Alimcan İbrahimov
Türk Dünyasının Məşhurları-
Tatar xalqının oğlu, keşməkeşli bir ömür sürmüş, yazıçı, pedaqoq, alim və gizli təşkilat qurucularından Alimcan İbrahimovun ömür yolu və yaradıcılığı...
Göndərmə 28.05.2013 12:17:36 UTC
Güncəlləmə 28.05.2013 12:17:36 UTC
www.trtazerbaycan.com
http://www.trtazerbaycan.com/trtworld/az/newsDetail.aspx?HaberKodu=c108059c-ac39-49fa-aad3-6e16a3455eb1
Azərbaycanla sıx bağlı olan Alimcan İbrahimovun adı və atasının adı tatar, başqırd, noqay, qazax və b. qıbçaq qrupu dillərin qaynaqlarında orfoepiyalarına uyğun şəkildə, yəni bəzi səslilərin önünə [q] səsi artırmaqla yazılır. Ona görə də istər qıbçaq qrupu dillərdə, istərsə rus və bəzi Avropa dillərində adı Qalimcan, atasının adı Qirfan kimi yazılır.
Qalimcan 1887-ci il martın 12-də keçmiş Kazan quberniyası Sterlitamak qəzasının Sultanmurat kəndində tatar ailəsində doğulub. İndi həmin kənd Başqırdıstan Respublikasnın Aurqazi rayonuna daxildir. Atası İrfan-Qirfan kənd məscidinin imamı olduğundan məscid nəzdində kurs açaraq soydaşlarının uşaqlarına ibtidai təhsil verirmiş. Atası oğlunu gələcəyin din alimi görmək istədiyi üçün ona Alimcan adı vermiş və ilk təhsili ilə də özü məşğul olmuşdur.
Sonra isə oğlunu rus dilini öyrənməsi, rus mədəniyyəti, rus dövlətinin qanunları ilə tanış olması üçün kənddəki rus-tatar məktəbinə qoymuşdur. Qalimcan rus-tatar məktəbini də uğurla başa vurub. Atası İrfan hər iki oğlunu Qalimcanı və Şakirziyayı 1899-cu ildə Ufadakı o dövrdə üsuli-cədid, yəni yeni üsul adı ilə məşhur olan məktəblərdən Hüseyniyə mədrəsəsinə göndərir. Lakin Qalimcan arıq və xəstəhal olduğuna görə onu Hüseyniyə mədrəsəsinə qəbul etmirlər. O, məcbur qalıb Vəli Molla mədrəsəsində oxumalı olur.
Bədəncə arıq və xəstəhal görünməsinə baxmayaraq, daxilən üsyankar bir ruha sahib olduğundan Qalimcan Vəli Molla mədrəsəsini başa vura bilmir. 1905-ci ildə Rusiyanı bürüyən qarışıqlıq, hakimiyyətə qarşı etirazlar, mitinq və toplantılar Ufadan da yan keçmir. Üsyankar təbiətli Qalimcan Ufada fəaliyyət göstərən “Əl islah” adlı hərəkata qoşulur. Oxuduğu təhsil ocağında gəncləri mitinqlərə, hakimiyyətə qarşı mübarizəyə səsələyir. Onun belə açıq çağrışları müəllimlərinin etirazına səbəb olur. Fikir ayrılığı və təzyiqlər onun mədrəsədən uzaqlaşmasına səbəb olur.
Qalimcan mədrəsədən çıxsa da, oxumaqdan, biliyini artırmaqdan əl götürmək fikrində olmur. 1906-cı ildə Qaliyə mədrəsəsinə daxil olur. Şeirlər yazan, dünya düzənini dəyişəcəyinə içində bir güclü inamı olan Qalimcan orada bir il oxuduqdan sonra Quzey Qafqaza gələrək noqay uşaqlarına dərs deməyə, onlara elm öyrətməyə çalışır. Burada yeni kitablar, qəzet-jurnallar tapıb oxuya bilmədiyindən boş vaxtlarını bədii yaradıcılığa həsr edir. İlk hekayəsi olan avtobioqrafik “Şagird Zəkinin mədrəsədən qovulması” hekayəsini də yazır və onu 1907-ci ildə Fatih Əmirxanla Abdulla Tukayın rəhbərlik etdiyi “Əl-İslah” qəzetində çap etdirir.
O, yaradıcılıqla məşğul olduqda açıq-aşkar həyat təcrübəsinin, müşahidəsinin yetərsizliyini hiss edir. Ona görə də gəzib-dolanmağa, həyatın bərkini-boşunu görməyə çalışır. Qazaxların, başqırdların, noqayların yaşadıqları aulları, qışlaqları gəzir, soydaşlarının çətin yaşayışı ilə yaxından tanış olur. Bu bilik və bacarıqla xalqına ciddi bir köməyi dəyməyəcəyini başa düşüb 1909-cu ilin sonlarında ali təhsil almağa yollanır. O dövrün mədəni mərkəzlərindən olan Kazan şəhərinə gəlir. Lakin universitetə daxi ola bilmir.
1910-12-ci illərdə Kazanda yaşayan Qalimcan müəllimlik etməklə bərabər “Yaz başı”, “Dənizdə”, “Sevmə səadəti”, “Yüz il əvvəl”, “Odu sönən cəhənnəm”, “Oğru molla”, “Gənc ürəklər” və b. hekayələrini yazmaqla tatar nəsrinin inkişafına təkan vermiş olur. 1912-ci ildə Kiyevə gələrək universitetin azad dinləyicisi olur. Bir ilə yaxın unversitetdə oxumaqla yanaşı, müsəlman tələbələrin gizli təşkilatının qurucularından birinə çevrilir. 1913-cü il aprelin 16-da onunla birlikdə 16 tələbəni jandarm həbs edir.
İstintaq və cəzadan sonra 1914-cü ildə yenidən Kazana dönərək Qaliya mədrəsəsində dərs deyən Qalimcan elmi axtarışlara maraq göstərir. “Anq” jurnalına məsul katiblik edir, 1911-ci ildə Kazanda “Tatarcanın sintaksisi”, “Tatarcannın morfologiyası”, 1913-cü ildə Orenburqda “Tatar şairləri” kitabının birinci cildini çap etdirir. “Tatar ədəbiyyatı və halkiyatı”, yəni tatar ədəbiyyatı və folkloru və b. əsərləri müəllifinin sosial ədəalətin çılğın tərəfdarı olduğunu görən sosialistlər onu öz tərəflərinə çəkirlər. O, eserlərin ən fəal təbliğatçısına çevrilir.
Bədii yaradıcılıqda isə romantizmə meyillənən Qalimcan İbrahimov 1913-cü ildə “Çobanlar”, 1914-cü ildə “Təbiət balaları”, “Mərhumun dəftərindən” və “Bizim günlər” əsərlərini tamamlayır.
Çar II Nikolayın hakimiyyətdən uzaqlaşdırılması Qalimcan İbrahimovda böyük ruh yüksəkliyi doğurur. O, var gücünü siyasi fəaliyyətə həsr etdiyindən elmi və bədii yaradıcılığa daha vaxtı qalmır. Hətta mədrəsədəki işini də buraxıb Ufa müsəlmanları arasında xalqçılığı yayan komitənin işlərilə məşğul olmaqla yanaşı, Fatih Seyfi ilə birlikdə Kazanda “İrek” qəzetini də nəşr etməyə başlayır. Sonra bu qəzetin adını dəyişərək “Beznen yol” qoyurlar.
1917-ci ilin oktyabrında bolşeviklərin silah gücünə hakimiyyəti ələ alması Qalimcan İbrahimovun vəziyyətini xeyli ağırlaşdırır. Bolşeviklərin milli kadrlara böyük ehtiyacı olduğundan Qalimcanın eser partiyasının üzvü olmasına baxmayaraq Stalin onu Moskvaya çağırtdıraraq rəhbərlik etdiyi nazirlikdə, Xalq Millətlər Komissarlığında idarə rəisi Mollanur Vahabovun müavini təyin edir.
Qalimcan İbrahimov hökumət işində çalışmaqla yanaşı, “Çolpan” qəzetinə də redaktorluq edir. 1918-ci ilin fevralında bolşeviklər silahdaşları olan eserləri fikir ayrılığına görə çevrilişə cəhddə suçlayıb cəzalandırırlar. Qalimcan bu həbslərdən və cəzalandırmadan qurtarsa da, daim üzərində bir nəzarət olduğunu hiss edir. 1920-24-cü illərdə Moskvada Rusiya Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi nəzdindəki Şərq xalqlarının mərkəzi bürosunun nəşriyyatında çalışır. Vəzifəsi yüksək olsa da, aldığı maaş onun normal qidalanmasını, lazımi şəraiti olan mənzildə yaşamasını təmin etmir. Bu də gənc ədibin və siyasi xadimin səhhətinə pis təsir edir.
Yenidən Kazana dönən Qalimcan İbrahimov burada Kommunist Universitetində dərs deyir, Təhsil Nazirliyinin nəzdindəki elmi mərkəzdə işləyir. Keçmiş inqilabçı yoldaşları da ona daha əvvəlki münasibəti bəsləmirlər. Qalimcan da böyük ümidlər bəslədiyi inqilabın istədiyi yolla getmədiyini görür. Ona elə gəlir ki, cəmiyyətdəki nöqsanlar sosialist ideyasında deyil, bu ideyanı həyata keçirməyə rəhbərlik edənlərin fəaliyyətindən doğur. Kazanda yaşadığı illərdə V.İ.Leninin əsərlərini ana dilinə tərcüməsilə məşğul olur, eləcə də “Beznen yol”, “Meqarif” jurnallarına redaktorluq edir.
İdarəetmədən uzaqlaşdırılmış Qalimcan İbrahimov yenidən elmi, pedaqoji və bədii yaradıcılığa vaxt ayıra bilir. 1924-cü ilin fevralında Moskvada çağırılan Tatar-Başqırd Müəllimlərinin Qurultayında iştirak edir. 1918-ci ildə çap etdirdiyi “Ana dilinin tədris metodikası” əsərlərinin təkmilləşdirilmiş variantının tezisləri qurultay iştirakçıları arasında böyük müzakirəyə səbəb olur.
Qalimcan İbrahimov 1922-27-ci illərdə rus dilində “Tatar tələbə hərəkatının tarıxı”, “Tatarca yeni yazı dilinin ilk addımları”, “Proletar diktaturasında milli mədəniyyətin aqibəti haqqında” əsərlərini yazır.
Ümumiyyətlə, Qalimcan İbrahimovun toplantılardakı çıxışları az-az hallarda mübahisə və müzakirəsiz keçirdi. 1926-cı ilin fevral-martında Bakıda keçirilən I Türkoloji Qurultaydakı çıxışı da belə olmuşdur. Hökumət Sovetlərin əsarətində olan türk xalqlarının əlifbasını dəyişərək latına keçməyə, bununla da onları keçmişlərindən uzaqlaşdırmağa və Doğudakı din və dil qardaşlarından ayırmağa ciddi hazırlıq apardığı bir zamanda Qalimcan İbrahimov və onunla Tatarıstandan gələnlərin latın əlifbasına keçməsinin əleyhinə çıxdılar. Onlar keçmişdən, tarixi qaynaqlardan tam qopmamaq üçün ərəb qrafikalı əlifbada islahatlar aparmağı təkilf edirdilər.
1925-27-ci illərdə Tatarıstan MSSR Təhsil Nazirliyində işləyən Qalimcan İbrahimov uğrunda canından keçməyə hazır olduğu sosialist inqilabının hakimiyyətə gətirdiyi insanların xalqını hansı fəlakətə sürüklədiyini görür. 1927-ci ildə mərkəz hakimiyyətin ruslaşdırma siyasətini tənqid edən “Tatar mədəniyyəti hansı yolla gedəcək?” məqaləsini çap etdirir. Tatarıstan Kommunist (bolşeviklər) Partiyasının həmin il iyunun 14-də keçirilən toplantısını kəskin tənqid edir. Beləcə keçmiş silahdaşları ilə yollarının ayrıldığını ortaya qoymuş olur. Keçmiş silahdaşları da onu durdura bilmədiklərini görüb müxtəlif cəza tədbirlərinə əl atırlar.
Sovetlərin işinə yaradığına görə “Tatar qadınının taleyi” əsəri təbliğ olunsa da, dövrü mətbuatda Qalimcan İbrahimov pantürkistlikdə, panislamizmdə, əksinqilabçılqda təqsirləndirilir. Maddi vəziyyəti pisləşsə də, xəstəliyi şiddətləndiyinə görə tez-tez Kırıma müalicəyə getməli olur. 1937-ci ildə onu Yaltada həbs edərək Kazana gətirirlər. Uzun və işgəncəli istintaqa dözə bilməyən, ictimai-siyasi xadim, pedaqoq, yazıçı-jurnalist 1938-ci il yanvarın 21-də həbsxana kamerasında keçinir.
Azərbaycanla sıx bağlı olan, sağlığında əsərləri Azərbaycan mətbuatında tez-tez çap olunan Qalimcan İbrahimov sonradan unutdurulmağa çalışılır. 1956-cı ildə şəxsiyyətəpərəstliyin tənqidindən sonra Tatarıstanda Qalimcan İbrahimov adının əbədiləşdirilməsi, bəzi əsərlərinin çapı üçün bir sıra işlər görülür. SSRİ EA Kazan şöbəsinin Dil, Ədəbiyyat və Tarix İnstitutuna onun adı verilir, heykəl və büstləri qoyulur. Təəssüf ki, türk respublikaları Qalimcan İbrahimovu tamamilə unudur.
Mətni yazdı Əli Şamil (Şamilov Əli Hüseyn oğlu)
|