Həmzə Həkimzadə Niyazi
TÜRK DÜNYASININ MƏŞHURLARI 141/2010
Əziz və istəkli dinləyicilər, bu günkü verlişimizdə sizlərə publisist, dramaturq, bəstəkar, musiqişünas alim, pedaqoq və ictimai xadim, müasir özbək ədəbiyyatının banisi adlandırılan Həmzə Həkimzadə Niyazinin ömür yolundan və yaradıcılığından söz açacağıq.
Özbəklər onun adını, soyadını və ləqəbini Hamza Hakimzoda Niyoziy kimi yazır və tələffüz edirlər. Həmzə 1889-cu il martın 6-da Kokand yaxınlığındakı Şahmərdan kəndində anadan olub. Özbəklər bizim kənd dediyimiz yaşayış məntəqələrini qışlaq adlandırdıqlarından Həmzənin qışlaqda doğulduğunu yazırlar. İndi həmin kənd Fərqanə vilayətində Həmzə şəhərinə çevrilib.
Həmzə Həkimzadənin anadan olmasından cəmi 13 il əvvələdək Kokand müstəqil xanlıq idi. Daşkənd, Xocənd kimi şəhərlər də bu xanlığın ərazisində yerləşirdi. Rusiya Kokand xanlığını işğal edərək Türküstan general-qubernatorluğuna tabe etsə də, burada rus idarə sistemi hələ tam oturuşmamışdı. Həmzənin uşqalıq və yeniyetməlik illərində Kokand xanlıq dövrünün idarəçilik sistemi ilə çarizmin idarəetməsi paralel işlədilirdi.
Həmzə bölgənin tanınmış həkimi İbn Yəmin Niyazoğlunun ailəsində doğulduğundan Həkimzadə soyadı ilə tanınıb. İlk təhsilini də atasından alıb. Mədrəsədə oxuyan Həmzə burada ərəb və fars dillərini, sonra isə rus dilini öyrənir. Türküstanı bürümüş cədidçilik hərəkatının təsiri ilə formalaşan yeniyetmə Həmzə milli ruhlu şeirlərini Nihan təxəllüsü ilə yazaraq “Turan” və “Türküstan” qəzetlərində çap etdirir. Onunla kifayətlənməyərək yazdığı şeirləri “Divani Nihan” adıyla da nəşr etdirir. Mukumi və Furkat kimi şairlərin ədəbi təsiri altında olan Həmzə 1905-14-cü illərdə yazdığı şeirlərdən bir divan da yaradır. Mətbuatda işıq üzü görən əsəri isə 1914-cü ildə çap olunmuş “Ramazan” şeiri olur.
Kokand Rusiyanın Türküstanda işğal etdiyi son bölgələrdən olduğundan buranın Avropaya intiqrasiyası olduqca zəif gedirdi. Rusiya vasitəsilə Avropaya gedən və Avropa mədəniyyətindən xəbərdar olan tatar və qafqaz ziyalıları bu yerlərə yeni bir ab-hava gətirirdilər. Azərbaycan Teatr Truppalarının Türküstana səfərləri bölgədə yalnız ziyalıların deyil, sadə insanların da böyük marağına səbəb olurdu. Ona görə də yerli qələm sahibləri müsəlman qardaşları kimi teatr əsərləri yaratmağa, Avropa tipli musiqili tamaşalar hazırlamağa maraq göstərirdilər.
Mömin bir müsəlman ailəsində doğulan Həmzə Həkimzadə mədrəsə təhsilini başa vurduqdan sonra ənənəyə uyğun olaraq Şərqin müqəddəs sayılan şəhərlərindəki mədrəsələrdə, yaxud da Qahirə, İstanbul, Dəməşq, Nəcəf kimi məşhur elm ocaqlarında təhsilini davam etdirməyə getmir. Çar hökumətinin açdığı rus-tuzem məktəbində oxuyur. Türküstan və Sibirdə rus-tuzem məktəbi adlandırılan təhsil ocaqları Rusiyanın Avropa hissəsində rus tatar məktəbləri adlandırılırdı.
Rus-tuzem məktəbini bitirdikdən sonra Həmzə Həkimzadə 1911-ci ildə Kokandda Avropa təhsili ilə Şərq təhhsil proqramlarının sintezindən yaradılmış məktəb açır. Lakin bu məktəbin ömrü o qədər də uzun olmur. Çar məmurları məktəbin qapadılmasına göstəriş verirlər.
Məktəbi qapadıldıqdan sonra Həmzə Həkimzadə mömün bir müsəlman kimi Həcc ziyarətinə yollanır. Onun ziyarət yolçuluğu uzun sürür. Əfqanıstan, Pakistan və Hindistanı keçərək, oradan da dəniz yolu ilə Məkkəyə doğru hərəkət edən 24 yaşlı Həmzə Həkimzadə geri dönəndə Şam, Beyrut, İstanbul kimi şəhərləri də gəzir. İstanbuldan da Rusiya vasitəsilə vətəninə dönür.
Vətənə döndükdən sonra yenə də Kokanda və Mərgilanda məktəb açaraq cədidçilərin yolu ilə gedir. Yaradıcılıqda da klassik şeir şəkillərindən, qəzəl, qəsidə, məsnəvi yazmaqdan uzaqlaşır. Şeirlərini əsasən heca vəznində, xalq şeiri ruhunda, soydaşlarının başa düşəcəyi sadə dildə yazmaqla yanaşı, nəsrdə də qələmini sınayır.
Yetimlər üçün pulsuz məktəb açan, “Yeni ədəbiyyat”, “Oxu kitabı”, “Qiraət kitabı” kimi dərsliklər yazan Həmzə Həkimzadə publisistika ilə də ardıcıl məşğul olur. Məqalələrində soydaşlarını cəhalətdən, xurafatdan uzaqlaşmağa, maariflənməyə, dünyada baş verən yeniliklərlə ayaqlaşmağa çağırır. “Sədoi Türkistan”, “Sədoi Farqana” qəzetlərinin daimi müəllifinə çevrilən Həmzə Həkimzadə məqalələrini yalnız özbəkcə yazmır, eyni zamanda tacikcə də məqalələr yazır.
Həmzə Həkimzadə 1913-cü ildən sonra nəsr və dramaturgiyaya daha çox meyl edir. 1915-cü ildə “Yeni səadət” adlı romanını çap etdirir. Bu roman müasir özbək nəsrinin ilk nümunələrindən sayılır.
Azərbaycanda maarifçilik adlandırılan hərəkat Türküstanda cədidçilik, yəni yenilikçilik hərəkatı kimi tanınırdı. Bu hərəkatın öncülləri sırasında Behbudi, A.Avloniy, A.Qodiriy, Çolpan, Fitrat və Mirmuhsin Fikri kimi qələm sahiplər vardı. Onlar ədəbiyyatın da yeniləşməsi üçün var qüvvələrilə çalışır, ənənəvi əruz vəznli poeziyanın haca vəzni ilə əvəzlənməsini istəyirdilər. Qarluqlar xalq şeirinə “aşülə” deyirlər. Özbəklər də qarluk dil qrupuna daxil olduğundan yenilikçi yazıçı və şairlər “Milli aşulələr” seriyasından kitablar nəşr etdirməyə başlamışdılar.
Həmzə Həkimzadənin də “Milli aşulələr” seriyasından çap olunan “Ağ gül”, “Qızıl gül”, “Yaşıl gül”, “Sarıq gül”, “Puşti gül”, “Saf-sar gül”, “Ətir gül” adlı şeirlər kitabçaları maraqla qarşılanır. Oradakı şeirlərin bir çoxu xalq arasında mahnı kimi yayılmağa başladı. Bunun bir səbəbi də Həmzənin bəstəkarlı bacarığından doğurdu. O, şeirlərinə müsiqi də yazaraq oxuyurdu. Bu mahnılar özbək və uyğurlar arasında “koşuklar” kimi məşhurdur.
Əhalinin böyük bir qisminin yazmaq və oxumaq qabiliyyəti olmadığını görən Həmzə Həkimzadə Niyazi teatr tamaşalarına üstünlük verir. 1915-ci ildən başlayaraq “Firuzə xanım”, “Zəhərli həyat, yaxud eşq qurbanları”, “Elm hidayəti”, “Nurməhəmməd damlanın küfür”, “Acı” kimi pyeslərini yazır, onları səhnəşəşdirir və bəzilərinə də müsiqi bəstələyir.
1917-ci ildə Daşkəndə köçən gənc dramaturq burada “Daşkəndə səyahət” komediyasını və “Bay ilə xidmətçi” pyesini yazır. Onun 1915-18-ci illərdə yazdığı “Loşman faciəsi” trilogiyası özbək ədəbiyyatında yenilik kimi dəyərlərndirildi.
Romanovların hakimiyyətinin devrilməsi Həmzə Həkimzadə Niyaziyə güclü təsir edir. O, inqilabi ruhlu şeirlər və pyeslər yazır. Məqalələrinidə də Türküstana muxtariyyat verilməsi ideyasını təbliğ edir. Onun “Muxtariyyat və avtonomiya” kitabı ziyalılar arasında müzakirə mövzusuna çevrilir.
Həmzə Həkimzadə Niyazinin haqsızlıqla barışmazlığı, Türküstana muxtariyyat tələbi, xalqını cəhalətdən qurtarmaq istəyi bolşeviklərin diqqətini çəkir. Onu öz tərəflərinə çəkərək səyyar teatr truppası yaradıb tamaşalar göstərməsinə köməklik edirlər. Beləliklə Həmzə Həkimzadə Niyazi bolşeviklərin alovlu təbliğatçısına çevrilir. Köhnəliyi tənqid edən tribun şeirlər yazır və təbliğati pyeslər hazırlayır. Türküstan cəbhəsindəki Qızıl Əsgərlərin təbliğat-təşviqat qrupunda çalışır. Yaratdığı teatr truppasında pyeslər yazmaqla kifayətlənmir, rejissorluq, aktyorluq, sufliyorluq da edir.
“Yaşa Şura”, “Hay işçilər”, “Oyanın işçilər” şeirləri özbək sovet poeziyasının formalaşmasına təsir göstərir. 1926-cı ildə yazdığı “Maycaranın kələkləri”, 1927-ci ildə yazdığı “Pərəncənin şirləri” pyesləri dövrün ən aktual əsərləri sayılır.
1926-cı ildə ona Özbəkistan SSR-in xalq şairi adını verirlər. İnqilab ruhlu əsərlərilə şöhrət qazansa da, azadfikirliliyi və müstəqil hərəkəti onunla bolşevik rəhbərləri arasında həmişə bir ziddiyət yaradır.
1920-ci ildə Kokanda gələn Həmzə Həkimzadə Niyazi bir ara orada maarif sahəsində çalışdıqdan sonra Buxaraya gedir. Bir il də Buxarada təhsil aldığı mədrəsədə dərs deyir.
1921-ci ilin sonunda Daşkəndə gələn Həmzə Həkimzadə orada da özünə münasib fəaliyyət meydanı tapa bilmədiyindən Xarəzmə gedir. Xarəzmdə Mədəni Marif sahəsində çalışır, müəllimlik edir. 1924-cü ildə Türküstanda ilk internat tipli məktəb yaradır. Lakin bu məktəbin fəaliyyəti o qədər də uzun sürmür. Maddi təminatı olmadığından Həmzə Həkimzadə 1925-ci ildə yenidən Fərqanəyə gəlir.
Doğulduğu kənddə kolxoz yaradılması və məktəb açılması, savadsızlar kursu, həvəskar teatr truppası yaradılması üçün əlindən gələni əsirgəmir. Kəndlilərin torpaqlarının və mal mülkünün əllərindən alınaraq kolxaza verilməsini təkidlə tələb etdiyinə görə onu 1929-cu il martın 18-də daşqalaq edərək öldürürlər.
Həmzə Həkimzadə Niyazinin qəddarlıqla öldürülməsindən sonra Sovet rəhbərləri onu bir təbliğat vasitəsinə çevirirlər. Adının əbədiləşdirilməsi, bəzi əsərlərinin nəşri üçün xeyli iş görülür.
Həmzə Həkimzadə Niyazi ömrünün son illərində ictimai-siyasi vəziyyəti düzgün qiymətləndirə bilməsə də yazdığı əsərləri ilə xalqını xoş günlərə səsləmiş, müasir özbək ədəbiyyatının, teatrının, musiqisinin inkişafına təkan vermişdir.
Mətni yazdı Əli Şamil (Əli Hüseyin oğlu Şamilov).
|