Ayaz İshaki İdilli
Türk Dünyasının Məşhurları-20
Ayaz İshaki İdillinin ömür yolu və yaradıcılığı...
Göndərmə 12/19/2012 12:05:03 PM UTC
Güncəlləmə 12/19/2012 12:05:03 PM UTC
www.trtazerbaycan.com
http://www.trtazb.com/trtworld/az/newsdetail.aspx?haberkodu=3a0400b4-a6c4-42b4-8d73-c1e674946661
Ayaz İshaki İdilli kimi tanınan yazıçı, jurnalist, elm adamı və siyasətçiyə doğulanda valideyinləri pryğəmbərimiz Məhəmməd əleyhissalamın adını verirlər. Onun atası İladəddin İsaki indiki Rusiya Federasiyasına bağlı Tatarıstan Respublikasının başkəndi Kazan yaxınlığındakı Yavşirma kəndinin axundu idi. Bu bölgədə yaşayanlar tatarların ağzında bizim Ayaz kimi səsləndirdiyimiz söz Qayaz səslənir. Ona görə də bu böyük vətənsevərin adının Ayas, Qayaz kimi yazılışına da rast gəlinir.
23 fevral 1878-ci ildə doğulan Ayaz İsaki 12 yaşına kimi atasının dərs dediyi mədrəsədə oxuyur. Burada yalnız Quranı Kərimi oxumağı deyil, şəriətin ehkamlarını, ərəb və fars dillərini, tatar ləhcələrini öyrənir. 1890-cı ildə atası onu dövrünün nüfuzlu din bilginlərindən olan Şakir Kamal Həzrətin işlədiyi Çistay kəndindəki mədrəsəyə göndərir.
1893-cü ildə Çistay mədrəsəsini uğurla başa vuran Ayaz İshaki Kazan şəhərindəki Allamiyə mədrəsəsində oxumağa gedir. Orada tanınmış din alimi Qallam Həzrətlərindən xüsusi dərs alır və gələcəkdə Sədri Maqsudi Arsal kimi tanınacaq Sədrəddin Maqsudovla tanış olur. Onların tanışlığı dostluğa çevrilir.
Ayaz tələbə yoldaşı Sədrəddinin mədrəsədə dərs deyən böyük qardaşı Hadi Maqsudi bəyin açdığı kitabxananın ən fəal oxucusuna çevrilir. Burada yalnız dərslərinə hazırlaşmaqla qalmır, Krımdan, Qafqazdan, Osmanlıdan göndərilən qəzet və jurnallarla tanış olur, kitabxanaya gələn özündən böyük aydınların söhbətlərini dinləyir, müzakirələrinə qatılır.
İslam dünyasının, türklərin tarixini oxuduqca qururlanır. Lakin yüz illər böyu qüdrəti olmuş Şərqin çoküşü, Avropadan geridə galması onu rahatsız etmiş və bunun səbəblərini aramağa başlamışdır.
Düşündüklərini qələmə alan Ayaz İshaki dost-tanışı arasında şair, qələm əhli və fikir adamı kimi tanınmağa başlayır. 1896-cı ildə 18 yaşlı Ayaz İshakinin “Taallümde saadet” kitabı Kazandakı Kərimoğulları nəşriyyatında çap olunur.
Ayaz İshakinin tələbə yoldaşı Sədrəddin böyük qardaşı Hadi Maqsudi 1895-ci ildə Kırıma işləməyə gedəndə kiçik qardaşını da özü ilə aparır. Bir ildən sonra geri dönən Sədrəddin Ayaz İshakiyə və tələbə yoldaşlarına Kırımdan, Kırımdakı ədəbi-mədəi mühitdən, İsmayıl bəy Qaspıralıdan, onun nəşr etdiyi “Tərcüman” qəzetindən, çap etdirdiyi kitablardan, ətrafındakı insanların dünyagörüşündən söhbət açır.
Sərdi Maqsudi ilə Ayaz İshaki millətlərinin xoşbəxt gələcəyi üçün yollar arayırlar. Onlar xoşbəxt gələcəyə gedən yolu şərq mənəviyyatı üzərində Avropalaşmaqda görürlər. Odur ki, mədrəsədən ayrılıb 1899-cu ildə Kazandakı Rus-tatar məktəbinə daxil olurlar. Ayaz İshaki dörd il burada oxuyur. Tələbəlik illərində məsləkdaşları olan yaşıdları ilə birlikdə gizli vərəqlər və qəzetlər nəşrinə həvəslənir. 1902-ci ildə hökumətdən icazəsiz “Hürriyyət” adlı qəzetin nəşrinə nail olur. Lakin bu nəşrin ömrü uzun olmur.
1903-cü ildə Rus dilindən dərək hüququ verən diplom alaraq müəllim işləməyə başlayır. Qəzetlərə ölkədəki problemlərdən, əsasən də millətinin dərdlərindən məqalələr yazan Ayaz İshaki ictimai-siyasi işlərdə də fəallıq göstərir. O, 1905-ci ildə Rusiyada baş verən qarışıqlıqdan yararlanaraq “Tan yıldızı” qəzeti və “Tan” jurnalını çap edir. Lakin nəşrlərin ömrü o qədər də uzun olmur. Hakimiyyət orqanları tərəfindən qapadılır və naşiri də Çistaydakı həbsxanaya göndərilir.
1905-ci il avqustun 15-18-də Nijni Novqorod şəhərində Rusiya Müsəlmanlarının I Konqresi keçirilir. Konqresin qərarı əsasında 1906-cı ilin yanvarında Peterburqda Ümumrusiya Müsəlmanları İttifaqı yaradılır. Ayaz İshaki də bu konqresin fəal iştirakçısı olur. O, burada gələcəyin böyük siyasi xadimləri, milli davanın öncülləri olan insanlarla dostlaşır.
I Dövlət Dumasına seçkilər ərəfəsində həbsdə olduğundan seçimlərə qatıla bilməyən Ayaz İshaki 1906-cı ildə “Tavış” qəzetini nəşrinə başlasa da, qəzetin ömrü o qədər də uzun olmur. Hökumət qəzeti bağlayır və naşirini altı ay həbsdə saxladıqdan sonra 1907-ci ildə üç illiyə Arxangelski şəhərinə sürgünə göndərir.
1908-ci ildə sürgündən qaçıb Peterburqa gələn Ayaz İshakini polis yaxalayıb təkrar sürgünə göndərir. Sürgündən azad edildikdə isə ona Kazanda yaşamağa icazə vermədiklərindən Peterburqa gələrək jurnalistlik fəaliyyətini davam etdirir. 1911-ci il İstanbula gedən Ayaz İshaki orada “Züleyxa” adlı romanını yazır. Dostlarının dəvətilə vətənə dönən və inqilabı fəaliyyətini davam etdirən Ayaz İshakini polis yenidən yaxalayıb sürgünə göndərir. Lakin onun sürgün müddəti məhkəmənin hökmündəki qədər çox olmur. 1913-cü ildə Romanovlar sülaləsinin taxta çıxması münasibətilə verilən aministiya əsasında onu da sürgündən azad edirlər. Sürgündən dönən Ayaz İshaki nəşrinə icazə aldığı “İl” qəzeti 1913-cü il sentyabrın 29-da işıq üzü görür. Qəzet az zamanda Ümumrusiya müsəlmanlarının ən çox oxuduğu nəşrlərdən birinə çevrilir. Qəzetdə ölkədəki milli ayrıseçkilik, sosial ədalətin pozulması, hökumət məmurlarının rüşvətxorluğu kəskin tənqid edildiyinə görə 1915-ci ilin martında nəşri qadağan edilir.
Ayaz İshaki 1916-cı ildə “Söz” adlı qəzetin nəşrinə başlasa da, Rusiya Daxili İşlər Nazirliyinin göstərişilə bağlanılır. 1917-ci ildə Romanovlar sülaləsinin hakimiyyətinə son qoyulması Ayaz İshakinin yenidən “İl” qəzetinin nəşr etməsinə şərait yaradır.
1917-ci il iyulun 21-31-də Kazanda Hərbi Şura Konqresi, Dini Ülama Konqresi və İkinci Ümumi Müsəlman Konqresi keçirilir. Hər üç toplantının təşkilində Ayaz İshaki və Sədri Maqsudi yaxından iştirak edir. Bütün bu toplantılar Rusiya əsarəti altında olan müsəlmanların təşkilatlanmasına və əsarətdən qurtararaq müstəqil dövlətlərini qurmalarına yönəldilmişdi. Elə ona görədir ki, iyulun 22-də keçirilən toplantıda İdil-Ural Türklərinin mədəni muxtariyyatı elan edilir. Ayaz İshaki bu şəhər və kəndlərə gedərək xalq mitinqləri təşkil edir, qarşıya qoyduqları məqsəd və vəzifəlri onlara izah etməyə çalışır. O, var gücü ilə apreldə çağrılacaq Qadınlar Qurultayının təşkilati məsələlərini həll edir, Türküstana xüsusi heyətlər göndərir, milli özünümüdafiə dəstələrinin təşkilində əlindən gələni əsirgəmir, Ufa Millət Məclisi üçün deputat seçkilərini idarə edir. Quracaqları Milli Dövlətin xəzinəsi üçün pul toplayır, bir sözlə İdil-Ural Republikasının təşkilinin qərara alınması üçün çalışır. Onu Mərkəzi Rusiya və Sibir Müslüman Türk-Tatarları Millət Məclisinə deputat seçirlər.
Lakin onun arzularının reallaşması mümkün olmur. Xalq arasındakı çaşqınlıq, millətin öz içərisindən çıxmış vətənsevərlərə inamsız yanaşması 1918-ci il aprelin 12-də bolşeviklərin Kazanı işğalı ilə nəticələnir. Bölşeviklər milli fəallara divan tutur, onları həbsxanalara göndərir, bəzən də sorğu-sualsız güllələyir.
Şəraitin belə qorxulu və ağır olmasına baxmayaraq Ayaz İshaki və əqidə yoldaşları bir müddət gizli və yarimgizli fəaliyyətlərini davam etdirirlər. Lakin onların fəaliyyət göstərməsinin getdikcə çətinləşdiyini, hətta mümkünsüz olduğunu görüb xarici ölkələrə getməyə üstünlük verirlər. Beləcə Ayaz İshaki 1920-ci ildən mühacir ömrü yaşamalı olur.
Mühacirlik həyatına 1920-ci ildə Parisdə başlayan Ayaz İshaki məqalələrində daha çox İdilli imzasını işlətməyə başlayır. Mühacirətdə Sədri Maqsudi ilə birlikdə Rusiyada əsarət altında olan xalqların hüquqlarının qorunması uğrunda çalışır, beynəlxalq təşkilatlarla işləyir. Mühacirətdə Fransızca çap etdirdiyi əsəri Ruscaya və polyakcaya da çevrilir.
Ayaz İshaki yalnız Fransada fəalyyət göstərməklə kifayətlənmir, Mancuriyaya, Koreyaya, Yaponiyaya, Ərəbistana və Finlandiyaya da gedir orada yaşayan tatarların, başqırdların təşkilatlanmaları, mühacirətdə olan Qafqazlı və Türküstanlı soydaşları ilə birgə fəaliyyət görtərmələri üçün çalışır. Uzaq Şərqə səyahət zamanı “Milli Bayrak” adlı qəzet də təsis edir.
Onun mühacirətdəki naşirlik fəaliyyətinin ən böyük əsəri Berlində 1928-1939-cu illərdə nəşr etdiyi “Yana Milli Yul” (Yeni milli yol) jurnalı olur.
1939-cu ildə Türkiyəyə gəlir, “Türk Yurdu” dərgisində çalışır, “Züleyxa” romanını da Türkiyə türkçəsinə çevirərək nəşr etdirir. 60 ilə yaxın ədəbi fəaliyyətlə məşğul olan Ayaz İshaki İdilli “Zindan”, “Tövbəkar xatun”, “Sünnətçi Balbay”, “Payız” hekayələrini, “Mulla Bubay”, “Üyge Taba” (Evə doğru), “Tatarın qızı”, “Ulu Muhammed” romanlarını, “Qadın ilk həyat”, “İki aşiq”, “Həyat yolunda”, “Dalğanın içində” pyeslərini, “Xatirə dəftəri”, “Otuz Yıllığım” xatirələrini və b. əsərlərini şap edirmişdir. Təqib və təzyiqlər altında olan, sürgün və mühacirət həyatı yaşayan bir insanın 50-yə yaxın əsər yaza bilməsi təqdirəlayiq bir haldır.
Türkiyədə yaşayan və siyasi fəaliyyəti məhdudlaşdırılan Ayaz İshaki İdillini 1953-cü ilin may ayında Amerika Komitəsi Münxen şəhərində keçirilən toplantıya dəvət edir. O, taplantıda Rus olmayan xalqların haqlarının qorunmasının vacibliyini əsaslandırır.
Münxendən geri dönərkən səhhəti pisləşir. Vəsiyyət edir ki, onu mümkün olan qədər İstanbulun Ədirnəqapı məzarlığında Yusuf Akçuranın məzarı yanında dəfn etsinlər. 1954-cü il iyunun 24-də dünyasını dəyişən böyük türkçü, çağdaşlaşmağı və türk-islam mənəviyyatından uzaqlaşmamağı həyat amalı bilən Ayaz İshaki İdillinin bu vəsiyyətinə əməl edilir.
Onun əsərləri və əməlləri isə türk gəncliyinə bir vəsiyyət kimi qalır.
Mətni yazdı Əli Şamil (Şamilov Əli Hüseyn oğlu)
|