1 Həmid Nitqi

  Türk Dünyasının Mәşhurları 1
Həmid  Nitqi (Nütqi) (1920-1999) حمید  نیطقی (نوطقی), rus. Хамид Нутки) https://ali-shamil.tr.gg/1-H%26%23601%3Bmid-Nitqi.htm

Hәmid Nitqi; İstanbulun Zəncirli quyu qəbiristanlığındakı bir məzar daşı üzərinə Həmid Nitki 1920-1999 yazılıb. O bu şəhərdə doğulmayıb. Bu şəhərdə ölməsə də gəncliyini burada keçirmiş, burada təhsil almış, burada doktorluq dissertasiyasını müdafiə edərək hüquq elmləri doktoru adı almış, burada sevib-seçilərək ailə qurmuşdur./Əli Şamilov

Göndərmə 1/18/2010 1:43:00 PM UTC

Güncəlləmə 1/18/2010 1:43:00 PM UTC

www.trtazerbaycan.com

http://www.trtazerbaycan.com/trtworld/az/newsDetail.aspx?HaberKodu=3ae770b1-d965-48a3-baf6-846cae79fe32



Güney Azərbaycanın yüksək amallı ziyalılarından olan Həmid Nitqi tanınmış alim, pedaqoq, şair, ədəbiyyatşünas və dilçi idi. O, 1920-ci ildə Təbrizdə doğulmuş, ibtidai təhsilini İranda məşhur maarifçi Mirzə Həsən Rüşdiyyənin Təbrizdə açdığı məktəbdə almışdı, 1933-cü ildən isə Firdovsi litseyində oxumuşdur. Uşaqlıqdan atasının şeir yazdığını görən, evlərindəki köhnə qəzetlərin, «Nəsimi-şimal» və «Molla Nəsrəddin» jurnallarını oxuyan Həmid Nitqidə şer yazmağa marağı Həbib Sahir oyatmışdır. Litseydə coğrafiyadan dərs deyən şair Həbib Sahir 15 yaşlı Həmidin ilk şerinin «Şahin» qəzetində çap olunmasına kömək etmişdir. Litseyi bitirən Həmid Nitqi Tehranda hüquq təhsili alsa da ədəbiyyata marağı azalmır. O, 1933-cü ildən İranda çıxan müxtəlif qəzetlərdə ictimai-tarixi, pedaqoji mövzulu yazılar və şeirlərlə çıxış emişdir. İranda onun Türk və fars ədəbiyyatından bəhs edən əsərləri, həmçinin hekayələr kitabı nəşr olunmuşdur.

1942-ci ildə ölkədəki siyasi durumun dəyişməsi və Milli Azadlıq hərəkatının yüksəlişi Azərbaycan ziyalılarına «Azərbaycan» cəmiyyəti yaratmağa imkan vermişdir. Cəmiyyətin orqanı «Azərbaycan» qəzetinə baş redaktor Həmid Nitqi təyin olunmuşdur.

1943-cü ildə İran hökuməti 100-ә yaxın gənci Türkiyəyə oxumağa göndərir. Onların sırasında Tehran Universitetinin hüquq fakültəsinin məzunu Həmid Nitqi və bu gün Dünya Ürək Cərrahları Cəmiyyətinin vitse prezidenti kimi tanınan alim Cavad Heyət və başqa da olur.

İstanbul mühiti Həmid Nitqinin dünyagörüşü və yaradıcılığında böyük iz qoyur. O hüquqşünaslıq sahəsində biliyini artırmaqla yanaşı, Türk dünyasının ədəbi mühiti ilə də yaxından tanış olur. Tehranda adını belə eşitmədiyi şairlərin əsərlərini oxuyur, onların bir çoxu ilə görüşə bilir.

Həmid Nitqi universiteti bitirib doktorantlığı müdafiə etdikdən sonra İrana qayıdır və Abadandakı neft şirkətində yeni açılan ictimaiyyətlə əlaqələr və jurnalistika idarəsində çalışmağa başlayır. Şirkətin orqanı olan «Xəbərhaye-ruz» («Günün xəbərləri») qəzetinin müdiri və baş yazarı təyin olunur. Az sonra onu şöbə rəisi vəzifəsinə irəli çəkirlər. Bir müddətdən sonra isə tədqiqat aparmaq üçün İngiltərə və Amerikaya göndərilir.

1962-ci ildə Həmid Nitqi yenidən Tehrana qayıdıb və Neft konsorsiumunda ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsini tutur. Eyni zamanda onu Tehran universitetində yeni açılan «İctimaiyyətlə Əlaqələr» fakültəsində dərs demək üçün dəvət edirlər. Çünki artıq o İranda ictimaiyyətlə əlaqələr elminin banisi kimi tanınmışdı. Həmid Nitqi universitetdə 25 ildən artıq çalışmış, yüzlərlə tələbə yetişdirmiş, 2 il dekanı olmuşdur. 1994-cü ildə çalışdığı Əllamə Təbatəbai Universiteti tərəfindən 25 illik xidmətlərinə görə ona «yeni ictimaiyyətlə əlaqələr elminin atası» rəsmi titulu verilmişdir.

H.Nitqi uzun müddət Tehranda nəşr olunan «Varlığ»ın baş yazarı olmuş, dərgidə Türkologiya, ədəbiyyatşünaslıq, publisistika sahəsində yazılar və şeirləri ilə çıxış etmişdir. Dilçiliyin ümumi problemləri, milli-mənəvi intibah, milli düşüncənin formalaşması və s. onun yazılarının əsas mövzularındandır.

Pəhləvilərin apardığı assimilyasiya siyasəti nəticəsində Azərbaycan dili ancaq məişət çərçivəsində istifadə olunduğundan dil öz işləkliyini itirir, inkişafdan qalırdı. Güneydə ədəbi dil danışıq dilindən uzaqlaşa bilmir, Quzeydəkindən xeyli geri qalır, formalaşa bilmirdi. Dilin yaşaması və dövlət səviyyəsində işlənməsi uğrunda mübarizə aparan ziyalılardan biri də H.Nitqi olur. Onun dərgidə dərc etdiyi məqalələrində Azərbaycan dilinin tarixi, onun Türk dilləri sistemində yeri, lüğət tərkibi və s. kimi mühüm məsələlərə toxunulur.

H.Nitqi «Zəngin yoxsullar» adlı məqaləsində Azərbaycan dilinin işlənməsi və onun tarixinin, lüğət tərkibinin və qrammatik qanunlarının dərindən, hərtərəfli öyrənilməsi məsələsini irəli sürür. Sonralar da Doktor Həmid Nitqi Güney Azərbaycanda yazı qaydaları, ədəbi-bədii dil məsələləri üzərində uzun müddət çalışmış, başqa həmkarlarının da rəyini nəzərə almaqla «İmla qaydaları» adlı məqaləsini «Varlığ»ın əlavəsi kimi nəşr etdirir. O, Quzeydə artıq sınaqdan çıxmış imla prinsiplərinə istinad etməklə ərəb əlifbasının özünəməxsusluğu əsasında Azərbaycan dilinin fonetik quruluşuna uyğunlaşdırılmış vahid bir sistem yaratmağa nail olmuşdur.

H.Nitqinin yaradıcılığı çoxşaxəli idi. O uzun müddət jurnalistika ilə yanaşı elmi və bədii yaradıcılıqla da məşğul olmuşdur. Türkologiya, ədəbiyyat və tarixlə də yaxından ilgilənən H.Nitqi «Yönətiçilik və xalqla ilişkilər», «Dünyanın ən güclü 25 qəzeti», «Sosial ilişkilər üzərinə», «İnandırma, təbliğat və reklamçılıq» və başqa dərs vəsaitlərini, elmi əsərləri ərsəyə gətirmişdir.

İran ədəbiyyatında həm forma, həm də məzmunca yeniləşməsində Həmid Nitqinin də əməyi az olmamışdır. Həmid Nitqinin şerləri öz yeni forması və dərin fəlsəfi məzmunu ilə seçilib. «Kitabi-Dədə Qorqud»dan gələn sərbəst vəzn və simvolik üslub onun şerinin səciyyəvi xüsusiyyətlərindən olub. Bir çox şairlər kimi o simvolikadan hakim rejimdən sığortalanmaq üçün deyil, lirik şerlərinin fəlsəfi məzmun çalarlarını oxucuya çatdırmaq üçün istifadə edib.

H.Nitqinin doğum günü Azərbaycan milli istiqlal mübarizəsinin liderlərindən biri – Şeyx Məhəmməd Xiyabaninin ölüm gününə təsadüf etmişdir. Şair bunu bir şeirində özünəməxsus kədərli notlarla əks etdirmişdir.

Sənin gözlərin yumulanda mən

Gözlərimi açdım:

Hər yan dumandı, sisdi, tüstüydü,

Yanğın külləri hələ istiydi.

Şəhərimdən

Bütün mavi quşlar uçmuşdu.

Lakin sən, röyalarımı xəyalınla doldurdun,

Gözümdə nur,

Dizimdə zor,

Ürəyimdə qürur oldun.

Amma nə üçün

vəd etdiyin

saat çalmadı?

nədən əkdiyin ağac qol-budaq salmadı?

yaralar sağalmadı.

İlk dəfə Bakıya səfər edən şair, «keçmişin gələcək çağlarla xəlvəti qovşağında»kı bu görüş təəssüratlarını aşağıdakı sətirlərdə bölüşür:

Tarixin cövrünə,

Zamanın amansız seyrinə.

Əsrlik əsirlik dövrünə

«Yetər artıq dayan» deyilən meydanından

yol aldıq.

Ağaran təzə bir səhərin

Sehrinə tutulduq və qaldıq…

Bir quşun uçuşu oyandırdı bizi,

Fəcr ilə doldurduq qədəhlərimizi.

Könlümüzdə cücərən umuda

Tapşırdıq qədərlərimizi.

Və qara gecənin ən son dəmlərində

Röyalarla dolu bir dərin baxışda,

Əritdik kədərlərimizi.

H.Nitqi 1989-cu ildən Böyük Britaniyanın Edinburq Universitetinin «İslam və Orta Şərq Araşdırmaları» bölümündə çalışmışdır.

Doktor Həmid Nitqi Böyük Britaniyada çap etdirdiyi və Azərbaycan Türkcəsinin inkişaf məsələlərinə həsr edilmiş məqaləsində əsrin əvvəllərindən bu günə qədər İranda Azərbaycan Türklərinə, onların dil və mədəniyyətlərinə olan təzyiqlərdən bəhs edir.

H.Nitqi 1999-cu ildə uzun sürən xəstəlikdən sonra Böyük Britaniyada vəfat etmiş, Türkiyə torpağında dəfn edilmişdir.

     

 

 
Sayğac
 
Flag Counter
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol