Türk Dünyasının Məşhurları-32
QULOM ZAFARİY
Göndərmə 8/15/2013 7:46:05 AM UTC
Güncəlləmə 8/15/2013 7:46:05 AM UTC
www.trtazerbaycan.com
http://www.trtazerbaycan.com/trtworld/az/newsDetail.aspx?HaberKodu=2ac1a16d-4944-4a02-b20b-417b86633eda
“Türk dünyasının məşhurları” proqramında sizlərə ömrünü vətən və millət yolunda şam kimi əritmiş, lakin siyasi baxışlara görə uzun illər adlarının çəkilməsi belə qadağan olunmuş, yaxud ömür yolları, yaradıcılıqları öyrənilməmiş, bir sözlə, bilərəkdən unutdurulan insanlardan söz açmağa çalışırıq. Belə insanlardan biri də özbək xalqının böyük oğlu, şair, dramturq, aktyor, cədidçilik hərəkatının öncüllərindən olan, ictimai xadim Qulom Zafariydir.
1889-cu ildə Daşkənd şəhərindəki Zərqaynar məhəlləsində anadan olan Qulom ilk təhsilini də bu məhəllədəki ibtidai məktəbdə alır. Sonra təhsilini Xoca Əhməd və Kukaldaş mədrəsəsində davam etdirir. Mədrəsədə oxuyarkən gələcəyin məşhur yazıçısı Abdulla Qədiri ilə dostlaşır. Onun məsləhəti ilə rus-tuzem məktəbində oxuyaraq rus dilini öyrənir. Bu onun rus və Avropa klassiklərinin əsərlərini oxumasına, ictimai-siyasi, fəlsəfi fikrləri ilə tanış olmasına imkan yaradır.
1912-ci ildə Oş şəhərinə gedən gənc şair oradakı üsuli-cədid, yəni yeni üsulla təhsil verən məktəbdə iki il müəllim işləyir.
1914-cü ildə Daşkəndə qayıdan Qulom Zafariy cədidçilərin məhəllə məktəbində dərs deməklə yanaşı, Turan Cəmiyyətinə də üzv yazılır. 1910-1917-ci illərdə Türküstanda “Nəşriyyat”, “Məktəp” şirkətləri ilə yanaşı, “Turan Tərəqqipərvərlər Cəmiyyəti”, “İttihad-i İslamiyə”, “Nəşr-i Maarif”, “Turan Cəmiyyəti” və “Çağatay qrunu” adlı maarifçi xeyriyyə təşkilatları fəaliyyət göstərirdi. Bu təşkilatlar Türküstan müsəlmanları arasında Avropa mədəniyyəti və maarifini qəzetlər, jurnallar, kitablar vasitəsilə yaymağı qarşılarına məqsəd qoymuşdular. Ona görə də imkanlı adamlardan yardım toplayır, kasıb uşaqlarının ölkə daxilində və xaricdə təhsil almalarına kömək edirdilər.
Qulom Zafariyin üzv yazıldığı təşkilat 1912-ci ildə Qiyas Mahzum Hüsnünün redaktorluğu ilə çıxan “Turan” qəzetinin ətrafına toplaşanlardan təşkil olunmuşdu. Qəzetin 49-cü sayı çıxdıqda nəşri dayandırılır. Cədidçi ziyalılar isə fəaliyyətlərini dayandırmırlar. 1913-cü ildə Abdulla Avlaninin rəhbərliyi ilə “Turan” adlı bir teatr truppası təşkil edirlər.
Turan Cəmiyətinin üzvlərindən bir qrupu əvvəlcə Nizaməddin Xocayevin rəhbərlik etdiyi sosial demokrat qrupuna meyilli olsa da, sonradan Azərbaycanlı Məhəmmədəmin Əfəndizadənin bu təşkilata qoşulması ilə siyasiləşərək Türk Fedaralist Partyasını qururlar.
1917-ci il oktyabr çevrilişindən sonra Sovetlərin hakimiyyəti Türküstanda güclənir. Turan Cəmiyyətinin bəzi üzvləri onlarla əməkdaşlıq etsələr də, bütövlükdə milli dəyərlərdən uzaqlaşmırlar.
Turan Cəmiyətinin qurucuları sırasında Merqançe ləqəbilə tanınan Ubeydulla Xocayev, Observatorskaya ləqəbilə tanınan Taşpolatbek Narbotabekov, Şeyxantahur ləqəbi ilə tanınan Münəvvərkari Abduraşidxanov, Soğban ləqəbi ilə tanınan Kamilbek Narbekov, Sapyarnaya ləqəbi ilə tanınan Molla Abdulla Avlani, Qaryağdı ləqəbi ilə tanınan Kettexoca Babaxocayev, Zencirlik ləqəbi ilə tanınan Muhammedcan Padşaxocayev, Başirullaxan Əsədullaxocayev, Arkaköçe ləqəbi ilə tanınan Nizaməddin Asamiddinxoco, Kerimbek Narbekov, Qulom Zafariy və başqaları vardı.
Cəmiyətin 73 maddəlik nizamnaməsindən xalqın maarifləndirilməsi əsas yer tuturdu. Maarifçilik fəaliyyətini isə onlar səhnə əsərləri yazmaq, onları tamaşaya qoymaq, xalqı teatra cəlb etməklə. ictimai-siyasi fikirlərini xalqa çatdırmaqla həyata keçirməyə çalışırdılar.
Qulom Zafariy Turan Cəmiyyətinin fəal üzvü kimi səhnə əsərləri yazmaq, teatr tamaşalarında həvəskar aktyor, rejissor kimi çıxış etməklə yanaşı, Abdurauf Fitrətin rəhbərlik etdiyi Çağatay quru ilə də sıx əməkdaşlıq edirdi. Çağatay qurunun fəalları sırasında Çolpan, Batu, Elbək, Şarasul Zünnun, Şakircan Rahimi, Mennan Rəmzi, Uyğur, Kayum Ramazan, Mirmolla Şermuhammedov, Qazi Yunusov və Sancar Sıddıqov kimi şair və yazıçılar vardı. Qrupun üzvlərinə milli hisslər oyadacaq ləqəblərin əksəriyyətini Fitrət vermişdir. O, Abdülmennan Mecidiyə “Uyğur”, Mahmud Maksudova “Batu”, Maşrık Yunusa “Elbək”, Abdülhamid Süleymana “Çolpan”, Abdülbasitə “Sancar”, Abdülkayum Ramazana “Öktəm” kimi Türk tarixinə və mədəniyyətinə bağlı ləqəblər seçmişdir.
1916-1921-ci illərdə müəllim işləməklə yanaşı, Turan Cəmiyyətinin üzvü kimi səhnə əsərləri yazan, aktyorluq edən Qulom Zafariy ağır və gərgin günlərini yaşayır. Çünki milli güclər arasındakı ziddiyyətdən istifadə edən Daşkənddəki rus əsgər və fəhlələri hakimiyyəti zor gücünə ələ aldıqdan sonra yerli xalqları alçaldan bəyanatlar verməyə, onların idarəetmə orqanlarında işləmələrini əngəlləməyə başladılar.
1917-ci ilin martında siyasi təşkilata çevrilən Şurai İslam xalqın hüquqlarını qorumaq məqsədilə fəaliyyətini genişləndirməyə çalışdı. Bu da istər bölşevikləri, istərsə də bolşevik olmayan xiristian kökənliləri özündən çıxardı. Onlar yalnız Şurai İslamçılara deyil, bütövlukdə müsəlmanlara divan tutmağa başladılar. Silah, hərbi sursat əllərində olan hərbçilər və onlara qoşulmuş xristianlar müsəlmanlar yaşayan köhnə Daşkənddə kütləvi qırğınlar törətdilər. Yerli əhalinin kortəbii müqavimətini idarəedilən şəklə salmaq və gəlmələrin özbaşınalığının qarşısını almaq üçün 1917-ci ilin noyabrın 26-29-da Kokandda Ümummüsəlmanların Qurultayını çağırdılar. Qurultayda Türküstan Muxtariyyatı qurulduğu elan edildi və xalqı yeni höküməti müdafiə etməyə çağırdılar. Bu müraciətdən sonra Daşkənddə Turan teatrının binasında bir toplantı keçirildi. Toplantının təşkilatçıları sırasında Qulom Zafariyin də adı çəkilir.
Qulom Zafariyin təşkilatçılığı ilə 1917-ci il dekabrın 14-də peyğəmbərimiz Məhəmməd əleyhissəlamın doğum günü münasibətilə keçirilən toplantı antisovet xarakter aldı. Xalq bolşeviklərin həbs etdiyi milli fəalların azad edilməsini və təqiblərə son qoyulmasını tələb etdilər. Ölkədə sosial ədaləti bərpa edə bilməyən, milli zəmində qarşıdurmanı dərinləşdirən, ikili siyasət yeridən bölşevik hakimiyyətini xalq küttlələri 1919-cu il yanvarın 18-19-a keçən gecə devirir. Lakin Moskvanın göstərişi ilə bölgəyə yeridilən yeni silahlı qüvvələr əhaliyə divan tutaraq oranı da Sovet Rusiyasının təsir dairəsində saxlaya bildilər.
1919-cu ilin faciəli günlərindən sonra Qulom Zafariy də bir çox cədidçilər kimi Sovetlərlə əməkdaşlıq etməli oldu. Buxara Əmirliyi ləğv edilib Buxara Xalq Sovet Respublikası qurulduğu günlərdə Qulom Zafariy orada yeni yaradılan musiqi məktəbinə müdir müavini vəzifəsinə göndərilir. Az sonra ona həm də muzey üçün binanın təmiri və eksponatların toplanması tapşırılır.
Buxara əmirinin xəzinəsi hesab-kitabsız vaqonlara yüklənib inqilab beşiyi adlandırılan Leninqrada göndəriləndə Qulom Zafariy əmirə məxsus iki qutu cəvahiratı, altı qutu bəzək və başqa qiymətli əşyanı qeydiyyata alaraq muzeydə saxlanmasına nail ola bilir.
1922-ci ildə Buxarada yaşayan və işləyən Qulom Zafariy Buxara Xalq Sovet Respublikası bolşeviklər tərəfindən işğal edildikdən sonra Daşkəndə qayıdır. 1923-cü ildə Daşkənddə işsiz və təzyiqlər altında qaldığından Termiz şəhərinə gedir və oradakı musiqi evinə müdirlik edir.
1927-ci ildə Termizə gedən Özbəkistan rəhbərlərindən Akmal İkramov Qulom Zafariy ilə görüşür və onu Daşkənddə işləməyə dəvət edir. Qulom Zafariy bu dəvəti qəbu etsə də, tale üzünə gülmür. Daşkənddəki bolşeviklər onun Sovetlərə xidmət edəcəyinə inamsız yanaşır və xüsusi xidmət orqanları onu həbs edərək istintaqa başlayırlar.
Qulom Zafariy dostlarının köməyi ilə həbsdən qurtularaq Daşkənddən uzqalaşır. 1930-cu ildə Səmərqənddəki Musiqi Məktəbində müdir işləməyə başlayan Qulom Zafariyi Çolpanın sayəsində Özbək Dövlət Teatrı ilə əməkdaşlıq edir, onlar üçün səhnə əsərləri yazır.
1932-ci ildə yenidən Akmal İkramovla görüşür. Akmal İkramov bu dəfə daha qətiyyətli addım ataraq onu Orta Asiya Dramaturqları Komitəsinə məsləhətçi götürülür. Lakin onun fəaliyyəti çox da uzun sürmür. Əksinqilabi əsərlər yazmaqda və dövlət vəsaitinin əksinqilabi əsərlər yazan müəlliflərə verilməsinə şərait yaratmaqda təqsirləndirilib Güney Sibirə sürgün edirlər.
Sürgündə olmasına baxmayaraq Qazi Yunis, Elbək, Çolpan onun əsərlərini çap etdirə, tamaşaya qoya bilirlər. Qulom Zafariyi “Həlimə” əsərinin qonararından müəllifə 200-400 manat, anasına isə 150 manat verirlər. Bu da Qulom Zafariyi ruhlandırır, badii yaradıcılığını davam etdirir. Hətta 1935-ci ildə sürgün müddəti başa çatanda “Həlimə” pyesinin tamaşalarından ona çatacaq yeddi min manat qonararı da ala bilir.
“Pambıqçı”, “Yeni adam” və başqa operettalarını tamamlayan Qulom Zafariyi 1937-ci ilin oktyabrın 29-da yenidən həbs edirlər. Həbs edilərkən 30 vərəqdən ibarət əlyazması, bir ümumi dəftəri, üç qeydlər dəftəri, yeddi əlyazması olan qovluğu, cib dəftərçələri də müsadirə olunur. Milli İttihad Partiyasının rəhbərlərindən biri kimi əksinqilabi fəaliyyətdə suçlayıb 1937-ci il dekabrın 28-də Daşkənddə güllələyirlər.
Ömrünün çoxunu təqib və təzyiqlər altında keçirməsinə, həbs edilərək güllələnməsinə, adının çəkilməsi və əsərlərinin nəşri qadağan edilməsinə baxmayaraq, özbək xalqı vətənpərvər oğlunu heç vaxt unutmur. Sovet hökuməti yıxıldıqdan sonra Qulom Zafariyi adının əbədiləşdirilməsi sahəsində bir çox işlər görülür.
Mətni yazdı Əli Şamil (Şamilov Əli Hüseyn oğlu)
|