Əbdürauf Fitrət
Türk Dünyasının Məşhurları-04
Millətcə özbək olan, şair, dramaturq, publisist, inqilabçı və dövlət adamı Əbdürauf Fitrətin ömür yolu və yaradıcılığı...Əli Şamil
Göndərmə 3/12/2012 10:43:29 AM UTC
Güncəlləmə 3/12/2012 10:43:29 AM UTC
www.trtazerbaycan.com
http://www.trtazerbaycan.com/trtworld/az/newsdetail.aspx?haberkodu=3c612d48-517f-4ec2-8700-e951b72af180
Əbdürauf Rəhim oğlu Raufun doğum tarixi haqqında dəqiq bilgi əldə yoxdur. Qanyaqlarda onun 1884 və ya 1886-ci ildə Buxara şəhərində səyyah tacir ailəsində doğulduğunu yazırlar. Doğulduğu şəhərdəki Miri Ərəb mədrəsəsinin seçilən tələbələrindən olan Əbdürauf yeniyetməliyindən şeir yazmağa böyük maraq göstərir. Şərq şairlərinin əsərlərini dərindən bilən və islami elmlərə, eləcə də təbiət elmlərinə yiyələnən gənc şair inanclı bir müsəlman kimi 1904-cü ildə həcc ziyarətinə yola düşür. Həmin illərdə Məkkə şəhəri Osmanlı dövlətinin tərkibinə daxil olduğundan ziyarətçilərin böyük bir qismi İstanbulda bir neçə gün durmalı, sənəd işlərini qaydaya salmalı və ziyarət hazırlıqlarını başa çatdırmalı olurdular. İstanbulda müxtəlif ölkələrdən gəlib həcc ziyarətinə gedənlərin düşərgələri, karvansaraları, dərgahları və b. duracaq yerləri olurdu.
18-20 yaşlı Əbdürauf Rəhim oğlu da həccə gedərkən İstanbul mühiti ilə yaxından tanış olur. Məkkədə həcc ziyarəti zamanı Hindistandan gələnlərin İngilis müstəmləkəçilərindən, Afrikanın quzeyindən gələnlərin fransızlardan, Rusiya imperiyasından gələnlərin rus idarəçiliyindən şikayətləndiklərinin, müstəmləkədən qurtarmağın yollarını aradıqlarının şahidi olur. Ziyarətini başa vurub geri qayıdanda da İstanbulda xeyli qalır. Dini təşkilatlarda, təhsil ocaqlarında, qəzet və jurnal redaksiyalarında etdiyi söhbətlər onun dünyagörüşündə böyük dəyişiklik edir. Osmanlı dövlətini Avropanın inkişaf etmiş dövlətləri sırasında görmək istəyən vətənpərvərlərlə etdiyi söhbətlər Əbdüraufı da Rusiyanın təsir dairəsində olan vətənini müstəmləkədən azad etmək uğrunda mübarizəyə həvəsləndirir.
Bütün həcc ziyarətindən qayıdanlar kimi Əbdürauf Rəhim oğlunu da xalq təntənə və hörmətlə qarşılayır. Lakin o, mühitlə barışa bilmir. Sanki burulğandaymış kimi çırpınır. Xalqının önündə getmək, onlara yol göstərmək üçün biliyinin və təcrübəsinin yetmədiyini görür. Odur ki, təhsil almaq və təcrübə toplamaq üçün yenidən bütün müsəlmanların ümid yeri olan, islam dünyasının xəlifəsi əyləşən Osmanlı dövlətinə qayıdır. 1909-cu ildə İstanbul Darülfünunua qəbul olunur. İstanbulda yaşadığı illərdə ali təhsil almaqla kifayətlənmir, müxtəlif ictimai-siyasi təşkilatlarla sıx əlaqədə olur, xüsusən Gənc Türklər təşkilatına rəğbət bəsləyir. Tələbəlik illərində İstanbulda 1909-cu ildə “Münazara”, 1912-ci ildə “Hind səyyahı” və 1911-ci ildə ilk şeir kitabı olan “Sayha”nı çap etdirir.
Darülfünü bitirib yenidən Buxaraya dönən Əbdürauf Rəhim oğlunu indi daha çox valideynlərinin verdiyi adla deyil məqalə, şeir, hekayə və pyeslərini imzaladığı Fitrət deyə çağırırlar. Bu təxəllüsü ona İstanbulda oxuyarkən müəllimləri verir.
Əbdürauf Fitrət Buxara əmirinin zəngin və qədim kitabxanasında çalışır, əhalinin böyük qisminin savadsız, oxuyub-yazmaya meylli olmadığını gördüyündən onlara təsir etmək üçün pyeslər yazır, teatır tamaşları hazırlayır. Bu tamaşalarda cəmiyyətdəki nöqsanları göstərir.
Yüz illər boyu fars dilinin dəri ləhcəsində şeir yazmağı hünər sayan, dünyanın gedişindən xəbərsiz mühafizəkarlara qarşı duran Əbdürauf Fitrət, Həmzə Həkimzadə Niyazi, Əbdülhəmid Çolpan, Sədrəddin Ayni və b. Cığatay ədəbiyyatını dirçəltməyə çalışır, heca vəznində yazır, bədii cəhətdən yetkin və məzmunlu ədəbi nümunələr oxucuya təqdim edirlər. Onlar demokratik bir yol tutduqlarından yaratdıqları «Cığatay qrupu» adlı bir ədəbi təşkilat ətrafında az bir zamanda gələcəyin istedadlı şair və yazıçıları toplaşırlar.
«Cədidçilər» adlanan bu qrup mübarizələrində «türk birliyi» ideyasını önə çıxarmaqla milli ruha, milli mənəviyyata, əxlaqa, tarixə söykənən ədəbiyyat yaradırlar.
Yerli hakimlərin xalqın maariflənməsinə diqqət yetirməməsi, bir çox din xadimlərinin yeniliklərə qarşı durması, necə deyərlər cəmiyyəti min il əvvəlki vəziyyətdə saxlamağa çalışması Fitrəti bərk narahat edir. Rusiyanın müstəmləkəsi altında olan tatarlar, Azərbaycan ziyalılarının başladıqları cədidçilik-yenilikçilik hərəkatını Buxarada yaymağa başlayır. Məsləkdaşlarıyla birlikdə 1917-ci ilin fevral inqilabından sonra gizli “Yaş Buxaralılar”, yəni “Gənc Buxaralılar” təşkilatını qurur.
Bu təşkilat və cədidçilər mühafizəkar dindarlar tərəfindən dəyişiklikləri təbliğ etdiklərinə görə, inqilabçı sosialistlər tərəfindən isə milli dəyərlərə sahib çıxdıqlarına görə təzyiq göstərilir. Bütün bunlara baxmayaraq, Fitrət yolundan dönmür. 1916-cı ildə “Əbu Müslim”, 1918-ci ildə “Temür sağanası”, 1919-cu ildə “Oğuzxan” pyeslərini yazır.
Türküstаnı və digər müstəmləkələri öz əlində sахlаmаğа çаlışаn bоlşеviklər хаlqı öz tərəfinə çəkmək üçün bərаbərlik və аzаdlıq bаrədə bоl-bоl vədlər vеrir. Yеrli хаlqı 50 il tərəqqidən uzаq tutаn çar idarəçiliyindən və yerli mühafizəkarların təzyiqlərindən cana doyan cədidçilərin bir çoxu bolşeviklərin şirin vədlərinə asanca aldanaraq onlarla işbirliyinə gedirlər.
Türküstаnın nicаt yоlunu ахtаrаn Bеhbudi, Münəvvərkаri, Çоlpаn, Übеydullахоcа, Аbdullа Əvlаni və digər ziyаlılаr kimi Fitrət də cəhаlətdən, səfalətdən qurtarmaq, azаd, ədаlətli və demokratik cəmiyyət qurmаq аrzusu ilə bolşeviklərin fəallarına çevrilirlər. XX yüzilin başlanğıcında istibdаd аltındа inləyən millətin fаciəli durumu hаqqındа «Düşündüyüm zаmаn könlüm yаnаr, аğlаmаq istərəm, göz yаşım ахmаz» dеyən Fitrət 1917-ci ilin 27 nоyаbrındа, yəni Türküstаnın muхtаriyyəti еlаn еdilən gün öz hisslərini bеlə ifаdə еdirdi: «Əlli ildən bəri əzildik, təhqir еdildik. Əlimiz bаğlаndı, dilimiz kəsildi. Аğzımız qаpаndı. Tоrpаğımız bаsıldı. Mаlımız tаlаndı. Şərəfimiz hеçə sаyıldı. Nаmusumuz qəsb еdildi. İnsаnlığımız аyаqlаr аltındа tаpdаndı. Dözdük, səbr еtdik. Gücə dаyаnаn hər əmrə bоyun əydik. Bütün vаrlığımızı əldən vеrdik. Yаlnız bir fikri vеrmədik, gizlədik, imаnımız kimi sахlаdıq. Bu–Türküstаn muхtаriyyətidir!»
Kommunist partiyasına üzv olan, Rusiya Kommunist (bolşeviklər) partiyasının V qurultayında çıxış edən Fitrət Buxara yenidən işğal edildikdən sonra, yəni 1921-ci ildə maarif naziri, 1922-ci ildə nazirlər soveti sədrinin müavini, Kommunist partiyası Buxara vilayət təşkilatının büro üzvü olur.
Bolşeviklər Fitrətin onların arzuladıqlarını həyata keçirmədiyini, milli məsələdə fikir ayrılıqları meydana çıxdığını gördükdə onu partiya və hökumət işindən uzaqlaşdırırlar.
1920-ci ildə “Çin seviş”, 1921-ci ildə “Əbülfeyzixan”, “Hind ixtilalcıları”, 1926-cı i1də “Arslan”, və 1930-cu ildə “Rozalar” pyeslərini, 1923-cü ildə “Qiyamət”, 1928-ci ildə “Zəhranın imanı”, 1930-ci ildə “Qıyşıq Eşan” adlı hekayələrini yazan Fitrət elmi axtarışlarla da ciddi məşğul olur, orfoqrafiyanın, yeni əlifbanın hazırlanmasında fəal iştirak edir. Onun klassik şairlər haqqında yazdığı bir çox elmi məqalələr özbək ədəbiyyatı dərsliklərinin yaranmasında əvəzsiz qaynaq olur.
Azərbaycanla da sıx bağlı olan Fitrətin ibtidai orta məktəblərin son sinifləri üçün “Okuv” kitabı 1917-ci ildə Bakıda çap olundğu kimi, Əlipaşa Hüseyinzadə tərəfindən Azərbaycan türkcəsinə uyğunlaşdırılan “Hind ixtilalcıları” pyesi Bakıda oynanılıb.
Moskvada, Daşkəndə, Səmərqənddə və Buxarada ali məktəblərdə dərs deyən, İstanbulda, Bakıda, Səmərqənddə, Moskvada, Daşkənddə elmi tədqiqat institutlarında işləyən alim, şair, nasir, dramçı, fikir və dövlət adamı, musiqiçi Əbdürauf Fitrəti 1937-ci ildə millətçilikdə suçlayıb 1938-ci ilin oktyabrın 4-də güllələyir, əsərlərinin kitabxanalarda, evlərdə saxlanmasını qadağan edirilər. Bütün bu qadağalara baxmayaraq Əbdürauf Fitrətin 1926-cı ildə çap etdirdiyi “Ədəbiyyat qeydləri”, 1927-ci ildə çap etdirdiyi “Özbək xalq musuqisi və onun tarixi”, 1928-ci ildə çap etdirdiyi “Özbək ədəbiyyatı nümunələri”, 1936-cı ildə çap etdirdiyi “Əruz haqqında” kitablarını qoruyub saxlayır və gizlində oxuyurlar.
1956-ci ildə Sov.İKP XX qurultayında İosif Stalin şəxsiyyətə pərəstişdə suçlanaraq 1930-ci illərdə həbs edilən və güllənənlərin əksəriyyətinə bəraət verildi. Lakin Fitrətin əsərlərinin çapına icazə verilmədi. Özbəkistan Respublikası 1991-ci ildən müstəqillik əldə etdiyini elan etsə də, hələ də Fitrətin əsərləri tam toplanıb çap olunmayıb.
Əbdürauf Fitrəti güllələsələr də o bir ədəbi məktəb yarada bildi. Özbəkistanın ünlü şairləri Elbək (1893-1939), Batu (1904-1940), Şakir Süleyman (1900-1942), Aybek (1905-1968), Aydın (1906-1953), Həmid Alimcan (1909-1944), Qafur Qulam (1903-1966), Mirtemir (1910), Zülfiyyə (1915-1993), Zəfər Diyar (1912-1946), Kamil Yaşen (1909) və b. Fitrət və Çolpan yaradıcılığından təsirlənmişlər.
|