Vəli Xuluflu

Vəli Xuluflu

Türk Dünyasının Məşhurları-

Rusiya əsarətində olan türk xalqlarının azadlığı uğrunda mübarizədə şəhid olmuş Vəli Xuluflunun ömür yolu və yaradıcılığı... Əli Şamil

Göndərmə 16.04.2013 12:02:35 UTC

Güncəlləmə 16.04.2013 12:02:35 UTC

www.trtazerbaycan.com

http://www.trtazerbaycan.com/trtworld/az/newsDetail.aspx?HaberKodu=0ee59f29-de50-4cd0-b8ac-fe69bad532ea

 

Xuluf Kür çayının sağ sahilində kiçik bir Azərbaycan kəndi idi. Gələcəkdə baş verənlərdən xəbərsiz Vəli isə doğulduğu kəndin adını özünə soyadı götürməklə sanki bu adı unudulmağa qoymadı.

Vəli Məmmədhüseyn oğlu Xuluflu 1894-cü il may ayının 26-da indiki Şəmkir rayonunun Xuluf kəndində anadan olmuşdur. 1970-ci illərdə Kür çayı üzərində su elektirik stansiyası tikiləndə kənd dəryaçanın altında qaldı. Beləcə Xuluf kəndi xəritədən silinmiş oldu.

  İlk təhsilini ibtidai məktəbdə-mollaxanada alan Vəlini valideyinləri Yelzavetpol (Rus işğalından sonra, yəni 1804-cü ildə qədim Gəncə şəhəri  çar  Aleksandrın xanımı Yelzavetpol şərəfinə Yelzavetpol adlandırılmışdı) şəhərindəki Mədrəseyi-Ruhaniyyə oxumağa göndərir. 1881-ci ildə açılmış mədrəsəyə Axund Hüseyin Pişnamazzadə müdirlik edirdi. Burada Abdulla Tofiq Sur, Hüseyin Cavid, Həmid bəy Yusifbəyli (Azərbaycan Cümhuriyyətinin baş naziri olmuş Nəsib bəy Yusifbəylinin qardaşı), İdris Axundzadə, Axund Ələsgər Poladzadə, Mirzə Məhəmməd Axundov, Rza bəy Qaraşarov, Mirzə Abbas Abbaszadə  və b. dərs deyirdi.

Həmin dövrdə orada yaşayan, 1917-ci ildə Türk Ədəmi Mərkəziyət Firqəsinin quruclarından olan, 1918-ci ildə  yaradılan Azərbaycan Cümhuriyəti Nazirlər Kabinetinə rəhbərlik edən Nəsib bəy Yusifbəyli, Türk Ədəmi Mərkəziyət Firqəsi Gəncə şəhər şöbəsinin rəhbəri İdris Axundzadə, şair Əhməd Cavad, eləcə də Osmanlıdan gəlmiş Savad Cavad (məşhur siyasətçi, tərcüməçi, dilçi alim, publisist  Əhməd Cavad Emrenin (1878-1961), Akif Əfəndi, Faiq Əfəndi, Əhməd Əfəndi, Sultan Zəki, Xeyrəddin Şafiq Əfəndi kimi ziyalılar mədrəsələrdə dərs deyir, gənclərə elmi biliklər öyrətməklə yanaşı onların dünyagörüşünü  də formalaşdırmağa çalışırdılar. Bu ziyalılaırn bəziləri Rusiyada, bəziləri Osmanlıda, bəziləri də İranın və qonşu ölkələrin dini mərkəzlərində təhsil alsalar da gözəl bir mühit yarada bilmişdilər.

Mədrəsənin əlaçı tələbələrində olan Vəli Xuluflu ictimai-siyasi işlərdə fəal iştirak edir. Lakin o Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyov, Xəlil bəy Xasməmmədov, Xudadat bəy Rəfiyev, Həsən bəy Ağayev, Şərif bəy Rüstəmbəyli, İsmayıl xan Ziyatxanov,  Adil xan Ziyadxanov, Aslan bəy Səfikürdski və b.ilə deyil, sosial-demokratlarla yaxınlıq edir. 1913-cü ildə təhsilini başa vurduqda onu həmin məktəbdə müəllim saxlayırlar. Quberniya mərkəzi olan Gəncədki ədəbi-siyasi mühütdə gündən-günə daha fəal insanlar yetişir. Müxtəlif fikir cəryanları Rusiyanın bu ucqar əyalət şəhərində də toqquşur.

Vəli Xuluflu belə bir mühitdə böyüyür. O, milli dəyərlərə böyük önəm versə də, islami bilikləri və inancı kifayət qədər olsa da sosial-demokratların Rusiyanı xalqlar həbisxanası adlandırmasına, sosial ədalət, bərabərlik uğrunda mübarizə aparacaqlarına inanaraq onlarla bir çəbhədə mübarizə aparmağı qərarlaşdırır. Hətta Azərbaycan  Cümhuriyyəti qurulanda milli hökümətə qarşı çıxır. Yenicə fəaliyyətə başlayan hökümətdən çox şey tələb edir. Xalqı da burjua-mülkədar höküməti adlandırdığı Azərbaycan  Cümhuriyyətini devirib Sovet Sosialist Resbublikası qurmağa çağırır.

1919-cu ildə Rusiya Sosial Demokrat Fəhlə Partiyasını sıralarına daxil olan Vəli Xuluflu partiyanın rəhbərliyi altında xalqının xilas olacağına və firavan yaşayacağına inanıb. Onu gəncədən 1920-ci ilin fevralında Bakıda keçirilən Azərbaycan Kommunist Partiyasının Birinci  Qurultayında nümayəndə seçiblər.

1920-ci ilin aprelində bolşeviklər Azərbaycan  Cümhuriyyətini silah güçünə devirəndə 26 yaşlı çılğın gənci olan Vəli Xuluflu böyük sevinç içərisində olub. Onu 1920-ci ildə Gəncə quberniyasında Qəza Partiya Komitəsinin katibi təyin ediblər.

1920-ci ilin mayın sonrlarında vətəninin bolşeviklər tərəfindən işğalına dözməyən azadlıqsevərlər Gəncədə silahlı üsyan qaldıraraq bolşevik əsgəri birliklərinin böyük qismini tərksilah etməklə şəhəri azad ediblər. Lakin Azərbaycanın başqa bölgələri də Gəncədəki kimi cəsarət və əzmkarlıq nümaiş etdirməyiblər. Bundan yararlanan bolşeviklər Gəncəyə yeni əskəri birliklər və könüllülər dəstəsi göndəriblər. Yerlilərdən ibarət könüllülər dəstəsinin təşkilində fəallıq göstərən Vəli Xuluflunu Həmid Soltanovun başçılıq etdiyi Fövqaladə Komissiyaya üzv təyin ediblər.

Vətənpərvərlərin güllənməsində, həbsxanalara göndərilməsində bu komissiyanın imzasında və göstərişlərindən bolşeviklər bacarıqla istifadə ediblər. Xalqın Ruslara qarşı nifrətinin daha da artmaması üçün bir çox cəza tədbirləri Fövqaladə Komissiyanın Azərbaycanlı üzvlərinin əli ilə həyata kecirilir.

Milli dəyərlərə sayqı göstərilmədiyinə etiraz etdiyinə görə 1921-ci ilin təmizləməsində Vəli Xuluflunu Kommunist Partiyasını sıralarından xaric edirlər. O, 1922-ci ildə Bakıya gələrək 1919-cu ildə Azərbaycan  Cümhuriyyəti tərəfindən əsası qoyulmuş Universitetin Şərqşünaslıq fakultəsinə daxil olur.

Vəli Xuluflu tələbələr arasında fədakarlığı ilə seçilir, təhsilini davam etdirməklə yanaşı ictimai işlərdə çalışır, ədəbi-elmi fəaliyyətlə məşğul olur. 1924-cü ildə Yeni Türk Əlifbası Komitəsinin əməkdaşı kimi Səmədağa Ağamalıoğlu, Cəlil Məmmədquluzadə, Xalid Səid Xocayevlə birlikdə Quzey   Qafqaza, Kırıma, Tatarıstana, Türküstana səfər edərək latın əlifbasına keçməyin vasibliyini təbliğ edir. Yazmış olduğu “Yeni Türk əlifbası” kitabı 1925-ci ildə Bakı da nəşr edilir.

Gəncədə baş verənlərdən ibrət dərsi götürən Vəli Xuluflu bir daha partiya-sovet təşkilatlarında rəhbər işə getmir. Elmi pedaqoji fəaliyyətlə məşğul olur.

«Bakı fəhləsi» kooperativ nəşriyyatında və «Azərnəşr»in bədii-ədəbiyyat şöbəsində çalışanda Vəli Xuluflu “Bayatılar”, “El aşıqları”, “Koroğlu” dastanı kitablarını nəşr etdirir. Maddi və mənəvi dəyərləri lazımınca dəyərləndirən Vəli Xuluflu bölgələrə gedərək materiallar tolayır, onları hazırlayaraq xalqa çatdırır.

Azərbaycanı Öyrənmə Yolu Cəmiyyətinin fəal üzvülərindən olan Vəli Xuluflu elmi işə böyük maraq göstərir. Bakıda keçirilən Birinci Türkoloji Qurultayda fəal iştirak edir. Belə zəhmətkeş və bacarıqlı kadıra bolşeviklərin böyük ehtiyacı olduğundan 1927-ci ildə onu yenidən kommunist partiyası sıralarına qəbul edirlər.

1929-cu ildə “Koroğlu” dastanlarının yenidən işlənmiş və təkminləşdirilmiş nüsxəsini, “Tapmacalar”, “İmla lüğəti” kitabını çap etdirən Vəli Xuluflunu elə həmin il Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutunda elmi katib işləməyə dəvət edirlər. O, bir müddət işlədikdən sonra həmin təşkilat bazlanılır. Az sonra yenidən təşkili edilən zaman isə onu Dil, Ədəbiyyat və İncəsənət İnstitutuna direktor vəzifəsində dəvət edirlər.

1929-1932-ci illərdə Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutunda Vəli Xuluflu folklordan və əlifba məsələsindən uzaqlaşaraq vəzifəsinin qarşısına qoyduğu tələblərə görə ideoloji məsələlərə girişir. 1929-cu ildə “Panislamizm, imperializm və ruhaniyyət”, 1930-cu ildə “Din və qadın”, “Din və mədəni inqilab”, 1932-ci ildə “Məhərrəmlik münasibətilə” kitabçalarını çap etdirir.

Onun 1930-cu ildə nəşr etdirdiyi “Səlcuq dövlətinin tarixi qurluşuna dair” kitabı ədəbi ictimaiyyətin diqqətini çəkir. Kiatab haqqında qəzet və jurnallarda sanballı rəylər yazılır.

1933-cü ildə yenidən Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutu ləğv edildikdən sonra Vəli Xuluflu bir müddət Mərkəzi Arxiv İdarəsinin müdürü, Dövlət Elmi Şurasının sədr müavini vəzifələrində çalışır.

1933-cü ildən Müttəfiq Respublikalarda Sovet Sosialist Respubilkaları İttifaqı Elmlər Akademiyasının şöbələri təşkil edilri. Sonralar bu şöbələr filial adlandırılır. 1940-ci illərdən isə sözdə müstəqil elmlər akademiyalarına çevilsə də yenə də Sovet Sosialist Respubilkaları İttifaqı Elmlər Akademiyasının göstərişi olmadan sərbəst bir iş görmələrinə icazə verilmir.

Vəli Xuluflu da yeni yaradılmış Sovet Sosialist Respubilkaları İttifaqı Elmlər AkademiyasınınAzərbaycan şöbəsinə mütəxəssisi vəzifəsinə dəvət edilir. O, həm də Yeni Türk Əlifbası Komitəsinin üzvü və yeni əlifbanın digər ölkə xalqları arasında yayılması üzrə bir təşkilatçı kimi tanınır. Zaqfederasiyanın 10 illiyində ictimai-elmi və ədəbi xidmətlərinə görə Vəli Xuluflu fəxri fərman və qızıl qol saatı ilə təltif olunur.

Xalqının qabaqcıl ziyalısı kimi tanına, kitabları nəşr olunan, ali məktəblərdə dərs deyən, qəzet-jurnallarda maraqlı məqalələri ilə oxucu rəğbəti qazanan, Azərbaycan Yazıçılar İttifaqının üzvü, professoru Vəli Xuluflu1937-ci ilin yanvarın 27-də həbs edilir. Evindən axtarış aparılarkən Məhəmmədəmin Rəsulzadənin xaricdə çap olunmuş “Rusiyada siyasi vəziyyət” kitabçası tapılır.

İstintaqdan aydın olur ki, o Azərbaycanı Sovet Sosialist Respubilkaları İttifaqıdan  ayırmaq üçün fəal praktik iş aparır, evində Əli Kərimov, Bəkir Çobanzadə, Asan Reatov və b. ilə dövlət büdcəsini müzakirə edərək, Gürcüstan və Ermənistan budcələrinin Azərbaycanın hesabına formalışmasını müzakirə edir, Dağıstanın, Ermənistanın, Gürcüstanın türklər yaşayan bölgələrinin Azərbaycana birləşdirilməsini planlaşdırırmış.

Vəli Xuluflu istintaq zamanı Bəkir Çobanzadə və b. birlikdə Orta Asiya respublikalarının Sovet Sosialist Respubilkaları İttifaqının  tərkibindən ayrılaraq Azərbaycan, Quzey    Qafqaz, Tatarıstan və Başqırdıstanla birlikdə müstəqil dövlətlərini qurmasının zəruridir isbatlamağa çalışır. Lakin elmi və məntiqi dəlilləri nə müstəntiqləri, nə də hakimləri qane etmir.

İstintaqdan sonra keçirilən 15-20 dəqiqəlik məhkəmə ona ölüm hökmü oxuyur. Elə həmin günün gecəsi, yəni 1937-ci ilin oktyabrın 13-də bir qrup məsləkdaşı ilə birlikdə Bakıda güllələnir.

1956-cı ildə bir çoxları kimi ona da bəraət verilir. Lakin Sovet orqanları bəraət veriləndən sonra da onun ölüm tarixini düzgün göstərmir, ailəsinə saxta arayışlar verir. Buna görə də uzun müddət sorğu kitablarında, ensiklopediyalarda onun ölüm tarixi fərqli göstərilir. 1991-ci ildə arxivlərin bir hissəsinin açılması bu saxtakarlıqları da üzə çıxardı.

 

Keşməkeşli həyat yolu keçmiş Vəli Xuluflunun adının əbədiləşdirilməsi üçün Bakıda və Şəmkirdə adına küçə, orta məktəb və mədəniyyət evi verilmişdir. 

 Mətni yazdı: Əli Şamil (Şamilov)

 
Sayğac
 
Flag Counter
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol