay ayrı qalmaq onu, milli düşüncədən uzaqlaşdırmır. Əksinə Moskvada olduğu müddətdə Türküstandan, Qafqazdan, Kırımdan olan, rusların rəhbər vəzifələrdə işlətdikləri insanlarla görüşür, fikir mübadiləsi edir. Necə deyərlər, qurduqları gizli təşkilatın dairəsini genişləndirir.
Marksizm-leninizm məktəbini bitirdikdən sonra Abdullo Raximboyevi, Moskvadakı SSRİ Xalqlarının Mərkəzi Nəşriyyatına işə göndərirlər. O, burada milli kadrlarla daha sıx ünsiyyətdə ola bilir.
1929-cu ilin iyununda Abdullo Raximboyevi RSFSR Təhsil Nazirliyinin Azsaylı Xalqlar Komitəsinə sədr təyin edirlər. O, burada 1933-cü ilin dekabrınadək işləyir. Rəhbər vəzifələrdə işləyən Sanjar İsgəndərovla, Turar Rıskulovla, Toxo Qodi ilə sıx əlaqədə olur, birlikdə SSRİ-də yaşayan türk, müsəlman xalqlarının bir dövlət halında birləşməsi planını hazırlayırlar.
SSRİ-də partiya daxili çəkişmələr, inqilabçıların bir çoxunun həbs edilməsi, sürgünə göndərilməsi və işdən azad edilməsi ölkədə kadr çatışmazlığı yaradır. Abdullo Raximboyevin milli düşüncəli biri olduğunu bilsələr də, 1933-cü ilin dekabrında onu Tacikistan SSR Xalq Komissarlar Sovetinə sədr göndərirlər. Az sonra isə respublikanın qanunverici orqanına rəhbərlik etməli olur.
1934-cü il yanvarın 4-də SSRİ Mərkəzi İcraiyyə Komitəsinə sədr seçilən Abdullo Raximboyev həbs edilən günədək, yəni 1937-ci ilin sentyabrınadək bu vəzifədə işləyir. Vahid Türk-Tatar Turan dövləti qurmaq istəyənlərin istintaqı başlayanda Abdullo Raximboyevi Tacikistanda həbs edərək Moskvaya Lefertova həbsxanasına aparırlar. Uzun sürən işgəncəli istintaqdan sonra hərbi tribunalın hökmü ilə 1938-ci ilin mayın 7-də güllələyirlər.
Abdullo Raximboyevin apardığı mübarizə 50 ildən sonra qismən də olsa öz bəhrəsini verdi. Sovetlər Birliyi dağıldı və respublikalar müstəqilliklərini elan etdilər. Amma hələ də onun arzuları tam həyata keçməyib. Türk-müsəlman xalqlarının yaxınlaşması, dövlətlərinin sıx əməkdaşlıq etməsi hələ də mümkün olmur. Güclü xarici qüvvələr buna hər vasitə ilə əngəl olur.
Mətni yazdı Əli Şamil (Şamilov Əli Hüseyn oğlu)
|