Yusif Qarabaği

     

YUSİF QARABAĞİ

Türk Dünyasının Məşhurları-07

Yusif Qarabağinin ömür yolu və mübarizəsi…Әli Şamil

 

Göndərmə 18.02.2011 11:45:53 UTC

Güncəlləmə 18.02.2011 11:45:53 UTC

www.trtazerbaycan.com


http://www.trt.net.tr/trtworld/az/newsDetail.aspx?HaberKodu=cc6edb05-69c0-4a8e-b08d-4679bddd15d7

 

Yusif Qarabaği Rusiyanın güclənib işğalçı bir imperiyaya çevrilməsindən yüzillər əvvəl yaşamışdır. Bununla belə, müstəmləkəçilər ondan və onun kimilərinin öyrənilməsindən və təbliğindən çəkinirdilər. Çünki XX yüzildə Rusiyada hakimiyyəti ələ alan bolşeviklər xalqların dostluğundan, benləlmiləlçilikdən dəm vursalar da türk xalqlarının yaxınlaşmasına qısqancliqla yanaşmış, buna imkan verməmişlər. XX yüzilin 20-30-cu illərində açıqfikirli ziyalıları pantürkist adıyla həbs edir, güllələyirdilər. Sonrakı illərdə isə gizlin şəkildə türk xalqlarının yaxınlaşmasına səbəb olacaq hər bir şeyi yasaqlayırdılar.

Yusif Məhəmmədcan oğlu Məhəmmədşahi 1562-63-cü illərdə Azərbaycanın Qarabağ bölgəsində ruhani ailəsində doğulub. İlk təhsilini atasının açdığı məktəbdə alan Yusif böyüyəndə bölgədə sadə bir din xadimi olmaq istəyirdi. Lakin zaman başqa bir höküm verdi. Yeniyetməlik çağında atası onu təhsilini artırmaq üçün Şirvana göndərir. Orada mədrəsə təhsili aldıqdan, biliklərini artırdıqdan, tanınmış ailmlərlə tanış olduqdan sonra müəllimlərinin məsləhətilə Həbibulla Mirzəcan Şirazi əl-Bəqnəvinin yanına gedir. Həbibulla Mirzəcan Şirazi dövrünün məşhur filosofu və ilahiyyat alimi kimi tanınırdı. Səfəvilərin elmə, təhsilə, dövlət quruculuğuna böyük diqqət yetirdiyinə görə Şiraz inkişaf etmiş bir şəhərə, doğunun elm və mədəniyyət mərkəzlərindən birinə çevrilmişdi.

Burada yalnız Şirazda və çevrəsində yaşayan alimlər yaşamırdı. Doğunun bir çox bölgələrindən alimlər burada işləməyə, gənclər təhsil almağa gəlirdi.

Yusif Qarabaği Şirazda yalnız sevimli müəllimi Həbibulla Mirzəcan Şirazi əl-Bəqnəvidən dərs almaqla kifayətlənmir, burada riyaziyyat, astronomiya, tibb elmlərini də dərindən öyrənir.

Osmanlı-Səfəvi savaşları Şiraza da öz təsirini göstərir. Şəhərin iqtisadiyyatında bir çoküş başlayır. Bir tərəfdən də azadfikirlilik yavaş-yavaş sıxışdırılır. Səfəvilər dövlət siyasətini şiə təriqətinin əsasında qurmuşdular. Osmanlı soltanları isə sünnü təriqətinə dayanaraq ölkəni idarə edirdilər. Buna görə də Səfəvilər sünnü təriqətinə üstünlük verən din adamlarını sıxışdırırdılar.

İqtisadi sıxıntıdan və dini ayrıseçkilikdən çana doyan Yusif Qarabaği Əmir Teymurun nəvələrinin hakim olduqları, Moğollar dövləti qurduqları Hindistana gedir. O Hinidtanda da çox qalmır. Oradan Türküstana gedir.

Bir müddət Türküstanın inkişaf etmiş şəhərlərindən olan Səmərqənddə yaşayır. Az zamanda böyük alim, uyumlu bir insan, gözəl alim kimi tanınır. Səmərqənddə mədrəsədə dərs deyir. Az vaxt içərisində o, şəhərin filosof və şairləri arasında böyük alim kimi şöhrət qazanır. Hörmət əlaməti olaraq ona “Böyük axund” deyə müraciət edirlər.

Yusif Qarabaği Səmərqənddə sufilərin Kəbrəviyyə təriqətinin üzvlərilə dostlaşır. Bu təriqətdəki azadfikirlilik, insanın Allaha qovuşmasının yollarının saflıqdan, təmizlikdən, xeyirxahlıqdan keçməsi fikirləri Yusif Qarabağini özünə elə cəlb edir ki, az sonra təriqətin öncüllərindən birinə çevrilir.

Kosa ləqəbilə məşhurlaşan Yusif Qarabağinin Səmərqənddə Hüseyniyə xanəgahında yaşayarkən Mövlanə Cəlaləddin Dəvvaninin “Şərhi əqaidi-əzüdi” əsərinə haşiyə və əlavələr yazır. “Haşiyeyi Xanigahı” adlanan bu əsərini 30 noyabr 1590-cı ildə ustadı Əbu Hamid Xəlilullaha təqdim edir.

Yusif Qarabağinin “Haşiyeyi Xanigahı” əsəri müasirləri tərəfindən birmənalı qarşılanmır. Onu tərifləyənlər də olur, tənqid edənlər də. Hətta Ağa Hüseyin Xalxali “Haşiyeyi Xanigahı” əsərinə tənqid yazır. Yusif Qarabaği 1623-cü ildə, yəni, Buxarada yaşayanda Ağa Hüseyin Xalxalinin tənqidinə cavab yazır. Bu cavabı “Tətimmətul-həvaşu fi izalətil-ğəvaşi” (Qaranlıq məsələləri aradan qaldırmaq məqsədilə haşiyələrə əlavə) adlandırır.

Buxaranın əmiri Bahadur xan şeirlər və elmin müxtəlif sahələrinə dair kitablar yazmaqla yanaşı, alimlərə də qayğı və diqqət yetirirdi. Sarayında alimlərin, şairlərin, nəqqaşların, xəttatların, miniatürcülərin və b. sənət adamlarının çalışması üçün lazımi şəraət yaratmışdı. Buna görə də Yusif Qarabaği sevgili müəllimi Mirzəcan Şirazi ilə birlikdə Səmərqənddən Buxaraya köçür.

Əmir Bahadur xan Yusif Qarabaği ilə ustadı Mirzəcan Şirazinin gəlişini xoş qarşılayır. Onların işləmələri, yaşamaları və elmi axtarışlar aparmaları üçün lazımi şərait yaradır. Az bir zamanda Yusif Qarabaği Əmir Bahadur xanın sevimlisinə və yaxın dostuna çevrilir.

Əmir Bahadur xan Yusif Qarabağinin şərəfinə 1619-cu ildə yeni bir kitabxana tikdirir, onu da kitabxanaya rəhbər təyin edir. O, burada daha çox Fərabi, İbn Sina, Bəhmənyar, Biruni, Tusi, Qəzvini, Davvani, Taftazani kimi filosof alimlərin əsərlərinə şərhlər yazmaqla qalmır, həm də Aristotel, Platon, Pifaqor, Sokrat kimi batı filosoflarının əsərlərinə şərhlər yazır, öz baxışlarını da bu əsərlərində ortaya qoyur. “Nur saraylarının şərhi olan hür mənzərələrinə haşiyə”, “Varlıq fəlsəfəsi kitabına haşiyə” və b. əsərlərini yazır. Əsərlərində dünyanın vahidliyi ideyasını müdafiə edən filosof varlığı fəlsəfənin obyekti hesab edir. Ona görə təbiətlə insan arasındakı münasibət tək ilə cəm, hissə ilə tam arasındakı münasibətə oxşayır.

Y.Qarabaği Allahı insanın özündə axtarmaqla kifayətlənmir, onu təbiətin içərisində əridir. Kiçik aləm olan insanı böyük aləmi təbiətin surəti hesab edir. Savaşlar, zəlzələlər, yanğınlar böyük elm fədailərinin əsərləri sırasında Yusif Qarabağinin də əsərlərini yox etdi. Ancaq alimin əsərləri tamamilə məhv olmadı. Dünyanın bir çox kitabxanalrında, elm və mədəniyyət mərkəzlərində, muzeylərdə həmyerlimizin əsərləri saxlanılır.

Onu demək yetərlidir ki, yalnız Özbəkistan Elmlər Akademiyasının Biruni adına Şərqşünaslıq İnstitutunun Əlyazmalar fondunda Yusif Qarabağinin 24 traktatı saxlanılır.

Alimin sağlığında və ölumundən sonra onun haqqında olduqca dəyərli fikirlər söyləmişlər. Türküstanlı təzkirəçi Mir Şərif Seyid Xacə Raqemi “Tarixi Raqemi” əsərində Yusif Qarabağidən söz açarkən onu, “bilik səmasının on dörd gecəlik bədirlənmiş ayı” adlandırır.

Daha çox şair filosof kimi tanınan Yusif Qarabağinin istedadını, Əmir Bahadur xanla dostluğunu qısqananlar da az deyildi. Onu qısqanan, paxıllığını çəkənlər qanqaraldıcı söz-söhbətlərdən qalmır, arxasınca yalanlar söyləyir, riyakarlıq edir, hətta böhtan atmaqdan belə çəkinmirlər. O isə rəqiblərinə onların metodları ilə deyil, yaradıcılığı və insanpərvərliyi ilə cavab verir.

Əmir Bahadur xan da Yusif Qarabağinin bu xüsusiyyətlərini yüksək qiymətləndirir. Qarabaği daha çox şair filosof və müəllim kimi tanınsa da, tibbə dair əsərləri də uzun müddət həkimlərin sevimli kitabı olmuşdur.

Yusif Qarabağinin Əbu Əli İbn Sinanın “Qanun” əsərinə yazdığı şərh və izahlar yaşadığı dövrdə deyil, özündən sonrakı yüzillərdə də böyük maraqla qarşılanmışdır.

Yusif Qarabaği elmin nəzəri sahələrindən çox praktik məsələlərə diqqət yetirən alimlərdən olmuşdur. Onun hüquqa, dövlətin idarə olunmasına dair yazdığı əsərlər, əmirlərin, sultanların, vəzir-vəkilin, saray əyanlarının və divan üzvlərinin tez-tez istifadə etdiyi əsərlər olmaqla yanaşı, Qarabağinin özündən də məsləhətlər alırdılar.

Yusif Qarabağinin türkcə yazdığı şeirlər də sənətkarlıq və dilinin aydınlığı ilə seçilir. O, yazır:

Ürəyim qana doldu, bu qan da olmalıydı,

Cövrünlə bundan yaxşı daha nə olmalıydı?

Həyatını elmə və şeirə həsr etmiş Yusif Qarabaği 1647-ci ildə (bəzi qaynaqlarda isə 1644-45-ci il göstərilir) Buxarada gözlərini həmişəlik yumur. Onu Buxara yaxınlığındakı Səfid-Muy kəndində, indi Sallaxana darvazası kimi tanınan Baba-i Şauki Parəduz darvazasının yaxınlığındakı qəbiristanda dəfn edirlər.

43 il sonra, yəni 1690-cı ildə onun cənazəsini Bədəxşana apararaq, sevimli müəllimi Xəlilullah Bədəxşaninin türbəsinin yanında dəfn edirlər. Kəbrəviyyə təriqətinin üzvləri Yusif Qarabağinin əsərlərinin təbliğində və ideyalarının yayılmasında böyük rol oynamışdır.

Yusif Qarabaği və onun kimi aydınlarımız, Türk, islam birliyi üçün böyük işlər görmüşlər. Bunu yaxşı bilən müstəmləkəçilər onları unutrurmağa çalışmışlar. Qədirbilən insanlar isə onların fəaliyyətinin unudulmasına yol verməmiş, əsərlərinin üzünü köçürərək çoxaltmış, kitablarını nəşr etmiş, ideyalarını yaymışlar.

 
Sayğac
 
Flag Counter
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol