MAQJAN JUMABAYOV(Cumabay)

     TÜRK DÜNYASININ  MƏŞHURLARI 62/2011

MAQJAN JUMABAYOV(Cumabay)

 

Əziz və istəkli dinləyicilər! Bu günkü verilişimizdə sizlərə qazax xalqının böyük şairi, vətənpərvər oğlu Maqjan Jumabayovun həyat və yaradıcılığından söz açacağıq.

Maqjan Beken bəy (Ceken bəy) oğlu Jumabayov (Cumabay) 25 aprel 1893-cü ildə Qazaxıstanın qüzeyində – Akmolla vilayətinin Qızıljar bölgəsinədki Sarıayqır rayonunun Sasıkkul aulunda doğulub. Atası oğlunu din xadimi görmək ümidilə ibtidai məktəbə oxumağa göndərdi. Çox vaxt bu məktəblər mollaxab adlandırılırdı. Maqjan ibtidai məktəbi dərs əlaçısı kimi başa vurduqdan sonra Qızıljar şəhərindəki Çala Qazax Mədrəsəsində oxumağa getdi. 1906-1910-cu illərdə bu mədrəsədə oxudu. Oradan da Ufaya gedərək 1910-1911-ci illərdə məşhur Qaliya mədrəsəsində təhsilini davam etdirdi. Burada dərs deyən ünlü tatar ziyalısı, yeni tatar ədəbiyyatının klassiki adlandırılan Qalimcan İbrahimovla tanış oldu.  Maqjanın dünyagörüşünün formalaşmasında, ədəbiyyata marağının artmasında Qalimcan İbrahimovun rolu böyük oldu. İlk yaradıcılığa da burada başladı.

Maqjan dini və dünyəvi elmlərlə yanaşı, ərəb, fars və cağatay türkcəsini, ruscanı dərindən öyrənsə də, oxumaq həvəsi onu Omsk şəhərindəki Rusiya hökümətinin açdığı seminariyaya aparır. Onun valideyinləri ilə məsləhətləşmədən atdığı bu addım oğlunu islam dinini təbliğ edən bir molla görmək istəyən Beken bəylə Maqjan münasibətlərinin pozulmasına səbəb olur. Ailənin maddi yardımından məhrum olsa da, xeyriyyəçi insanların yardımı sayəsində Maqjan Jumabayov nəinki rus seminariyasını qızıl medalla başa vurur, həm də 1912-ci ildə Uralsk şəhərindəki “Qazaxıstan” qəzetinin mətbəəsində çap olunan “Uzuk” toplusunda “Qazaxların keçmiş vəziyyəti” şeirini, Ufada “Şolpan” (Dan ulduzu) şeir toplusunu nəşr etdirir.

“Şolpan” kitabındakı şeirlərin milli ruhu Maqjana nəinki tatarlar arasında, hətta çar Rusiyasının əsarəti altında inləyən türk gəncləri və millətsevər ziyalıları arasında böyük hörmət qazandırır. O, qazax, qırğız, tatar, başqırd, özbək gəncləri arasında milliyyətçilik simvolu kimi məşhurlaşır.

Maqjanın “Şolpan” kitabına daxil edilən şeirləri sadəcə duyğusal bir şair düşüncəsi deyildi. Mustafa Çokayevin təşkilatçılığı ilə 1905-ci ildə Daşkənddə Türkistan Müsəlmanları Konfransı keçirildi. Konfransda qazax və qırğız  əsilzadələrinin nümayəndələri Alaş adı altında birləşərək çarizmə qarşı birgə mübarizə aparmaq qərara alındı.  1912-ci ildə bu hərəkat Alaş Partiyasına çevrildi. Partiyaya Mustafa Çokayevlə birlikdə qırğızlardan Abdulqaffar İmanovAmangəldi İmanov qardaşları və Rusiya Dövlət Dumasının üzvü olmuş, sosialistlərə yaxınlığıyla seçilən Əlixan Bükeyxanov rəhbərlik etdilər. Alaş hərəkatı gənc Maqjan Jumabayov da güclü təsir göstərdi.

Birinci Dünya Savaşı illərində çar II Nikolay Qafqazda, Türkistanda, Sibirdə kişilərin məcburi surətdə cəbhəyə yaxın bölgələrdə arxa işlərə cəlb edilməsi haqqında fərman imzaladı. Bu da əsarətdə olan xalqların qiyamına səbəb oldu. 1916-cı ildə Turqay vilayətində Amangəldi İmanovun baçılıq etdiyi üsyan, xüsusilə, fərqləndi. Rus ordusu qiyamçılara divan tutsa da, qiyam ocaqlarını tam söndürə bilmədi. 1917-ci ilin fevralında II Nikolayın taxtdan əl çəkməyə məcbur edilməsi Alaş hərəkatını da canlandırdı.

 Maqjan Jumabayov Omskdakı pedqoji seminariyasında oxuduğu illərdə “Qazka” qəzetilə, “Aybək” jurnalı ilə əməkdaşlıq etdi, əlyzama şəklində hazırlanan “Balapan” jurnalına redaktorluq etdi. O, Miryakıp Dulatovla, Əhməd Baydursunovla, Əlixan Bükeyxanovla, Səkən Seyfullinlə, Muhammedcan Seydalin və b. tanış oldu, şeirlərilə, publisistik məqalələrilə Alaş Orda hərəkatına siyasi dəstək verdi.

1917-ci il dekabrın 13-də Alaş Orda hökuməti qurulur. Maqjan Alaş Partiyasının qurultayından deputat seçildi. Bundan ruhlanan şair “Nə görsəm də, Alaş üçün görərəm, Mənə ərmağandır, ulu xalqım üçün ölərəm” deyə hayqırdı.

1917-ci ildə seminariyanı bitirən Maqjan öz təşəbbüsü ilə Omsk və Petrapavlovskidə qazax müəllimləri üçün kurslar açdı və bu kurslara rəhbərlik etdi. Lakin o arzu və istəklərini həyata keçirə bilmədi. Qüzey Batıdan bölşeviklər, Qüzey Doğudan çar generalı Kolçakın orduları Türküstana ağır zərbələr vurdu. Mustafa Çokayevlə Alaş Orda dövlətinin orduları dağınıq halda idi. Doğudakı əsgəri birliklərə Abdulqaffar İmanovAmangəldi İmanov qardaşları, Batıdakı əsgəri birliklərə isə Əlixan Bükeyxanov rəhbərlik etdi. Bolşeviklər bundan yararlanaraq Alaş Partiyasının içərisində parçalanma yaratdı və partiyanın bir qrupunu Rusiya Kommunist (bolşeviklər) Partiyası ilə birləşdirdilər. Əlixan Bükeyxanov və onun kimi düşünən bir çox liderlər də ruslarla iş birliyinə getdilər.

1918-ci ildə Maqjan Ruslar tərəfindən həbs edildi və yeddi aya yaxın Omsk həbsxanasında saxlanıldı. Gənc şair həbsxanada bir sıra zamanədən şikayət dolu şeirlərini yazdı.

 Bolşeviklərin əsgəri birlikləri Alaş Orda dövlətinin pərakəndə halda olan ordularını dağıtdı, qazax, qırğız, özbək milliyətçilərinin bir qismini öldürdü, həbsxanalara göndərdi və ya mühacirətə getməyə məcbur etdi. Rusiya yenidən Türküstanı işğal etmiş oldur.

 Ruh etibarı ilə millətçi olmasına baxmayaraq, bolşeviklərin xalqlara azadliq, sosial ədalət, bərabərlik şüarları Maqjanı da aldatdı. Hətta doğulub boya-başa çatdığı bölgədə – Qızıljarda qazax dilində ilk sovet qəzeti “Bostandıq tuı” qəzetini də nəşr etdi. Az sonra onu  Türküstan Respublikasının Komissarlar Sovetinin sədri Turar Rıskulov işə dəvət etdi. Savaşlar, bolşeviklərin əsilzadələrə və ziyalılara tutduğu divan hər yerdə bir kadr qıtlığı yaratdı.

Maqjan Jumabayovu seminariya bitirməsinə baxmayaraq, 1922-ci ildə Daşkənddəki Qazax-Qırğız Unversitetində işləməyə dəvət etdilər. O, burada Xəzər Terekulovla tanış oldu, onunla sıx əməkdaşlıq etdi, vətənsevər, millətçi şeirlərini, publisistik məqalələrini “Akjol”, “Sana”, “Şolpan” və b. mətbuat orqanlarında çap etdirdi. Şairin ikinci şeirlər  kitabı 1923-cü ildə Daşkənddə, “Pedaqokia” adlı elmi pedaqoji kitabı 1925-ci ildə Orenburqda, ibtidai məktəblərdə ana dilinin tədrisi metodikası kitabı 1925-ci ildə Moskvada yayınlandı.

Daşkənd dövrü Maqjan Jumabayovun yaradıcılığının ən məhsuldar dövrü hesab edilir. O, burada “Şərq”, “Peygəmbər”, “Azadlıq”,  “Alov”, “Yoldaş” və b. şeirlərini, “Erteqi”, “Batır Bayan” və “Qorqud” poemalarını yazır. Həm də bu dövrdə onun dünyagörüşündə bir dəyişiklik baş verir. Bolşeviklərin xalqı çox məharətlə aldatdığını anlayır.

Onun getdikcə daha çox milli ruhlu şeirlər yazdığını, bolşeviklərə qarşı çevrildiyini gördükləri üçün 1923-cü ildə SSRİ Təhsil Naziri Anatoli Lunacarski adından Moskvaya, Kommunist İnternasionalı Unversitetində Şərq dillərindən dərs deməyə dəvət edirlər. Türküstan Respublikası  isə Maqjana Moskvadakı Ədəbiyyat İnstitunda oxuması üçün göndəriş verir.  

Maqjan Jumabayovun Moskvada oxuduğu və işlədiyi illərdə biliyini, dünyagörüşünü genişləndirməklə yanaşı, qazax-qırğız yazıçılarını birləşdirəcək «Алка» adlı bir təşkilatın proqramını hazırladı. Moskadakı ədəbi mühit onun yaradıcılığını yüksək qiymətləndirdi, Maqjanı “qazaxların Puşkini” adlandırdı, Şeksprin, Bayronun ingilis ədəbiyyatında oynadığı rolu Maqjanın da qazax ədəbiyyatında oynayacağını yazdılar. Lakin siyasi dairələr belə düşünmürdülər.  Onun xalqının ata-baba yurduna sahib çıxıb azadlığına qovuşmaq çağrışları, nəsihətləri, Turançılıq eşqi, Türkiyəyə məhəbbəti hakimiyyəti çox rahatsız edirdi. Bu cür düşüncəsinə görə sovet hökumətinin qara siyahısına düşdü.  Başqa əsərləri o yana Türkiyə üçün yazdığı "Alıstaki Bavrım" şeiri kifayət edərdi ki, Maqjan adı Sovet xüsusi xidmət orqanlarının qara siyahısına düşsün. Türkiyəyə müraciətlə “Uzaqdakı qardaşıma” şerində yazırdı:

Uzaqda ağır əzab çəkən qardaşım!
Qurumuş lalə kimi çökən qardaşım!
Ətrafını sarmış düşman ortasında
Göl qılıp göz yaşını tökən qardaşım!

Önünü ağır qayğı örtmüş qardaşım!
Ömrünce yaddan cəfa görmüş qardaşım!

Moskvada təhsil alıb geri dönənlərə adətən yüksək vəzifələr verilirdi. 1927-ci ildə vətənə dönən gənc şair Kızıljar da müəllimlik etməyə başladı. Turançılıq ruhu aşılayan “Türküstan” şeiri, milləti azadlıq eşqilə alovlandıran “Jusıb xan”,  “Taksan Tobu” poemaları  xüsusi xidmət orqanlarını  narahat edir. Şair alimin 1929-cu ildə Moxkvada böyüklərə əlifba öyrədən “Savadlı ol” kitabı nəşr olunur.

1929-cu ildə  kütləvi həbslər zamanı Maqjan Jumabayov da həbs olunaraq pantürkizmidə və yaponyaya cəsusluqda ittiham edilərək  10 il azadlıqdan məhrum edilir. Oncə Moskvadakı siyasi dustakların saxlandığı Butırka həbsxanasında saxlanılır, sonra da Kareliya və Arxangelski vilayətlərindəki həbs düşərgələrinə göndərilir.

Maqjan Jumabayov müxtəlif  hökümət orqanlarına haqsız həbs edildiyi haqqında ərizələr yazsa da, heç bir çavab çıxmadı. 1934-cü ildə Maksim Qorkiyə məktub yazaraq onun hekayələrini qazax dilinə tərcümə etdiyindən, yaradıcılıq yolundan, Rus və Avropa yazıçılarının əsərlərini qazaxcaya çevirdiyindən söz açdı, vəziyyətini anlatdı. Xanımı Züleyxa bu məktubun ünvanına çatdırılmasına nail oldu. Qorkinin hökümət orqanlarına müraciətindən sonra Maqjan Svirski həbs düşərgəsindən azad edildi. O, 1936-ci ildə Qazaxıstana dönsə də, 1937-ci il dekabrın 30-da Almatıda yenidən həbs edildi və 1938-ci ilin martın 19-da  güllələndi.

Züleyxa Maqjan Jumabayovun əsərlərinin bir qismini qoruyub saxlaya bildi. 1956-cı ildə Sov.İKP-nin XX qurultayından sonra Maqjan Jumabayov və onun kimi onminlərlə insana bəraət verildiyi elan edilsə də, əsərlərinin çapına icazə verilmədi.

Qəlbi Türklük, Turançılıq eşqilə yanan Maqjan Jumabayovun arzuları gec də olsa reallaşdı. Qazaxıstan və başqa Türk Respublikaları Rusiya əsarətindən xilas oldu.

 

 

 
Sayğac
 
Flag Counter
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol