Hüseyn Cavid
Türk Dünyasının Məşhurları-23
Xalqımızın millətsevər oğlu, ədəbiyyata şair kimi gəlsə də yazıçı-dramaturq kimi məşhurlaşmış Hüseyn Cavid...
Göndərmə 13.06.2013 11:23:27 UTC
Güncəlləmə 13.06.2013 11:23:27 UTC
www.trtazerbaycan.com
http://www.trtazerbaycan.com/trtworld/az/newsDetail.aspx?HaberKodu=6e8921ae-b7a3-4c3b-9ed8-f26b5a2a867c
Əfqanıstanda, İraqda, Misirdə, Suriyada və b. ölkələrdə hər gün qan axıdılır. Bir sözlə müstəmləkəçilərin Şərqdə törətdiyi qırğınlar, faciələr ara vermir. Hüseyin Cavidin ölümündən 72 ilə yaxın keçsə də onun nifrətlə damğaladığı İblis yenə də meydan sulamaqdadır. Hüseyin Cavid də sanki günümüzün hadisələrini qələmə alıb. Şair filosofa görə dünyanı lərzəyə salmaq, insanları qorxu və xof içində yaşatmaq deyil, sakitlik və dinclik yaratmaq hünərdir. Ona görə də
Kəssə hər kimsə qan izini,
Qurtaran dahi odur, yer üzünü!-misralarının yazıb.
1882-ci il oktyabrın 24-də Naxçıvan şəhərində, dindar bir ailədə doğulan Hüseyn Abdulla oğlu Rasizadə ilk təhsilini doğulduğu şəhərdəki ibtidai məktəbdə alıb. 1894-1898-ci illərdə görkəmli marifçi Məmmədtağı Sidqinin açdığı “Məktəbi-tərbiyə”də oxuyan Hüseyn müəlliminin təsirilə “Gülçin” və “Salik” imzaları ilə əruz vəznində şeirlər yazmağa başlayıb.
Böyük qardaşı Məhəmmədin oxuduğu Təbrizdəki Talibiyyə mədrəsəsində 1899-1903-cü ildə oxuduqdan sonra bir müddət Naxçıvanda müəllimlik edib. Gözləri xəstə olduğundan müalicə olunmaq üçün 1905-ci ildə İstanbula gedən Hüseyn Rasizadə orada Rza Tofiklə tanış olub və ondan fərdi dərs alıb. Böyük alim və pedaqoq Rza Tofik onun istedadını görərək İstanbul Universitetində oxuması üçün zəmanət verib.
1909-cu ildə İstanbul Universitetini azad dinləyici kimi bitirən Hüseyn Rasizadə geri döndükdən sonra Naxçıvanda, Bakıda İran konsulluğunun açdığı “İttihad” məktəbində müəllim işləyib. İlk dram əsəri olan birpərdəli “Ana” əsərini də 1910-cu ildə tamamlayıb.
Azərbaycanda mənzum dramaturgiyanın əsasını qoyan Hüseyin Rasizadə bundan sonra soyadı ilə deyil, qəbul etdiyi Cavid ləqəbilə məşhurlaşıb.
İstanbul Universitetinin məzunu, gənc yaşlarında dünyasını dəyişmiş, ədəbiyyatşünas alim Abdulla Surun dəvətilə 1912-cü ildə Gəncəyə gedən Hüseyn Cavid oradakı “Mədrəseyi-ruhaniyye”də dərs deməyə başlayıb. Mədrəsənin son sinfində oxuyan Vəli Xuluflu ilə tanış olub. Onlar sonralar Bakıda görüşüb və gizli fəaliyyət göstərən təşkilatda birgə çalışıblar.
Abdulla Surun ölümündən sonra Gəncədə çox qalmayan Hüseyn Cavid 1913-cü ildə Tiflisə gedərək oradakı İran konsulluğunun açdığı “İttifaq” məktəbində dərs deyib və həmin il də yazdığı şeirlərin böyük bir qismini toplayaraq “Keçmiş günlər” adı altında çap etdirib.
İctimayi-siayasi lirikaya daha çox meyl edən şair yaradıcılığının ilk illərində insanlara işıqlı həyat, azad gələcək yolu arayıb. Bütün bunlar onu Azərbaycanda romantizm cəryanının banilərindən biri kimi tanıdır.
Qafqazın mərkəzi şəhəri sayılan Tiflisdəki ədəbi mühit Hüseyn Cavidin bir sənətkar kimi formalaşmasına da təsir edib. Orada yaşadığı illərdə Azərbaycan ədəbiyyatında ilk mənzum faciə olan “Şeyx Sənan” əsərini yazıb. Bu əsərdə sufilərin görüşlərinin təsiri özünü qabarıqlığı ilə göstərib. Yüksək bədii dəyərinə və ideyasındakı ümumbəşəriliyə görə uzun illər Azərbaycan səhnəsinin sevilən əsərləri kimi repertuarda qalıb. “Şeyx Sənan” yalnız Azərbaycan səhnəsində deyil tərcümə edilərək qonşu ölkələrdə də göstərilib.
Birinci Dünya Savaşının başlaması Cavid yaradıcılığına da təsirini göstərib. İctimayi-siayasi lirikaya meyilli şair “Hərb və fəlakət”, “Hərb allahı qarşısında” şeirlərində, eləcə də “İblis” faciəsində imperialistlərin xalqları əsarət altına almaq üçün törətdiyi qanlı savaşları qəzəblə tənqid edib.
“Maral”, “Şeyda”, “Afət” dramları ilə düşüncələrini tamaşaçılar arasında bölüşən Hüseyn Cavid bir Turançı kimi tanınmağa başlayıb.
Tiflisdən Bakıya dönərək “Səfa” məktəbində dərs deyən Hüseyn Cavid böyük türkçü və turançı kimi tanınsa da siyasi təşkilatlara meyilli olmayıb. Hətta Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında da fəal iştirak etməyib.
Rusiyada hakimiyyəti silah güçünə ələ almış bolşeviklərin yardımı ilə Bakıda yaratdılmış oyuncaq Bakı Komissarlığı 1918-ci ilin martında erməni silahlı dəstələrini müsəlmanları qırmağa təhrik edib. Onminlərlə insanın qəddarlıqla öldürüldüyü günlərdə erməni silahlıları bir çox müsəlman varlılarını girov götürərək onları böyük məbləğdə pul müqabilində azad etdikləri zaman Hüseyn Cavidi də girov götürüblər. Var-dövləti, pulu olmayan şair bir təsadüf nəticəsində sağ qalıb.
Erməni silahlılarının əlindən qurtardıqdan sonra Təbrizə gedərək bir müddət orada yaşayan Hüseyn Cavid sonra Naxçıvana gəlib. Şairin 1918-20-ci illərdə həyatı çox çətin və ağır keçib. Demək olar ki, yaradıcılıqla məşğul ola bilmədiyindən ciddi bir əsər yarada bilməyib.
Bolşeviklər Qafqazı işğal etdikdən sonra yenidən Bakıya dönməli olan Hüseyn Cavid texnikumda dərs deməklə yanaşı ciddi bəbii yaradıcılıqla məşğul olub. 1922-ci ildə “Peyğəmbər”, 1925-ci ildə “Topal Teymur”, 1933-cü ildə “Səyavuş”, 1935-ci ildə “Xəyyam” və başqa möhtəşəm əsərlərini yaradıb. Mənzum “Azər”dastanı üzərində işləyib.
Sovet hökuməti sinfi mübarizəyə, ateizmə, milli dəyərlərin aradan qaldırılmasına çalışsa da Hüseyn Cavidi öz yolundan döndərə bilməyib. Nə təqib və təziqlər, nə mətbuatda ara verməyən tənqidlər, nə mükafatlar türkçü-turançı şairi yolundan döndərə bilib. O, Turanın qılıncla, savaşlarla bərpa olunmasını istəməyib. İnsansevər, hümanist şair, babalarının qurduğu möhtəşəm dövlətlərin bərpasını demokratik, mədəni bir yolla qurulmasını arzulayaraq deyir:
Turana qılıncdan daha kəskin ulu qüvvət,
Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət!
1937-ci il iyunun 3-də Hüseyn Cavidi də gizli təşkilatın üzvü kimi məsləkdaşları ilə birlikdə həns ediblər. Onun gizli təşkilatdakı fəaliyyəti o qədər ciddi olmadığından təbliğ etdiyi türkçülük-turançılıq ideyalarına görə suçlayıblar. Bir il çəkən istintaqdan sonra ona səkkiz il iş verib Maqadan vilayətindəki islah əmək düşərgəsi adlandırılan həbsxanaya göndəriblər. Çətin və ağır iş, havanın sərtliyi, normal qidalanmama şairi əlil vəziyyətinə salıb. Odur ki, onu Maqadandan İrkutsk vilayəti Tayşet rayonu Şevçenko kəndi yaxınlığındakı əlillərin həbs düşərgəsinə göndəriblər. Böyük şair-filosof 1941-ci il dekabrın 5-də burada dünyasını dəyişib.
1956-ci ildə Sovet rejiminin məhv etdiyi insanların bir çoxuna fiziki bəraət verildikdə ədəbiyyatçılar, tarixçilər, ictimai-siyasi xadimlər və jurnalistlər sübut etməyə çalışıblar ki, repressiyaya məruz qalan şəsxlərin heç bir günahı olmayıb. Onlar Sovet rejiminin coşğun təbliğatçıları olublar. Sovet höküməti dağıldıqdan sonra xüsusi xidmət orqanlarının arxivləri açılanda araşdırıcılar görüblər ki, heç də belə deyilmiş. Bolşeviklər zorla hakimiyyəti ələ aldıqdan sonra uzun müddət ona qarşı güclü bir müqavimət olub.
Belə ki, repressiyaya məruz qalanların bir çoxu həqiqətən xalqının azadlığı və müstəqilliyi uğrunda mübarizə aparıb, Sovetlərin çökməsi üçün əllərindən gələni əsirgəməyiblər. Onlardan biri də Hüseyn Cavid olub. Hakimiyyət dairələri də onlara qarşı demokratik mübarizə metodunu seçməyib, tamamilə despodcasına davranıb.
1992-ci il oktyabrın 26-da Hüseyn Cavidin cəsədi Sibirdən gətirilərək Naxçıvanda dəfn edilib və məzarı üzərində abidə ucaldılıb. Bu, Azərbaycanda repressiyaya məruz qalmış insanların ailələrinə qaytarılmış ilk və son cəsədi olub.
Mətni yazdı Əli Şamil (Şamilov Əli Hüseyn oğlu)
|