Stepan Manaqaşev
Türk Dünyasının Məşhurları-08
Xakas xalqının oğlu, azadlıq uğrunda mübarizədə şəhid olmuş, etnoqraf-alim, publisist, siyasi xadim Stepan Manaqaşevnin ömür yolu və yaradıcılığı...
Göndərmə 06.03.2013 12:41:42 UTC
Güncəlləmə 06.03.2013 12:41:42 UTC
www.trtazerbaycan.com
http://www.trtazerbaycan.com/trtworld/az/newsDetail.aspx?HaberKodu=5954099a-31ba-4c9c-b5fe-a4a27f04358b
Rus qaynaqlarında Sibir sözünə ilk dəfə 1483-cü ildə rast gəlmək olur. 17-ci yüzildən hərbi qüdrətini artıran Rusiya Ural dağlarını keçərək Qüzey Asiyanı işğal etməyə başladı. Əvəllər Ob çayının orta və aşağı vadiləri Sibir adlandırılırdısa sonradan İrtış çayı boyuna, Baykal gölünün güneyinə də şamil edildi. Rusiya işğal dairəsini Sakit okeana kimi genişləndirdikdə isə Uraldan Kamçatkayadək olan əraziləri Sibir adlandırmağa başladı.
Bu bölgənin yerli sakinlərinin çoxluğunu da türk xalqları təşkil edirdi. Onlar əski inanclarında qaldıqlarından hökumət missyonerlərin əlilə burada yaşayan insanların xristianlaşdırılmasını dövlət siyasətinə çevirdi. Beləcə minlərlə ailə formal olaraq xristianlığı qəbul etmiş olsa da, ruslaşmış sayılsa da evlərində əski inanclarını yaşatdılar, ana dillərində danışdılar.
Sibir türklərindən olub da, xristianlaşdırılan minlərlə ailədən biri də Maynaqaşevlərdir. Ona görə də doğulan uşaqlar klisədə xaç suyuna salınır, xristian müqəddəslərinin adı verilir, rəsmi sənədlərdə də bu ad qeyd edilir. Keçmiş Rusiya İmperiyası Yenisey quberniyası Minusinsk dairəsinin Askiz çölündəki İresov aulunda yaşayan Dmitri Maynaqaşevun iki oğlu, iki qızı vardı. Oğlanlarına klisədə Terenti adı qoyulanı Terek deyə, Vasili adı qoyulanı Paysa deyə çağırırdılar. 1886-cı ildə doğulan oğlan uşağına klisədə xaç suyuna çəkərkən Stepan adı verdilər. Lakin onu nədənsə ikinci adla çağırmadılar.
Sağay tayfasından olan Stepan diribaşlığı, hazırcavablığı, işgüzarlığı ilə yaşıdlarından seçilsə də aullarında məktəb olmadığından oxumağa çox gec başladı. Askizdəki iki sinifli məktəbi bitirdikdən sonra 1906-1907-ci illərdə bölgənin inkişaf etmiş mərkəzlərindən olan Krasnoyarskidə dini seminariyada oxudu. Seninariyanı başa vurduqdan sonra Askizdəki yerli xalqlarla iş idarəsində işlədi. Üç ilədək burada işləyən Stepan Maynaqaşev rus məmurlarının yerli xalqlara tutduğu divanın şahidi oldu. Yerli xalqların rus dilini, qanunları bilməməsi isə onların daha çox yöndən istismar edilməsinə, haqlarının tapdanmasına səbəb olurdu.
Xalqına yardımçı olmaq, onları maarifləndirmək üçün Stepan Maynaqaşev 1910-1911-ci illərdə Tomsk Universitetində azad dinləyici kimi oxudu. Təhsil illərində Mərkəzi Asiyanın araşdırıcısı, görkəmli rus alimi Q. N. Potaninlə tanış oldu. Q. N. Potanin onu Sibir türklərinin folklorunun, etnoqrafiyasının, ləhcələrinin öyrənməsinə həvəsləndirdi. Lakin bu mühit onu qane etmədiyindən Moskvaya köcdü. Oradakı sərbəst təhsil ocağı kimi məşhurlaşmış A. L. Şanyavski adına Moskva şəhər Xalq Universitetinin hüquq və içtimai fənnlər fakültəsinə yazıldı. Buradakı təhsil onun ömür yolunu müəyyənləşdirdi.
Moskvada yaşadığı və oxuduğu illərdə Stepan Maynaqaşev dövrünün tanınmış alimlərindən V.V. Radlov, L.Y. Şternberq, A. N. Samoyloviç və b. tanış oldu. Diribaş Sibirli gənc də alimlərin diqqətini özünə çəkdi. A. N. Samoyloviç ona Peterburqdakı Rusiya İmperiya Coğrafiya Cəmiyyətinin etnoqrafiya şöbəsi və Rusiyanın Orta və Şərqi Asiyanı Öyrənən Komitəsi ilə əlaqə yaratmaqda vasitəçi oldu. Beləliklə Stepan Maynaqaşevin Sibirə ekspedisyalara getməsinə və oradan gətirdiyi materialları çap etdirməsinə şərait yarandı. Stepan Maynaqaşevi 1913-cü ildə Minusin qəzasına dil, folklor və etnoqrafiya materialları toplamağa göndərdilər. Onun səfəri uğurlu alındı. Rusiya İmperiyası Coğrafiya Cəmiyyətinin etnoqrafiya şöbəsində “Sağay və qonşu tayfaların şamanlarından toplanmış materiallar” mövzusunda məruzəsi dinlənildi. Topladığı materiallar 1913-cü il dekabrın 20-də “Sibir” qəzetində və Petroqraddakı “Jivaya starinna” toplusunun III-IV saylarında nəşr edildi. Onun “Rusiya Komitəsinin xəbərləri”ndə dərc etdirdiyi “1913-cü ilin yayaında Abakan çayı vadisində yaşayan türk tayfalarının yaşadığı bölgələrə səyahət haqqında hesabat”ı və İmperator Böyük Pyotur adına Antropologiya və Etnoqrafiya Muzeyinə təqdim etdiyi 354 fotoşəkil bu gün də elmi əhəmiyyətini itirməmişdir. Toplanmış və nəşr edilmiş materiallar elmi ictimaiyyətin və hökümətin Sibir xalqlarını öyrənən dairələrinin diqqətini çəkdi. Odur ki, Stepan Maynaqaşevi 1914-cü ildə yenidən Sibirə gedən ekspedisyanın tərkibinə daxil etdilər. Ona şamanların öyrənilməsinə daha çox diqqət yetirməsi tapşırıldı. Tapşırığı uğurla yerinə yetirən araşdırıcının topladığı materiallar 1914 və 1915-ci illərdə Petroqradın elmi jurnallarında nəşr edildi.
Ekspedisyalar zamanı xalqı ilə daha yaxından tanış olan, yaşadığı bölgənin maddi və manəvi sərvətlərinin zənginliyinə heyran qalan Stepan Maynaqaşev başa düşdü ki, Sibir Türkləri əsarətdən azad olsalar müstəqil dövlətlərini qura və firəvan yaşaya bilər. Buna görə də elmi fəaliyyətini ictimai-siyasi fəaliyyətlə əvəzlədi. Açıq-aşkar görür ki, Rusiya savaşda uduzur, ölkəni bir xaos bürüyür. Rusiya İmperyasının zəifləməsindən istifadə edərək xalqının azadlığa çıxması üçün mübarizəyə atıldı.
Stepan Maynaqaşev 1917-ci ildə I Xakas Xalq Qurultayının çağrılmasına nail oldu. Çarı hakimiyyətdən devrilib Müvəqqəti Hökumət qurulsa da əsarət altında olan xalqlar hələ də istiqlaliyyətini qazana bilməmişdi.
1917-ci il iyulun 20-də çağrılan II Xakas Xalq Qurultayında Milli Komitə yaradıldığı elan edildi və onu da komitənin icraiyyə bürosuna rəhbər seçildi.
Bolşeviklərin Petroqradda silah gücünə hakimiyyəti ələ almaları bölgələrdə vəziyyəti daha da gərginləşdirdi. 1917-ci ilin noyabrın 8-17-də bölgədə idarəetməni nizama salmaq məqsədi ilə Tomskdə I Sibir Vilayət Qurultayı keçirildi. Qurultayın hazırlanmasında və keçirilməsində fəal iştirak edən Stepan Maynaqaşev keçmiş yüksək rütbəli çar zabitlərinin, boşeviklərin bölgədə hakimiyyəti ələ almaq və möhkəmlənmək üçün yerli xalqlara necə qəddarlıqla divan tutduqlarının şahidi oldu. O, xalqının bu güclərə qarşı duruş gətirə bilmədiyini görüb onların hər hansı biri ilə də olsa ittifaqda hərəkət etməyi planlaşdırdı. 1917-ci il noyabrın 26-da Minusinskdə III Fəhlə, Kəndli və Əsgər Deputatları Sovetinin qurultayınada iştirak edən Stepan Maynaqaşev bolşeviklərin çevrilişi ilə razılaşmayanların sırasına qoşularaq 1917-ci il dekabrın 7-15-də fövqaladə Sibir Qurultayında iştirak edir. Qurultay, Sibir Vilayət Dumasını seçdi, Stepan Maynaqaşev də dumanın tərkibində oldu.
1918-ci ilin yanvarında Minusinski Fəhlə, Kəndli və Əsgər Deputatları Sovetinin IV Qurultayında iştirak edən və icraiyyə komitəsini məhkəmə orqanları, may ayından isə sosial təminat şöbəsində işləyən Stepan Maynaqaşevi 1918-ci ilin iyununda keçirilən VII Sovetlər Qurultayına xakas xalqının rəhbəri kimi göndərdilər.
1918-ci ilin iyulunda Müvəqqəti Sibir Hökumətinin qurulmasında da fəal iştirak edən Stepan Maynaqaşev hökümətin güclənməsi üçün əlindən gələni əsirgəmədi. Lakin daxili ziddiyətlər, xarici ölkələrin təzyiqləri, bolşeviklərlə açıq savaşlar Müvəqqəti Hökumətin məğlubiyyətinə səbəb oldu.
Bolşeviklərin Sibiri işğalından bir neçə ay sonra, yəni 1920-ci il martın 20-də İresov auluna milis dəsdələri göndərildi. Milislər Stepan Maynaqaşevi və qohumlarının əksəriyyəyini həbs etdir. 1920-ci il aprelin 29-da Stepan Maynaqaşev bir çox qohumu ilə birlikdə Fövqaladə Komissiyanın qərarı ilə güllələndi.
Onun adının çəkilməsi, irsinin öyrənilməsi 70 il yasaqlansa da xalq heç zaman Stepan Maynaqaşev unutmadı. Sovetlər Birliyi dağıldıqdan sonra onun adının əbədiləşdirilməsinə nail oldular.
Mətni yazdı Əli Şamil (Şamilov Əli Hüseyn oğlu)
|