Əhməd Yəsəvi
Türk Dünyasının Məşhurları-22
Şeirləri dildən-dilə keçərək Türk dünyasını dolaşan, böyük sufi şairi və filosofu Əhməd Yəsəvinin həyat və yaradıcılığı...
Göndərmə 11.06.2013 11:14:20 UTC
Güncəlləmə 11.06.2013 11:14:20 UTC
www.trtazerbaycan.com
http://www.trtazerbaycan.com/trtworld/az/newsDetail.aspx?HaberKodu=719fdbe5-6eec-4b80-a1de-ece24db6b28d
Yəsəvilik təriqətinin qurucusu olan, heca vəznində söylədiyi hikmətləri dillərdə dolaşan, müridlərinin sayı-hesabı bilinməyən Xoca Əhmədin ömür yolu əfsanələrə bürünmüşdür. Ona görə də böyük şeyxin doğum və ölüm tarixi qaynaqlarda fərqli-fərqli göstərilir.
Xoca Əhməd Yəsəvinin haqqında geniş bilgi verən, onun tanıdılmasında böyük rolu olan Mehmed Fuad Köpürlüzadə olmuşdur. O, Xazinin 1594-cü ildə yazdığı “Cəvahirül əbrar min ənvasil bihar” əsərinə əsaslanaraq Xoca Əhməd Yəsəvinin 1166-cı ildə dünyasını dəyişdiyini yazmışdır.
Böyük şeyx və təriqət başçısı olan Xoca Əhməd Yəsəvinin ölüm tarixi haqqında araşdırıcılar eyni fikirdə olsalar da doğum tarixini fərqli göstərirlər. Belə ki, ensiklopediyalarda onun doğum tarixi 1105-ci il yazılır.
İsvecin Upsala şəhərindəki unversitetin kitabxanasında saxlanan Doğu əlyazmalarının araşdırılması böyük sufi alimi və şairinin həyat və yaradıcılığına sanki bir işıq saçdı. Sufi Məhəmməd Danişmənd Zərnikinin yazmış olduğu “Miratül kulup” əsəri yalnız Xoca Əhməd Yəsəvinin həyat və yaradıcılığını öyrənmək baxımından deyil, həm də dəvrişlik, sufi cəryanlarını öyrənmək baxımından olduqca qiymətli qaynaq oldu.
Sufi Məhəmməd Danişmənd Zərniki Xoca Əhməd Yəsəvinin birinci və ya üçüncü nəsil dəvrişlərindən sayılır. Onun qırx dəfə mürşidi Xoca Əhməd Yəsəvi ilə riyazətə çəkildiyini, yəni kiçik və qapalı bir yerdə yaşayaraq, dünya nemətlərindən ən az şəkildə istifadə etmək və insanlarla ünsiyyətddən uzaq olmaqla nəfslərini tərbiyə etmiş, kamillik məqamına yüksəlməyə çalışdığını yazırlar.
Müridlikdən mürşidliyə gedən ağır yolu keçdikdən sonra Xoca Əhməd Yəsəvi Məhəmməd Danişmən Zərnikini Otar şəhərinə islamı təbliğ etməyə və ətrafına dəvrişlər toplamağa göndərir.
Qaynaqların verdiyi bilgiyə görə Xoca Əhməd indiki Qazaxıstan Cümhuriyətinin böyük şəhərlərindən olan Çimkəndin doğusundakı Sayram qəsəbəsində doğulub. Orta yüzilliklərdə bu qəsəbə böyüyərək İsfican, Akşəhər adı ilə məşhurlaşıb. Xoca Əhməd Yəsəvinin atası İbrahim də sufi olduğuna görə bölgədə İbrahim Ata- İbrahim Şeyx kimi tanınıb. Anası isə sayramlı Musa Şeyxin qızı Ayşə xatun olub.
Əhməd Yəsəvini ilk təhsili haqqında elə bir bilgi yoxdur. Mədrəsə təhsilini isə Buxarada aldığı bilinir. Buxara mədrəsəsinin ünlü sufi filosoflarından olan Həmadanlı İmam Yusifin tələbəsi olan Əhməd müəllimi və mürşidindən çox şey öyrənib. Mürşidinin sevimlisinə çevrilib və uzun müddət onun yanında qalıb. İmam Yusif Həmadanin dünyasını dəyişəndən sonra Əhməd Yəsi qəsəbəsinə gəlib. Bu qəsəbə sonralar böyüyərək şəhərə çevrilib. Hazırda Türküstan adlanır.
Yesidə islamı təbliğ edən Xoca Əhməd burada sufi filosof və kəramət sahibi Arslan Babada ilə tanış olub. Xoca Əhməd İmam Yusif Həmadanidən elmi bilikləri, Arslan Babadan mənəvi dəyərləri öyrənib.
Həyatı əfsanələrə dönən, peyğəmbərimiz Məhəmməd rəsulullahın müasiri sayılan və 500 il ömür sürdüyü söylənilən Arslan Babanın adı Türküstanda Arsalan Baba kimi çağrılır. Hər ikisinin də, Arsalan Babanın da, Xoca Əhməd Yəsəvinin də məzarları keçmiş Yəsi, indiki Türküstan şəhərindədir. Məzarları üzərində Teymurilər dönəmində əzəmətli məqbərə-məscid ucadlılmışdır. Sovetlər dönəmində bu məqbərə məscidlər bağlansa da, ziyarət yasaqlansa da insanların qəlbindən Arsalan Baba və Əhməd Yəsəvi məhəbbətini çıxara bilməyiblər.
Sovet höküməti dağıldıqdan sonra Türk memarları hər iki türbə və məscidi təmir edərək ziyarətçilərin ixtiyarına veriblər. İndi buraya hər gün fərqli inanclı, fərqli dillərdə danışan yüzlərlə insan ziyarətə gəlir.
Günümüzədək yaşayan rəvayətdə deyilir ki, Xoca Əhməd Yəsəvi 63 yaşından sonra indiki məzarının yaxınlığındakı çiləxanaya çəkilib, özünü ətraf mühitdən, günəşdən, insanlardan təcrid edib. Ömrünün son 10 ilini çiləxanada keçirməsinin səbəbini peyğəmbərimiz Məhəmməd əleyhissalamdan çox yaşamaq istəməməsi olub.
Bu rəvayətləri əsas götürənlər Xoca Əhməd Yəsəvinin 1166-ci ildə dünyasını dəyişdiyinə dayanaraq 1093-cü ildə anadan olduğu qənaətindədilər.
Xoca Əhməd Yəsəviyədək islamın heç bir təriqətində əski türk inancları yox idi. Əhməd Yəsəvi islamı dəyərləri yayarkən xalq sufizmindən, ata-baba kultundan, milli etik dəyərlərdən, kütləvi müridlikdən bacarıqla istifadə edib. O, yeni müsəlman olmuş türklərə dinlərini öyrədərkən, millətinin əxlaqını və inanclarını sadə türk dilində, heca vəznində və dördlüklər şəkilində söylədiyi hikmətlərindən istifadə edib. Sonralar bu dördlüklər dildən dilə dolaşaraq “Divani hikmət” adı altında toplanıb.
Xoca Əhməd Yəsəvinin ana dili cığatay türkcəsi olsa da o, şeirlərində oğuz türkcəsindən də geniş istifadə edib. Buna görə də hikmətlərini oğuzlar da, qıpçaqlar da, qarluklar da həvəslə dinləyir və anlayırlar. Onun dəvrişləri türk dilini poyeziya dili kimi inkişaf etdirməklə, insanlara mənəvi dəyərlər aşılamaqla yanaşı, orduların ön sırasında döyüşən cəngavərlər olublar. Ona görə də çox vaxt Yəsəviyyə dəvrişlərinə “alp ərənlər” deyirlər.
Xoca Əhməd Yəsəvi təliminə görə Tanrını anlamaq eşq, əzab, hiss və vəchlə mümkündür. Haqqı ilə haqq olmağa çalışan aşiq sonunda ilahi eşqin cazibəsinə qapılaraq məqamdan-məqama yüksəlir, tanrısına yaxınlaşaraq ona qovuşur. Bu qovuşuq anını Xoca Əməd Yəsəvi şeir dililə belə deyir:
Qul Xoca Əhməd nəfs laqidən çıkıb aşdı,
Fəna fillah makamına yavuklaşdı.
Xoca Əhməd Yəsəvi hikmətlərindəki şeirlərin böyük əksəriyyəti yeddi və on iki hecalıdır. O, şeirlərinin bədii dəyərindən çox məzmununa diqqət yetirirdi. Sonrakı yüzillərdə on iki heçalı şeir növü getdikcə on bir hecalıya çevrilməyə başlayıb.
Xoca Əhməd Yəsəvinin şeirnin texnikasına Azərbaycanlı araşdırıcı Əmin Abid xüsusi diqqət yetirib. O, 1927-ci ildə nəşr edilən “Maarif işçisi” jurnalının 3, 4, 6 və 7-ci saylarında çap etdirdiyi “Heca vəzninin tarixi” məqaləsində yazır ki, Əhməd Yəsəvi heca vəznini kullanmaqla bərabər, ona daha əski zaman məhsullarındakı vəziyyətindən ayıran kamil bir şəkil vermişdir.
Əhməd Yəsəvi hikmətləri 800 il öncə söylənsə də dili olduqca sadə və anlaşıqlıdır. Şair-filosov islamı təbliğ edərkən deyir:
On səkkiz min aləmdə,
Heyran bulğan aşiqlər.
Tapmaq məşuq sorağın,
Sərsan bulğan aşiqlər.
Xoca Əhməd Yəsəvi sanki dəvrişliyin nizamnaməsini yazmışdır. Haqqa gedən yolun dörd qapı, qırx məqamdan keçdiyini söyləyən və bunu əsaslandıran Xoca Əhməd Yəsəvi olmuşdur. Dörd qapı dedikdə o, şəriət, təriqət, mərifət və həqiqəti nəzərdə tutduğunu söyləyir.
Xoca Əhməd Yəsəvinin yaratdığı fikri cəryan o qədər güçlü olmuşdur ki, yüzillər sonra yaşayan insanlar onun cazibəsindən çıxa bilməyiblər. 30-dan çox yəsəviyyə dərvişinin günümüzədək gəlib çatan şeirlərinin türkcə olması da bu cazibənin təsirindəndir. Yəni heç bir güc, heç bir hökmdar, heç bir maddi nemətlər yəsəviyyə dərvişlərini yollarından döndərə, dillərini dəyişə, məddaha çevirə bilməyib.
Mətni yazdı Əli Şamil (Şamilov Əli Hüseyn oğlu)
|