Asəf Zeynallı
Türk Dünyasının Məşhurları-05
Asəf Zeynalabdin oğlu Zeynallı 1909-cu il aprelin 5-də qədim Dərbənd şəhərində doğulub. Onun uşaqlıq və yeniyetməliyi çox gərgin...Əli Şamil
Göndərmə 3/15/2012 11:03:20 AM UTC
Güncəlləmə 3/15/2012 11:03:20 AM UTC
www.trtazerbaycan.com
http://www.trtrussian.com/trtworld/az/newsDetail.aspx?HaberKodu=4d3428a9-75d0-4199-bcfd-9b5d0ddb6438
Asəf Zeynalabdin oğlu Zeynallı 1909-cu il aprelin 5-də qədim Dərbənd şəhərində doğulub. Onun uşaqlıq və yeniyetməliyi çox gərgin və qarışıq illərdə olub. Belə ki, yüzillər boyu Azərbaycanla bir inzibati vahiddə olan, ən sonda Quba xanlığının sərhəd qalası Dərbəndi Rusiya 1806-cı ildə işğal edib. Beləcə bu qədim şəhər Azərbaycandan ayrılaraq Rusiyanın müxtəlif inzibati bölgülərinə, quberniya və dairələrinə daxil edilib. Lakin xalq heç zaman Rusiyanın bölgüsü ilə razılaşmayıb. Uzun illər dağlarda Rusiya hökumətinə qarşı silahlı mübarizə davam edib.
Bölgənin əhalisi isə inzibati bölgülərə əhəmiyyət verməyərək dinləri, mədəniyyətləri, dilləri bir olan Azərbaycanla əlaqəni kəsməməyə çalışıblar. 30-a yaxın müxtəlif xalqın və etnik qrupun yaşadığı Dağıstanda yüzillər boyu ümumi danışıq dili Azərbaycan türkcəsi olmuşdu. Odur ki, bölgədə yaşayan xalqlar və etnik qruplar, iş tapıb ailələrini dolandırmaq üçün adətən Azərbaycana, xüsusən sənayesi sürətlə inkişaf edən Bakı şəhərinə gəlib, Azərbaycanda çap olunan qəzet və jurnalları, kitabları oxuyub, Azərbaycan radiosuna qulaq asıb, Azərbaycanda təhsil almağa can atıblar.
1917-ci ilin fevralında Rusiyada Romanovlar sülaləsinin 300 illik hakimiyyətinə son qoyaraq çar II Nikolayı taxtdan endirəndən sonra Qüzey Qafqaz xalqları da öz müstəqil dövlətlərini yaratmışlar. Lakin Rusiyanın və xarici güclərin təzyiqi ilə bu dövlətin ömrü çox qısa olmuşdur.
İrandan, Osmanlı dövlətilə savaşdan geri dönən Rus ordusunun polkovniki L.F.Beçeraxovun başçılıq etdiyi əsgəri birliklər erməni silahlılarıyla birləşərək Bakıda, Xaçmazda, Qubada müsəlmanları qırdıqdan sonra 1918-ci ilin iyulunda Dərbəndə daxil olaraq burada da qırğınlar törədirlər. Rus ordusuna əsir düşmüş Əhməd Tirincin əsir osmanlılardan və yerli xalqlardan təşkil etdiyi silahlı dəstələrin Dərbəndə gəlişi dinc əhalinin qırılmasını dayandırmış və L.F. Beçeraxov öz əsgəri birliklərilə Rusiyaya doğru çəkilməyə başlamışdır.
Asəf Zeynallı Rus, erməni silahlılarının Dərbənddə törətdiyi qırğınların da, azsaylı Osmanlı əsgəri birliklərinin din qardaşlarına yardımını da, ağqvardiyaçıların və bolşeviklərin axıtdığı qanları da görmüşdü. O, xalqını zülmdən, zorakılıqdan qurtarmağın yeganə yolunu maariflənməkdə görürdü. Odur ki, butun gücüylə oxuyur, təhsilini artırmağa çalışırdı. 1920-ci ilin martında bolşeviklər Dərbənd şəhərinə daxil olur və martın 25-də Dağıstanda Sovet hakimiyyətini qurduqlarını elan edirlər. 1921-ci ildə isə Rusiya Fedorasiyasının tərkibində Dağıstan Muxtar Sovet Sosialist Respublikası yaradılır. Lakin bolşeviklərin nə bölgəni idarə edə biləcək kadrları vardı, nə də iqtisadi imkanları. Ona görə də Azərbaycanın maddi və mədəni imkanlarından yararlanılır. Bölgə üçün kitablar, qəzet və jurnalların böyük bir qismi Bakı mətbəələrində çap olunur, gənclər Bakıda oxumağa göndərilir.
1923-cü ildə Dağıstandan milli kadrlar hazırlamaq üçün Azərbaycana göndərilən yeniyetmələr arasında Asəf Zeynallı da vardı. O, 1923-26-cı illərdə Bakı Musiqi Texnikumunda oxuyur. Təhsil illərində müəllimlərin və şəhər ictimaiyyətinin diqqətini cəlb edən gənc Asəfə Azərbaycan Dövlət Konservatoriyası nəzdindəki müsiqi nəzəriyyəsindən dərs deyir. Bir il sonra isə Konservatoriyasına daxil olur.
O burada milli musiqini Üzeyir Hacıbəyli kimi bir bəstəkar və pedaqoqdan öyrənir. Üzeyir Hacıbəylinin bəstəkarlıq sinfində oxuyan gənc Asəf dövrünün tanınmış musiqi müəllimlərindən B.Kargiçevdən, L.Abdan dərs alır.
Asəf Zeynallı Azərbaycan Dövlət Konservatoriyasında oxuduğu illərdə Bakı Türk İşçi Teatrının müdiri işləyir. Teatrla sıx bağlı olan gənc bəstəkar 1930-cu illərdə Cəfər Cabbarlının “Sevil”, “Dönüş”, Hacıbaba Nəzərlinin Süleyman Rüstəmlə birgə yazdığı “Yanğın”, Əbülhəq Hamidin “Hind qızı”,V.Kirşonun “Küləklər şəhəri” tamaşalarına musiqi yazır.
1931-ci ildə Azərbaycan Proletar Musiqiçilər Birliyinə sədr seçiləndə onun cəmi 22 yaşı olmuşdu. Azərbaycan musiqisindən ibarət Moskva və Leninqrad şəhərlərində konsertlər təşkil edən gənc bəstəkar Avropa misiqi janrlarında milli musiqilər yaratmaqla da məşhurlaşır. Romans, kamera-vokal, simfonik və insturmental əsərlər yaradan Asəfin şöhrəti Azərbaycandan uzaqlara yayılır. O, “Ölkəm”, “Sual”, “Seyran”, “Sərhədçi”, “Çadra” romanslarını yazır. Bu əsərlər arasında Cəfər Cabbarlının sözlərinə yazılmış “Ölkəm” romanslar həm sənətkarlıq cəhətdən püxtəliyi, həm də uzunömürlülüyü ilə seçilmişdi.
Ölkədə keçmişə, milli dəyərlərə qarşı bir mübarizə başladığı dövrdə, şarilər “Oxuma tar! Oxuma tar! Səni istəmir proletar” yazdıqları bir zamanda Asəf Zeynallı cəsarətlə milli musiqimizə sahib çıxmış, Avropa musiqi janrlarında fortopiano üçün “Çahargah”, “Durna” pyeslərini, skripka və fortopiano üçün “Muğamsayağı” pyesini yazmaqla sanki özlərini yenilikçi sayan, hakimiyyət orqanları tərəftən dəstəklənən, milli dəyərlərdən uzqalaşanlara meydan oxumuşdu.
Asəf Zeynallının 1931-ci ildə yazdığı iri formatlı “Fraqmentlər” suitası yalnız Azərbaycanda deyil, keçmiş Sovetlər Birliyində yaşayan türk xalqları arasında simfonik musiqinin ilk nümunəsi sayılır.
Hər zaman yeniliyə can atan, əsərlərini milli zəmin üzərində quran bəstəkarın fortopiano üçün yazdığı “Uşaq suitası” da zamanında böyük əks səda doğurmuşdur. Bu da səbəbsiz deyildi. Bununla o, Azərbaycanda uşaq musiqisinin əsasını qoymuş oldu. Qonşu xalqlar da gənc bəstəkarın bu təcrübəsindən yararlandılar.
Onun “Bakı” simfonyası isə tamamlanmamış qaldı.
Çox cəhətli fəaliyyəti gənc bəstəkarı bir tərəfdən şöhrətləndirirdisə, o biri tərəfdən də səhhətinin korlanmasına səbəb olurdu. Yüksək maaş almadığına görə normal qidalanmayan, lazımı mənzil məişət şəraiti olmayan gənc bəstakarın səhhəti getdikcə pisləaşir. Məşhur Azərbaycan müğənnisi Bülbül ilə birlikdə Azərbaycan xalq mahnılarını toplayaraq nota köçürməyə başlayır. Bu məqsədlə Şəki-Zaqatala zonasına ekspedisyaya da gedir.
Normal mehmanxanası, qalacaq yerləri olmayan rayonlarda kənd-kənd gəzərək xalq musuqisi toplamaq və onları nota köçürmək Asəf Zeynallının səhhətini daha da pisləşdirir.
Yeni yeni əsərlər yazan, 50-ə yaxın xalq mahnısını toplayaraq nota köçürən gənc bəstəkar bacarıqlı bir pedaqoq, musiqi müəllimi kimi də tanınır. 1931-ci ildə çap olunan “İbtidai not savadı” kitabının müəlliflərindən olan gənc bəstakarın şagirdləri arasından Qara Qarayev, Tofiq Quliyev, Zakir Bağırov, Cövdət Hacıyev kimi istedadı bəstəkarlar yetişir.
Milliyətcə kırım tatarı olan, Bakıda Musiqi təhsili alan, təhsil aldığı Azərbaycan Dövlət Konservatoriyasının prorektorluğuna və Azərbaycan Bəstəkarlar İttifaqının sədrliyinədək yüksələn Asan Rıfatovla yaxından dost olan, onunla sıx əməkdaşlıq edən Azəf Zeyallının əsərləri ölümündən sonra, 1936-cı ildə Parisdə keçirilən festivalda səsləndirilimişdir.
Asəf Zeynalabdin oğlu Zeynallı 1932-ci ilin oktyabrın 27-də ağır xəstəlikdən sonra dünyasını dəyişdi. Onu Bakıda dəfn etdilər. Vaxtsız əcəl Azərbaycan musiqisinə ağır zərbə vurmuş olsa da, Asəf Zeynallını qarşıdan gələn repressiyadan, 1937-ci ilin həbslərindən qurtarmış oldu. Repressiya qurbanı olmadığına görə əsərləri də it-bata düşmədi, adının əbədiləşdirilməsi üçün bir sıra tədbirlər həyata keçirildi. Bakıdakı küçələrin birinə və musiqi texnikumuna onun adı verildi, rəsmi hökumət konsertlərində əsərləri səsləndirildi.
Asəf Zeynallının “Ölkəm”romansı isə heç vaxt musiqiçilərin repertuarından düşmədi.
Cəmi 23 il ömür sürmüş bir insan vətəni və milləti üçün böyük bir mədəni miras qoyub getmiş oldu!
|