Abdraxman Umarov

Türk Dünyasının Məşhurları- 43

ABDRAXMAN UMAROV

 Göndərmə 11/8/2013 9:51:42 AM UTC 

 Güncəlləmə 11/8/2013 11:56:34 AM UTC 

www.trtazerbaycan.com                                                      http://www.trtazerbaycan.com/trtworld/az/newsDetail.aspx?HaberKodu=68f9fd55-ce6d-47aa-98c5-781bca5f39a1
 “Türk dünyasının məşhurları” proqramında sizlərə ömrünü vətən və millət yolunda şam kimi əritmiş, lakin siyasi baxışlara görə uzun illər adlarının çəkilməsi belə qadağan olunmuş, yaxud ömür yolları, yaradıcılıqları öyrənilməmiş, bir sözlə, bilərəkdən unutdurulan insanlardan söz açmağa çalışırıq. Belə insanlardan biri də noqay-tatar alimi, pedaqoqu, jurnalisti, naşiri Abdraxman Umarovdur. 

 

 20-ci yüzilliyin ilk onilliklərinə kimi keçmiş Rusiyada yaşayan türk xalqlarını bir-birindən ayırmaq o qədər də asan olmurdu. Yəni onlar günümüzdəki kimi kəskin özbək, qazax, qırğız, azərbaycanlı, tatar, başqırd, noqay və başqa adlarla ayrılmamışdılar. Ona görə də bir çox alimlərin, yazıçıların, jurnalistlərin, bir sözlə tanınmış ziyalıların gah tatar, gah başqırd, gah türk, gah noqay adlandırılır. Abdraxman Umarovun gah noqay, gah tatar yazılması da bundan qaynaqlanır. Onun adının Abdraxman, Əbdülrəhman, soyadının isə Umarov, Omarov və Ömərov yazılmasına da tez-tez rast gəlmək olur. 

  Abdraxman İsmayıl oğlu Umarov 1866-cı ildə doğulub. Onun doğulduğu illərdə noqaylar hələ də köçəri halda yaşayırdılar. Buna görə də qaynaqlar onun hansı şəhərdə, hansı kənddə anadan olduğunu yazmaqdansa, hansı tayfadan olduğuna üstünlük verirlər. Abdraxman Umarov da Həştərxan bölgəsində yaşayan nayman tayfasındandır. 

 

 Abdraxman Umarov ilk təhsilini molla yanında almışdır. Molla sadəcə ona oxumağı və yazmağı öyrətməmişdir. Türk ləhcələrini, fars, ərəb dillərini öyrətmiş, dini və dünyəvi biliklərdən məlumat vermişdir. İlkin hazırlığı yaxşı olduğundan Ufa şəhərindəki Qaliyə mədrəsəsinə daxil olanda şəhərdə yaşayan, ibtidai məktəbi bitirən yaşıdlarından o qədər də fərqlənməmişdi. 1906-cı ildə Ufada imkanlı adamların topladığı vəsaitlə yaradılan, dövrünün böyük din xadimi və pedaqoqu Ziyaddin Kamaletdinovun rəhbəriliyi ilə fəaliyyətə başlayan mədrəsə ali təhsil ocağ kimi qurulduğunda çox vaxt adı Aliyə kimi də yazılır. Mədrəsədə təhsil dörd mərhələli idi. Üç illik birinci mərhələ ibtidai, dörd illik ikinci mərhələ rüşdi, 4 illik keçid mərhələsi iqdadiyə və üç illik ali mərhələ qaliyə adlanırdı. 

  20-ci yüzilliyin türk-tatar ziyalılarının böyük bir qisminin adı bu təhsil ocağı ilə bağlıdır. Burada klassik mədrəsələrdən fərqli olaraq dünyəvi elmlər də tədris edilir, tələbələr praktik işlərə hazırlanırdı. Mədrəsədə qəzet-jurnalların nəşri, mətbəə işləri təcrübi olaraq şagirdlərə tədris edilirdi. Buna görə də Qaliyə mədrsəsini bitirənlərin bir çoxu asanlıqla jurnalistik edir, qəzet-jurnal açır, mətbəə yaradaraq onu uğurla işlədə bilirdi. 

  Bəzi qaynaqlarda isə Abdraxman Umarovun dövrün böyük alimi Şəqabəddin Mərcaninin tələbəsi olduğu və Kazandaki “Mərcaniyyə” mədrəsəsində oxuduğu göstərilir. 1892-ci ildə Həştərxana dönən Abdraxman Umarov yeni üsulla dərslər keçiriləcək “Nizamiyyə” mədrəsəsini açır. Kırımda İsmayıl bəy Kaspıralının təşəbbüsü ilə yaradılmış bu təhsil metodu tarixə cədidçilik, yəni yenilikçilik hərəkatı kimi daxil olmuşdur. 

  Abdraxman Umarov 1906-cı ilə kimi məktəbdarlıqla məşğul olmuşdur. Onun ictimai işlərdə fəallığı 1905-ci il inqilabından sonra artmışdır. 

  1900-cü illərə kimi Rusiya işğalı altında olan müsəlman şəhərlərinə nisbətən Hədərxan şəhərində oxumuşların sayı az idi. Buraya kadrlar əsasən Kazandan və İstanbuldan gəlirdi. Hətta şəhərin ictimai-siyasi həyatında iştirak edən, ticarətlə məşğul olan müsəlmanların sayı da az idi. 1900-cü ilin siyahıyaalmasına görə şəhərdə 50 minə yaxın müsəlman yaşayırdı. Onların da çoxunu tatarlar, noqaylar, az bir qismini isə qazaxlar, Qafqazdan, İrandan gələnlər təşkil edirdi. 

 

 Əsli Şirvandan olan və bir neçə il İstanbulda yaşayaraq, orada təhsilini davam etdirən Müstafa Lütfi əfəndi Şirvanski (İsmayılov) Həştərxana gəlişi şəhərdə bir dirçəlişə səbəb olur. Ticarət və maarifçilik məqsədilə Həştərxana gələn Mustafa Lütfi əfəndi 1905-ci il 17 oktyabr manfestinin verdiyi imkanlardan istifadə edərək 1905-ci il noyabrın 26-da Həştərxanda ilk ictimai-siyasi cəmiyyət olan Şura-i İslamı qurur. Bu cəmiyyətin nəzdində 1906-cı il iyunun 6-da “Bürhan-i tərəqqi” qəzeti nəşrə başlayır və 1906-1912-ci illərdə fəaliyyət göstərmiş oğlanlar üçün Darülədəb, qızlar üçün “Numune-i tərəqq” adında yeni üsulla dərs verən məktəblər açır. 

 

 Bundan təsirlənən tatar və noqayların bir qrupu da Abdraxman Umarovun rəhbərliyi altında da Cemiyyet-i İslamiyeni qurur. Bu cəmiyyət “İdil” qəzetinin nəşrinə icazə alır. Naşiri Abdraxman Umarovun olan qəzetin redaktorluğuna “Bürhan-i tərəqqi” qəzetinin müxbiri Zahidullah Şerifullin gətirilir. Qəzetin ilk sayı 1907-ci il sentyabrın 7-də işıq üzü görür Cemiyet-i İslamiyə də öz məktəblərini təşkil edir. 

  İlk baxışda xoş görünən bu işin arxasında Rusiya xüsusi xidmət orqanlarının məkirli siyasəti vardı. Onlar İstanbuldan gəlmiş, islamçılığı, türkçülüyü təbliğ edən, müsəlmanların birliyinə nail olmaq istəyən bir qrupun Həştərxanda maarif və mədəniyyət sahəsini əllərinə almasını istəmirdilər. Eyni qayəli bu iki təşkilat əl-ələ verərək, bir birinə yardım edib şəhərdə maarif və mədəniyyəti yüksəltmək əvəzinə qısa müddətdə bir-birinə düşmənə çevrildilər. 

 

 Çox təəssüf ki, istər Abdraxman Umarov, Mustafa Lütfi əfəndi və onları dəstəkləyən onlarla millətsevər, dindar Rusiya xüsusi xidmət orqanlarının məkrini lazımınca dəyərləndirə bilmirlər. 

  Hətta ziddiyyəti aradan qaldırmaq üçün Rusiya müsəlmanları arasında böyük nüfuzu olan, İttifaq-i Müslimin Partiyasının sədri Əlimərdan bəy Topçubaşov da Həştərxana gəlir. Şəhərin müsəlman öndərlərinin toplantısında Əlimərdan bəy Topçubaşov hər iki qrupun liderlərini barışdırır. Çox təəssüf ki, bu barışıq uzun sürmür. Hətta vəziyyət o qədər gərginləşir ki, Cemiyet-i İslamiye üzvlərindən bir qrup Həştərxan qubernatoruna şikayət edərək 1908-ci il yanvarın 22-də Mustafa Lütfini həbs etdirirlər. 

  Bu ziddiyyətlərə görə Mustafa Lütfini əfəndi bir neçə dəfə qısamüddətli həbs cəzasına məhkum olunub, onu cərimə ilə əvəzlənir. 1912-ci ildə Şura-i İslamı Cemiyet-i İslamiyeni birləşdirilir, onun qəzeti və məktəbləri bağlanır. İlk baxışda hər şey Cemiyet-i İslamiyeni xeyrinə bitdiyi kimi görünür. Əslində isə belə deyildi. Bu qarşıdurma müsəlmanların birləşməsinə əngəl olmağa yönəldilmişdi. Şura-i İslam və onun rəhbəri Mustafa Lütfini əfəndi dindaşlarının əlilə sıradan çıxarıldıqdan az sonra, yəni 1913-cü ilin payızında Aibdraxman Umarov da panislamizmdə suçlanaraq 1914-cü ilin fevralında Kazana sürgün olunur və 1917-ci ilədək orada yaşamağa məcbur edilir. 

 

 Abdraxman Umarov “İdil” qəzetini və yeni açdıqları başqa qəzet və jurnalları gücləndirmək məqsədilə Kazanda məşhur tatar şairi Said Remiyev dəvət edərək “İdil” qəzetinə redaktor qoyur. 

  Abdraxman Umarov Cemiyet-i İslamiye rəhbərlik etmək, məktəblər açaraq orada dərs demək, dərsliklər yazmaqla yanaşı, qəzet və jurnallara məqalələr yazmaqla kifayətlənmir, yeri gəldikdə onlara redaktorluq da edir. 

  1906-cı il avqustun 16-21-də Nijni Novqorodda keçirilən Rusiya Müsəlmanlarının III qurultayında və ondan sonra 1917-ci ilədək keçirilən Rusiya Müsəlmanlarının bütün qurultaylarının iştirakçısı olur. 

  Abdraxman Umarov 1907-ci ildə evində mətbəə açır. Bu mətbəəsi 1917-ci ilədk, yəni bolşeviklərin törətdiyi qarışıqlığadək fəaliyyətini davam etdirir. Bağlananadək 60-dan çox kitab çap edir ki, bunun da ümumi tiraji 123500 keçir. Şəhərdə ilk kitab mağazası, ilk oxu zalı açan da Abdraxman Umarov olur. Dindar ziyalı Abdraxman Umarov Volqa boyunu, Başqırdıstanı, Qazax çöllərini gəzərək noqay nəğmələrini də toplayır. Topladığı nəğmələrə ön söz yazıb 1912-ci ildə “Noqay jirları” adı altında çap etdirir. 

  Onun mədrəsələrdə tədris edilmək üçün yazdığı “Muqallim sarf lisan al-arab” dərsliyi 9 dəfə altı min tirajla, “Muqallimu naxvi lisan al-arabi” kitabı” iki dəfə bir neçə min tirajla çap olunur. 

  Abdraxman Umarov bolşeviklərin gəlişini də xoş qarşılamır. Bolşeviklər də onun bütün malını, mülkünü, hətta əlyazmalarını və sənədləri müsadirə edirlər. “Həştərxan noqaylarının tarixi” əsərini yazan alim, pedaqoqu Sovet hökuməti 1926-cı ildə Məkkədə keçirilən Ümumdünya İslam Konfransına göndərir. Konfransdan döndükdən sonra da həmişə təqib və təzyiq altında olur. 1929-cu ilin iyulunda və 1930-cu il avqustun 9-da onun evini yenidən yoxlayır, əsərlərini müsadirə edir, özünü istintaqa çəkirlər. Bu istintaqdan isə qurtula bilmir. Həbs edərək Arxangeliski vilayətinin Kiçik Karel kəndinə göndərirlər. Qoca alim və din xadimi 1933-cü ilin martında orada dünyasını dəyişir. 

  SSRİ dağıldıqdan sonra noqay və tatar alimləri Abdraxman Umarovun həyət və yaradıcılığını öyrənməyə, əsərlərini çap etməyə başlayırlar. 

 

 Mətni yazdı Əli Şamil (Əli Hüseyin oğlu Şamilov)

 

 
Sayğac
 
Flag Counter
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol