9. Nəsrəddin Tusi

Türk Dünyasının Məşhurları 10

Nəsrəddin Tusi (1201-1274) ( نصیرالدین توسی, rus. Насир ад-Ди́н Ту́си) https://ali-shamil.tr.gg/9-.--N%26%23601%3Bsr%26%23601%3Bddin-Tusi.htm

İbn Sina və Bəhmənyar məktəbinin davamçısı, ensiklopediyaçı alim, filosof, ictimai-siyasi xadim Nəsrəddin Tusi.../Әli Şamil

Göndərmə 3/30/2010 7:34:03 AM UTC

Güncəlləmə 3/30/2010 7:34:03 AM UTC

www.trtazerbaycan.com


http://www.trtazerbaycan.com/trtworld/az/newsdetail.aspx?haberkodu=98976d1d-d325-4fd7-8933-2a232cb8b8de

 Doğulanda adını Məhəmməd qoydular. Böyüyəndə isə Nəsrəddin ləqəbiylə, yəni dinin tərəfdarı ləqəblə məşhurlaşdı. Qaynaqlar onun adını və soyadını bütövlükdə Məhəmməd Nəsrəddin Tusi Həsən oğlu kimi yazır. Bəzən də adı Əbu Abdulla, yaxud Əbu Cəfər kimi yazılır ki, bu da Məhəmməd sözünün qarşılığıdı. Onun adı qarşısında Cənab anlamında olan Xacə, habelə həmin mənada Mövla sözləri də yazılır.

1201-ci ilin fevralın 17-də anadan olan Məhəmmədin hansı şəhərdə doğulması haqqında iki fikir var. Bəzi müəlliflər Həmədanda, bəziləri isə Tus şəhərində doğulduğunu yazırlar. Kiçik Məhəmməd ilk təhsilini dövrünün ziyalılarından olan atasından və dayısından almışdı. Sonra Şərqin mədəniyyət mərkəzlərindən biri olan Xorasanda humanitar və dəqiq elmləri dərindən öyrənmişdir. Dərin zəkası, iti məntiqi ilə seçilən 21 yaşlı Məhəmmədə müəllimi Müinəddin Salim Misri 1222-ci ilin iyunun 30-da hədis söyləmək icazənaməsi vermişdi. Bu o dövürdə hər adama nəsib olmayan böyük bir etimad idi.

Elmdə, poezyada göstərdiyi hünərə görə gənc Məhəmmədin şöhrəti Xorasandan çox-çox uzaqlara yayılır. İsmayililər təriqətinin üzvləri ilə yaxınlıq, təriqətə göstərdiyi maraq onu Kuhistan hakimi, ismaililərin rəhbərlərindən Nasirəddin Möhtəşəmi ilə yaxınlaşdırır. Onu İsfahana sarayda işləməyə gətirirlər. Möhtəşəmin sifarişilə etika, sosialogiya, dövlət idarəçiliyi mövzusunda bir kitab yazmalı olur. Nəsrəddin Tusi 1236-cı ildə bitirdiyi bu əsəri "Əxlaqi-Nasiri", yəni Nasirin əxlaqa aid kitabı adlandırır. Tərbiyə, əxlaq və pedaqogikanı da əhatə edən əsər müəllifinə böyük uğur qazandırır.

Ümumi fəlsəfi məsələlərə də yer verilmiş kitabda xasiyyətlərin müxtəlif aspektləri, fəzilətli və qəbahətli cəhətləri araşdırılır, insanı kamilləşdirən keyfiyyətlər, xeyir və səadətə aparan yollar göstərilir. İnsan və cəmiyyət münasibətlərinə diqqəti yönəldilən əsərdə idarəetmə nəzəriyyəsində özünü, ailəni və dövləti idarəetmə məsələləri təhlil edilir, insanların "ədalət, fəzilət və hikmət qanunları əsasında idarə edilməsi" zəruri sayılır.

Nəsirəddin Tusinin idrak nəzəriyyəsində idrak prosesinin hissi və əqli mərhələləri elmi şəkildə şərh edilir, hisslər vasitəsilə şeylərin zahiri cəhətlərinin, əqllə isə onların mahiyyətinin dərk olunduğu göstərilir. Filosofun məntiq təlimində təfəkkür formaları və onların növləri xüsusi araşdırılır.

Belə dəyərli bir əsər yaradan müəllifə sarayda göstərilən hörmət, ehtiram uzun sürmür. Saray intirqalarının qurbanına cevrilərək Ələmut qalasına göndəririr. Monqol işğalınadək orada nəzarət altında yaşayır.

1256-cı ildə ismaililərin hakimiyyətinə son qoyan Hülaku xan Əlәmut qalasını tutur və Nəsirəddin Tusini də özünə məsləhətçi götürür. Tatar-Monqol ordularıyla birlikdə Bağdadın fəthində iştirak edən alim müdrik tədbirləri ilə tanınmış insanlara, xüsusən ziyalılara böyük qayğı göstərir, onları ölümdən qurtara bilir. Marağa və Təbrizi tərk etmiş 500-ə qədər ailə onun sayəsində vətənə dönür.

Nəsirəddin Tusinin dünya elm və mədəniyyəti tarixindəki mühüm xidmətlərindən biri 1259-cu ildə Marağa Rəsədxanasını təşkil etməsidi. O, dini və dili ayrı olan 100-dən çox alimi buraya toplamış, onların işləməsi üçün lazımi şərait yaratmışdı. Rəsədxana nəzdində fəaliyyət göstərən mədrəsədə 400 min cilddən çox kitab toplanmış, o dövrün bütün bilik sahələri, elmi, dini, fəlsəfi və ictimai-siyasi təlimləri orada tədris edilmişdi.

Tusi rəsədxanada təcrübələr aparmaqla yanaşı "Zic Elxani" kimi möhtəşəm bir əsər yaradır. Bu əsərində planetlərin geosentrik orbitinin əsas elementləri verilmiş, onların sutkalıq orta hərəkəti öz dövrünə və hətta 17-ci əsr astronomiya müşahidələrinə nisbətən daha dəqiq təyin edilmişdi.

Nəsirəddin Tusinin rəhbərliyi ilə Yerin fırlanma oxunun illik presessiyasının qiyməti tapılmışdır. "Zic Elxani" əsərində çoxlu riyazi, astronomik və coğrafı cədvəllər də var. Onlardan ən mühümləri sinus və tangensin 60-lıq say sistemində üçrəqəmli triqonometriya cədvəlləri və 13-cü əsrdə məşhur olan 256 şəhərin coğrafi koordinatlar cədvəlidir.

Nəsirəddin Tusi bütün təbiətşünaslıq məsələlərini fizikaya aid etmişdi. Burada bəsit və mürəkkəb cisimlər, yerdə və göydə baş verən hadisələrin, məsələn, göy gurultusu, ildırım, şimşək, yağış, qar, zəlzələ və buna oxşar hadisələrin səbəbləri, mürəkkəb maddələr, onların tərkiblərinin xüsusiyyətləri, yəni mineralogiya, bitkilər, onların növləri, nəfs və qüvvələri, yəni botanika, ixtiyari və iradi hərəkət edən cisimlər, onların hərəkət xüsusiyyətləri, nəfs və qüvvələri, yəni zoologiya, insanın düşüncəli nəfsinin xüsusiyyətləri, yəni psixologiya öyrənilir. Nəsirəddin Tusi təbabəti, əkinçilik elmini və s. fizikanın əlavə bölmələri hesab etmişdi.

Tusi fiqhə, yəni islam hüququna dair əsərlərində humanist mövqe tutmuş, insanların əmin-amanlığı qayğısına qalmağı ümdə prinsip saymış,"Cəbr və qədr" traktatında insanın iradə azadlığına xüsusi önəm vermişdi. Təriqət təəssübkeşliyindən uzaq olan mütəfəkkirin əsərlərindən şiələr də, sünnilər də bəhrələnmişlər. Onun fəlsəfəyə dair traktatlarında İbn Sinanın "İşarələr və qeydlər" kitabının şərhinə, "Problemlərin həlli" ("Həll əl-müşkilat"), "Kəlamın təcridi" ("Təcrid əl-kəlam"), "İqtibasın əsası" ("Əsas əl-iqtibas") ilahiyyat məsələlərinə də müəyyən yer ayrılmışdı.

Nəsirəddin Tusi poeziya nəzəriyyəsinə, musiqiyə dair traktatların və fəlsəfi şerlərin də müəllifidir.

Tusinin Sədrəddin Əli, Əsiləddin Həsən və Fəxrəddin Əhməd adlı üç oğlu da elm yolunu tutmuş, eyni zamanda dövlət işlərində çalışmışlar. Əvhədi Marağayi (1274-1338) "Dəhnamə" məsnəvisini (1306) Nəsirəddin Tusinin nəvəsi Xacə Ziyaəddin Yusif ibn Əsiləddin Həsənə ithaf etmişdir.

Nəsirəddin Tusi nəslindən olanlar sonralar Naxçıvan ərazisində yaşamış, elm, ədəbiyyat və incəsənət sahəsində çalışmışlar. Buna görə I Şah Abbas Ordubad mahalını bütün vergilərdən azad etmişdi. Şahın fərmanı Ordubaddakı böyük cümə məscidinin qapısı üstündəki daş kitabəyə həkk olunmuşdur.

Tusi 1274 ilin iyulun 25-də Bağdadda səfərdə olarkən vəfat etmiş, vəsiyyətinə görə müqəddəs Kazımeyn şəhərində dəfn edilmişdi. Diqqəti çəkən odur ki, böyük alimin dəfn olunduğu sərdabə onun anadan olan gün xəlifə Nasir il-Dinillah üçün tikilsə də orada heç kim dəfn edilməmişdi.

1981-ci ildə Nəsrəddin Tusinin anadan olmasının 780 illik yubileyi geniş qeyd olunmuş, şərəfinə medal təsis edilmiş, abidələri ucaldılmış, portreti yaradılmışdı. Anadan olmasının 800 illiyi isə YUNESKO-nun qərarı ilə dünya miqyasında qeyd edilmişdi. 2009-cu il isə BMT Baş Assambleyasının qərarı ilə dünyada “Astronomiya ili” elan edilmişdi. Bu Marağa Rəsədxanasının yaradılmasının 750 ilinin tamam olması ilə üst-üstə düşürdü. Bütün bunlar riyaziyyat, astronomiya və fizika sahələrində misilsiz xidmətləri olan alimə verilən qiymətdir.

               

 

 

 

 

 

 
Sayğac
 
Flag Counter
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol