Məhəmmədəmin Rəsulzadə

MƏHƏMMƏDƏMİN RƏSULZADƏ

 

Türk Dünyasının Məşhurları-04

Azərbaycan milli istiqlal hərəkatının öndəri, ictimai-siyasi xadim Məhəmmədəmin Rəsulzadənin həyatı və yaradıcılığı...Әli Şamil

 

Göndərmə 03.02.2011 12:12:06 UTC

Güncəlləmə 03.02.2011 12:12:06 UTC

www.trtazerbaycan.com


http://www.trt.net.tr/trtworld/az/newsDetail.aspx?HaberKodu=75c18060-2f36-4aa7-8f08-227d85b7d155

 

Azərbaycan milli istiqlal hərəkatının öndəri, ictimai-siyasi xadim Məhəmmədəmin Rəsulzadənin həyatı və yaradıcılığı...\Әli Şamil

Məhəmmədəmin Rəsulzadə 1884-cü il yanvarın 31-də Novxanı kəndində anadan olub. İlk təhsilini atasının açdığı ibtidai məktəbdə alan Məhəmmədəmin sonralar Sultanməcid Qənizadənin müdir olduğu ikinci "Rus-müsəlman" məktəbində və Bakı Texniki Məktəbində oxuyub.

Yeniyetməlik çağlarında ictimai-siyasi fəaliyyətə başlayan Məhəmmədəmin 18 yaşında, yəni 1902-ci ildə "Müsəlman gənclik təşkilatı"nı yaradıb. Az sonra bu təşkilat "Müsəlman Demokratik Müsavat Cəmiyyəti" adlandırılıb. Cəmiyyət Qafqaz müsəlmanları arasında iş aparmaqla kifayətlənməyib, hətta İranda da şöbələrini yaradıb. 1904-cü ilin axırlarında "Müsəlman Demokratik Müsavat Cəmiyyəti"nin əsasında Rusiya Sosial Demokrat Fəhlə Partiyası-nin (Rusya Sosial Demokrat Fəhlə Partiyası) Bakı Komitəsinin nəzdində "Müsəlman Sosial Demokrat Hümmət Təşkilatı" yaradılıb. Təşkilatın 1904-1905-ci illər hektoqraf üsuluyla cəmi 6 nömrəsi işıq üzü görmüş "Hümmət" adlı qəzeti də nəşr edilib.

İctimai-siyasi işlərdə fəallıq göstərən, qəzet və jurnallarda xalqı mübarizəyə səsləyən məqalələr yazan, bədii yaradıcılıqla məşğul olan Məhəmmədəmin milliyətcə gürcü olan, Rusiyanın müstəmləkəçilik siyasətinə qarşı duran, Koba ləqəbli inqilabçı ilə də burada tanış olub. Koba sonralar Stalin kimi tanınan Cuğaşvilinin inqilabi ləqəblərindən biri idi. 1905-07-ci illərdə Bakıda yaşayan və fəal inqilabi iş aparan Stalin bir-neçə dəfə ölüm təhlükəsilə üzləşəndə onu xilas edən gənc Məhəmmədəmin olub. Gənclik illərində Rusiya Sosial Demokrat Fəhlə Partiyası Bakı Komitəsinin öncülləriylə sıx işbirliyində olan Məhəmmmədəmin Bakı neft mədənlərinə, Azərbaycanın bölgələrinə ana dilində qəzet, jurnal və inqilaba çağrış vərəqələri göndərilməsini təşkil edib. Onun hökumət əleyhinə ardıcıl iş aparması xüsusi xidmət orqanlarını rahatsız etdiyindən Rəsulzadənin həbs edilməsini planlayıblar.

Məhəmmədəmin həbsdən yaxa qurtarmaq üçün 1908-ci ilin sonlarında İrana gedib. Orada məşrutə hərəkatının fəallarından birinə çevrilib və Təbrizdə xalqımızın milli qəhrəmanı Səttarxanla görüşüb. Səttərxandan aldığı müsahibəni redaktoru olduğu qəzetdə nəşr etməklə tariximizin mübarizələrlə dolu bir dövrünə işıq salıb.

Məhəmmədəmin Rəsulzadə Avropa təhsili görmüş Seyid Həsən Tağızadə, Hüseynqulu xan Nəvvab, Süleyman Mirzə, Seyid Məhəmməd Rza və b. ilə birlikdə 1910-cu ilin sentyabr ayında İran Demokrat Partiyasının əsasını qoyur və bu partiyanın qəzetləri "İrane Nou" və "İrane Ahat"nin baş redaktoru olur. Bu qəzetlər İranda Avropa tipli ilk qəzetlər sayılır. Məhəmmədəmin Rəsulzadə İranda yaşadığı illərdə fars dilində "Tənqidi-firqeyi-etidaliyyun" və "Səadəti-bəşər" adlı kitabını çap etdirir.

İranda Səttərxanın rəhbərlik etdiyi Təbriz mücahidləri Atabəy bağında gülləborana tutulduqdan, Səttərxan ağır yaralandıqdan, məşrutə hərakatı uğursuzluğa düçar olduqdan sonra Məhəmmədəmin təqiblərdən yaxa qurtarmaq üçün İstanbula gedir. İstanbulda Əlibəy Hüseyinzadə, Əhmədbəy Ağayev, bəy Akçuralı və b. görüşür, "Türk ocağı" Cəmiyyətində çalışır və "Türk yurdu" jurnalına məqalələr yazır. "İran türkləri" məqaləsini də bu jurnalda çap etdirir. 1913-cü ildə Romanovlar sülaləsinin 300 illiyi ilə əlaqədar verilən əfv-ümumidən – aminisiyadan sonra Məhəmmədəmin Rəsulzadə vətənə qayıdır.

Bakıya döndükdən sonra yenidən usanmadan vətəninin azadlığı, millətinin maariflənməsi üçün əlindən gələni əsirgəmir. Məsləkdaşlarının qurduğu “Müsavat” partiyasının təşkilatlanması üçün var gücüylə çalışır. “Şəlalə”, "Dirilik" jurnallarında, "Açıq söz" qəzetində məqalələrini çap etdirir, "Açıq söz" qəzetini Müsavat partiyasının tribunasına çevirir.

1917-ci ilin fevralında Rus çarı İkinci Nikolay ölkədəki qarışıqlığa son qoymaq üçün hakimiyyətdən əl çəkir. Yaranmış vəziyyətdən istifadə edən müstəmləkə altında olan xalqların öncülləri xilas yolları axtarırlar. Onların arasında iki fikir hakim idi: Birinci fikir Rusiya tərkibində mədəni muxtariyyat əldə etmək, ikinci fikir Rusiyadan xilas olaraq müstəqil dövlətlər qurmaq!

1917-ci ilin aprelində Bakıda keçirilən Qafqaz müsəlmanlarBirinci Qurultayında Məhəmmədəmin Rəsulzadənin təklifi ilə Rusiyanı federativ şəkildə təşkil etmək haqqında qərar qəbul edilir. Rusiya müsəlmanlarının may ayında keçirilən qurultayında da Məhəmmədəmin Rəsulzadə Rusiyanı federativ şəkildə qurmaq haqqında məruzə edir. Qurultay səs çoxluğu ilə onun "Türk-tatarlığı, Türküstan, Qazaxıstan, Başqırdıstan və Azərbaycan-Dağıstan kimi bir neçə muxtariyyətlərdən ibarət olaraq gələcək Rusiyanı federativ şəkildə qurmaq" barəsində təklifini qəbul edir.

1917-ci ilin payızında Məhəmmədəmin Rəsulzadə Rusiya parlamentinə Azərbaycan və Türküstandan millət vəkili seçilir. Hadisələrin gedişi Məhəmmədəmini fikirlərini dəyişməyə vadar edir. Rəsulzadə də Federasiyanın yaşamasının mümkünsüzlüyünü görüb əsarətdə olan xalqların öz müstəqil respublikalarını yaratması fikrinə tərəfdar çıxır. 1918-ci il mayın 27-də Zaqafqaziya seyminin müsəlman fraksiyasına daxil olan müxtəlif partiyaların üzvlərindən ibarət olan Azərbaycan milli şurası yarandıqda Məhəmmədəmin Rəsulzadə milli şuranın sədri seçilir. Bir gün sonra isə bütün ölkələrin radio stansiyaları və qəzetləri Azərbaycan istiqlaliyyətinin elan olunduğu xəbərini dünyaya yayır. 23 ay ömrü olan Azərbaycan  Cümhuriyyətinin zamanında idarəetmə təşkilatları yaradılır, milli ordu qurulur, sənaye inkişaf etdirilir, ana dilində məktəblərin sayı artırılır, Azərbaycan türkcəsi dövlət dili elan edilir, xarici ölkələrlə diplomatik əlaqələr qurulur, Azərbaycanın müstəqil dövlət kimi tanıdılması üçün beynəlxalq təşkilatlarla danışıqlar aparılır. Bir sözlə, Məhəmmədəmin Rəsulzadə və məsləkdaşları xalqımız üçün əvəzsiz gözəl töhfə hazırlamış olurlar. Onlar elə bir dövlət qururlar ki, hətta 1920-ci ilin aprelində bolşeviklər Azərbaycanı yenidən işğal etdikdə belə onların yaratdıqlarını tamamilə ləğv edə bilmirlər. Azərbaycan Xalq Cühuriyyətinin ərazisində, idarə olunmasında elə bir ciddi dəyişiklik etmədən Aəzrbaycan Sovet Sosialist Respublikası olduğunu elan edirlər.

Xalqın hafizəsindən milli kimliyini silib manqurtlaşdırmaq siyasəti yeridən kommunistlər milli dövlətimizi quranları güllələyir, həbs edir, onları xalqına qatil, riyakar qaniçən kimi tanıdırlar. Məhəmmədəmin Rəsulzadə də mübarizəni davam etdirmək üçün gizli fəaliyyətə keçir. O, bir müddət Lahıc kəndinə gedərək orada yaşayır, “Əsrimizin Səyyavuşu” və başqa əsərlərini yazır. Qaldığı evin sakinlərinin təhlükə ilə üzləşməməsi üçün Lahıcı tərk edir. Yolda, Qaraməryəm stansiyasında  Məhəmmədəmin Rəsulzadəni bolşeviklər həbs edərək Bakıya gətirirlər.

Məhəmmədəmin Rəsulzadənin Bakıda həbsdə olduğundan xəbər tutan həmin günlərdə Quzey Qafqazda olan Rusiya Millətlər Komissarı İosif Stalin Məhəmmədəmin Rəsulzadəyə vəfa borcunu ödəmək məqsədilə 1920-ci ilin noyabrında Vladiqafqaz şəhərindən Bakıya gəlir. O, Məhəmmədəmin Rəsulzadəni azad etdirir və özüylə Moskvaya aparır. Rusiya Sovet Fedarativ Respublikasıı Millətlər Komissarlığında mətbuat müvəkkili vəzifəsinə təyin edir. Məhəmmədəmin Rəsulzadə Rusiya Sovet Fedarativ Respublikasıı Millətlər Komissarlığına tabe olan Moskva Şərqşünaslıq İnstitutunda da Fars dilindən dərs deyir.

Məhəmmədəmin Rəsulzadə ölümdən xilas olub bolşeviklərdən vəzifə alsa da, onlar üçün işləmək istəmir. Bolşeviklərin ikiüzlü siyasətilə barışa bilmir. 1922-ci il avqustun 11-də Finlandiyaya qaçır. Onun Fillandiyaya qaçmasını təşkil edənlər Müsavat partiyasının gizli fəaliyyət göstərən üzvləri Dadaş Həsənov, Rəhim bəy Vəkilov və  Leninqraddakı məscidin imamı, tanınmış tatar maarifçisi Musa Carullah olmuşdur.

Finlandiyadakı Kellomyaki düşərgəzində avqustun 24-ə kimi karantində qalan Məhəmmədəmin Rəsulzaədə çətinliklə də olsa Avropa ölkələrinə, oradan da istanbula getməyə viza alır. 1923-cü ildə İstanbulda Müsavat Partiyasının Xarici Ölkələr Büeosunu yaradır və  mühacirətdə olan məsləkdaşlarını bir araya gətirərək "Yeni Kafkasiya" jurnalını nəşr edir. (Görünür ya Məhəmmədəmin Rəsulzadəyə icazə verməriklərinə, yaxud Sovet basqısından qorunmaq üçün jurnalın 1923-25-cı illərdə nəşr edilən saylarında “sahibi-imtiyaz və müdiri-məsul”u dağıstanlı Səid Tahir Əfəndi yazılıb. Sonrakı saylar Məhəmmədəmin Rəsulzadənin imzası ilə çap olunmuşdur.) Rusiyanın təzyiqiylə jurnal qapadıldıqda Məhəmmədəmin Rəsulzadə “Azəri türkü" (1928-1931), sonra isə "Odlu yurd" (1929-1930) jurnalları və həftəlik "Bildiriş" (1929-1931) qəzetini nəşr etdirir. Həmin illərdə "İnqilabçı Sosializmin iflası və demokratiyanın gələcəyi", "Millət və Bolşevizm" və "Qafqasya türkləri", fıransızca "Azərbaycan və istiqlaliyyəti" və rus dilində "Qafqaz problemi ilə əlaqədar olaraq panturanizm" kimi əsərlərini çap etdirir.

1930-cu ildən Məhəmmədəmin Rəsulzadənin mühacirət dövrü Avropa ölkələrində davam edir. Onun redaktorluğu ilə Berlində ayda üç dəfə nəşr edilən "İstiqlal" (1932-1934) qəzeti və "Qurtuluş" (1934-1938) jurnalı nəşr edilir.

1933-cü ildə Məhəmmədəmin Rəsulzadənin Berlində nəşr olunan "Azərbaycan respublikası haqqında bəzi qeydlər" adlı kitabı da böyük maraq doğurur. Almaniyada, Polşada, Rumıniyada yaşamaq və Rusiyaya qarşı mübarizə aparmaq məcburiyyətində qalan Məhəmmədəmin Rəsulzadə 1947-ci ildə Ankaraya gəlir.

Mübarizəsini burada davam etdirir və "Azərbaycanın kültür gələnəkləri", "Çağdaş Azərbaycan ədəbiyyatı" və "Çağdaş Azərbaycan tarixi", “Azərbaycan şairi Nizami" kitablarını çap etdirir.

 

1955-ci ildə Ankara universitetinin Tibb fakultəsinin klinikasında şəkər xəstəliyindən müalicə olunan Məhəmmədəmin martın 6-da gecə saat on birə on dəqiqə qalmış üç dəfə "Azərbaycan… Azərbaycan… Azərbaycan…" deyərək əbədiyyətə qovuşdu. Ankara radiosu martın 7-də saat 22:45 dəqiqədə sabiq Azərbaycan Milli Şurasının sədri Məhəmmədəmin Rəsulzadənin vəfat etdiyini təəssüflə bildirdi. Məhəmmədəmin Rəsulzadə Ankara Əsrik qəbirstanlığında dəfn edildi. Onun arzuları 1991-ci ildə yenidən həqiqətə çevrildi, Azərbaycanın müstəqilliyi bərpa olundu.

 Mətni yazdı: Əli Şamil (Şamilov)

 
Sayğac
 
Flag Counter
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol