Yusif Talıbzadə

Axund Yusif Talıbzadə

Türk Dünyasının Məşhurları 45

Din, millət və vətən uğrunda şəhid olmuş görkəmli yazıçı, din alimi və ictimai xadim Axund Yusif Ziya Talıbzadənin həyatı və yaradıcılığı...Әli Şamil

 

Göndərmə 16.12.2010 09:32:15 UTC

Güncəlləmə 16.12.2010 09:32:15 UTC

www.trtazerbaycan.com

http://www.trt.net.tr/trtworld/az/newsdetail.aspx?haberkodu=a9d5fcf0-6488-4f46-9981-2b4a6aa4ff7c

Yusif Talıbzadə ömrünü vətəni və milləti yolunda fəda etsə də, uzun illər onun adı nəinki vətənində, soydaşları arasında, hətta ən yaxın qohumları arasında çəkilməmişdir. Bunun səbəbi Sovetlər Birliyində yeridilən siyasət, insanların qorxu içərisində yaşaması olmuşdur.

Yusif Ziya Talıbzadə Borçalı mahalının (indiki Gürcüstan Respublikası) Sarvanlar kəndindəki məşhur din ailmləri ailəsindəndir. Bu ailədən Axund Talıb, Axund Süleyman, Axund Mustafa kimi din xadimləri yetişib. Yusifin atası Axund Mustafa Zaqafqaziya şeyxülislamının müavini işlədiyindən Tiflisdə yaşayıb. Yusif də buna gorə 1877-ci ildə Tiflis şəhərində anadan olub.

İlk təhsilini Tiflisdə – Zaqafqaziya Ruhani İdarəsinin nəzdindəki Rüşdiyyə məktəbində almış, orada islami elmləri, ərəb, fars, rus dillərini öyrənmişdir.

Axund Mustafa 1894-cü ildə ailəsini də götürüb Xorasana köçür. Yusif də Məşhəddə məşhur Mirzə Cəfər mədrəsəsində oxuyur, orada müəllimlik edən müctəhid Molla Əlinin sevimli tələbəsinə çevrilir. Məşhəddə təhsilini başa vurduqdan sonra dini biliklərini daha da dərinləşdirmək üçün Bağdada gedir. Talıbzadələr ailəsi Xorasandan Qafqaza döndüyündən Yusif də Bağdaddan vətənə qayıdır.

1900-cü ildə Bakıya gələn Axund Yusif Talıbzadə Hacı Zeynalabdin Tağıyev və Nəriman Nərimanovun dəstəyi ilə coşğun ictimai-siyasi fəaliyyətə başlayır və "Rus-Tatar" məktəbində şəriət müəllimi işləyir.

Axund Yusif Talıbzadə Bakıdya gəldikdən bir il sonra, yəni 1901-ci ildə Azərbaycan türkcəsinin qrammatikasına dair "Təhsili-qəvaid" adlı kitabını nəşr etdirir. Bu kitab zamanında yalnız məktəblər üçün deyil, hən də ana dilində təhsil görməyən aydınlar üçün də çox gərəkli vəsait idi.

1901-ci ildə N.Nərimanovun "Nadir şah" faciəsini fars dilinə, 1903-cü ildə qadın tərbiyəsinə islamda göstərilən diqqətdən bəhs edən "Hədiyyəyi-nisvan (Qadınlara hədiyyə) " əsərini fars dilindən türkcəyə çevirən Axund Yusif Talıbzadə H.Z.Tağıyevə həsr olunmuş "Sərvət və səxavətilə məşhur cənab Hacı Zeynalabdin Tağıyevin tərcümeyi-əhvalı" kitablarını çap etdirib.

Məmmədağa Şahtaxtlının 1903-cü ildə "Şərqi-Rus" qəzetinin nəşrinə icazə alması Axund Yusif Talıbzadənin yaradıcılığına bir təkan vermiş olur. O qəzetdə çap etdirdiyi "Din tərbiyəsi" və b.məqalələrində islam dininin bəşəri dəyərlərini təblığ edir.

Bakı litoqrafiyalarında 1904-cü ildə çap etdirdiyi "İslam tarixi və tarixi-ənbiyaya dair məkanların nəqşəsi və islam məmləkətlərinin xəritəsidir" adlı xəritə məktəblər üçün əvəzsiz vəsaitə çevrilir. Çünki Axund Yusif Talıbzadəyə kimi Azərbaycanda mətbəə üsuluyla xəritə çap etdirən olmamışdı.

1905-ci ildə çar II Nikolayın imzalamağa məcbur olduğu Oktyabr manfestindən sonra Qafqazda da milli mətbuatın nəşri genişləndi. Axund Yusif Talıbzadə "Həyat", "İrşad", "Tərəqqi","İqbal", qəzetlərində, "Füyuzat", "Şəlalə" və b. mətbuat orqanlarında müxtəlif imzalarla dini, elmi, ictimai-siyasi məzmunlu məqalələr çap etdirməyə başlayır. O, yalnız məqalələrlə kifayətlənmir, az zamanda 10-dan artıq kitabça və risalə nəşr etdirir.

XX yüzil tarixə ideoloji çarpışmaları ilə daxil oldu. Toplumu zülmdən, əsarətdən haqsızlıqdan, ədalətsizlikdən xilas edərək sosial ədalətin hakim olacağı bir cəmiyyət quracaqlarını vəd edən sosialistlər daha çox çevrilişlərə, inqilaba üstünlük verirdilər. Onlar cəmiyyəti islahatlarla dəyişmək istəyənlərə qarşı da sərt reaksiya göstərirdilər.

İslahatlarla dəyişikliklərə nail olmaq istəyən, xalqlarını əsarətdən qurtarmağa can atan türk xalqlarının ziyalıları isə “türkləşmk, islamlaşmaq, müasirləşmək!” süarı ilə çıxış edirdilər. Bu yolun keçilməsi üçün uzun zaman, insanların maariflənməsi lazım idi. Axund Yusif Talıbzadə də bu ağır yolu seçənlərdən idi. Odur ki fəaliyyətini çoxsahəyə yönəltmişdi. Şəraitin tələbinə uyğun olaraq gah pedaqoqluq edir, dram əsərləri yazır, şeir və publisistik məqalələrlə xalqını oyatmağa çalışır, gah da ictimai-siyasətlə məşğul olur, lazım gəldikdə əlinə silah götürərək peşəkar hərbiçi kimi döyüşürdü.

Yapon savaşında uduzaraq zəifləmiş Rusiya Qafqazda mövqelərini itirməmək üçün erməniləri silahlandıraraq bölgənin çoxsaylı xalqına qarşı toqquşmaya təhrik etdi. Xalq arasında I erməni-müsəlman savaşı kimi yaddaşlara hopmuş 1905-07-ci il qarşıdurmasında A.Y.Talıbzadə qələmi və silahı ilə xalqını müdafiə etdi.

1907-ci ilin avqustunda H.Z.Tağıyev öz vəsaiti hesabına çevirtdirdiyi və şərhlər yazdırdığı Qurani Kərimi 4000 altun lirə dəyərindən ziynətli daş və almazlarla bəzəyərək Y.Talıbzadə vasitəsi ilə İstanbula, müsəlmanların xəlifəsi və Osmanlı Sultanı Əbdülhəmidə hədiyyə olaraq göndərir. Bununla da Yusif Ziyanın Osmanlı dövlətinə gediş-gəlişi artır və oradan silsilə məqalələr yazır.

Bakıdakı Müsəliman Xeyriyyə Cəmiyyətinin fəal üzvlərindən olan Y.Talıbzadə yay aylarında Rusiyanın böyük şəhərlərinə, Krım vilayətinin bəzi yerlərinə və Osmanlının İstanbul, Trabzon, Samsun və b. şəhərlərinə səfər edərək məktəblərdə olur, imtahanlarla, məktəb proqramları ilə tanış olur, islam məzhəblərinin ortaq cəhətlərinin təbliği üçün əlindən gələni əsirgəmir.

1911-ci ildə Müsavat partiyasının üzvlüyünə yazılan ilk beş nəfərdən biri olan Axund Yusif Talıbzadə 1912-ci ildə ailəsini – Cənnət xanımı və oğlu Tələti də alıb İstanbula köçür, orada hərbi təhsil alır, Birinci Dünya Savaşında Qars-Ərdəhan cəbhəsində Rus ordusuna və ermənilərin təxribatçı dəstələrinə qarşı döyüşür.

1918-ci ildə Güney Qafqazda Gürcüstan, Azərbaycan, Ermənistan Cümhuriyyətləri elan edilsə də, Azərbaycan Höküməti Bakıya gələ bilmirdi. Çünki Bolşevik Rusyasına arxalanan Rus-Erməni dəstələri Bakını işğal edərək oyuncaq hökumət qurmuşdular. Bu oyuncaq hökumət də müsəlmanların kütləvi qırğınını təşkil etmişdi. Qırğınların qarşısını almaq, gənc Azərbaycan Cümhuriyyətinin normal fəaliyyət göstərməsi üçün Osmanlı dövlətinə müraciət edilir. Azərbaycana köməyə gələn Qafqaz İslam ordusunun tərkibində Yusif Talıbzadə kimi bölgəni yaxşı tanıyan və coşğun vətənpərin olması təbii idi.

Yusif Talıbzadə Osmanlı ordusunun zabiti kimi Rus-Erməni birliklərinin darmadağın edilməsində fəal iştirak etməklə yanaşı, ictimai-siyasi, dini, publisistik fəaliyyətini də davam etdirir.

1920-ci ilin aprelində bolşeviklər Azərbaycanı yenidən işğal etdikdə Yusif Talıbzadə İrana keçir. O, nədənsə nə İranda qalır, nə də Türkiyəyə mühacirətə gedir. Azərbaycana qayıdarkən onu sərhəddə Rus əsgərləri həbs edirlər. Azərbaycan Xalq Komissarlar sovetinin sədri Nəriman Nərimanov işə qarışdığından Yusif Talıbzadə nəinki həbsdən azad edilir, hətta rəhbər vəzifəyə – Naxçıvan Ölkə Hərbi Komissarı vəzifəsinə göndərilir. 1922-ci ilin sonlarınadək bu vəzifədə işləyən və general rütbəsinə yüksəlir.

Həmin illərdə Sovet rəhbərliyi Naxçıvanı Ermənistanının tərkibinə qatmaq istəyirdi. Yeni yaranmış Türkiyə Respublikası ilə bağlanmış müqavilə və yerli millətsevərlər buna imkan vermirdi. Yusif Ziya Talıbzadə də qulluq etdiyi hökümətin siyasətinə qarşı çıxdığı üçün 1922-ci ilin sonlarında Bakıya dönərək Nəriman Nərimanovla görüşür, vəziyyəti müzakirə edir və Sovetlərə qulluq etmək istəmədiyini bildirir. N. Nərmanov onun ölkəni tərk etməsinə şərait yaradır.

Yusif Ziya Talıbzadənin ömür yolu geniş öyrənilmədiyindən Azərbaycanı tərk etdikdən sonrakı fəaliyyəti hakkında təfsilatlı bilgilər yoxdur. Xatirələr və arxiv sənədlərindən bəlli olur ki, Yusif Ziya ömrünün son illərində Türkistanda yaşamış və dindaşları ilə birlikdə Rus işğalçılarına qarşı döyüşmüş, yerli əhaliyə hərbi təlim keçmişdir.

Bu həmin dövr idi ki, Ənvər Paşa da Türküstanda işğalçılara qarşı döyüşürdü. Y.Z.Talıbzadə 1923-cü il may ayının 18-də Qızıl Ordu ilə döyüşlərdə ağır yaralan¬masına baxmayaraq Amu-Dərya çayını üzüb keçməyə çalışır və məslək dostu Ənvər Paşa kimi milləti və dini uğrunda şəhidi olur.

Onu da xatırlatmaq lazım gəlir ki, görkəmli ədib, pedaqoq Abdulla Şaiqin dönyagörüşünün formalaşmasında böyük qardaşı Yusif Ziya Talıbzadənin əvəzsiz xidmətləri olmuşdur.

70 ildən çox Yusif Ziyanın adı və fəaliyyəti unudulmağa çalışılsa da millətsevər gənclik onun ömür yolunu və yaradıcılığını böyük maraqla öyrənir.

Mətni yazdı Əli Şamil (Əli Hüseyin oğlu Şamilov).


 
Sayğac
 
Flag Counter
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol