Kazım xan Quşçu

Kazım xan Quşçu

Türk Dünyasının Meşhurları-39

Xalq sərkərdəsi, həm xarici işğalçılara, həm də yerli hakimiyyətin haqsızlığına qarşı cəsarətlə döyüşmüş Kazım xan Quşçu...Əli Şamil

 

Göndərmə 09.12.2011 11:16:52 UTC

Güncəlləmə 09.12.2011 11:16:52 UTC

www.trtazerbaycan.com


http://www.trt.net.tr/trtworld/az/newsDetail.aspx?HaberKodu=a2799b39-ebc5-45c0-9435-b67501da43b3

 

Kazım xan Quşçunun taleyi Abbasqulubəy Şadlınskinin taleyinə çox oxşasa da onun haqqında nə film çəkilib, nə roman, hekayə, poema yazılıb, nə də adının əbədiləşdirilməsi üçün rəsmi bir iş görülüb. Sadəcə xalq yaddaşında yaşayıb və vaxtilə döyüşdüyü Qırxlar qalasını bu gün xalq Kazımxan Daşı adlandırmaqla sanki onun adını əbədiləşdirməyə çalışmışlar.

İranda şah rejimi zamanı Kazım xan Quşçunun adını çəkmək yasaq olduğundan onun ömür yolu doğru-dürüst öyrənilməyib. Rejimin çöküşündən sonra yasaq götürülsə də haqqında onlarla rəvayət, xatirə, şeirlər, mahnı olan bu xalq qəhramanının ömür yolu, mübarizəsi doğru-dürüst öyrənilməyib. Buna görə də, kimi onun 1867-ci ilin iyulun 2-də, kimi 1858-ci ildə, kimi 1885-ci ildə doğulduğunu, kimi də 62 yaşında şəhid olduğunu yazır. Şəhid olduğu ay və dün haqqında da doğru-dürüst bir bilgi tapmadıq. Tarix üçün yaxın bir dövr olan XIX yüzildə yaşamış bir millət qəhramanının doğum tarixinin arasındakı fərqin 25-30 il olması xəcalətverici bir faktdır.

Əldə edə bildiyimiz bilgyə görə Kazım Quşçulu Məşədi Rza və Sonanın İbadulla vəkil, Haçıvəli, Kazım və Canəli adlı dörd oğlu olub. Sadə bir kəndli ailəsində doğulan Kazım milləti üçün etdiyi xidmətlərə görə xalq onu Kazım xan deyə çağırıb.

Kazım Məşədi Rza oğlunun doğulduğu Ənzəli bölgəsi 39 kənddən ibarət imiş. Güneydən quzeyə gedən karvan yolu da yeganə keçid olan Quşçu gədiyindən keçir.

Kazım xan dünya mədəniyyətinin beşiyi sayılan Şərqin çoküşü, necə deyərlər qocaldığı bir dövrdə dünyaya gəlib. Uşaqlıqda bir-neçə il molla yanına gedərək çərəkəni əzbərləmiş, yəni Quran oxumağı öyrənib. Ailələrinin maddi vəziyyəti ağır olduğundan o təhsilini davam etdirə bilməyib. Kiçik qəhvəxana-çayxana işlədərək ailəsini dolandırıb. Gur və gözəl səsi olduğuna görə də saz çalıb dost və tanışları üçün oxuyarmış. Yəni aşıq yanında da şagird olub, ancaq aşıqlıq etməyib. Minlərlə sadə İran vətəndaşı kimi ömür sürən Kazımın həyatında əsaslı dönüş məşrutə hərəkatı zamanı baş verib.

XX yüzilin başlanğıcında Qacarlar sülaləsi ölkəni idarə edəcək gücdə olmayıb. Xarici müdaxiləçilər müxtəlif diplomatik vasitələrlə İranda nüfuz dairələrini artırıblar. Kostitutisyalı monarxiya uğrunda gedən mübarizə ölkədə ziddiyətləri daha da dərinləşdirib. Bundan istifadə edən Fransa, Böyük Britaniya, Amerika, İranda missionerlər təşkilatlarının sayını artırıb. Rusiya isə güney sərhədlərində sakitliyə, dincliyə nail olmaq, İrana yardım etmək adına ölkədə əsgəri birliklərini yerləşdirib.

Osmanlı dövləti ilə uzun illər savaşan, onun torpaqlarını işğal edən Rusiya əldə etdiyi qənimətlərlə kifayətlənməyib. Şərqlilərin Dəli Petro adlandırdıqları I Pyotrun vəsiyyətlərini reallaşdırmaq, İstanbulu tutmaq, isti dənizlərə çıxmaq, dünya dövlətinə çevrilmək üçün ciddi hazırlıqlar aparıb. Əsgəri birliklərini Osmanlı dövlətinin şərq sərhədləri yaxınlığında, İranın Urmiya və Salmas bölgələrində yerləşdirməklə kifayətlənməyib, bölgədəki xristian dininə inanan erməniləri və aysorları silahlandırıb, onlara hərbi təlim keçib və təşkilatlandırıb. Xiristian dövlətlərinin məqsədi bölgədə erməni dövləti yaratmaq, onun vasitəsilə gələcəkdə Şərq dövlətlərinin təsir altında saxlamaq olub.

Osmanlı dövlətində qaçaq-quldurluq, terrorçuluq etdiklərinə görə cəzalandırlıacaqlarından qorxan ermənilər asanca Van dağlarını keçərək Urmiyadakı Rus əsgəri birliklərinə və ABŞ-ın, Böyük Britaniyanın, Fransanın missiyoner təşkilatlarına sığınaraq mənfur planlarını həyata keçiriblər.

Xarici dövlətlər, bölgədə erməni dövləti yaradılmasına Qacarlar hökümətinin müqavimət göstərə biləcək gücdə olmadığını görsələr də, xalqdan ehtiyatlanırdılar. Ona görə də bölgədə olan rus əsgəri birliklərinin əlilə yerli müsəlman əhalidə olan yüngül silahları, yəni ov tüfənglərini, qılınc və orta yüzilliklərdə istifadə edilmiş döyüş ləvazımatlarını toplamağa başlayıblar. Xristianların açıq və gizli silahlandırıldığını, onların əsgəri birliklərə cəlb edildiyini, müsəlmanlardan isə sadə silahlar belə toplandığını görən müsəlmanlar ayaqlanıblar.

Kortəbii etiraza Kazım Quşçu başçılıq edib. O, özü kimi dəliqanlı gəncləri başına toplayaraq 53-nəfərlik silahlı dəstə düzəldib. Bu silahlı dəsdənin ilk açıq döyüşü 1909-cu ildə olub. Ruslar başqalarının da gözünü qorxutmaq üçün Quşçu qəsəbəni topa tutub. Kənd camaatı Rusların nizami ordusu qarşısında duruş gətirə bilməsələr də təslim olmayıblar. Kazım Məşədi Rza oğlu və onun mücahidlərinin köməyi ilə dağlara çəkilərək bugün Kazım xan qalası adlanandırılan qədim Qırxlar qalasına sığınıblar.

Beləcə orta yüzillərdə Urmiya gölündəki yarımadada tikilmiş bu kiçik qala, Kazım xanın başçılığıyla azadlıqsevərlərin məskəninə çevrilib.

1909-cu ildə sadə bir çayçının rəhbərlik etdiyi könüllülər dəstəsinin nizami Rus ordusuna tabe olmaması bölgədə dəstə rəhbərinə inamı və məhəbbəti artırıb. Beləcə qəhvəçi Kazım xalq tərəfindən Kazım xana çevrilib.

Qacarlar dövlətini oyuncağa çevirən xarici güclər bütün diqqətlərini Osmanlı dövlətini çökdürərək bölgədə hakim olmağa çalışıb. Onlar həm xaricdən diplomatik yollarla, həm də iqtisadi vasitələrlə Osmanlıya təzyiq göstərməklə kifayətlənməyib. Ölkə daxilindəki xiristianları, xüsusən də erməniləri qızışdırıb. Ermənilər yalnız vətəndaş itaətsizliyi ilə kifayətlənməyib, xaricdən aldıqları silah-sursat və təlimatla müsəlman kəndlərə basqınlar təşkil edib, ölkədə bir qarışıqlıq yaratmağa çalışıblar. Osmanlı dövlətinin güc strukturları isə ermənilərin silahlı dəstələrini, terrorçularını təqib etdikdə isə onlar qaçaraq Van tərəfdən Urmiya bölgəsinə keçir, buradakı Ruslara, Fransız və İngilislərə sığınırlar.

Az vaxtda Urmiyada 2 piyada, 1 süvari dəstələrindən və 25 ədəd top olan 1 topçu alayından təşkil olunmuş əsgəri birlikdə 72 fransız, 800 rus əsgəri və təlim görmüş 20 min nəfər erməni olub. Bu ordu Birinci Dünya Savaşında yalnız Osmanlı əsgəri birliklərinə qarşı döyüşməyib. Urmiya, Salmas bölgəsində, eləcə də Osmanlının ərazisi olan Vanda cəza dəstəsi rolunu oynayıb. Kazım xanın rəhbərlik etdiyi 300 nəfərlik könüllülər isə dağlara və dağlardakı kiçik orta əsr qalalarına çəkilərək yerli müsəlman əhalini qorumağa çalışıb.

1917-ci ilin fevralında Rusiyada baş verən qarışıqlıq, II Nikolayın taxtdan salınıb hakimiyyətin Krenskinin rəhbərlik etdiyi müvəqqəti hökumətə verilməsi Osmanlı cəbhəsində savaşan rus əsgəri birlikləri arasında bir çaşqınlıq yaradıb. 1917-ci il oktyabrın 25-də bolşeviklərin silah gücünə hakimiyyəti ələ almaları Urmiya, Salmas bölgəsinə də öz təsirini göstərib. Cəbhədən geri çəkilən Rus əsgər və zabitlərinin törətdiyi soyğun və talanlar azmış kimi silahları və hərbi sursatı ermənilərə verərək bölgənin müsəlmanlar yaşayan kəndlərini dağıtdırmağa, kütləvi qırğınlar törətməyə təhrik ediblər.

Erməni silahlı birləşmələri Urmiya şəhərinin dinc əhalisini qırıb onların malını, mülkünü talan etdikdən sonra Əsgərabad qala kəndinə hücuma keçib. Yüngül silahlarla qalanı ala bilməyən erməni ordusu Rusların toplarından istifadə edərək qalanı dağıdıb, oraya sığınan əhalini son nərərinədək qəddarlıqla öldürüblər.

Əsgərabad faciəsindən sonra erməni ordusu rus və fransız ssenaristlərinin göstərişi ilə digər əsas nöqtələrə – Quşcu və Çehrigə doğru hərəkət edib. Bu zaman Kazım xan Quşcu, Bari, Göyərçin qala, Mərəngəli, Qarabağ, Meqatlı, Boydaş və Qalqaçı kəndlərinin cəsur gənclərini bir araya gətirərək 300 atlı mücahidlə birgə savaşa girir. Kazım xan Quşcu yaxınlığında pusqular quraraq erməni qüvvələrinə ciddi zərbələr vurub və onların Urmiya və Səlmasa girməsinə mane olub.

Qaynaqların verdiyi bilgiyə görə xaricilərin yaratdığı erməni silahlı dəsdələri 1917-1920-ci illərdə indiki Qərbi Azərbaycan ostanında, yəni Urmiya və Salmas bölgəsində 150 mindən çox dinc müsəlmanı qırıb, onlarla şəhər və kəndi xarabaxanaya çevirib. Bu qırğından Qırxlar qalasına sığınanlar sağ qurtara biliblər. Osmanlı əsgəri birliklərinin yerli müsəlman əhalisinə köməyə gəldiyini görən erməni silahlıları Arazı keçərək Naxçıvanda, Qarabağda, İrəvanda müsəlmanları qırmaqla Ermənistan cümhuriyyətinin formalaşmasına yardım etmiş olublar.

Xarici dövlətlər yalnız erməniləri qızışdırmaqla kifayətlənməyib, bölgədə yaşayan və qənimət hərisi olan kürd tayfa başçılarını da talanlara şirnikləndirib. Beləcə başına silahlı dəstə toplamış Ömərxan Aydın paşa adıyla tanınan Osmanlı vətındaşının başçılığıyla müsəlmanlara köməyə gələn 50 atlını pusquya salaraq onlardan 41-ni öldürərək tüfənlərini, atlarını, patron və geyimlərini götürüb. Kazım xan onlara köməyə gələnlərin pusquya salındığından xəbər tutub. Şəhid olan 41 nəfərin cənazəsini Quşçu qalasına gətirərək orada dəfn edib.

Osmanlı əsgəri dəstələrinin Urmiyaya gəlişi bölgədən erməni və xarici silahlıların qaçmasına, dağda-daşda sığınaraq sağ qalmış müsəlmanların xarabaya çevrilmiş evlərinə qayıtmasına şərait yaradıb. Lakin onlar bölgədə çox qala bilməyib. Birinci Dünya Savaşında məğlub olmuş Osmanlı dövləti Mudros və Sevr sülh müqaviləsinə görə əsgəri biliklərini geri çəkməli olub.

Osmanlı əsgəri birlikləri geri çəkildikdən sonra erməni silahlıları və Qurd Şıkak əşirətinin rəisi İsmayıl Simitkonun başçılıq etdiyi silahlıların yeni basqınları başlayıb.

Onlara qarşı Kazım xanın başçılıq etdiyi özünümüdafiə dəstəsi cəsarətlə vuruşub. O, heç bir hərbi təlim və təhsil görməsə də əsil sərkərdə məharətilə qalanı, qalaya sığınan əhalini və silahlı dəstəni idarə edib. 20-25 nəfər insan tutan və o insanların çəkisi qədər yük götürən qayıqlar düzəltdirərək Urmiya gölü vasitəsilə Təbriz, Marağa, Şəbüstər və başqa yerlərlə əlaqə yaradaraq onlardan yardım alıb. Eləcə də silah-sursata olan təlabatın bir qismini düşmənlərə etdiyi qəfil basqınlardan qənimət kimi alırmışsa da, bir qismini də Osmanlı ordusundan Məhəmməd Əfəndi təmin edib.

Qırxlar qalasına sığınan insanları altı il Kazım xan və silahdaşları qoruya bilib. 1922-ci ildə ingilislərin əlaltısı olan Rza xan, İsmayıl Simitkonun başcılıq etdiyi silahlıları zərərsizləşdirmək üçün Kazım xana yardım edib. Lakin onların müttəfiqliyi uzun sürməyib. Kazım xan, Rza Pəhləvinin ingilislərin planı ilə Qacarlar sülaləsini hakimiyyətdən devirməsilə barışmayıb. Özünü şah elan etmiş Rza xan Qırxlar qalasına, dünənki müttəfiqi və dostu adlandırdığı Kazım xanın üzərinə silahlı dəstələr göndərib. Lakin onlar qalanı ala bilməyib.

1923-cü ilin payızında Kazım xan öz düzəltdiyi əl qumbarasının partlaması nəticəsində həlak olub. Kazım xan şəhid olsa da, onun adı və hünəri xalq nəğmələrində, mahnılarda, söhbətlərdə yaşayıb və gənclərə örnək olub.

 

 
Sayğac
 
Flag Counter
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol