ŞEYX MƏHƏMMƏD XİYABANİ
Türk Dünyasının Məşhurları 12
Təbrizdə Azadıstan dövlətinin qurucusu, Azərbaycanın azadlığı uğrunda şəhid olmuş, ictimai-siyasi xadim Şeyx Məhəmməd Xiyabani.../Әli Şamil
Göndərmə 4/29/2010 8:08:55 AM UTC
Güncəlləmə 5/24/2010 8:45:09 AM UTC
www.trtazerbaycan.com http://www.trtazerbaycan.com/trtworld/az/newsdetail.aspx?haberkodu=fa2e9bf5-f6ae-4d37-896e-0d746a4c3ca9
Təbrizdə Şeyx Məhəmməd Xiyabani şəhid olan gün şəhərin Sırxab məhəlləsində bir uşaq dünyaya göz açır. Böyüyəndə alim, sosyoloq, şair kimi tanınan həmin uşaq Həmid Nitqi idi. Həmid Nitqi 54 il sonra Xiyabaninin şəhid olduğu günü xatırlayanda hisslərini belə ifadə edir:
Sənin gözlərin yumulanda
Mən gözlərimi açdım:
Hər yan dumandı, tüstüydü
Yanğın külləri hələ istiydi.
Şəhərimdən
Bütün mavi quşlar uçmuşdu
Eynalı utancından qıpqızıl
Tərlan suyu susmuşdu.
Hər yer boşdu
Hər şey heşdi puşdu
Yetim buraxdığın
Dünyanın
Ağır havasında
Bitməyən yasında
Böyüdüm boy atdım.
1879-cu ildə Təbriz yaxınlığındakı Xaminə kəndində dünyaya göz açan Məhəmməd ilk təhsilini atası Hacı Əbdülhəmiddən almışdı. Sonra Təbrizdəki mədrəsəni bitirərək müctəhid dərəcəsini qazanmışdı. Din xadimlərinin çoxu dünyada baş verən dəyişiklərə müqavimət göstərərək, keçmişin qayda və qanunlarıyla yaşamaq istədikləri, yeniləşməyə, dəyişikliklərә qarşı durduqları halda Şeyx Məhəmməd vətəninin demokratik bir ölkəyə çevrilməsi, monarxiyanın –şahlıq idarə üsulunun məhdudlaşdırılması uğrunda gedən mübarizənin önündə olmuşdu. Belə ki, o 1905-1911-ci illərdə məşrutə hərəkatının fəalı kimi Azərbaycan Milli Əncüməninin və İkinci çağırış İran məclisinin deputatı olmuşdu. 1911-ci ildə Səttərxanın silahlı dəstəsi milliyətcə erməni olan Yeprem Davityansın əlilə tərksilah edilib zindanlara atıldıqdan sonra Bağırxanın mücahidlər dəstəsi də buraxılır. Konstitusya tərəfdarlarını müdafiə edə biləcək güc qalmadıqda İran məclisi buraxılır. Məşrutə hərəkatının məğlubiyyətindən sonra Şeyx Məhəmməd Xiyabani Xorasanda, Mahaçqalada, Bakıda və Tiflisdə yaşamalı, siyasi fəaliyyətini oralarda davam etdirməli
1914-cü ildə Təbrizə qayıdaraq burada gizli siyasi fəaliyyətini davam etdirən Şeyx Məhəmməd Xiyabani var gücüylə Demokrat Partiyasının fəaliyyətini genişləndirməyə çalışır. 1919-cu ilin avqustunda Şeyx Məhəmməd Xiyabanini Azərbaycan Demokrat Partiyasının Mərkəzi Komitəsinə sədr seçirlər. Onun bir sıra siyasi məqalələri də həmin dönəmdə Azərbaycan Demokrat Partiyasının orqanı olan “Təcəddüd” qəzetində çap olunur.
Şeyx Məhəmməd Xiyabaninin başçılıq etdiyi azadlıq mücahidləri daxili irticaya və yadelli işğalçılara qarşı mübarizə aparmaqla bərabər, ölkə miqyasında yeniləşmə - demokratik dəyişikliklər aparılmasını tələb edir, bütün İranda xalq inqilabının qələbəsinə, şahlıq rejiminin ləğvinə və respublika tipli demokratik dövlət yaradılmasına çalışır, yeni yaradılacaq demokratik İran dövlətinin tərkibində Cənubi Azərbaycana muxtariyyət verilməsi uğrunda mübarizə edirdilər.
1918-ci ilin əvvəllərində rus qoşunları Cənubi Azərbaycandan çəkilməli olur. Bundan istifadə edən Böyük Britanya "Osmanlı təhlükəsini qabaqlamaq" adıyla hərbi qüvvələrini həmin bölgəyə yeridir. Əslində İngilislər Bakı neftinə can atırdılar. Onların Cənubi Azərbaycanın Osmanlı dövlətilə sərhəd rayonlarını ələ keçirmələri, bütün İranı nəzarət altına almaları ölkədə narazılığı daha da artırır. Cənubi Azərbaycanda milli azadlıq hərəkatı daha sürətlənir.
Belə bir şəraitdə keçmiş rus zabitləri tərəfindən silahlandırılmış erməni quldurları Şərqi Anadolu və Şimali Azərbaycanda olduğu kimi, Urmiya, Salmas, Xoy və başqa bölgələrində müsəlmanları qırmağa başlayır. Fransız zabitləri və Amerika missionerləri tərəfindən qızışdırılan aysorlar və kürdlər də Azərbaycan xalqına qarşı yönəldilən bu cinayətdə fəal iştirak edirlər. Yaranmış ağır vəziyyətdə Osmanlı hərbi qüvvələri Cənubi Azərbaycan Türklərinin köməyinə çatır. Birinci Dünya Savaşında Osmanlı dövlətinin məğlubiyyətə uğraması Cənubi Azərbaycan demokratlarına da ağır zərbə olur. Osmanlı hərbi qüvvələri 1918-ci ilin noyabrında xilaskarlıq missiyasıyla gəldikləri yerləri tərk etməli olur. Bundan istifadə edən ingilislər Təbriz də daxil olmaqla bütün Cənubi Azərbaycanı işğal etdilər.
1919-cu il avqustun 9-da işğalçıların təzyiqi altında İranla İngiltərə arasında saziş bağlanır. Sazişin şərtlərinə əsasən İran İngiltərədən asılı dövlətə çevrilir. Bütün İran, o cümlədən Cənubi Azərbaycan bu alçaldıcı sazişə qarşı ayağa qalxır. Cənubi Azərbaycanın hər yerində izdihamlı mitinglər və nümayişlər başlandı. 1919-cu ilin oktyabrında üsyana qalxan Təbriz mücahidləri İran valisini şəhərdən qovur. Bundan çox keçməmiş Təbriz əhalisinin tələbi ilə ingilis hərbi hissələri də şəhərdən çıxarılır.
Milli azadlıq hərəkatı getdikcə daha ardıcıl xarakter alır və özünün həlledici mərhələsinə daxil olur. 1920-ci il aprelin 7-də Şeyx Məhəmməd Xiyabaninin rəhbərliyi ilə Təbrizdə silahlı üsyan başlayır. Mərkəzdən göndərilmiş polis dəstələri üsyanı yatırmaq üçün əməli fəaliyyətə başlamağa cəsarət etmədiklərindən şəhəri tərk edirlər. Azərbaycan Demokrat Partiyasının qan tökülmədən qalib gəlir və həmin günü xalq qarşısında çıxış edən Şeyx Məhəmməd Xiyabani "Azadıstan" ("Azadlıq ölkəsi") adlandırdıqları bir dövlət quracaqlarından söz açır.
Onlar dərhal əməli fəaliyyətə başlayırlar. Mərkəzdən göndərilmiş dövlət məmurları və hərbi qulluqçular vəzifələrindən kənarlaşdırılır. Beləliklə, İranda demokratik dəyişikliklər və yeniləşmə uğrunda başlanmış hərəkat, nəticə etibarilə, milli azadlıq hərəkatına çevrilir. Xalq azadlığa can atır, özünün müstəqil, milli dövlətini yaratmaq istəyir.
Təbrizdən sonra Xoy, Ərdəbil, Astara, Marağa, Əhər və Zəncanda da xalq ayağa qalxır. 1920-ci ilin iyunun 23-də Təbrizdə Ş.M.Xiyabaninin başçılığı ilə Milli Hökumət yaradılır. Milli Hökumətin fəaliyyətə başladığı 24 İyun Təbrizdə ümumxalq bayramına çevrilir. Şeyx Məhəmməd Xiyabaninin başçılıq etdiyi Milli Hökumət müstəqil demokratik respublika funksiyasını yerinə yetirir.
Lakin onlar müstəqil demokratik respublika yaratmalarına baxmayaraq, yeni yaradılacaq demokratik İran dövlətinin tərkibində milli muxtariyyət hüququ əldə etmək uğrunda mübarizə aparacaqlarını elan edirlər. Xiyabani və silahdaşları düşünürdülər ki, "Təbriz İrana nicat verəcəkdir!".
Milli Hökumət iqtisadiyyat, maarif, səhiyyə və b. sahələrdə islahatlar aparır. Savadsızlığın ləğvinə başlanır. Milli məktəblər, xəstəxanalar açılır. Təbrizdə yoxsul uşaqları üçün pulsuz qız məktəbi fəaliyyətə başlayır. Yeni açılmış milli məktəblərdə dərs demək üçün Bakıdan, Türkiyədən, habelə Tiflisdən müəllimlər dəvət olunur. Milli qvardiya yaradılması üçün hazırlıq işləri görülür. Milli Hökumət öz jandarm və polis dəstələri yaradır. Polis çalışa biləcək kadrlar hazırlamaq üçün xüsusu məktəb açır.
Xiyabani xalqını maariflənməyə, inkişaf naminə mübarizəyə çağırır, onları müstəqilliyin, azadlığın yalnız bu yolla əldə olunacağına inandırmaq istəyir. O, Təbrizin şəhər bağında tez-tez toplantılar keçirir və bundan özünün, məslәkdaşlarının demokratik fikirlərini yaymaq üçün istifadə edir.
Şeyx Məhəmməd Xiyabani 1920-ci ilin iyunun 15-dəki nitqində deyir:- " Çox təəssüf olsun ki, biz öz qədir və qiymətimizi çox az bilmiş, bəlkə də özümüzdə olan mənlikdən xəbər tutmamışıq. Bu, fərdlərin həyatında təcrübədən keçirilmişdir... Müstəqil olmayan bir xalqın əzmi və hörməti yoxdur. Xalqın istiqlaliyyətini onun əxlaqi fəziləti saxlaya bilər. Hər bir xalqın istiqlaliyyətini qoruyan onun mərdlik və şücaətidir".
Tehran rejimi bir tərəfdən Milli Hökumətin başını qarışdırmaq üçün Ş.M.Xiyabani ilə danışıqlar aparır, müxtəlif vədlər verir, digər tərəfdən isə Təbrizə hücum planı hazırlayırdı. Bütün hazırlıq işləri başa çatdırıldıqdan sonra 1920-ci il sentyabrın 12-də irtica qüvvələri Təbrizə hücum edirlər. İki günluk müqavimətdən sonra hərbi sursatı və ordusu olmayan gənc hökumət məğlub olur. Sentyabrın 14-də Xiyabani şəhid olur və onlarla insan öldürülür və ya həbs edilir. Beləliklə, Azərbaycan xalqının istiqlal mübarizəsinin daha bir parlaq səhifəsi tarixə qovuşdu.
Həmid Nitki isə ötənləri xatırlayaraq Xiyabaniyə müraciətlə yazır:
Amma neyçin
Vəd etdiyin
Saat çatmadı?!
Nədən əkdiyin ağac dal budaq salmadı?
Yaraalar sağalmadı!
|