Şəhabəddin Mərcani
TÜRK DÜNYASININ MƏŞHURLARI 144/2012
Əziz və istəkli dinləyicilər! “Türk dünyasının məşhurları” proqramında sizlərə XIX yüzildə yaşamış cədidçilik hərəkatının öncüllərindən, islam şəriətinin zəmanəyə uyğunlaşdırılmasının coşğun tərəfdarı, mədrəsələrin tədris proqramında dəyişikliklər aparıb orada təbiət elmlərinin öyrədilməsinə önəm verilməsini istəyən görkəmli pedaqoq-alim, tatar xalqının oğlu, Nəqşibəndiyyə təriqətinin şeyxi, filosof, tarixçi, etnoqraf Şəhabəddin Mərcaninin ömür yolundan və yaradıcılığından söz açacağıq.
Şəhabəddin Mərcani kimi tanınan alimin adı və soyadı Şəhabəddin bin Bəhaəddin əl-Qazani əl-Mərcani, Şihabaddin Mərcani kimi də yazılır. Dini təhsil görmüş və müəllimlik edən Bəhaəddinin 1818-ci il yanvarın 16-da keçmiş Kazan quberniyasının Yabınçı kəndində doğulan oğluna Şəhabəddin adını qoyur. İndi bu kənd RF-dakı Tatarıstan Respublikasının Atnin rayonundadır.
Şəhabəddin beş yaşında anasını itirir. Anasının ölümündən bir il sonra atasının dərs dediyi məktəbdə oxumağa başlayır. Orada ərəb və fars dillərini, şəriəti, “Qurani Kərim”i oxumağı öyrənir. Atasının və çevrəsindəkilərin təsirilə bölgənin tarixinə böyük maraq göstərir. 1838-ci ildə isə biliyini və dünyagörüşünü genişləndirmək üçün Buxaraya gedir.
Buxara mədrəsələrin proqramından razı qalmasa da, mühit onda dərin təsir buraxır. Belə ki, Nəqşibəndiyə təriqətinin üzvlərilə tanış olur. Bu təriqətin incəliklərini öyrənməyə o qədər maraq göstərir ki, sonralar özü Nəqşibəndi təriqətinin şeyxinə çevrilir.
Əbdünnasir Kursavinin şəriətdə islahatlar aparmağın vacibliyi, islamın dini ehkamlarının zamana uyğunlaşdırılması, xurafətə qarşı mübarizənin önəmliliyi çağrışları Şəbahəddinin ürəyindən olur. O, bu məsələlərdə Əbdünnasir Kursavinin yolunu tutur.
Buxarada təhsil almaqla yanaşı, həm də orada dərs deyən, gününün çoxunu kitabxanalarda və bölgədəki təriqət şeyxləri ilə söhbətlərdə keçirən Şəbahəddin Mərcani 1843-45-ci illərdə Səmərqənddə yaşayır və oradakı Qazi Əbu Səidin zəngin kitabxanasından çox faydalanır.
On bir il sonra, yəni 1849-cu ildə vətənə dönən Şəbahəddin Mərcaninin Kazanlı İbrahim Yunus məhəllə məscidində imam işləməyə dəvət edir. Məscid imamı olmaqla yanaşı, xətiblik edən Mərcani mədrəsədə dərs də deyir. Mədrəsədə dərslik çatışmadığını, tədris zamanı istifadə edilən kitabların çox köhnə olduğunu, necə deyərlər zamanla ayaqlaşmadığını görən gənc müəllim dərslik yazmaq həvəsinə düşür. “Fars dilinin morfologiyası” kitabını hazırlayır. Bu yeniyetmə alimin ilk kitabı olur.
1865-ci ildə isə Şəbahəddin Mərcaninin “Qurfetül hevakin li arefet il hevakin” kitabının birinci cildi Kazan şəhərində çap olunur. Qəribədir ki, ana dilində danışarkən rus sözləri işlədənlərə iradını bildirən alim yazılarında ərəb-fars dillərinin təsirindən qurtula bilmir. Din və millət məsələsini daim gündəmdə saxlayan, özlərini müsəlman adalndırmaqla qürürlanan, milliyətlərinin tatar olduğunu dilə gətirmək istəməyən, tatar olmağı alçaldıcılıq sayan soydaşlarına qarşı Şəbahəddin Mərcani istər məscid minbərlərindən xütbə oxuyanda, istər mədrəsədə dərs deyəndə, istərsə də yazılarında sərt mövqe nümaiş etdirir. Xalqı ayıltmaq üçün əlindən gələni əsirgəmir. 1870-ci ildə “Nazurat-ul hakki fi farziyat-il ifşa-i və in-lem yaqip-aş-şafak” kitabını çap etdirir.
Bölgədə nüfuzlu bir şeyx, dərin bilikli din alimi kimi tanındığından yerli hökumət məmurları da ona sayqı ilə yanaşırlar. Rusiya işğal etdiyi bölgələrdə hakimiyyətini möhkəmlətmək üçün əhalinin psixologiyasını, adət-ənənəsini, yaşam tərzini, folklorunu öyrənir, bu işə vəsait ayırır, ekspedisyalar təşkil edirdi. Bunun üçün hökumətin mütəxəssislərə böyük ehtiyacı vardı. Belə kadrların bir qismi Rusiyada hazırlanırdısa, bir qismi də xaricdən dəvət edilirdi. Radlov da milliyətcə alman idi, lakin Rusiyanın strategiyasını həyata keçirən alimlərdən olmuşdur. Onun rəhbərliyi ilə ekspedisyalar təşkil edilir, məktəblər açılır, kitablar nəşr olunurdu. Hökumətin vəsaiti ilə Radlov Kazanda da müəllimlər seminariyası açmışdır.
Radlov Şəhabəddin əl-Mərcanini yaxından tanıdığına, fəaliyyətindən xəbərdar olduğuna görə 1876-cı ildə onu seminariyaya müəllim işləməyə dəvət edir. Həmin il onu Kazan Arxeoloji Cəmiyyətinə də üzv seçirlər. 1884-cü ilədək seminariyada dərs deyən Şəbahəddin burada işləyərkən Katanov, Brezin, Qottvald kimi şərqşünaslarla tanış olur. O, Rus və Avropalı alimlərdən onların araşdırma metodlarını öyrənir və yazılarında bu metoddan da istifadə edir. Etnoqrafiyadan, ilahiyyat tarixindən, şəriətdən, folklordan dərs deməklə yanaşı, şagirdlərə şərq dillərini və türk dialektlərini öyrədən Şəbahəddin Mərcani elmi toplantılarda da fəal iştirak edir.
1877-ci ildə Kazanda keçirilən IV Arxeoloji Konfransda Şəbahəddin Mərcaninin oxuduğu məruzə böyük marağa səbəb olur. Volqa Bulqarlarının, Kazan xanlığının, eləcə də İdil (Volqa)-Ural bölgəsində yaşayan türklərin tarixindən bəhs edən bu məruzə Avropa metodları ilə hazırlandığından Radlov onu ixtisarla rus dilinə çevirtdirib çap etdirir.
1880-ci ildə Həcc ziyarəti zamanı Şəbahəddin Mərcani bir müddət İstanbulda qalır. Orada Şeyxülislam Əsəd Əfəndi, ədliyyə naziri, tarixçi Cevdət Paşa, hərbi nazir Asım Paşa ilə, eləcə də başqa hökumət məmurları, ziyalılarla görüşür, kitablarının bir qısmini Həmdiyyə kitabxanasına bağışlayır.
Azərbaycan və azərbaycanlılarla da sıx bağlı olan Şəbahəddin Mərcani Qafqazda zəlzələ baş verdikdə zərər çəkənlərə özü yardım etməklə kifayətlənmir, bölgədə yaşayan müsəlmanları da bu işə cəlb edir. Zəlzələdən zərər çəkənlərə maddi yardım etməklə yanaşı, Qafqazda doğulmuş, kəbin kəsdirmiş və ölmüş müsəlmanların siyahısını hazırlayıb dövlət idarələrinə verir.
Rusiyanın hökumət dairələrindəki nüfuzundan istifadə edən Şəbahəddin Mərcani məhkəmədə müsəlmanların “Qurani Kərim”ə and içmələrini rəsmiləşdirə bilir.
XX yüzilliyin əvvəllərində Azərbaycanda çap olunan və xaricdən gətirilib oxunan mətbuatda Şəhabəddin əl-Mərcani adı tez-tez çəkilir, əsərlərinidən nümunələr verilirdi. Sovetlərin apardığı ateist təbliğat öz işini gördü. Bu böyük tarixçi, pedaqoq və islahatçı din aliminin nəinki əsərləri təbliğ olundu, əksinə yeri düşdükcə tənqid edilməyə başlandı. Yaxşı ki, tənqid edilirdi. Ayıq oxucular təqnidlə maraqlanır, Şəhabəddin əl-Mərcani haqqında bilgi əldə edirdilər. Necə deyərlər antireklam reklama çevrilirdi.
Qəribədir ki, dilə xüsusi önəm verən, yazılarında qıpçaq və qarluk dialektlərinin qarışığından istifadə edərək ortaq türkcə yaratmağa çalışan alim elmi dilinin məhz ərəb dilində ola biləcəyi düşüncəsindən ayrıla bilmir. Yazmış olduğu 30-a yaxın əsərdən ən sanballısı olan 7 cildlik “Vefiyat-ül-aslaf və tahiyet-ül aflat” əsəri ərəbcədir. Bu əsəri 1883-cü ildə Kazan şəhərində çap etdirmişdir.
Şəbahəddin Mərcani “Mustafadül-əxbar”ın əsərində soydaşlarına müraciətlə yazırdı: “Bəziləri tatar olmağı əskiklik sayıb o ismdən nifrət edib “biz tatar deyil, müsəlmanıq!” deyə qovğa və mücadilə edirlər... Ey miskin! Deyək ki, sənin müsəlmandan başqa bir adını dinini və millətini düşmənləri bilməsəydi, əlbəttə, səni “müsəlman” deyə ayırd edərdi. Tatar olmasan, ərəb və tacik və noğay deyil, xatay və rus və fransız, prussiyalı və alman daha deyil, indi kim olursan?”
Şəhabəddin Mərcani Kazan tarixindən bəhs edən və ana dilində yazdığı “Kitabu-Müstəfadil-əxbar fi Ahval-i Kazan” adlı əsərlərində ilk dəfə kazanlı müsəlmanlara dindən başqa bir də milliyyətin varlığını acı bir dillə, sərt və açıq ifadələrlə çatdırmağa çalışmışdır.
1889-cu il aprelin 18-də Kazanda dünyasını dəyişən, orada da dəfn edilən böyük Nəqşibəndi şeyxi, filosof, tarixçi, etnoqraf, pedaqoq yeni bir nəsil yetişdirmiş oldu. Elə bir nəsil ki, milli dəyərlərə sahib çıxdı, ana dilini qorudu, bu dünyadakı bütün təhlükələrə mətanətlə sinə gəldi. On minlərlə tatar pantürküzmidə, millətçilikdə ittiham edilərək güllələnsə də, həbsxanalara, sürgünlərə göndərilsələr də, yenə də ana dilində danışdılar, ana dilində yazıb-oxudular, milli dəyərləri qoruyub saxlaya bildilər.
Mətni yazdı Əli Şamil (Əli Hüseyin oğlu Şamilov).
|