Toktoqul Satılqanov

Toktoqul Satılqanov

Türk Dünyasının Məşhurları-42

Qırğız xalqının aşığı, 12 il Sibirdə sürgün həyatı yaşadıqdan sonra oradan qaçaraq vətəninə iki ilə piyada gəlib çıxmış Toktoqul Satılqanovun keşməkeşli ömür yolu və yaradıcılığı...Əli Şamil

 

Göndərmə 12.01.2012 08:02:13 UTC

Güncəlləmə 12.01.2012 08:02:13 UTC

www.trtazerbaycan.com

 http://www.trt.net.tr/trtworld/az/newsDetail.aspx?haberkodu=f3994914-bfe6-4252-bc5b-18647e48eba2



Toktoqul Satılqanov 1864-cü il oktyabr ayının 25-də indiki Qırğızıstan Respublikasının Oş vilayətindəki Ketmen-Töbö qəsəbəsi yaxınlığındakı Quşçusu kəndində anadan olub. Onun doğulduğu kəndin adı azərbaycanlılara da doğmadır. Çünki türk tayfalarının adını daşıyan Quşçu kəndləri burada da var. Toktoqulun doğulduğu kənd indi istedadlı xalq ozanının adını daşıyan rayona tabedir.

Xalq akınının atasının adı Satılqandır. Əksər türk xalqlarında olduğu kimi qırğızlarda da övlad atanın adıyla çağrılır. Rusiyanın təsirilə sonluğu ov, yev-lə tamamlanan familya formalaşanda əksər qırğızlar kimi Tokyoqulun atasının adı olan Satılqan ona familyaya çevrilir.

Satılqan bölgənin zarafatçıl, şirin lətifələr danışan, bədahətən şeirlər söyləyən, bugünkü anlamda monotamaşalar göstərən insanlarından birisi olmuşdur. Toktoqulun anası da ürəkləri kövrəldən, necə deyərlər, daş ürəkli insanların da gözündən yaş çıxara bilən bir ağıçı olmuşdur.

Uşaqlığını keçə çadırlarda, yayda yaylaqda, qışda qışlaqda keçirən, məktəb, mədrəsə üzü görməsə də, fitri istedadı, iti yaddaşıyla ailə üzvlərinin, qohumlarının, sonra da bölgədə yaşayanların diqqətini özünə cəlb edən Toktoqul yeniyetməliyində çobanlıq edərkən təbiətin hər cür sərt üzünü görür. Sürü otararkən borana da düşür, qoyunlara hücuma keçən ac yırtıcılarla da üzləşir. Hava xoş, kefi kök olanda dağ bulaqlarının suyundan içib çəmənlərdə oxumaqla səsini cilalayıb. Dağlara, göydə uçan quşlara “konsert” verə-verə bir akın kimi yetişib. Beləcə 13 yaşından yırlar söyləməyə başlayıb.

Onun fitri istedadını ailəsi və Naken, Esenaman, Çondun kimi yırçıların şeirləri gəlişdirir. Tarixi qaynaqlara sadiq qalan, əsərlərində fakt və sənədlərə dayanmağa üstünlük verən məşhur qırğız yazıçısı Tölöqon Qasımbekov “Gəlgəl” romanında bölgənin məşhur qopuz düzəldən və ifaçısı Niyazalı onu himayəsinə götürdüyünü, şagirdinə yalnız çalıb oxumağı, qırğızların ağızı ilə desək akınlığı öyrətmir, həm də quzunun və ya oğlağın bağırsaqlarını təmizlədikdən sonra onu tərsinə çevirərək necə qaşıyıb naziltmək lazım gəldiyini, həmin bağırsaqları kölgədə qurudarkən onun uzanması üçün hansı çəkidə daş bağlamaq lazım gəldiyini, necə deyərlər, bağırsaqdan qopuz üçün yüksək keyfiyyətli sim düzəltməyi, qopuzun çanağı və qolu üçün ağac seçməyi öyrədir.

Toktoqul Satılqanov da az bir zamanda həm mahir qopuz düzəldən usta, həm də məclislərdə günlərlə dastan söyləməyi bacaran sənətkar kimi tanınır. O, yalnız özündən əvvəl yaşamış akınların yaratmış olduqları dastan və yırları söyləməklə kifayətlənmir, özü də gündəlik həyatda baş verənləri, gördüklərini musiqinin və bədii sözün vasitəsilə dinləyicilərinə çatdırır.

Toktoqul Saltıq oğluna böyük şöhrət gətirən isə təxminən iyirmi yaşlarında Arzımat adlı akınla deyişməsi, bu deyişmədə Arzımatı yenməsi olur. Tölöqon Qasımbekovun yazdığına görə bir çox aşıqlar və şairlər kimi Toktoqulun da ilk sevgisi uğursuz olur, oxu daşa dəyir. O, bölgənin varlılarından və nüfuzlu şəxslərindən olan Subanın qızına vurulur. Ustadı Niyazalı Toktoqulun özünü-sözünü bilmədiyini görüb başqa bir şagirdi Töröyə tapşırır ki, onun dərdini öyrənsin. Toktoqulun çox səmimi dostu olan akın Törö ustadının tapşırığını yerinə yetirir. Niyazalı bu sevdanın baş tutmayacağını, varlı Suvanın qızını kasıb sənətkara verməyəcəyini bilsə də, ruhdan düşmür, çıxış yolları axtarır.

O, bölgənin ünlü xalq ozanlarından olan, həm də Suvanla uzun illər dostluq edən Cengicok və xanımını elçi göndərir. Cengicok qopuzu, musiqisi və sözü ilə Suvanı yumşaltmağa çalışsa da, mümkün olmur. Suvan nəinki qızını vermir, hətta keçmiş dostunu, bölgənin ünlü sənətkarını evindən qovur.

Bundan inciyən Toktoqul Suvana tənqid edən yırlar yazaraq məclislərdə oxuyur. Nəğmələrində ozanlığın-aşıqlığın var dövlətdən, əsil-nəsildən üstün olduğunu tərənnüm edir. O, deyir ki, var-dövlət bir qəza, fəlakət nəticəsində əldən gedə bilər, dədə-babası bəy xan olanın övladı bivec ola bilər. Amma akınlık Allah vergisidir. Akını xalq sevər və onun hörmətini saxlar, adını yaşadar.

Toktoqul Satılqanov yırlarında yalnız Suvanı tənqid etməklə qalmır, vətənini işğal etmiş Rusları və onlara yarınan yerli məmurları, əsilzadələri də tənqid etməyə başlayır. Onun nəğmələri bölgəni idarə edən rus məmurlarını bərk narahat etsə də, xalq arasında böyük nüfuzu olan akını özləri cəzalandırmır. Onu yerli məmurların əli ilə cəzalandırmağı qərara alır. Qaynaqların verdiyi bilgiyə görə onu bölgə məmurlarını ifşa edən “Beş qaban” və başqa şeirlərinə görə həbs edirlər.

Qırğız xalqı arasında böyük nüfuzu olan, hətta çox vaxt cəsarətinə və ötkəmliyinə görə Rus məmurlarının belə onunla hesablaşmalı olduğu, qadın olsa da, xalqının datka, yəni sərkərdə ləqəbi verdiyi Kurmancan Datka ruslara xidmət edən yerli məmur Kerimbaydan xahiş edir ki, Toktoqulu həbsdən azad etdirsin. 1811-1907-ci illərdə yaşamış, qırğız sərkərdəsinin xanımı olmuş Kurmancan qırğızlar arasında qan düşmənlərini barışdıran, tayfa davalarına son verən, həmişə haqlının tərəfində duran, kasıb-kusuba, əlsiz-ayaqsıza himayədarlıq edən bir el anası kimi tanındığından Kerimbay onun sözündən çıxa bilmir. Toktoqulu həbsdən azad etdirəcəyinə söz verir.

Həbsxanadan Toktoqulla görüşən Kerimbay ondan tələb edir ki, oxuduğu nəğmələrə görə xalq arasında ondan üzr istəsin və bir daha rus məmurlarını, yerli bəyləri, mirzaları, imkanlı və nüfuzlu şəxsləri tənqid edən nəğmələr oxumasın. Lakin Toktoqul Kerimbayın şərtlərinə əməl etməkdənsə Sibirə sürgünə getməyi üstün tutur. Onu at arabasında Sibirə sürgünə göndərəndə də qopuz çalaraq öz taleyindən bəhs edən yırlar söyləyir.

Xalq ozanının ömür yolunu araşdıranlar Toktoqulun Əndicanda 1898-ci ildə çar Rusiyasına qarşı baş qaldırmış üsyanda fəal iştirak etdiyini, Rus əsgəri birliklərinə qarşı döyüşdüyünü və yırları ilə üsyançıları işğalçılara qarşı savaşda dönməz olmağa ruhlandırdığını yazırlar. Üsyan yatırıldıqdan sonra Toktoqul da həbs edilir. Öncə ona edam cəzası kəsilsə də sonra bu cəza Sibirə sürgünlə əvəzlənir.

Sibirin sərt təbiəti Toktoqulu ruhdan salmır. Yeniyetməliyində və gəncilyində qazandığı həyat təcrübəsi köməyinə gəlir. Sibridə dörd il nəzarət altında və ağır şəraitdə işlədilsə də, oradan qaçmağı bacarır. Qarlı dağlardan, kecilməz meşələrdən, nəhəng çaylardan keçərək, günlərlə ac-susuz qalsa da, insanlardan gizlənsə də iki ilə doğma evlərinə gəlib çıxa bilir. Qoca anasının tək qaldığını, ağlamaqdan gözlərinin kor olduğunu, 2-3 yaşında qoyub getdiyi oğlunun öldüyünü, arvadının onun dönəcəyinə ümidini üzərək evi tərk edib getdiyini görür.

Bütün bu sarsıntılar xalq ozanının ruhdan salmır. O, bir dərviş dözümü, dərviş səbrilə qopuzunu çalır, yeni qoşduğu yırlarıyla, yeni bəstələrilə xalqını doğruluğa, düzlüyə, haqqa, ədalətə, səxavətə çağırır.

Onun "Alımkan", "Süyümkan", "Nasılkan", "Güllə", "Nə ilginç", "Nəsihət", "Dərmə", "Sənət", "Dünya", "Ömür" kimi dərin fəlsəfi məzmunlu şeirləri xalqın əzbərinə çevrilir.

Bolşeviklər silah gücünə hakimiyyəti ələ aldıqdan sonra sadə xalq arasında nüfuzu olan, insanları öz tərəflərinə çəkərək onlardan bir təbliğatçı kimi istifadə etməyə başlayırlar. Dağıstanda Süleyman Staliski, Həmzət Sadasa, Qazağıstanda Cambul Caboyev kimi Qırğızıstanda da Toktoqulu da tərəflərinə çəkə bilirlər. Satılqanın oğlu Toktoqul Satılqanov Toktoqula çevrilir. Bolşeviklərin xalqlara azadlıq verəcəyinə, insanlar arasında bərabərlik yaradacaqlarına, sinfi ziddiyətləri aradan qaldıracaqlarına, varlı ilə kasıbın bərabər olacağına inanan akın yaşlı çağlarında tərənnüm yırları söyləməyə başlayır.

“Hansı qadın Lenin kimi oğul doğmuş” yırı ona böyük şöhrət qazandırır. Yırları bir çox xalqların dillərinə çevrilir. Azərbaycanda da xalq ozanının sosializmi, sovet rəhbərlərini tərənnüm edən əsərləri çevrilərək çap olunur.

1933-cü il fevralın 17-də indi adını daşıyan rayonun Sasık Ciydə kəndində dünyasını dəyişən Toktoqul Satılqanov adının əbədiləşdirilməsi üçün 1965-ci ildə Qırğızıstanda SSR Dövlət Mükafatı təsis edilmiş, Qırğızıstan Dövlət Flarmoniyasına, məktəblərə, kolxozlara və başqa mədəni maarif müəssisələrinə onun adı verilmiş, həyatından bəhs edən opera yazılmış, kino film çəkilmiş, Bişkekdə əzəmətli heykəli, bölgələrdə büstləri qoyulmuşdur.

Qırğızlar arasında çox ünlü qopuz ustası, yırçı kimi tanınan Korgol, Alımkul, Barpı, Kalık, Osmonkul və başqaları özlərini Toktoqulun şagiridi saymışlar.

Qırğızıstanın məşhur tarixi romanlar müəllifi Tölöqon Qasımbekov “Gəlgəl” romanında Toktoqul Satılqanovun ömür yolunu əsas götürsə də onun timsalında daxili ziddiyyətlər ucbatından xalqının Rusya əsarətinə düşməsini, bu səbəbdən çəkdiyi əziyyətləri, bir sözlə XIX-XX yüzillərdə qırğızların ağır və məşəqqətli həyatını bədii dillə təsvir etmişdir.

Sovetlər Birliyi dağıldıqdan sonra Toktoqul Satılqanova Qırğız ədəbiyyatında ilk dəfə V.İ.Lenin haqqında yır söyləyən akın kimi deyil, Rus işğalçılarının bölgədəki məmurlarının törətdiyi vəhşilikləri xalqına çatdıran, xalqının sadə əmək adamlarını haqsız incidən varlıları tənqid edən, gəncləri vətənpərvər, döyüşkən bir ruhda böyütmək istəyən bir xalq ozanı kimi qiymət verilməyə başlanmışdır. Onun 1920-ci ilədək söyləmiş olduğu yırların toplanmasına, nəşrinə və gənc akınlar tərəfindən ifasına diqqət artırlımışdır.

 

 
Sayğac
 
Flag Counter
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol