Türk Dünyasının Məşhurları 5
Əli bəy Huseynzade (1864-1940) (علی بیگ حسین زاده, rus. Али-бек Гусейнзаде) https://ali-shamil.tr.gg/5-.--%26%23399%3Blib%26%23601%3By-H.ue.seyinzad%26%23601%3B.htm
Əli Bəy Hüseyinzadə;Bütün varlığı ilə Türkçü və Turançı olsa da bugunkü Azərbaycan Respublikasının ideya müəlliflərindən biri də Əli bəy Hüseynzadədir. Xalqımızın indiyə qədər yetirmiş olduğu mütəfəkkirlərdən olan Əli bəy Hüseynzadə…/ Əli Şamil
Göndərmə 2/5/2010 10:14:57 AM UTC
Güncəlləmə 2/8/2010 12:40:18 PM UTC
www.trtazerbaycan.com
http://www.trturdu.com/trtworld/az/newsDetail.aspx?HaberKodu=0be82ade-f7e1-4f7a-8391-66d7bf4e54d8
İlk dəfə Əli bəy Hüseynzadənin adını 1970-ci illərdə müəllimlərimdən eşitdim. Azərbaycan Dövlət Unverstetinin jurnalistika fakültəsində oxuyurdum. Qəribəsi bu idi ki, dildən dərs deyən də, mətbuat tarixini tədris edən də, elmi ateizmi fənni müəllimi də, başqaları da onun ictimai fəaliiyətini də, yaradıcılığını kəskin tənqid edirdilər. Bu da gənclərin Əlibəyə marağını artırırdı. Köhnə qəzet və jurnallarda onun əsərlərinə raslaşanda üzünü köçürüb yoldaşlarımızı arasında yayardıq. Görürdük ki, müəllimlərimiz və dövrü mətbuatdakı ara sıra çap olunan məqalələrdə xalqdan uzaq düşmüş burja millətçi yazıçısı, əsərlərinin dili anlaşılmaz adlandırılan Əlibəyin sadə xalq dilində yazılmış şeirləri var. Əsərləri başdan-başa millətinin oyanışına, azadlıq mübarizəsinə həsr olunub. Tez və asanca əzbərləyirdik: Əlibəy Hüseyinzadə yazırdı:
Ucundadır dilimin
Həqiqətin böyüyü.
Nə qoydular deyəyim,
Nə kəsdilər dilimi...
Bilirmisin cahillər
Nə etdilər vətənə-
Nə qoydular uyuya,
Nə qoydular oyana...
Yüksək vətənpərvərliklə yazılmış əsərlərini oxuduqca qadağa və təzyiqlərə baxmayaraq ömür yolunu da öyrənirdik.
Mirzə Fətəli Axundovun əsərlərində adı hörmətlə çəkilən Qafqaz şeyxülislamı Əhməd Səlyaninin nəvəsi olan Əli bəy uşaq yaşlarında valideynlərini itirdiyindən babasının yanında böyümüşdü. Əli bəy Hüseynzadə 1864-cü il 24 fevralda Salyanda dünyaya göz açmış, babasından fars, ərəb dillərini, ədəbiyyatlarını dərindən öyrənmiş və Tiflisdə rus dilində gimnaziyanı bitirmişdir.
Qərb və Şərq tarixini, mədəniyyətini dərindən öyrənən Əli bəy ictimai-siyasi fəaliyyətə çox gənc yaşlarında başlayıb. 1885-ci ildə Sankt-Peterburq Universitetinin fizika və təbiət fakültəsində oxuyarkən dövrün məşhur elm xadimləri - Mendeleyev, Baqner, Menşutkin, Jukovski və başqalarından dərs almaqla yanaşı imperiyanın paytaxtında gedən ictimai-siyasi proseslərlə də yaxından iştirak edir. Rusyadakı “xalqçılar" hərəkatına rəğbət bəsləyir. 1887-ci ildə tələbə yoldaşlarından biri, Leninin qardaşı Aleksandr Ulyanov başda olmaqla bir qrup gənc çar III Aleksandra terror təşkil edirlər. Ertəsi gün onun üzv olduğu dərnəkdə də axtarış aparır və həmyrlisi Aslan bəy Aslanovu həbs edirlər.
Peterburq Universitetində təhsil aldığı illərdə Rusiya Türklərini imperiya əsarətindən xilas etməyin yollarını arayan Əli bəyə Universitetdə işləməyi təklif etsə də razılaşmır. Bir sıra inqilabçı tələbələr kimi, o da Sankt-Peterburqdan uzaqlaşmaq məcburiyyətində qalır.
Ə.Hüseynzadə İstanbula gəlir və burada darülfünunda əsgəri-tibbiyyə fakültəsində oxumaqla dermatoloq (dəri-zöhrəvi xəstəliklər) ixtisası və yüzbaşı hərbi rütbəsi qazanır. 1897-ci ildə o, "Qırmızı ay" heyətinin tərkibində İtaliyaya gedir, üç il sonra geri qayıdır və müsabiqə yolu ilə İstanbul darülfünunda əsgəri-tibb fakültəsində professor köməkçisi işləyir. O, burada da təqib olunur, çünki darülfünun tələbəsi ikən artıq inqilabçı gənc Türklər hərəkatına qoşulmuş, "İttihad və tərəqqi" partiyasının ilk özəyini yaradanlardan biri olmuşdu.
Türkiyədəki təqiblərdən sonra Azərbaycana qayıdan Ə.Hüseynzadə geniş maraq doğuran ilk Türkçü-turançı məqaləsini 1904-cü ildə Misirdə çıxan “Türk” qəzetində “Ə.Turan” imzası ilə çap etdirir. Bakıya gəldikdən sonra "Kaspi" qəzeti ilə əməkdaşlıq edən Əli bəy"Gənc Türkçülük nədir?" adlı məqaləsi ilə Türk tənzimat hərəkatının mahiyyətini açıqlayır. Az zamanda o, islahatçı-reformist ideya adamı kimi tanınır.
Əhməd bəy Ağaoğlu ilə birlikdə milyonçu Hacı Zeynalabdin Tağıyevin maliyyəsi ilə "Həyat" qəzetinin nəşrinə başlayır. Senzuranın ardıcıl təzyiqi ilə qarşılaşmasına baxmayaraq “Türklər kimdir və kimlərdən ibarətdir?”, “Bizə hansı elmlər lazımdır?”, “Yazımız, dilimiz, “İkinci il” imiz” və başqa məqalələrini burada çap etdirir. Onun azərbaycançılıq ideologiyasının əsaslarını müəyyən edən “Türkləşmək, islamlaşmaq, avropalaşmaq” şüarı da ilk dəfə məhz “Həyat” qəzetində işıq üzü görür.
“Həyat”ın bağlandıqdan dərhal sonra, yəni 1906-cı il noyabrın 1-də H. Z. Tağıyevin maddi köməyi ilə “Füyuzat” jurnalını nəşr edir. Füyuzatçılıq, yaxud Füyuzat məktəbi Azərbaycanın ictimai, ədəbi-mədəni fikir tarixində möhtəşəm hadisəyə çevrildi və Türk birliyinin nəzəri əsaslarının müəyyənləşdirilməsində önəmli rol oynadı. Dildə, fikirdə, işdə birlik konsepsiyasına əsaslanan ortaq Türk dili, ədəbiyyatı və mədəniyyətinin yaradılmasını inkişaf etdirdi. O, azərbaycançılıqla Türkçülüyü əlaqələndirməyə, hər bir Türk xalqının tərəqqisinin etnososial məkanı olaraq qəbul etməyə çalışırdı. "Füyuzat" jurnalı füyuzatçılıq ədəbi məktəbindən əlavə, Azərbaycanda müstəqil dövlətçilik ideyasını, konstitusiyalı azad vətəndaş cəmiyyətini yaratmaqda mühüm rol oynadı.
“Füyuzat” bağlandıqdan sonra bir neçə il Bakını tərk etməyən Əli bəy müxtəlif işlərdə çalışır, ədəbi-bədii yaradıcılıqla məşğul olur, başlıcası isə, özünün ən mühüm əsərlərindən biri olan “Siyasəti-fürusət” əsərini çap etdirir. Bu əsər Türk xalqları tarixinin haradan haraya gəldiyi, hansı problemlərlə üzləşdiyi, Türklər içərisindən doğan milli azadlıq hərəkatlarının səbəbləri, gedişi və nəticələri barədə müəllifin tarixi-fəlsəfi mülahizələrindən, ümumiləşdirmələrindən ibarətdir. Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət bayrağında üç rənglə (mavi, qırmızı, yaşıl) simvollaşan Azərbaycan vətəndaşının ideya-mənəvi dəyərləri Əli bəy Hüseynzadənin həmin tezisi və füyuzatçıların tarixi xidmətləri ilə bağlıdır.
Əli bəy Hüseynzadə 1903-1910-cu illər ərzində Azərbaycanda yaşadığı zaman kəsiyində çox dəyərli, milli istiqlalımız üçün gərəkli bir mədəni-mənəvi intibahın başlanmasını təmin etmişdir. Buna görə də Azərbaycanda mətbuat və fikir azadlığının cəfakeşlərindən biri, milli ziyalılıq simvolu kimi şöhrətlənmişdir.
İstanbulda isə “Gənc Türklər” hərəkatının vüsət aldığını görən Əli bəy 1910-cu ildə yenidən Osmanlı paytaxtına gedir. Türk xalqlarının birliyi uğrunda özünün, müasirləri demişkən, “təmkinli mübarizəsini” ömrünün axırına qədər aparır.
Əli bəy üçün dil məsələsi olduqca önəmli idi; o, gözəl bilirdi ki, bir-birindən coğrafiya, din, etnoqrafiya, hətta inkişaf səviyyəsi baxımından ayrılmış Türkləri elə bir atribut var ki, bu birliyə ən aqressiv anti Türkçü də qarşı çıxa bilməz. Ona görə də Türkiyədə 30-cu illərin əvvəllərindən başlayaraq dil məsələsinə xüsusi diqqət yetirilməsi-dil cəmiyyətinin qurulması, dil qurultaylarının keçirilməsi və s. Əli bəyi yalnız bir milli mütəfəkkir kimi deyil, bir milli şair olaraq da maraqlandırmış, 1926-cı ildə Bakıda keçirilən I. Türkoloji Qurultaya Türkiyə tərəfinin nümayəndəsi olaraq gələn Əli bəyi Azərbaycanda Osmanlı dilinin təbliğatçısı kimi təqdim edirdilər. Türkiyədə isə gözəl Azərbaycan şivəsinə görə onu sevirlərmiş. Əslində isə istər Əli bəy hüseyinzadə, istər İsmayil bəy Kaspıralı, istər Ziya Göyalp və b. Türk soylarının hamısının anlayacağı bir dildə yazmağa Çalışırdılar.
Əli bəy Hüseynzadə bütün ömrü boyu şeirlər, hekayələr yazmışdı, tərcümələr eləmişdi, rəsm əsərləri çəkmişdi... Bütün bunlarla yanaşı siyasi (fəlsəfi)-publisistik əsərlərinin, demək olar ki, hamısında böyük bir bədii təfəkkür sahibinin qüdrəti səviyyəsində obrazlılıq nümayiş etdirmişdi. Dərin romantik duyğular üzərində köklənmiş, öz milləti ilə yanaşı beynəlmiləl dünyaya, ümumən insana ünvanlaşmış Əli bəy Hüseynzadə poeziyası üsyankar deyil, olduqca təmkinli, olduqca sülhpərvərdir.
O, həyatını bütünlüklə Türkçülüyün və turançılığın fikri və milli-mənəvi inkişafına həsr etmiş və buna tam mənada, yetərincə nail də olmuşdur.
1940-cı ildə öz vətəni saydığı İstanbulda dünyasını dəyişmişdir.
|