Kərim Tinçurin

TÜRK DÜNYASININ MƏŞHURLARI  191_2013

Kərim Tinçurin

SİNYAL:     BAND

SES: Əziz və istəkli dinləyicilər, “Türk dünyasının məşhurları” proqramında sizlərə ömrünü vətən və millət yolunda şam kimi əritmiş, lakin siyasi baxışlara görə uzun illər adlarının çəkilməsi belə qadağan olunmuş, yaxud ömür yolları, yaradıcılıqları öyrənilməmiş, bir sözlə, bilərəkdən unutdurulan insanlardan söz açmağa çalışırıq. Belə insanlardan biri də tatar dramaturqu, rejissor, aktyor Kərim Tinçurindir.

Kərim Qali oğlu Tinçurin 1887-ci il sentyabrın 15-də indiki Rusiya Federasiyası Penza quberniyası Demyan Bedni rayonunun Tarakan kəndində anadan olur. Kasıb ailədə doğulan Kərim ilk təhsilini kəndlərindəki ibtidai məktəbdə, yəni mollaxanada alır. 13 yaşında isə Kazan şəhərinə gedir və burada qabyuyan işləyir. Əldə etdiyi pulla 1900-cü ildə dövrün məşhur təhsil ocaqlarından “Muhammadiyyə” mədrəsəsinə daxil olur. Lakin mədrəsədəki təhsil, təlim-tərbiyə  yenilik həvəskarı, təhsildə və həyatda dəyişiklər istəyən yeniyetmə Kərim Tinçurini qane etmir.

Mədrəsədən çıxdıqdan sonra müxtəlif sahələrdə günəmuzd işləyən, müəllimlik edən və bədii yaradıcılıqla məşğul olan Kərim Tinçurin  yaradıcılığa şeirlə başlasa da, 1905-ci il inqilabının mətbuat, nəşriyyat üzərindəki nəzarətinin zəifləməsindən istifadə edərək “Mərcannar” adlı romanını çap etdirir.  Avtobioqrafik “Mərcannar” romanında mədrəsə həyatı təsvir edilir.

“Mərcannar”  Kərim Tinçurin ilk və son romanı olur.

Kitabların, qəzet və jurnalların az oxunduğunu görən Kərim Tinçurin xalq kütlələrinə fikrini çatdırmağın ən münasib yolu teatr olduğunu düşünür. Onun bu fikrə düşməsinə Kazanda keçirilən mitinqlərdə inqilabçıların alovlu çıxışlarının xalq kütlələri tərəfindən alqışlarla qarşılanması olur.

 

SİNYAL :    BAND

SES:  Kərim Tinçurinin  ilk səhnə əsəri olan “Mənzərə” adlı komediyasını 1906-cı ildə yazır. O dövrdə şəhərdə tatarların daimi fəaliyyət göstərən peşəkar teatrı yox idi. Sadəcə teatr həvəskarlarının səyyar bir qrupu vardı. Kərim Tinçurin  1910-cu ildə bu qrupa üzv yazılır. Heç bir institutu bitirməyən, heç bir teatr məktəbində oxumayan, peşəkarlardan sənət dərsi almayan gənc fitri istedadı sayəsindən az vaxtda məşhurlaşır.

  Kərim Tinçurinin səhnəyə gəlişi illərində Tatar səhnəsində elə peşəkar aktyor və rejissor da yox idi. Necə deyərlər, tatar teatrı yeni-yeni formalaşırdı. Tamaşaya qoymağa əsərlər də yox dərəcəsində idi. Buna görə də gənc aktyor  səhnə əsərlərini də özü yazmalı olur. Səyyar truppada işə başladığı il “Dürüst əmək” komediyasını yazır. Fırıldaqla, başqalarının halal zəhmətini asan bildiyi yolla mənimsəməklə yaşamaq istəyənləri tənqid hədəfinə çevirən gənc dramaturqun əsəri uğurla qarşılanır.

Bundan ruhlanan Kərim Tinçur  bir-birinin ardınca “Qədər addımı”, “İlk çiçəklər” pyeslərini yazır. Bu əsərlərdə yaşamından narazı, cəmiyyətdəki sıxıntılardan qurtulmaq istəyən insanların taleyi canlandırılır. “İlk çiçəklər” pyesində  zəmanənin yaratdığı problemlərədən qurtula bilməyən tatar gənclərinin dövranı dəyişməyə can atdıqları və buna nail ola bilmədikləri təsvir edilir.

 

SİNYAL :     BAND

SES: Siz, Qorqud Ata verilişini dinlәyirsiniz

SES: Kərim Tinçurin  inqilabdan əvvəl yazıb səhnələşdirdiyi ən diqqətiçəkən əsəri “Şıltaq kürəkən” komediyasıdır. 1916-cı ildə tamamladığı və səhnəyə qoyduğu, özü də baş rolunu oynadığı bu əsər böyük tamaşaçı kütləsi cəlb edir. Tatar ədəbiyyatının ən gözəl komediyalarından sayılan bu əsər müəllifin satira ustası kimi məşhurlaşmasına səbəb olur.

Çar Rusiyasının Birinci Dünya Savaşında məğlubiyyətə uğraması, ölkədə baş verən qarışıqlıq, çar II Nikolayın hakimiyyətdən uzaqlaşdırılıb Müvəqqəti Hökumətin qurulması, Müvəqqəti Hökuməti bolşeviklərin silah gücünə devirməsi tatar teatrının inkişafına da ağır zərbə vurur. Belə ki, Kazan şəhəri siyasi və hərbi qüvvələrin qarşıdurma meydanına çevrilmişdi. Hakimiyyət tez-tez dəyişirdi. Xalqın mədəniyyətlə maraqlanmağa vaxtı və həvəsi belə qalmamışdı. İnsanlar sağ qalmaq uğrunda mübarizə aparırdılar.

Belə ağır günlərdə, yəni 1918-ci ildə Kərim Tinçurini səyyar qruppaya rəhbər seçirlər. Onun rəhbərliyə gəlişi teatr truppasında önəmli dəyişikliyə səbəb olur. Tamaşa göstərilən günlər salonda boş yer tapılmır. Adamlar eyni tamaşaya bəzən dəfələrlə baxır. Buna səbəb aktyorların səhnədə olduqca inandırıcı və canlı oynamaları ilə yanaşı Tinçurinin xalq musiqisindən, folklordan bacarıqla istifadə etməsi olur. O, xalq musiqisindən istifadə edərək operettalar yazırdı.

Kərim Tinçurinin istər komediya, istər dram, istərsə də operetta yazarkən Azərbaycanlı ədiblərinin və səhnə xadimlərinin yaradıcılığından bacarıqla istifadə edirdi. Onun yazdığı və quruluşunu verdiyi operettalarda Üzeyir Hacıbəylinin təsiri açıq-aşkar hiss edilirdi.

Xüsusən bəstəkar Salih Saydaşevin  səyyar truppa ilə əməkdaşlığa başlaması tatar teatrının inkişafına güclü təkan verdi. Kərim Tinçurinlə Salih Saydaşevin əməkdaşlığı olduqca uğurlu alınırdı.

SİNYAL :    BAND

SES:  Bolşeviklərin Kazanı işğalı və burada da möhkəmlənmələri tatar teatrına da öz təsirini göstərdi. Sovetlər təhsilə də, tərbiyəyə də, teatra da, musiqiyə də öz ideyalarını təbliğ etmək vasitəsi kimi baxırdılar. Odur ki, Kazanda 1922-ci ildə Tatar Dövlət Teatrı açıldı. Teatrın tamaşalar göstərməsi və truppa üzvlərinin məşq etməsi üçün bina ayrıldı. Aktyorlara, rejissorlara, rəssamlara, musiqiçilərə aylıq maaş təyin edildi. Ölkənin iqtisadi vəziyyəti ağır olsa da, tamaşalar üçün dekorlar, aktyorlar üçün geyimlər və s. hazırlanmasına vəsait ayrıldı. Artıq aktyorlar kəmiyyət dalınca qaçaraq ildə 70-80 rol oynamırdı.  Tamaşaların sayı azaldıqca keyfiyyəti də artırdı.

Tatar Dövlət Teatrında Kərim Tinçurinin rejissorluğu ilə ildə 13-15 tamaşa hazırlanırdı. Aktyorlar rollarını əzbərlədiyindən sfilyora da ehtiyac qalmırdı. Teatr üçün peşəkar kadrların hazırlanması qayğısına qalınırdı.

Kərim Tinçurinin 1924-cü ildə yazdığı və səhnələşdirdiyi “Sönməz ulduzlar” tamaşasının mövzusu Birinci Dünya Savaşından alınmışdı. Çar ordusunun sıralarında döyüşə getmək istəyən gəncə sevgilisi əngəl olmaq istəyir. Sevdiyi oğlana təkidlə bildirir ki, bu savaşın tatar xalqına dəxli yoxdur. Bu savaş hakim təbəqənin dünyanı bölüşdürmək uğrunda mübarizəsidir.

1914-cü ildən müharibə şəraitində yaşayan, yüzlərlə övladını itirən, aclığa, xəstəliyə məhrum edilmiş xalqı müharibəyə nifrət ruhunda yazılmış bu əsəri alqışlarla qarşılayır. Tamaşa uzun müddət ara vermədən göstərilir.

Kərim Tinçurinin “Mavi şal”, “Sönən ulduzlar”, “Amerikan”  və başqa əsərləri də alqışlarla qarşılanır. 1926-cı ildə “Mavi şal” əsəri tamaşaya qoyulanda Kərim Tinçurinə Tatarıstan Muxtar Sovet Sosialist respublikasının əməkdar artisti adı verilir.

Kərim Tinçurinə teatrda işləməsi üçün şərait yaradılsa da, onun əsərləri dövrü mətbuatda ideoloji baxımdan tənqid də edilirdi. Tənqidçilər sanki səhnədə sənət əsəri deyil, mitinqdə çıxış edən bir inqilabçı görmək istəyirdilər.

1936-cı ildə Kərim Tinçurin səhnəyə gəlişinin 25 illiyi təntənə ilə Tatarıstanın bir çox şəhər və qəsəbəsində qeyd edildi. Tatarıstan Dövlət Akademik Teatrının baş rejissoru, rejissoru, aktyoru kimi onun haqqında nəinki ədəbiyyat və incəsənət xadimləri, dövlət adamları da xoş sözlər söylədilər, mükafatlar verdilər.

1937-ci ildə isə hər şey dəyişdi. Qəzetlərdə, rəsmi toplantılada onu tənqid etməyə başladılar. Rejissorluqdan, aktyorluqdan başı çıxmayan birisi kimi onu işdən azad etdilər. 1937-ci ilin sentyabrın 16-da həbs edilən istedadlı hekayə ustası, dramaturq, rejissor və aktyor bir il iki ay işgəncəli istintaqa məruz qaldı.

1938-ci ilin noyabrın 15-də güllələnən Kərim Tinçurinə 1956-cı ildən sonra bəraət verilir, adının əbədiləşdirilməsi üçün Kazandakı Dram və Komediya teatrına onun adını verirlər.

   SİNYAL:

SES: Mətni yazdı Əli Şamil (Əli Hüseyin oğlu Şamilov)

 

 

 

 

 
Sayğac
 
Flag Counter
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol