Göndərmə 05.12.2013 07:58:54 UTC
    Güncəlləmə 05.12.2013 07:58:54 UTC
    
    
    “Türk dünyasının məşhurları” proqramında sizlərə ömrünü vətən və millət  yolunda şam kimi əritmiş, lakin siyasi baxışlara görə uzun illər adlarının  çəkilməsi belə qadağan olunmuş, yaxud ömür yolları, yaradıcılıqları  öyrənilməmiş, bir sözlə, bilərəkdən unutdurulan insanlardan söz açmağa  çalışırıq. Belə insanlardan biri də tatar xalqının oğlu, görkəmli ictimai-siyasi  xadim, dövlət adamı, dünyada kommunizmin qurulacağına böyük inam bəsləyən  Mirsəet Soltanqaliyevdir.
    Mirsəet Xəydərqali oğlu Soltanqaliyev 1892-ci il iyulun 13-də müəllim  ailəsində doğulub. Onun Rusiyanın işğal etdiyi türk torpaqlarında yaratdığı Ufa  quberniyasının Elimbetov və ya Karmaskalı kəndində anadan olduğunu yazırlar.  İndi bu bölgə Başqırdıstan Respublikasının Strelibaş rayonuna daxildir.
    Uzun müddət adı və əsərləri qadağan edilən, bəzən isə tənqid hədəfinə  çevrilən Mirsəet Soltanqaliyev haqqında SSRİ dağıldıqdan sonra çox yazırlar. Bu  yazıların böyük əksəriyyəti də onun ideyasına həsr edilir. Ömür yolunun  öyrənilməsi arxa planda qalır. Buna görə də uşaqlıq və gənclik illəri haqqında  geniş məlumata az rast gəlinir.
    Qaynaqların verdiyi bilgiyə görə ilk təhsilini atasından alıb. 1907-1911-ci  illərdə Kazan şəhərindəki müəllimlər seminariyasında oxuyub. Sonra da  Başqırdıstanda, Orenburqda müəllim işləyib. Lakin orada çox qalmayıb.  Gündən-günə sürətlə inkişaf edərək sənaye və mədəniyyət şəhərinə çevrilən Bakıya  köçüb. Onun Azərbaycana gəlişi, Bakıdakı fəaliyyəti geniş öyrənilməyib. Çox vaxt  1905-ci ildən sonra Bakıya gəldiyini, burada tatar məktəbində işlədiyini  yazırlar. Həmin illərdə nəinki Bakıda, Qafqazın hər yerində müsəlmanların  açdıqları məktəblərin əksəriyyəti rus-tatar məktəbləri adlanırdı. Buna görə də  bilmək olmur ki, Mirsəet Soltanqaliyev yerli ziyalıların açdığı məktəbdə dərs  deyib, yoxsa Kazan və Volqaboyu tatarların açdığı məktəblərdə.
    Bakıda olarkən müəllim, kitabxanaçı işləməklə yanaşı, qəzetlərə məqalələr  yazan Mirsəet Soltanqaliyevin dünyagörüşü “inqilab beşiyi” adlandırılan Bakıda  formalaşıb. Millətlərin əsarət altına alınmasından, kapitalistlərin  istismarından, imperializmin müstəmləkə siyasətindən narazı qalan Mirsəet  Soltanqaliyev sosialistlərlə bir mövqedə durub. İnqilabçılarla sıx əlaqədə olan  gənc müəllim Məhəmmədəmin Rəsulzadə, Nəriman Nərimanov və başqaları ilə tanış  olub.
    1917-ci il fevral burjua inqilabından sonra Sankt Peterburqa gedən Mirsəet  Soltanqaliyev ardıcıl siyasi fəaliyyətlə məşğul olub. May ayında Moskvada  keçirilən Ümumrusiya Müsəlmanları Qurultayında rəhbər heyəti olan Milli Şuraya  seçilib. Lakin qurultay iştirakçılarının əksəriyyətinin mövqeyi ilə  razılaşmayıb. Bolşeviklərin “dünya inqilabı” nəzəriyyəsi ona daha cəlbedici  gəlib. Odur ki, 1917-ci ilin iyulunda Kazan şəhərinə gəlib. Burada Mollanur  Vaxidovla Müsəlman Sosialist Komitəsini qurur və onun İcraiyyə Komitəsinə katib  seçilir. 1917-ci ilin noyabrında isə bolşeviklərin sırasına qoşulur.  İctimai-siyasi həyatda fəallığını, təşkilatçılıq bacarığını, bolşeviklərin  cərgəsində müsəlmanların azlığını nəzərə alıb Mirsəet Soltanqaliyevi Rusiya Xalq  Millətlər Komissarlığında Milli Məsələlər bölməsinə rəhbər təyin edirlər.  Komissarlığın katibi vəzifəsinə isə Mustafa Sübhü təyin edilir.
    Mirsəet Soltanqaliyev komissarlıqda işləyərkən burada müxtəlif xalqlardan  olan bolşeviklərlə görüşür, gələcək mübarizə yollarını müəyyənləşdirməyə  çalışır. Onlar 1918-ci il mayın 10-16-da Moskvada Tatar-Başqırd Sovet  Respublikasının Qurucu Məclisinə hazırlıq toplantısının keçirilməsinə nail  olurlar. Əhməd Zəki Vəlidi Toğan, Sədri Maqsudi Arsal, Əli xan Bökeyxanov və  başqaları isə milli muxtariyyat statusunda qurduqları hökumətlərin Sovet  rəhbərliyi tərəfindən tanınmasını istəyirdilər. Mirsəet Soltanqaliyev bunu  türk-müsəlman xalqların bölünməsi kimi qiymətləndirirdi. O, yalnız Rusiya işğalı  altında əzilən müsəlman xalqlarının deyil, Şərq xalqlarının birlikdə  imperializmə qarşı mübarizəsini planlayırdı. O, elə düşünürdü ki, dünya inqilabı  ideyasını ortaya atmış sosialistlər bu işdə əzilən Şərq xalqlarının ən yaxın  köməkçisi olacaqdır. Odur ki, Rusiya əsarəti altında olan müsəlman xalqlarının  milli azadlıq mübarizəsini qətiyyən qəbul etmirdi. Onlara qarşı çox sərt  davranırdı. Bu qarşıdurma isə bolşeviklərin işinə yarayırdı.
    Bolşeviklər ağqvardiyaçıların və çex üsyançılarının Şərqdən hücumlarının  qarşısını ala biləcək gücdə deyildilər. Bundan yararlanan türk – müsəlman  xalqları da milli silahlı dəstələr yaradıb öz müxdariyyatlarını elan edirdilər.  Belə gərgin bir vəziyyətdə bolşeviklərə Mollanur Vahidov, Mirsəet Soltanqaliyev,  Nəriman Nərimanov kimilərinə böyük ehtiyacları vardı. Bolşeviklərin yardımı ilə  1918-ci il mayın 2-də Mollanur Vahidovun rəhbərliyi altında Mərkəzi Müsəlman  Əsgəri Şurası quruldu. Müsəlman Qızıl Ordusunun təşkilatlanması vəzifəsi Mirsəet  Soltanqaliyevə tapşırılır. O, Beşinci Qızıl Ordunun yüzdə yetmiş beşini təşkil  edən Tatar-Başqırd Taburlarını və Müsəlman Qızıl Alayını təşkil edə bilir.  Bununla da nəinki milli qüvvələrin parçalanmasına, bir-birinə qarşı savaşmasına  şərait yaradır.
    Ağqvardiyaçılar və əsirlikdən qurtulub evlərinə getmək istəyən çex əsgər və  zabitləri 1918-ci ilin avqustunda Kazan şəhərinə hücum etdilər. Bolşevik əsgəri  birlikləri onların hücumunun qarşısını ala bilmir. Həmin vaxt Moskvada olan  Mollanur Vahidov Tatar Qızıl Alayının başına keçərək Kazana yollanır və  döyüşlərdə əsir düşərək edam edilir. Mollanur Vahidov və yüzlərlə tatar,  başqırd, çuvaş, qazax, qırğız döyüşlərdə həlak olsa da, ağqvardiyaçılar və  çexlər geri oturdulur.
    Mollanur Vahidov və Mirsəet Soltanqaliyev 1918-ci il iyun 17-20-də Kazanda  Müsəlman Bolşeviklərin Bütün Rusiya Konqresini keçiridlər. Müstəqil dövlət qurma  istəyinin müzakirə edildiyi bu konqresdə Mirsəet Soltanqaliyev bütün türk və  müsəlman xalqların Birləşmiş Cəbhədə bolşeviklərilə birlikdə mübarizəsinin  vacibliyini irəli sürür və millətçilərin fedaral dövlət yaratmaq ideyasına qarşı  çıxır. Onu fikrincə kiçik dövlətlər çox asanlıqla imperializmin təsir dairəsinə  düşəcə bilərfi.
    Bolşeviklər zəif olduğundan özlərini demokrat kimi göstərir, bu cür  toplantılarda millətçilərin çıxışlarına da mane olmurdular.
    Mirsəet Soltanqaliyevdən bolşeviklər yalnız döyüşlərdə, dövlətin  möhkəmlənməsində, idarəetmədə istifadə etmirdilər. Ondan həm də danışıqlarda  istifadə edilirdi. Xalqlara azadlıq, müstəqil dövlətlərini qurmaq vədləri ilə  onu müsəlman-türk liderlərilə danışıqlara göndərirdilər. O, Leninin, Stalinin,  Trodskinin vədlərinə inanırdı. Çünki Sovet hakimiyyətinin ilk illərində elə bir  görüntü yaratmışdılar ki, Mirsəet Soltanqaliyev hökumətin idarəedilməsində guya  3-4-cü adamdır. Milli məsələ haqqında fikirləri mətbuatda özünə geniş yer tapır,  toplantılarda fikirlərini müzakirəyə çıxarırdı.
    1918-1919-cu illərdə Milli Məsələ üzrə Xalq Komissarlığı yanındakı Mərkəzi  Müsəlman Hərbi Kollegiyasının sədri olan Mirsəet Soltanqaliyevi Başqırd  Resbublikasının rəhbərləri ilə danışıqlara göndərirlər. O, Lenin, Stalin,  Trotskinin istəklərini yerinə yetirərək başqırdları dinc yolla Rusiyanın  tərkibinə daxil olmağa razı salır. Bu razılıqdan sonra başqırd hərbçilərinə,  ziyalılarına, dinc əhaliyə qarşı terror başlayır. Bunu Mirsəet Soltanqaliyev  inqilab naminə quban kimi dəyərləndirir.
    1920-ci ilin sentyabrında Bakıda Şərq Xalqlarının I Qurultayının  çağrılmasında Mirsəet Soltanqaliyevin də rolu böyük olur. Qurultay bolşeviklərin  istədiyi nəticəni vermədiyinə görə Rusiyadakı müsəlman kommunistlərinin çoxunun  istəyinə baxmayaraq II qurultayın çağrılmasına icazə verilmir.
    1919-1921-ci illərdə Rusiya Kommunist (bolşeviklər) Partiyası Mərkəzi  Komitəsi yanında Şərq xalqları Kommunist Təşkilatları Mərkəzi Bürosuna sədrlik  edən, dünya üçün komminist kadrlar hazırlayan ali təhsil ocağında dərs deyən  Mirsəet Soltanqaliyev toplantılarda bəzən Leninə, Stalinə qarşı da durur. Lakin  onun bu cəsarətli hərəkəti çox da uzun sürmür. 1923-cü il sentyabrın 17-25-də  Moskvada keçirilən Rusiya Kommunist (bolşeviklər) Partiyasının 12-ci  Qurultayındakı çıxışı müsəlman-türk kommunistləri tərəfindən alqışlarla  qarşılansa da, “Soltanqaliyevin işi” deyilən bir cinayət işi açılır və onu  Lyubyanka həbsxanasına göndərirlər.
    Türk-müsəlman kommunistlərinin, eləcə də demokratik fikirli bolşeviklərin  təziqi ilə Mirsəet Soltanqaliyev həbsdən azad edilsə də, ona qarşı təzyiq və  təqiblər azalmır. Onu və onun ətrafındakı onlarla türk-müsəlman kommunistini  1928-ci ildə həbs edərək Solovkiyə göndərirlər. Bu dəfə onu hökumətdə yüksək  vəzifə tutan dostları Nəriman Nərimanov, Turar Rıskılov və başqaları da qurtara  bilmir.
    Aldadılmış Mirsəet Soltanqaliyev minlərlə türk-müsəlmanın döyüşlərdə  öldürülməsinə səbəb olduğu kimi, yüzlərlə insan da həbsinə bais olmuşdu.
    1934-cü ildə onu həbsdən vaxtından əvvəl azad edib Saratova sürgün edirlər.  Bu Sovet rəhbərliyini heç də qane etmir. Onu 1937-ci həbs edib uzun sürən  istintaqdan sonra 1940-cı il yanvarın 28-də güllələyirlər.
    Mirsəet Soltanqaliyev güllələnsə, adının çəkilməsi, əsərlərinin nəşri qadağan  edilsə də, onu dünya kommunist hərəkatının liderlərindən biri, imperializmə,  müstəmləkəçiliyə qarşı mübariz kimi tanıyırlar. SSRİ dağıldıqdan sonra  repressiyaya məruz qalanlar arasında haqqında ən çox danışılan, ən çox  yazlıanlardan biri də Mirsəet Soltanqaliyev oldu.
    Mətni yazdı Əli Şamil (Əli Hüseyin oğlu Şamilov)