Xudadat bəy Rəfibəyli

Türk Dünyasının Məşhurları- 44

XUDADAT BƏY RƏFİBƏYLİ

SİNYAL:     BAND

SES: Əziz və istəkli dinləyicilər, “Türk dünyasının məşhurları” proqramında sizlərə ömrünü vətən və millət yolunda şam kimi əritmiş, lakin siyasi baxışlara görə uzun illər adlarının çəkilməsi belə qadağan olunmuş, yaxud ömür yolları, yaradıcılıqları öyrənilməmiş, bir sözlə, bilərəkdən unutdurulan insanlardan söz açmağa çalışırıq. Belə insanlardan biri də Azərbaycanın Avropa təhsilli ilk yüksək ixtisaslı cərrahı, milli istiqlal mübarizəsinin fəal iştirakçısı, görkəmli dövlət xadimi Xudadat bəy Rəfibəylidir.

Xudadat bəy Ələkbər bəy oğlu Rəfibəyli 1877-ci il yanvarın 12-də Rusiyanın işğalından sonra adı dəyişilərək Yelzavetpol edilən Gəncə şəhərində əsilzadə ailəsində doğulmuşdur. Mahalda xeyirxahlığı, insansevərliyi ilə seçilən Ələkbər bəy yalnız Gəncədə deyil, bölgədə el ağsaqqalı kimi məşhurlaşmışdır. Ələkbər bəy xalqa və vətənə xeyrli övlad böyütmək üçün oğlu Xudadatı mədrəsəsini bitirdikdən sonra  klassik gimnaziyada oxutmuşdur.

Gəncə gimnasiyasını bitirdikdən sonra təhsilini Xarkov İmperator Universitetinin Tibb fakültəsində davam etdirən Xudadat bəy Rəfibəyli 1904-cü ildə oranı uğurla bitirsə də, vətənə dönməyə tələsmir. Həmin universitetin qospital-klinikasının cərrahiyyə şöbəsində 3 il ordinator işləyərək peşəkar cərrah kimi formalaşır.

Xarkovda oxuyarkən tələbə dostları ilə birlikdə "Həmyerlilər" dərnəyini qurur. Bu dərnəkdəki ictimai fəaliyyəti ona gələcəkdə də lazım gəlir. 1907-ci ildə Gəncəyə qayıtdıqda onu Yelizavetpol qubernatorun əmri ilə şəhər xəstəxanasına rəhbər təyin edilir. 1909-cu ildə səmərəli fəaliyyəti, peşəkarlığı və qüsursuz xidməti nəzərə alınaraq titulyar müşavir,  1910-cu ildə kollej asessoru, 1912-ci ildə saray müşaviri  rütbələri verilmiş və 1909-cu  ildən Gəncə Mahal Məhkəməsində fəxri barışıq hakimi təyin edilmişdir. Qazandığı bu uğur Xudadat bəy Rəfibəylini heç də qane etmir. İxtisas biliklərini artırmaq üçün 1912-13-cü illərdə Sankt-Peterburqdakı İmperator Klinik İnstitutunda 12 ixtisas üzrə dinləyici olur. 

 

SİNYAL :    BAND

SES: 1915-ci il noyabrın 18-də kollej müşaviri rütbəsinə irəli çəkilən Xudadat bəy  Rəfibəyli 1916-cı ildə 3-cü dərəcəli Müqəddəs Stanislav ordeni ilə təltif olunur.

 Gəncənin ictimai-siyasi həyatında fəal iştirak edən Xudadat bəy Rəfibəyli 1914-cü ildə Həsən bəy Ağayevlə birlikdə Azərbaycanda ilk səhiyyə-sağlamlıq cəmiyyəti olan Gəncə Tibb Cəmiyyətini yaratmışdır.

Gəncə Tibb Cəmiyyətinin üzvü, Xarkov Universitetinin məzunu Musa bəy Rəfiyev və başqaları ilə birlikdə yoluxucu xəstəliklərin qarşısını almaq məqsədilə  tədbirlər hazırlayıb həyata keçirmişdir. İmkansızlara, yoxsullara pulsuz tibbi yardım edən, xeyriyyəçilik fəaliyyəti ilə məşğul olan Xudadat bəy Rəfibəyli heç zaman milli, dini ayrıseçkiliyə yol verməmişdir.

Erməniləri silahlandıran və onlara hər cür yardım edən Rus Ordusunun zabit və əsgəri heyəti işğal etdikləri Osmanlı torpaqlarından geri çəkilərkən dəmiryol boyundakı yaşayış məntəqələrində talançılıq edir, əhalini soyur, heysiyyətini tapdalayırdılar. Erməni silahlı dəstələrinə qarşı əliyalın qalmış müsəlmanlar da Rus hərbçilərinə silahlarını təhvil versələr dincliklə vətənlərinə yola salınacaqlarını bildirirlər. Lakin onlar bu təklifi qəbul etmədiklərinə görə Şamxor stansiyasında qarşıdurma yaranır. Toqquşmada istər azərbaycanlılardan, istərsə də rus ordusunun hərbçilərindən onlarla ölən və yaralanan olur.

1918-ci ilin yanvarında baş vermiş bu toqquşmada yaralanları müalicə etmək üçün Xudadat bəy Rəfibəyli Zəyəmdə səyyar hospital təşkil etmiş, çətin şəraitdə yaralılara cərrah kimi əlindən gələn köməyi əsirgəməmişdir. Beləcə neçə-neçə yaralını ölümdən qurtarmışdı. Cərrahi əməliyyatdan sonra da yaralıları Gəncədəki  xəstəxanaya gətirtdirərək sağalanadək onların qayğısına qalır. Xudadat bəy Rəfibəylinin bu insanpərvərliyindən təsirlənən rus hərbçilərindən bəziləri şükranlıq borclarını yerinə yetirmək üçün yeni yaranmaqda olan Azərbaycan ordusunun formalaşmasına yardımçı olurlar.

 

SİNYAL :     BAND

SES: Siz, Qorqud Ata verilişini dinlәyirsiniz

SES: Xudadat bəy Rəfibəyli heç bir partiyanın, yaxud qrupun üzvü olmasa da, vətənin dar günündə özünü kənara çəkməmişdir. 1917-ci ilin martında Gəncədə yaranmış Müsəlman Milli Şurasının Müvəqqəti İcraiyyə Komitəsinin üzvü seçilmişdir. Həmişə milli qüvvələri dəstəkləyən, vətənini Rusiya işğalından azad görmək istəyən Xudadat bəy Rəfibəyli Nuru Paşanın rəhbərliyi ilə Gəncəyə gəlmiş Osmanlı ordusunun əsgəri bölüyünü alqışlarla qarşılamış, onların yerləşdirilməsinə, ərzaqla təmin olmalarına, xəstələrinin müalicə olunmasına əlindən gələn köməyi əsirgəməmişdir.

Xalq arasındakı nüfuzunu, təşkilatçılıq bacarığını nəzərə alaraq 1918-ci il iyunun 17-də  Azərbaycan Xalq Cümhuriyyətinin 2-ci hökumət kabinəsi Gəncədə təşkil ediləndə Baş Nazir Fətəli xan Xoyski Xudadat bəy Rəfibəyliyə Xalq Səhiyyəsi və Himayədarlıq Naziri olmağı təklif etmişdir. Heç zaman vəzifə tutmaq istəməyən, məmur işindən uzaq olmağa çalışan, xalqına həkim-cərrah kimi xidmət etməyə üstünlük verən Xudadat bəy Rəfibəyli vətənin dar günündə bu təklifi rədd etmir. O, heçdən bir nazirlik apparatı formalaşdırmağa başlayır. Nazirlik və nazirlik apparatı haqqında geniş bilgisi olmasa da, apparat üçün hansı şöbələrin gərəkliliyini müəyyənləşdirir, o şöbələrdə işləyə biləcək kadrları tapıb işə cəlb edir.

1918-ci ilin oktyabrında Bakı düşməndən azad edildikdən sonra Cümhuriyyət hökuməti oraya köçür. Xalq Səhiyyəsi və Himayədarlıq Naziri müstəqil Səhiyyə Nazirliyinə çevrilir. Xudadat bəy Rəfibəyli yenə də nazir vəzifəsinə təyin edilir. Müstəqil səhiyyə sisteminin yaradılması Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin ən böyük nailiyyətlərindən biri olur.

Həmin dövrdə Xudadat bəy Rəfibəylinin təşəbbüsü və rəhbərliyi ilə tibb müəssisələrinin genişlənməsinə başlanır, xəstəxanalar, ambulatoriyalar, həkim və feldşer məntəqələri açılır, dövlət hesabına pulsuz müalicəxanalar yaradılır, yoluxucu xəstəliklərə qarşı profılaktik tədbirlər həyata keçirr. Yeni müalicə ocaqlarının binövrəsi qoyulur. 1918-ci  ilin dekabrında Fətəli xan Xoyskinin rəhbərlik etdiyi 2-ci hökumət istefa verdikdə, Xudadat bəy Xalq Səhiyyəsi Naziri vəzifəsindən çıxır.

SİNYAL :    BAND

SES:  Xudadat bəy Rəfıbəyli Səhiyyə Naziri vəzifəsindən istefa verib Gəncəyə dönərək cərrahlığını davam etdirsə də, gənc Azərbaycan hökuməti nəcib adamın yüksək peşəkarlığınıdan, bölgədə böyük nüfuzundan istifadə etməyi qərara alır. 1919-cu ilin mayında onu Gəncə quberniyasının qubernatoru vəzifəsinə təyin edir.

 Xudadat bəy Rəfıbəyli qubernatorluğa başladığı ilk gündən Gəncə quberniyası ərazisindəki Daşnaksütyun Partiyasının silahlı dəstələrinin, Andronikin başçılıq etdiyi silahlı qruplaşmaların müsəlman kəndlərinə basqınının qarşısını almağa çalışır. Bolşeviklərin, anarxistlərin və Rusiya tərəfdarları olan müsəlmanların törətdikləri təxribatların da qarşısı alınır. Qatır Məmmədin quldur dəstəsinə qarşı sərt tədbirlər görülür. Hərc-mərcliyə, soyğunçuluğa son qoyulması, asayişin bərqərar edilməsi, sabitlik yaradılması üçün lazımı işlər görülür. Nəticədə, quberniya quldur dəstələrindən təmizlənir, erməni terrorçuları zərərsizləşdirilir, əmin-amanlıq xeyli möhkəmləndirilir.

Erməni-daşnak quldur dəstələrinin törətdikləri qanlı cinayətlər, vəhşiliklər nəticəsində Zəngəzurdakı, Göyçədəki, Dərələyəzdəki və başqa bölgələrdəki  yurd-yuvalarından didərgin düşmüş 20 mindən çox soydaşımızı Gəncə mahalında yerləşdirilmiş, onlara ilkin yardım göstərilmiş, ərzaq məhsulları ilə təmin edilmiş, yaralılara və xəstələrə tibbi xidmət göstərilmiş, müvəqqəti sığınacaqlar verilmişdir. Bütün bu işlərin başında duran isə Gəncənin qubernatoru Xudadat bəy Rəfıbəyli idi.

1920-ci ilin aprelində  yerli sosialistlərin, Rusiyapərəst qüvvələrin yardımı ilə bolşeviklər Azərbaycanı işğal etdikdə Xudadat bəy Rəfibəyli bəyanat verərək vəzifəsini dayandırdığını bildirir. Bəyanatda deyir: "Bir ilə yaxın müddətdə Gəncə qubernatoru vəzifəsini icra edərkən əmin oldum ki, həm quberniya idarəsinin və qubernator dəftərxanasının qulluqçuları, həm də mənə tabe olan polis idarəsinin məmurları onlara həvalə olunmuş vəzifələri vicdanla yerinə yetirmiş və quberniyada asayiş, sülh və əmin-amanlıq yaratmaq işində mənə kömək etmək üçün var qüvvələrini əsirgəməmişlər. Ona görə də qubernator vəzifəsini tərk edərkən adlarını saydığım idarələrin qulluqçularına çəkdikləri zəhmətə və qeyrətli işlərə görə səmimi minnətdarlıq etməyi özümə mənəvi borc bilirəm. Ümidvaram ki, onlar Azərbaycan Respublikasının tərəqqisi və çiçəklənməsi naminə öz vəzifələrini indən belə də vicdanla və səylə yerinə yetirəcəklər".

Lakin onun bu alicənablığını bolşeviklər anlaya biləcək halda deyildilər. 1920-ci il mayın 12-də onu həbs edib Bakıya aparırlar. Qısa sürən istintaqdan sonra vətənsevər millət fədaisi Xudadat bəy Rəfibəyli iyunun 1-də Xəzərin kiçik bir adasına aparılaraq güllələnir. Xudadat bəy  Rəfibəylinin xanımı Cəvahir 3 kiçik yaşlı  uşaqla birlikdə taleyin ümidinə qalır. Ataları qətlə yetiriləndə Kamilin 11, Rəşidin 9, Nigarın isə 7 yaşı vardı. 1930-cu  ilin oktyabrında Gəncə şəhər Soveti Rəyasət Heyəti Cəvahir xanımın ailəsi ilə birlikdə, əmlakı müsadirə olunmaqla keçmiş Gəncə dairəsi hüdudlarından çıxarılması haqqında qərar qəbul edir. Xudadat bəy Rəfıbəylinin böyük oğlu Kamil bəy təqiblərdən yaxa qurtarıb  Türkiyəyə sığına bilir və ömrünün sonuna kimi Türkiyədə həkimlik edir.

 Rəsul Rzanın ömür-gün yoldaşı və yazıçı, ictimai xadim Anarın anası, Nigar Rəfıbəyli isə Azərbaycanın poeziyasının görkəmli nümayəndəsi - Xalq şairi zirvəsinə ucalmışdır. Rəşid bəy isə tanınmış geoloq olur.

Xudadat bəy Rəfibəyli 42 yaşında güllələnsə də, onun istək və arzularını, övladları, nəvə və nəticəsi həyata keçirir.

   SİNYAL:

SES: Mətni yazdı Əli Şamil (Əli Hüseyin oğlu Şamilov)

 

 

 

 

 

 
Sayğac
 
Flag Counter
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol