Firidun İbrahimi

FİRİDUN İBRAHİMİ

Türk Dünyasının Məşhurları-22

Azərbaycanın qəhrəman oğlu, 1945-ci ildə Cənubi Azerbaycanda qurulmuş Azərbaycan Milli Hökümətinin baş prokuroru, 27 yaşında şah cəlladları tərəfindən edam edilmiş Firidun İbrahiminin ömür yolu...Əli Şamil

 

Göndərmə 07.07.2011 06:47:44 UTC

Güncəlləmə 07.07.2011 06:47:44 UTC

www.trtazerbaycan.com

http://www.trt.net.tr/trtworld/az/newsDetail.aspx?HaberKodu=6658a0c7-0873-4649-925f-35467849356d



Firidun Qəni oğlu İbrahimi 1919-cu il noyabrın 20-də Astara çayının sağ sahilində, bu günkü İran İslam Respublikasının Astara şəhərində kasıb bir ailədə anadan olub. Firidunun doğulduğu vaxtda kasıb olan təkcə onların ailəsi deyildi. Ölkə əhalisinin böyük əksəriyyəti onların vəziyyətində idi.

1828-ci ildə bağlanan Türkmənçay müqaviləsinə görə Qacarlar hökuməti Rusiyaya nəinki böyük məbləğdə təzminat ödəməli oldu, həm də ölkə ərazisinin bir qismi işğalçıların təsir dairəsində qaldı, bir çox şəhər və kəndlər ikiyə bölündü. Firidun İbrahiminin doğulduğu Astara da ikiyə bölünmüş kiçik əyalət şəhərlərindən idi. Şəhərin Astara çayının sol sahilində qalmış hissəsi Rus Astarası, sağ sahilində qalmış hissəsi isə İran Astarası adlandı.

İran Astarası Rusiya Astarasına nisbətdə zəif inkişaf edirdi. Çünki ölkədə əsas diqqət Rusiyanın ağır tənzimatının ödənilməsinə yönəldilmişdi. Bir tərəfdən də islahatlar zəif həyata keçirilir, könhə idarəetmə zor gücünə də olsa, qorunub saxlanırdı.

İşsizlikdən, zorakılıqdan cana doymuş minlərlə insan axın-axın Qafqaza, Türkistana, Rusiyanın güney vilayətlərinə, hətta Sibirə belə iş dalınca gedirdilər. Onlar üçün neft sənayesi gündən-günə inkişaf edən Bakı, eləcə də Gədəbəyin mis mədənləri daha cəlbedici idi. Firidunun da onlarla qohumu və tanışı Bakıda, Gədəbəydə işləyir, ailələrinə pul göndərir və özləri də iki-üç ildən bir evlərini görməyə gedirdilər. İrandan gələnlərdən ucuz işçi qüvvəsi kimi istifadə edildiyindən Rusiya hökuməti də bu miqrasiyaya maraqlı idi.

Balaca Firidunun ailəsi nə qədər kasıb olsa da, övladlarının təhsil alması ücün əllərindən gələni edirlər. Onu öncə xalq arasında mollaxana adlandırılan məktəbdə oxutdular.Firidun burada çərəkə adlandırılan Quran-i Kərimi oxumağı öyrənir, Sədi Şirazinin “Gülüstan”, “Bustan” əsərlərini və b. əsərləri oxuya-oxuya ərəb və fars dillərini mənimsəyir. Sonra da təhsilini ölkədə geniş yayılmış təhsil sistemi olan mədrəsədə davam etdirir.

Firidun İbrahiminin anadan olmasından heç altı ay keçməmiş Azərbaycan Xalq Cümhuriyyəti süquta uğrayır. Rusiya sosialist inqilabı adı altında Azərbaycanı yenidən işğal edir. Hakimiyyəti zorla ələ alan bölşeviklər, xalqların hüquq bərabərliyindən, söz, vicdan azadlığından dəm vursalar da, əməldə Rus çarı Pyotrun vəsiyyətlərini yerinə yetirmək istəyirlər. Onlar “inqilab atını Şərqə sürmək” adı altında Rus əsgərlərinin Hind okeanınadək olan əraziləri işğal etməsini istəyirdilər.

Sovet Rusiyası işğalçılıq siyasətlərinə münbit mühit yaratmaq üçün 1920-ci ilin iyununda “Ədalət” sosial demokrat təşkilatının Ənzəlidə keçirilən qurultayında İran Kommunist Partiyasının yaradıldığını elan etməyə nail oldu. Partiyanın proqramında qarşıya qoyulan əsas vəzifə İranı imperialistlərin asılılığından xilas etmək, şahlıq rejimini demokratik cümhuriyyət ilə əvəzləmək idi. Özü hələ möhkəmlənə bilməmiş Sovetlər Birliyinin dəstəyi ilə yaranmış İran Kommunist Partiyasında parçalanma baş verir. 1920-ci ilin oktyabrında partiyanın bir qrup üzvünü “solçu və avanturist ünsürlər” adı ilə təşkilatdan uzaqlaşdırırlar. Heydər Əmoğlu partiyanın yeni rəhbərliyinə seçilir. Lakin onların qurduğu Gilan Respublikasının ömrü o qədər də uzun sürmür. Heydər Əmoğlu isə öldürülür.

Xarici güclərin köməyi ilə Qacarlar sülaləsini devirərək hakimiyyəti ələ alan Rza şah 1925-ci ildən başlayaraq keçmiş silahdaşlarına qarşı təqiblərə başlayır. 1927-ci ildə İran Kommunist Partiyası gizli qurultayını keçirsə də, 1931-ci ildə ölkədə partiyanın fəaliyyəti qadağan edilir.

Firidun İbrahiminin yeniyetməliyi və gəncliyi belə çətin, ağır və qarışıq bir dövrə təsadüf edir. O, 15 yaşında olanda İran Kommunist Partiyasına doktor Tağı Ərani seçilsə də, 1937-ci ildə onu və məsləkdaşlarını həbs edirlər. 53-lərin işi adlanan məhkəmə prosesi ölkənin hər yerində olduğu kimi Firidun İbrahimi və dostları tərəfindən də maraqla izlənir. 1938-ci ildə məhkəmə başa çatdırılır və məhkumlara ən yüksək cəzalar verilir.

Firidun İbrahimi mədrəsəni bitirdikdən sonra Tehran Unversitetinin hüquq fakültəsinə daxil olur. Sovet Xüsusi xidmət orqanlarının yardımıyla 1941-ci ilin oktyabrında xalq arasında Tudə kimi tanınan İran Xalq Partiyası – Hizbe Tudeyi İran yaradılır. 1942-ci ildə partiyanın birinci konfransı keçirilir və müvəqqəti proqram qəbul olunur.

Firidun İbrahimi də yaşıdlarının çoxu kimi bu partiyanın fəaliyyətini diqqətlə izləyir, onun tərəfdar toplaması və genişlənməsi üçün əlindən gələni əsirgəmir. Beləcə, 1943-cü ildə onu İran Xalq Partiyasına üzv qəbul edirlər. Bu partiyaya yalnız iri torpaq sahibləri, sahibkarlar, məmurlar qarşı çıxmırdı, hətta, bir çox sadə və kasıb insanlar da onu sevmədilər. Sovet Azərbaycanından gələn xəbərlər insanları bərk qorxutmuşdu. Orada əlifba islahatı adı altında əski əlifba ilə yazılan kitabların qadağan edilməsi, məscidlərin bağlanması, qadınların zorla üzünün açdırılması, kişilərin papaqlarını şapka ilə əvəz etdirilməsi, kollektiv təsərrüfatlar yaradılması, bunların nəticəsi olan silahlı üsyanlar, üsyan iştirakçılarına tutulan divanlar, 1937-ci ilin kütləvi həbsləri və s. ölkə əhalisinin böyük bir qismini qorxuya salmışdı.

Firidun İbrahimi kimi gəncləri isə ən çox cəlb edən Sovet Azərbaycanında ana dilində təhsil müəssisələrinin, qəzet və jurnalların olması, mədəniyyətə geniş yer verilməsi idi. O, hələ Astarada yaşayarkən ciddi bir əngəllə qarşılaşmadan, yəni bir nəfərin pasportu, zəmanəti ilə axşamlar Sovet Astarasına gedər orada kinoya, teatra, konsertə tamaşa etdikdən sonra gecə geri qayıdardı. Bu cür mədəni tədbirlər gəncləri maqnit kimi özünə cəlb edirdi. Doktor Tağı Ərani və onun kimi kommunizm nəzəriyyəsinə daha çox önəm verənlər isə Sovetlərin yeritdiyi siyasəti tam bəyənmirdilər.

Firidun İbrahimi hüquq fakültəsində oxusa da, ardıcıl və səmərəli jurnalistlik fəaliyyətilə də məşğul olurdu. İranda faşizm təhlükəsinin mövcudluğunu bəhanə gətirərək Sovet qoşunları Qüzeydən, Böyük Britaniya orduları isə Güneydən İrana daxil oldular. Hətta Sovetlər Birliyi razılaşmanı pozaraq Tehrana kimi irəlilədi. Rza şah ölkədən qaçdı. Sərt rejimdə bir yumşalma yarandı..

Firidun İbrahimi imperializm, faşizm, istismarçılar əleyhinə yazdığı məqalələrini “Ettelaat”, “Ajir”, “Rəhbər”, “Mərdom”, “Zəfər”, “Siyasət”, “Azərbaycan” qəzetlərində çap etdirir. Hətta Təbrizdə İran Xalq Partiyasının orqanı “Xavəre Nov” qəzetinə redaktorluq da edir.

1945-ci ildə Tehran Unversitetinin hüquq fakültəsini bitirən Firidun İbrahimi ilə üzv olduğu partiyanın rəhbərləri və üzvləri arasında fikir ayrılığı yaranır. Azərbaycanda xalq kütlələri arasında hökumətə qarşı etimadsızlıq baş qaldırır. İnsanlar açıqca gördülər ki, şah hahimiyyəti illərində olduğu kimi yenə də şikayətlərə baxılmır, jandarma və insanlıq hisslərindən uzaq xanlar, ərbablar kasıbları, kimsəsizləri incidir, istədikləri kimi cəzalandırır, təhqir edir və alçaldır. Xalq başa düşdü ki, hakimiyyətdə olanlar da heç zaman onun dərdinə çarə etməyəcək. Ona görə də Azərbaycan özü-özünə çarə axtarmaq üçün ayağa qalxdı. Yerli özünüidarə təşkilatları yaratmağa, özünümüdafiə dəstələr, nizam-intizamı qoruyacaq, polisin və jandarmanın vəzifəsini öz üzərinə götürə biləcək qruplar yaratmağa başlayır.

Bu, muxtariyyata doğru gedən yolun başlanğıcı olur. Lakin İran Xalq Partiyası şah rejiminin tərəfdarları ilə eyni cəbhədə çıxış edərək ölkədə yaşayan xalqlara muxtariyyat verilməsinin əleyhinə çıxırlar. Buna görə də Azərbaycanda yeni bir partiyanın qurulmasına ehtiyac yaranır. 1945-ci ilin oktyabrında Təbrizdə Azərbaycan Demokrat Firqəsinin qurultayı keçirilir. Qurultayda Firidun İbrahimi partiyanın rəhbər heyətinə seçilir.

Bir ay sonra isə Milli Məclisə keçirilən seçkilərdə o da məclisə üzv seçilir. 1945-ci il dekabrın 12-də Seyid Cəfər Pişəvəri Nazirlər Kabinetini formalaşdıranda Firidun İbrahimini Azərbaycan Milli Hökumətinə baş prokuror təyin edir.

26 yaşlı Firidun İbrahimi baş prokuror olmaqla yanaşı, Azərbaycan tarixi kitabının yazılmasında fəal iştirak edir, Zеynalabidin Qiyamiylə birlikdə mövzuya aid materiallar toplayır, Təbrizin tarixi və coğrafiyası haqqında 100 il əvvəl Nadir Mirzənin fars dilində yazmış olduğu məşhur əsəri tərcüməyə başlatdırır. Milli hökuməti çökdürmək istəyən terrorçu qruplaşmalara qarşı mübarizə aparan Babək adlı könüllü dəstələrin təşkilatçısı olur.

Firidun İbrahimininin fəaliyyəti İranla məhdudlaşmır. 1946-cı ildə Parisdə keçirilən Sülh Konfransında iştirak edir.

1946-cı ilin dekabrında xarici güclərin yardımı ilə şah rejiminin əskəri birlikləri Azərbaycanın üzərinə yürüş edir. Azərbaycan Milli Hökumətinin rəhbərlərini və Azərbaycan Demokrat Partiyasının fəallarının bir qismini Sovet hökuməti Sovet Azərbaycanına gətirəndə Firidun İbrahimi gəlmir. Təbriz qan içində boğulanda Firidun İbrahimini və məsləkdaşlarının bir çoxu həbs edirlər. Uzun sürən işgəncəli istintaqdan sonra 1947-ci il mayın 22-sinde Firidun İbrahimi, M.Kəbiri, M.Azadvətən, Ə.Əzimi, Ə.Fitrət, Q.Sübhi, Q,Cavidan, M.Ələm, Ə.Qəhrəmani, R.Yekani, Şahsevənli qızı Səriyyə edam edilir.

Firidun İbrahim edam edilsə də, xalqın qəlbində yaşayır və ədəbi qəhramana çevrilir. Mirzə İbrahimov “Gələcək gün” romanında, Mədinə Gülgün “Firidun” poemasında onun obrazını yaradıb.

 

 

 

 

 

 
Sayğac
 
Flag Counter
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol