Kenesarı Qasımoğlu

KENESARI QASIMOĞLU

Türk Dünyasının Məşhurları-05

Qazaxıstanın son xanı, Rus işğalçılarına qarşı savaşlarda böyük qəhrəmanlıqlar göstərmiş Kenesarı Qasımoğlunun ömür yolu və mübarizəsi...Әli Şamil

 

Göndərmə 03.02.2011 12:14:31 UTC

Güncəlləmə 04.02.2011 07:22:58 UTC

www.trtazerbaycan.com

http://www.trt.net.tr/trtworld/az/newsDetail.aspx?HaberKodu=186c89dc-2b0a-40d0-aff5-0b012e2f235c



1802-ci ildə anadan olmuş Kenesarı Qasım Xan oğlunun adını və soyadını qaynaqlarda Kine Sarı Sultan, Kenesarı Qasımov kimi də yazırlar. O, məşhur Qazax xanı Albay xanın nəslindəndir.

Qazan xanlığını, Həştərxanı işğal edən Rusiya sərhədlərini güneyə və doğuya doğru genişləndirirdi. Lakin onun yeni əraziləri idarə edə biləcək nə məmurları vardı, nə də ordusu. Buna görə də Hindistandan və Çindən gələn karvan yollarını nəzarətdə saxlamaq üçün qalalar tikərək kiçik əsgəri birliklərini həmin qalalarda yerləşdirməklə həm karvan yollarını nəzarətdə saxlayır, həm də bölgənin dağınıq və kiçik yerli idarəçilərinə təsir göstərirdi.

1715-ci ildən etibarən xalqı ata-baba yurdundan, otlaqlarından didərgin salaraq qazax çöllərinə sahib olan və yollar üzərində mühafizə qurğuları yaradan Moskva 1731-ci ildə qazaxların Kiçik juzunun xanı Əbül Xeyrini Rusiya təbəəliyini qəbula məcbur etdi.

1750-ci ildən sonra Rusiya qalalarının sayını sürətlə artırmaqla yanaşı, müdafiə qabiliyyətini də artırırdı. Artıq Orta və Böyük juz da əsarət altına düşmüşdü. Qazaxlar isə pərakəndə və kiçik dəstələr şəkilində də olsa, Ruslara müqavimət göstərirdilər.

Zəifləmiş, mərkəzi hökumətlərini itirmiş xalqlar Rusiyanın getdikcə onların torpaqlarını işğal etməsinə, hərəkətlərinin məhdudlaşdırılmasına etiraz etsələr də, güclü düşmənə qarşı sərt və qəti mübarizə apara bilmirdilər. 1785-1797-ci illərdə Kiçik juzdan Batır Sırım adıyla məşhurlaşan Sırım Datoğlununn öndərliyi ilə Rusiyaya qarşı üsyan baş verdi. Üsyan qəddarlıqla yatırıldı. Bundan sonra qazaxlar İsatayın rəhbərliyi ilə yeni üsyana qalxdılar. Cəmi üç il davam edən bu üsyan az vaxt içərisində sürətlə yayıldı. İsatay ruslar tərəfindən aldadılaraq öldürüldü. 1812-1827-ci ildə Bükey Orda hərəkatını da Rusiya yatırdı. 1822-ci ildə Rusiya Kiçik və Orta juzda xan hakimiyyətini ləğv etdi. 1836-37-ci illərdə İ.Taymanov və M.Ötemisovun başçılıq etdiyi üsyanları da Ruslar yatırdılar.

Bundan az sonra qazax çöllərində Rusiya əleyinə yeni bir hərəkat – ayaklanma başladı. Bu hərəkata son qazax xanı Kenesarı başçılıq edirdi.

Kenesarı atası Qasım xan və böyük qardaşı Sarcan öldükdən sonra milli mübarizənin başına keçdi. O, 1820-1830-cu illərdəki üsyanlardan özünə dərs götürdü və ayrı-ayrı üsyanların heç bir nəticə verməyəcəyi nəticəsinə gəldi.

Rusiyanın gündən-günə gücləndiyini, qalalarını möhkəmlətdiyini, ordusunu, təchizatını yaxşılaşdırdığın görürdü. Yaxşı bilirdi ki, nizami ordu, mərkəzləşmiş hakimiyyət olmadan düşmənə qalib gəlmək olmaz.

Odur ki, gücünü iki istiqamətə yönəltdi. Birincisi, Rus əsgəri birliklərinə, qalalarına və karvanlarına qəflətən basqın edərək sonra da gözdən yayınmaq. İkincisi, Qazaxlar arasında mövcüd olan Böyük, Orta və Kiçik juzları – tayfaları, eləcə də Türküstandakı kiçik hakimləri bir mərkəzdə birləşməyə məcbur etmək.

Kenesarı Qasımoğlu rusların aldadaraq öldürdüyü İsatayın döyüşçülərini də öz tərəfinə çəkdi. Onun başladığı hərəkat ilk günlər nə işğalçılara qarşı savaşı, nə də üsyanı xatırladırdı. Kenesarının dəstəsi sanki bir yolkəsən idi. Onlar Rus qalalarının zəiflərinini, karvanların az mühafizə olunanını seçərək oraya basqın edirdilər. Basqını uğurla başa vurduqdan sonra qəniməti də götürüb geniş qazax çöllərində “yoxa” çıxırdılar.

Rus əsgəri birlikləri Kenesarinin dəstəsini axtara-axtara əldən düşür, sonra da uğursuzcasına geri dönürdülər. Bu döyüş taktikası ilə Kenesarı həm silah və hərbi sürsat əldə etmiş olur, həm də Rus əsgəri birliklərində bir səksəksə, qorxu yaradırdı.

1841-1845-ci illər Kenesarının Rusiyaya qarşı apardığı mübarizənin ən yüksək mərhələsi olmuşdur. Bu illərdə o cəsur və qorxmaz bir döyüşçü, bacarıqlı sərkərdə siyasətçi və diplomat olduğunu da göstərmişdir.

Kenesarı səriştəli, uzaqgörən bir lider idi və bu məziyyət döyüşlərdə onun qələbə çalmasına köməklik göstərirdi. Hələ 35 yaşında ikən Aktav ətrafında rus qoşunları ilə qarşılaşır və düşməni məğlub edərək xeyli miqdarda silah-sursat əldə edir. Bu qələbə onu yeni açıq döyüşlərə ruhlandırır. 1838-ci il aprelin 26-da Akmola qalasına hücuma keçərək qısa mühasirədən sonra oranı alır.

Kenesarının bu qələbəsi Rusiyanın hakim dairələrini bərk narahat etsə də, onun hücumlarının qarşısını ala bilmirlər. Kenesarının rəhbərlik etdiyi dəstələr Akmoldan Torqaya qədər olan ərazini Rusiya işğalından azad edərək güneyə doğru irəliləyir.

Kenesarı döyüşləri qələbə ilə başa vurmaq üçün daxildə sərt intizam yaratmağa çalışır. Ruslarla işbirliyində olan boy – tayfa bəylərini cəzalandırır, həmçinin qonşuluqdakı kiçik xanlıqlarla möhkəm diplomatik münasibətlər yaradır. Güneydəki Buxara Əmirliyi və Çin ilə diplomatik və dostluq münasibətləri qurur. Orduda da islahatlar aparır. Nizami ordu və kəşviyyat təşkilatı yaradır.

Orta və Kiçik juzu tabe etdikdən sonra Kenesarı özünü bütün qazaxların xanı elan edərək 1841-45-ci illərdə bütün Qazaxısanı idarə edir. Bu səriştəli, uzaqgörən xan ruslarla apardığı bütün döyüşlərdən qələbə ilə çıxır. Xivə xanı və Buxara Əmirləri də ona hərbi yardımlar etməyə başlayırlar.

Ruslar 1844-cü ildə böyük qüvvə toplayaraq Kenesarı xanın üzərinə hücuma hazırlaşırlar. Kenesarı onunla ittifaqa girməyən, hər tərəfdən Ruslara yardım göstərə biləcək Kokant xanını cəzalandırmaq üçün 1845-ci ildə yürüşə başlayır. Bundan xəbər tutan ruslar qüzeydən, Baykal gölü tərəfdən qəfil Qazaxıstana hücuma keçir. Ruslarla Kokand xanlığının hərbi qüvvələri arasında mühasirədə qalan Kenesarı qardaş xalqa – qırğızlara müraciət edir.

Lakin istəyinə nail ola bilmir. Çünki ruslar qırğızları inandırmışdı ki, Kenesarı xan Çinlə ittifaqa girib. Kokand xanlığını özünə tabe etdikdən sonra qırğızların üzərinə yürüş təşkil edəcək. Düşmənin bu hiyləsinə inanan qırğızlar Kenesarıya kömək etməməklə həm qazaxların həm də özlərinin Rusiya işğalı altına düşməsinə şərait yaratmış olurlar.

Qazaxların milli şüurunun oyanmasına böyük təsir göstərmiş Kenesarı xan 1945-ci ildə rus ordusunun mühasirəsində qaldı. Hər zaman mərdliklə döyüşən sərkərdə bu dəfə də prinsipinə sadiq qaldı. Böyük Qazax çöllərini, dağlarını yaxşı tanıyan, mühasirəni yararaq qaçmaq imkanı olan Kenesarı Qasımoğlu sonadək döyüşü davam etdirdi. Lakin odlu silahlarla təchiz olmuş, toplardan istifadə edən Rus ördusu qəhrəmanlıqla döyüşən Kenesarı xan Qasımoğlunu öldürdülər. Bununla da Qazaxıstan yenidən rusların əsarətinə düşdü.

Kenesarı xan vətən, millət və din uğrunda şəhid oldu. Lakin qazax xalqı azadlıq mübarizəsini dayandırmadı. Xalqın apardığı mübarizə məğlubiyyətlə başa çatsa da, zaman-zaman müstəmləkəçilərə qarşı ayaqlandılar. Son ayaqlanma isə 1986-cı ilin dekabırında Almatıda baş verdi. Bu gün yüzlərlə insan şəhid olsa da, onların qanı yerdə qalmadı. Bu ayaqlanma SSRİ deyilən nəhəng imperiyanın yaxınlarda çökəcəyindən xəbər verirdi. Nəhayət, azadlıq axtaran xalqlar istəklərinə nail oldular.

Almaatı ayaqlanmasından sonra SSRİ-nin tərkibindəki respublikalar suverenlik aktlarını imzaladılar. Beləcə, Qazaxıstan da 1991-ci ildə müstəqilliyinə qovuşur. Kenesarı xan Qasımoğlunun arzuları 146 il sonra reallaşdı.


 
Sayğac
 
Flag Counter
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol