Abdullah Tukay

  Türk Dünyasının Məşhurları 29

 Müasir tatar ədəbiyyatı və dilinin atası sayılan və 27 yaşındaykən həyata vəda edən Kazan tatar milli şairi Abdullah Tukayın ömür yolu və yaradıcılığı.../Әli Şamil

 Göndərmə 9/2/2010 10:32:39 AM UTC

Güncəlləmə 9/2/2010 10:32:39 AM UTC

www.trtazerbaycan.com

www.trtazerbaycan.com/az/newsDetail.aspx?HaberKodu=bed498e4-44e1-40cc-be1f-b785d12ef926

TÜRKSOY-un Nazirlər Şurasının mayın 19-22-də Moldovanın Qaqauz Yeri Muxtar Vilayətində keçirilmiş 27-ci toplantısında 2011-ci il tatar şairi “Abdulla Tukay ili” elan edilib.

Azərbaycanda “Molla Nəsrəddin” jurnalının Türk xalqları arasında yayılmasından yazan araşdırıcıların əksəriyyəti mətbəədə şrift kassalarına dayanaraq əlində “Molla Nəsrəddin” jurnalını tutmuş bir gəncin şəkilini veriblər. Bu gənc kazan tatar şairi Abdullah Tukaydır.

Abdullah Tukay 1886-ci ilin aprel ayının 14-də Kazan şəhəri yaxınlığındakı Menger rayonunun Kuşlavıç kəndində anadan olub. Atası Muhammet Arif və babaları kənd məscidinin imamı olublar. Nə yazıq ki, Abdullah ata-anasının qayğısıyla böyüyə bilməyib. Doğulandan beş ay sonra atasını, üç il sonra da anası Memdude xanımı itirib. Yetim qalan uşağa qohumlarından da sahib durmaq istəyən olmadığından əldən ələ düşüb.

Nəhayət, doqquz yaşında ikən Uralsk (Cayık) şəhərində yaşayan Əzizə adlı bibisi onu yanına aparır. O, Cayıkdakı Mutiullah mədrəsəsində oxumağa başlayıb. 19-cu yüzildən başlayaraq mədrəsə təhsili kəskin tənqid, Avropa tipli məktəblər isə təbliğ edilirdi. Elə buna görə də Abdullah şeirlərində bu mədrəsədə keçən günlərini “əsarət həyatı” adlandırıb.

Hansı ki, Abdullahın ədəbî şəxsiyyət kimi formalaşmasında bu mədrəsənin böyük rolu olmuş, o bu mədrəsəyə qonşu olan Rus sinifində də dərslərini davam etdirmiş, İstanbuldan gələn gündəlik qəzet, jurnal və kitablarla burada tanış olmuş, “cədidçilik” və ya “maarif hərəkatıyla da burada tanış olmuşdur.

1902-ci ildə Abdullah Tukay mədrəsədə oxuyarkən Abdulvəli adlı bir gənclə tanış olur. İstanbuldan gələnlərə onunla eyni mədrəsədə oxuyan bu gənc vasitəsilə o Türkiyədəki ədəbi cərəyanlar və fransız ədəbiyyatı ilə yaxından tanış olur. İnqilabçı əhval-ruhiyyəli, monarxiya əleyhdarı olan bu gənc Abdullaha güclü təsir göstərir.

Sonralar Abdullah bu gənci “Dünyanı tanımaq üçün gözümü açan adam” deyə yad edir. Həmin illərdə Rusiyada sosial-demokrat hərəkatı gücləndiyindən gənc tatar şairinə onların “Azadlıq! Bərabərlik! Qardaşlıq!” şüarları çox şirin gəlir. Monarxiyanı devirib respublika qurmaq istəyən inqilabçıların sinfi mübarizəni ön plana çəkmələri gənc Abdullahın ürəyincə olur. 1904-cü ildə o mədrəsədə oxumaqla bərabər Mutiullah Efendinin oğlu Kamil Mutinin mətbəəsində işləməyə başlayır. 1905-ci ildə onu rus dilində nəşr olunan “Uralets” qəzetinə korrektor götürürlər. Abdullahın imkanlarından istifadə edərək inqilabçıların toplantılarında, mitinqlərində iştirak etməklə yanaşı, onların kitabçalarını, gizili vərəqələrini tərcümə edir, işlədiyi mətbəədə gizli çap edərək yayır.

Xalqının azadlığa çıxmasını, firavan və xoşbəxt yaşamasını istəyən şair keçmişə qarşı çox sərt, bəzən də inkarçı mövqedən çıxış edır. Ona elə gəlirdi ki, xalqının geridə qalmasının əsas səbəbləri mollaxanalarda, mədrəsələrdə verilən təhsil, din adamları və imkanlı insanlardır. Bu məsələlər şeirlərinin də əsas mövzusunu təşkil edir.

Rusiyada baş verən qarışıqlıqlar və Rusiyanın Yaponiya ilə apardığı savaşda məğlub olması çar II Nikolayı 1905-ci ilin oktyabrında manifest imzalamağa məcbur edir. Bu manifestdən sonra qəzet və jurnalların nəşrinə icazə alınmasındakı sərt nəzarət yumşaldılır, mitinqlər keçirilməsinə icazə verilir, dövlət dumasına seçkilər başlayır.

Kâmil Muti də vəziyyətdən istifadə edərək “Fikir” adlı gəzetin nəşrinə icazə ala bilir. Abdullah bu qəzetdə, sonra isə Kamil Mutinin çıxardığı “Əl-Asrül-Cədit” adlı ədəbiyyat və “Uklar” adlı satirik jurnalda fəal çalışır, şeirlərini çap etdirir. Onun satirik şeirlərində “Molla Nəsrəddin” ədəbi məktəbinin rolu olduqca böyük olur.

1907-ci ildə mədrəsəni bitirən Abdullah Tukay ciddi və məhsuldar yaradıcılıqla məşğul olur. Lakin ölkədə baş verən dəyişikliklər onun da ömür yoluna təsirsiz olmur. 1907-ci ilin iyunun 3-də Rus çarının II Dövlət Dumasını dağıtması, bir sıra sərt tədbirlər görməsi, qəzet-jurnalları bağlatması, jurnalistlərin məhkəməyə verilməsi mərkəzdən uzaq Uralskidən də təsirsiz ötüşmür. Kamil Mutini də həbs edirlər. Onun nəşrləri də fəaliyyətini dayandırmalı olur. Abdullah işsiz qalır. O, 1907-ci ilin baharında kazana köçməli olur və ömrünün sonunadək burada yaşayır.

Maddi və mənəvi sıxıntılara baxmayaraq Abdullah Tukay “Əl-islah” və daha sonra da Q. Kamal ilə birlikdə 1908-ci ilin iyunundan “Yeşin” adlı satirik jurnalı çıxarmağa başlayır. 1909-ci ilin iyununda 10 sayı çap olunmuş “Yeşin” jurnalı hökumət tərəfindən bağlanır. O, 1910-cu ilin martından “Yalt-Yult” jurnalını çıxarmaya başlayır. Jurnallarda çap etdirdiyi məqalələrində, satirik şeir və həcvlərində din xadimlərini, çəhaləti, xurafatı kəskin tənqid edir, xalqı qəflət yuxusundan ayıltmağa çalışır. Şair, “Bir tatar şairinin sözləri” şeirində nədən bu mövzulara önəm verdiyini anladır.

Abdullah Tukay xalqını oyatmaq, dünyanın inkişaf etmiş ölkələri ilə ayaqlaşmasına nail olmaq üçün əsərlərini sadə və aydın bir dillə yazırdı. Onun yazdıqlarını sadə adamlar, az savadlılar da asan başa düşürdü. Amma bilmirdi ki, bu bölgəsəlliyə gətirib çıxarıb, minillik ədәbi ənənədən və türk xalqlarını bir-birindən uzaqlaşdırırdı.

Bir tərəfdə İ.Kaspıralı, Ə.Hüseynzadə, Ə.Ağaoğlu və b. ümümtürk birliyinə nail olmaq üçün ortaq ədəbi dil uğrunda mübarizə aparırdısa, o biri tərəfdə isə Abdullah Tukay, “Molla Nəsrəddin”çilər sadə, anlaşıqlı dillə topluma müraciət etməklə türk xalqlarını bir-birindən uzaqlaşdırırdılar. Ona görə də eyni düşüncəni paylaşan ədiblər bir-biri ilə sıx əlaqə saxlamağa çalışır, məsləkdaşlarını və onların əsərlərini təbliğ edirdilər.

1908-ci ildən etibarən Türküstanlı Haci Muini, Dağıstanlı Sabit Qabiyev və b. Abdullah Tukayın şeirləri öz ləhcələrinə uyğunlaşdıraraq çap edirlər.Abdullah Evlani, Tülegen Hacımiyar, Sultan Mahmut Toraygır, yeni noqay ədəbiyyatının banisi sayılan Musa Kurmanaliyev kimi şairlər onun təsirilə yeni əsərlər yaradırlar.

Adətən şairlər ədəbi aləmə məhəbbət şeirlərilə gəlirlər. Abdullah Tukayın ilk şeirlərində sosial mövzular ön plandadır. Ümumiyyətlə, əsərləri arasında məhəbbət şeirlerinin sayısı azdır. Onlarda da Füzulinin şeirlərində olduğu kimi dərd və iztirab əsas yer tutur. Abdullah Tukayın məhəbbət şeirlərində iztirab estetik bir mahiyyət daşıyır.

Bütün maarifçilər – cədidçilər kimi Abdullah Tukay da yaşlı nəsldən əlini üzərək diqqəti uşaqlara, onların təlim-tərbiyəsinə yönəldir. Uşaqlar üçün yazdığı şeirlərində nümünəvi, topluma yararlı insan olmaları üçün çox oxumalarını və çalışqan olmalarını dönə-dönə vurğulayır. Bilgisizlikdən qurtalmaq, sosyal anlamda gəlişib toplumda etibarlı mövqe qazanmağın da qolu bilik və zəhmətdən keçdiyini müxtəlif vasitələrlə uşaqların beyninə yeritməyə çalışır. Xüsusən də kəndli uşaqlarının həyatlarını dəyişmələri üçün oxumağın nə qədər vaçib olduğunu onlara çatdırır. Bu baxımdan şairin “Ata ilə bala” və “Su anası” şeirləri olduqca diqqəti çəkəndir.

Kasıblıq, mətbəədəki çətin və ağır iş şairin gənc yaşlarında vərəm xəstəliyinə tutulmasına səbəb olur. Buna görə də 1909-cu ildən sonraki şeirlərində ümidsizlik hakimdir. “Üzilgen Ümit” şeirində şair toplum içərisində yaşayan insanın yalnızlığının, qəzavü-qədər qarşısındakı acizliyini səmimi və lirik bir şəkildə təsvir edir.

Vətəninin əsarətdən qurtarması, millətinın azad və xoşbəxt yaşaması arzusuyla yaşayan şair 1913-cü ilin aprelin 27-də dünyaya göz yumur.Onun vaxtsız ölümü türk dünyasının ziyalılarının qəl ağrısına səbəb olur.Mirmuhsin və Muhammed Seralin 1913-1914-cü illərdə Abdullah Tukay haqqında məqalələr yazır, şeirlərini çap etdirirlər.

Ölümündən sonra şairin şeirlər kitablarını çap etdilər, heykəllərini ucaltdılar. Əsərlərindən təsirlənərək yeni sənət əsərləri yaratdılar. 1974-cü ildə Əhmət Feyzi “Tukay” romanını, İbrahim Nurullinin 1977-ci ildə SSRİ-də çox oxunan “Məşhur insanların həyatı” seriyasından “Tukay” kitabını çap etdirdi.

Ziyalının xalq qarşısında borcunu şərəflə ödəyən Abdullah Tukay ömrünün baharında dünyadan köçsə də, xalqının yadaşında qaldı.

 

 

 
Sayğac
 
Flag Counter
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol