Əbdürrəhman bəy Fətəlibəyl

Əbdürrəhman bəy Fətəlibəyli

Türk Dünyasının Məşhurları-12

Görkəmli siyasi xadim, Azərbaycanı Rusiya əsarətindən qurtarmaq uğrunda mübarizə aparmış Əbdürrəhman bəy Fətəlibəylin ömür yolu...Əli Şamil

Göndərmə 6/15/2012 9:26:25 AM UTC

Güncəlləmə 6/15/2012 9:26:25 AM UTC

www.trtazerbaycan.com

http://www.trtazerbaycan.com/trtworld/az/newsdetail.aspx?haberkodu=bd9da82b-8fc5-40b5-8ee7-e05dae3a4b72

Əbdürrəhman bəy Əli bəy oğlu Fətəlibəyli 1908-ci il iyunun 12-də Erivan quberniyasının Şərur-Dərələyəz qəzasının Düdəngə kəndində anadan olub. Bölgənin tanınmış nəsillərindən olan Səfiyevlərlə qohumluğuna əsaslanan araşdırıcılar onun Səfəvilər nəslindən olduğunu yazırlar. Onun adını Abo, soyadını da Fətəlibəyov və Düdənginski kimi də yazırlar. Uşaqlıqda onu Abo deyə çağırdıqlarına görə bu rəsmi sənədlərə də keçib. O, çox kiçik – iki yaşında ikən İrəvanda sərhəd qoşunlarında zabitlik edən atası Əlibəy şübhəli şəkildə dünyasını dəyişib.

Atasının ölümündən sonra yetim qalan Əbdürrəhman bəy təhsilə xüsusi diqqət yetirir. Lakin ölkədə baş verən dəyişikliklər, bölşeviklərin hakimiyyəti ələ alması bəy nəslindən olan Əbdürrəhman bəyin normal oxyub ali təhsil almasını əngəlləyir. 1929-cu ildə onu komsomol sıralarından azad edirlər.

Əbdürrəhman bəy bu haqsızlığa dözməyərək ailəsində belə heç kimə xəbər vermədən Düdəngədən Zaqafqaziyanın mərkəzi olan Tiflisə gedir. Orada Sovet Ordusu sıralarına yazılır. Hərbi təlimdə seçildiyinə, nümunəvi davranışına görə komandirlərinin zəmanət məktubu ilə Tiflisdəki hərbi piyada məktəbinə oxumağa göndərilir.

Hərbi məktəbdə kursantlar arasında nizam-intizamı, dərsləri nümunəvi oxuması və siyasi fəallığı ilə diqqəti özünə çəkə bilir.

Əbdürrəhman Fətəlibəyov kimi Tiflis Hərbi Piyada Məktəbini əla qiymətlə başa vurub Azərbaycan dviziyasında hərbi xidmətə başlayır. Az zamanda komandirlərinin diqqətini özünə cəlb edə bilir. Onun rəhbərlik etdiyi əsgəri bölüklər təlim – məşqlərdə həmişə yüksək hazırlıq nümayiş etdirir. Yüksək ixtisasli hərbi kadrlara böyük ehtiyac olduğuna görə 1935-ci ildə Moskva Hərbi Akademiyasına oxumağa göndərilir. Sonralar SSRİ Müdafiə Naziri vəzifəsinə yüksəlmiş Sovet İttifaqı Marşalı A.Qreçko Baş Qərargahın Akademiyasında oxuduqları illəri xatırlayarkən Ə.Fətəlibəyov haqqında yazır: "O, heyrətedici bir aydın zəkaya və təhlil düşüncəsinə malik idi və anadangəlmə komandir idi. Hərbi taktika məsələlərində bizim heç birimiz onunla müqayisə oluna bilməzdik."

1937-ci ildə məzuniyyətə buraxılanda Bakıya gəlir. Burada əmisi Əhməd bəyin məsləhəti ilə Leyla xanım Qazıyeva ilə evlənir. Məzuniyyəti qurtardıqdan sonra həyat yoldaşını, qayınanasını özü ilə götürüb yeni xidmət yerinə – Leninqrada aparır. 1938-ci ildə Leninqradda ilk övladı, atasının adını qoyduğu, Əli anadan olur.

1939-cu ildə Sovet Ordusu Finlandiyaya basqın edəndə Əbdürrəhman bəy Fətəlibəyli də sovet zabiti kimi döyüşdə iştirak edir. Göstərdiyi igidliyə görə onu "Qırmızı Ulduz" ordeni ilə təltif edirlər. Leninqrad hərbi dairəsində qərargahın 6-cı şöbəsində rəis işləyən Əbdürrəhman bəy Fətəlibəyli 1940-cı ilə qədər bu şəhərdə yaşayır.

1940-cı ildə Sovet Ordusu Pribaltika Respublikalarını işğal etikdən sonra orada hərbi bazalarını yaradır. Əbdürrəhman bəy Fətəlibəyov da Riqada yerləşən hərbi qərargahda işləməyə göndərilir.

1941-ci ilin yayında Hitler Almaniyası sürətlə SSRİ-nin böyük bir ərazisini işğal edərək minlərlə əsgər və zabiti əsir alır. Pribaltikadakı Sovet işğalından narazı qüvvələr Alman ordularının gəlişini gözləmədən Qızıl Ordunun yerləşdiyi hərbi hissələri mühasirəyə alaraq əsgər və zabitləri tərksilah edirlər. Riqada mühasirəyə düşüb əsir götürülənlər arasında Əbdürrəhman bəy Fətəlibəyov də olur.

Faşist Almaniyası həbs etdiyi müxaliflərini, yəhudiləri yerləşdirmək, hərbi əsirləri yedirtmək və onların hərəkatına nəzarət üçün minlərlə əsgər və nəzarətçi saxlamaq məcburiyyətində qalmışdı. Bu da müharibə aparan bir ölkə üçün ağır yükə dönmüşdü. Vəziyyəti yüngülləşdirmək üçün əsirlər arasından Sovet rejimindən narazı olan hərbçiləri seçib hərbi batalyonlar yaratmağı qərara alırlar. Bu məqsədlə SSRİ-də yaşayan, rus olmayanlardan və savaşa zorla göndərilənlərdən əsgəri birliklər yaradılır və onlara rəhbərlik edə biləcək yüksək hərbi bacarığı olan komandirlər seçilir.

Əbdürrəhman bəy Fətəlibəyov da əsir düşərgəsindən Vermaxtın Ali Komandanlığına aparılır. Keçmiş Sovet ordusunun mayoru Əbdürrəhman bəy Fətəlibəyov orada Sovet rejiminə qarşı ideoloji mübarizənin öncüllərindən, milliyətcə çeçen olan, "Hakimiyyətin texnologiyası", "Partokratiya", “Stalin və Beriya” kitablarının müəllifi Əbdürrəhman Avtorxanovla görüşür. Sovet rejimindən qaçıb Avropada mühacir həyatı yaşayanlarla sıx təmasda olur.

O, var gücü ilə əsir düşərgələrində olan Azərbaycanlıları yeni yaradılan hərbi birliklərə cəlb etməklə onları, aclıqdan, işgəncədən, yersiz təhqirlərdən, alçaldılmalardan, bir sözlə labüd ölümdən xilas etməyə çalışır. Düşünür ki, yaradacaqları silahli birləşmələr Sovetlər Birliyi çökdükdən sonra qurulacaq milli hökümətlərin ordularını təşkil edəcək.

Almaniyada olduğu, Avropadakı əsir düşərgələrini gəzdiyi vaxt daha çox Abo Düdənginski və Əbdürrəhman bəy Fətəlibəyli kimi tanınır. Həmyerlilərimiz üçün ana dilində qəzet və jurnallar yaradılmasına yardımşı olan Əbdürrəhman bəy Fətəlibəyli türk-müsəlman əsirlərindən yaradılmış hərbi hissələrin rəhbərlərilə görüşüb vəziyyəti təhlil etməklə qalmır, mühacir siyasi xadimlərlə də tez-tez görüşür.

Onun da təşkilatçılığı ilə 1943-cü il noyabrın 6-10-da Berlində Azərbaycan Konqresi keçirilir. Gestaponun nəzarəti altında olmalarına baxmayaraq iştirakçıları olduqca cəsarətli qərarlar qəbul edirlər. Bu qərarlara İngiltərə və Amerikanın əleyhinə maddə salınmasının rədd edilməsinə, SSRİ-də yaşayan türk-müsəlman xalqlarından yaradılmış hərbi birləşmələrin Qərb cəbhəsinə göndərilməsinə qarşı olduqlarını açıq yazmalarını və s. göstərmək olar.

Abo Düdənginskinin təşkilatçılığı və səyi nəticəsində Azərbaycanlı əsirlərdən təşkil edilmiş hərbi birliklərin bir çoxu Sovet ordusu ilə döyüşə deyil Balkanlarda və Fransada nizam-intizamı qorumağa göndərilir.

Abo Düdənginskinin alman əsirliyindəki həyatı, fəaliyyəti təfsilatı ilə öyrənilməyib. İkinci Dünya Savaşı müttəfiqlərin qələbəsilə başa çatır. Sovetlərdən qaçıb Avropada mühacir həyatı yaşayanların və almanlarla iş birliyində olanların vəziyyəti ağırlaşır. Onların Sovet əsgəri birliklərinin əlinə keçməsi işgəncəli ölüm və ya Sibirdə 25 illik ağır həbs cəzası demək idi.

Abo Düdənginski vəziyyətin ağırlığını görüb Müttəfiqlərin işğal dairəsinə keçə bilir. Dəfələrlə həyati təhlükə qarşısında qalsa da, Sovetlərə qarşı mübarizəsini yenə də davam etdirir.

Sovetlərə qarşı mübarizə yalnız SSRİ-də əsarət altında qalan xalqların, o xalqların mühacir həyat sürən oğullarının borcu olmadığını düşünən Abo Düdənginski İngiltərənin baş naziri Klement Etliyə məktub yazır. Bu məktub tarixi əhəmiyyət daşıyır. Çünki onu çox vaxt “soyuq savaşın” ilk layihəsi adlanırırlar.

Əbdürrəhman bəy Fətəlibəyli bolşeviklərdən, onların qurduqları hökümətdən söz açanda yazır: “1917-ci ildə onlar rus xalqının kürəyinə bıçaq sancdılar, onu müharibədən çıxardılar və bu xalqı satdılar. Onlar eyni zamanda Rusiyanın müttəfiqləri olan İngiltərəni, Fransanı, Amerikanı və s. güdaza verdilər. 1939-cu ildə bolşevizm Hitlerlə müqavilə bağlayaraq, yer kürəsinin 1/6 hissəsinin, İngiltərənin, Fransanın və digər sülhsevər xalqların mənafeyini satdı və müharibənin əsas səbəbkarı oldu”.

Stalinin dünya xarabalığı üzərində hökmranlıq etmək istəyindən narahat olan Abo Düdənginski uzaqgörənliklə bildirir ki, bolşevizmin bu taktikası Lenin, Stalin tərəfindən yaradılıb və onlar heç vaxt bunu gizlətməyiblər. Təəssüf ki, heç olmasa, bir nəfər demokrat xadim tapılmadı ki, bu barədə bütün dünyanı açıq-aydın xəbərdar etsin.

Abo Düdənginski açıq-aşkar İngiltərənin baş naziri Klement Etliyə bildirir ki, biz SSRİ-nin əvəzinə Rusiya, Ukrayna, Türküstan, Azərbaycan, Ermənistan, Gürcüstan və Şimali Qafqaz dövlətləri yaratmağa can atırıq. Təəssüf ki, Qərb demokratiyası “SSRİ” anlayışı ilə “Rusiya”, “Ukrayna”, “Türküstan”, “Azərbaycan”... anlayışlarını, yaxud “bolşevik” anlayışı “rus”, “ukraynalı”, “türk” anlayışlarını qarışıq salınır.

Abo Düdənginskinin SSRİ əleyhinə apardığı mübarizə, “Azadlıq” radiosunun Azərbaycan redaksiyasını qurması Sovet xüsusi xidmət orqanlarını rahatsız edir. Onu məhv etmək üçün müxtəlif tədbirlər planı hazırlayırlar.

SSRİ DTN-nin casusu, "SMERŞ"in zabiti "Müller" ləqəbli Georgi Vladimiroviç tərəfindən hazırlanmış planı azərbaycanlı Mikayıl İsmayılov həyata keçirmək məcburiyyətində qalır. Mikayıl İsmayılov ona yardım edən, bir yerdə yeyib içdikləri Abo Düdənginskini öldürür.

"Azadlıq" radiosunun əməkdaşları Azərbaycan bölməsinin redaktoru Əbdürrəhman bəy Düdənginskinin bir neçə gün işə çıxmadığını gördükdə polisə xəbər verirlər. Polis onun öldürüldüyünü müəyyənləşdirir. Əbdürrəhman bəy Fətəlibəylinin cənazəsi dekabrın 5-də Nyu-Uimdəki qəbristanlıqda – 1951-ci ildə avtomobil qəzasından həlak olmuş qardaşı Seyfullabəy Fətəlibəyli ilə yanaşı dəfn edilir.

Əbdürrəhman bəy Fətəlibəylinin adının vətənində çəkilməsi uzun illər qadağan olunsa da, Sovetlər Birliyi çökdükdən sonra həqiqətlər ortaya çıxır. Bu böyük millət fədaisinin, antisovet ictimai-siyasi xadimin haqqında xalqa həqiqətlər çatdırılır.

 

 
Sayğac
 
Flag Counter
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol