Aşıq Ürfani
TÜRK DÜNYASININ MƏŞHURLARI 124/2011
Əziz və istəkli dinləyicilər! Bu günkü verilişimizdə sizlərə dilimizin yaşamasında və yayılmasında, bədii ifadə vasitəsilə zənginləşməsində, musiqi folklorumuzun qorunmasında və cilalanmasında böyük rolu olan aşıqlarımızdan biri, Ürfaninin həyat və yaradıcılığından söz açacağıq.
Adı Süleyman olan sənətkar Ürfani ləqəbilə o qədər məşhurlaşmışdır ki, az qala ata-anasının ona verdiyi ad unudulmuşdur. Qəribədir ki, xalq arasında geniş şöhrət qazanan aşıqlarımızın ömür yolları və yaradıcılıqları nə sağlıqlarında, nə də ölümlərindən sonra lazımınca öyrənilməmişdir. Aşıq yaradıcılığına diqqət XX yüzildə artsa da, Ürfani yenə də diqqətdən kənar qalmışdır.
Ürfani istər araşdırıcılar, istər aşıqlar tərəfindən yüksək qiymətləndirilsə də, şeir toplularına onun əsərləri daxil edilməmiş, haqqında geniş araşdırılmalar aparılmamışdır. Azərbaycan Sovet Enskilopediyasının 1986-cı ildə çap olunan 9-cu cildində yazılıb: “Ürfanı – aşıq havası 18-ci əsr Azərbaycan aşığı Ürfani tərəfindən bəstələnmişdir. Adı da buradandır. Çox vaxt bu havanı aşıqlar yanlış olaraq “ruhani”, “ruhanı” da adlandırmışlar”.
Dialektlərimizdə ürfan sözü urfan, irfan kimi də işlədilir. İslam dini sayəsində ərəbcədən dilimizə keçmiş bu sözün ruh və cana mənsub olan, sırf mənəvi, maddi olmayan, yalnız din və mənəviyyat ilə məşğul olan adam, din xadimi anlamı ilə yanaşı, bilmə, xəbərdar olma, təsəvvüfdə-Allahı dərk etmə anlamındadır. Təsəvvüfə dair ədəbiyyatlarda isə ürfan «haqq və həqiqəti tanıma yolu, ariflərə görə bəşərin öz nəfsini paklaşdırmaqla, batini işıqlanma və əqli-mənəvi yüksəliş tapmaqla haqqı tanıya bilməsi kimi də izah edilir. Ona görə də irfan təkcə əqli-məntiqi dəlillərlə deyil, həm də ruhu kamillik və mənəvi yüksəliş dəyərlərinə sığınaraq həqiqətə qovuşmağı mümkün sayır.
Aşıq Süleyman da bu mərhələyə yüksəldiyindən ona Ürfani ləqəbini vermişlər.
Araşdırmalar onu göstərir ki, Süleyman Kunduzhev kəndində anadan olmuşdur. 1578-ci ildən Səfəvi-Osmanlı savaşında Çıldır gölü ətrafında gedən döyüşdə Səfəvi orduları məğlub olmuş, Osmanlı paşası qələbə çaldığı yerin şərəfinə bölgədə mərkəzi Axıska şəhəri olan Çıldır əyaləti yaratmışdır. Kunduzhev də bu əyalətin bir kəndi olmuş 1876-78-ci ildəki Osmanlı-Rus savaşında xarabalığa çevrilmişdir.
Süleyman kiçik yaşlarında valideyinlərini itirdiyindən paşa olan əmisinin himayəsində böyümüşdür. Əmisi dini təhsil alması üçün lazımı şərait yaratsa da, gəncliyində musiqiyə və aşıq yaradıcılığına böyük maraq göstərmiş, bir məhəbbət macərası isə onun ömür yolunu tamam dəyişmişdir.
Alagöz kəndindəki ələvi inanclı türkmən-tərəkəmə bəyinin qızı Sənəmə vurulan Süleyman lirik-aşiqanə şeirlər qoşaraq sazda çalıb oxuyur. Atasının Sənəmi ona verməyəcəyini görən Süleyman qızı qaçıraraq indiki Ərdahanla Axıska arasındakı Ulqar dağındakı xaraba kilsədə gizlənir.
Qızın atası Axıska paşası Atabəy Süleymana şikayət edir. Uzun axtarışdan sonra paşa onları tapdırır və Süleymanı həbs etdirərək Çıldır gölündəki Ağcaqalaya göndərir. Aşıq Süleyman həbsxanadan qaçaraq yenidən Alagöz kəndinə gələrək sevgilisi Sənəmi də alıb qaçır.
1771-ci ildə Axıska paşası olan Atabəy Süleyman Ürfanini yenidən həbs etdirərək sarayına gətirdir. Onun aşıqlıq məharətini yoxlamaq üçün çalıb oxumasını istəyir. Aşıq çalıb-oxuyarkən paşanın xanımı Xürrəmzadə də məclisə daxil olur. Süleyman paşa ondan bədahətən xanımına şeir deməsini istəyir. Ürfanı paşanın tələbinə görə elə bədahətən deyir:
Qədəm basdın, dərdə düşdüm, oxlandım,
Dəli könlüm bu sevdaya bağlandı.
Özü şirin, sözü şirin, şux gözəl,
Qəmzəsi ox, qaşı yaya bağlandı.
Şirin gülər şirin söylər, naz eylər,
Hər bir teli yüzmin dürlü saz eylər,
Çarğatı çevirər, tel pərvaz eylər,
Sanarsan buluddur, aya bağlandı.
Ürfani yenidən aldı bir dəvət,
Daha hərcayıyla eyləmə ülfət,
Əski beymürvətdən qopdu məhəbbət,
İndi könlüm Xürrəmzadaya bağlandı.
Paşa aşığın qoçaqlığına, cəsarətinə heyrətlənir. Oxuduğu şeirlərdən, saz çalma bacarığından olduqca razı qalaraq aşığı Arpaçay qəzasındakı Dəmirçilik kəndinə göndərir. Həm də oradakı məscidə imam təyin edir.
Aşığın sevgisindən dönməməsi, onun yolunda hər cəfaya qatlaşması və söylədiyi şeirlər dillərdə dastana çevrilir.
SES: Siz, Qorqud Ata verilişini dinlәyirsiniz.
SİNYAL : Atabəy Süleyman paşa aşığı kənd məscidəinə imam təyin etsə də, o, sazı əlindən yerə qoymur. Məclislər aparır, bölgələri dolaşır, aşıqlarla qarışlaşır, onlarla deyişir.
Ürfaninin günümüzədək gəlib çatan şeirləri yaşadığı günlərin ovqatını özündə qoruyub saxladığından onları sənətkarın tərcümeyi-halından parçalar da hesab etmək olar. Üfani şeirlərindən birində öz halını belə anladır:
Ay ağalar, bu dərd məni öldürür,
Arayıb dərmanın bulana qədər.
Könül vaz keçmiyer öz istəgindən,
Çəkərəm həsrətin ölənə qədər.
Çeşmim yaşnan namə yazdım, gəl indi,
Əgər loğman isən dərdim bil indi,
Dəmir çarıx geydim, o da dəlindi,
Könül sevdigünü bulana qədər.
İrfanı deyər, bağınız talansın,
Həsrət qolum, yar boynuna dolansın,
Sövdügüm, sen yar qədrini bilənsən,
Yarı canım getdi gülənə qədər.
Ürfaninin lirik-romantik şeirləri ilə yanaşı, dərin fəlsəfi məzmunlu divaniləri, didaktik, islam dinini, şəriəti təbliğ edən qoşmaları, təcnisləri, müxəmməsləri də günümüzədək gəlib çatmışdır. O, yalnız yaşadığı bölgədə məşhurlaşmamışdır, Yaxın Şərqin bir çox bölgələrində aşıqlar onun yaratdığı saz havalarını çalmış, qoşduğu sözləri oxumuşlar. Aşığın adını daşıyan Ürfani havası yalnız sazda çalınmamış, bu hava üstündə yalnız heca vəznində şeirlər oxunmamışdıır.
Ürfani musiqisi həm də rəqslərimizə təsir etmiş, beləcə ürfani yallısı meydana gəlmişdir.
Diyar-diyar gəzən, məclislər aparan, şənliklər yola verən aşıq bəzən də faciələrlə, kədərli hadisələrlə qarşılaşmışdır. Belə kədərli hadisələrdən biri aşıq Ürfani haqqında yaradılmış dastan rəvayətlərdə də qorunub saxlanmışdır. Molla Pənah Vaqif qızı Mədinəni dostu Molla Vəli Vidadinin oğluna ərə vermişdi. Lakin bu ailənin ömrü çox da uzun olmamışdı. Hər iki gənc eyni günlərdə dünyalarını dəyişmişdir. Fələk qoca şairlərin belini bükdüyü günlərdə Aşıq Ürfani onların yanında olmuş, yas məclisində iştirak etmiş, söz əhillərinə təskinlik vermişdir.
SİNYAL : BAND
SES: Aşıq Ürfaninin şeirləri XIX yüzildə və XX yüzilin əvvəllərində qələmə alınmış bir çox cünk – bəyazlarda qorunmaqla yanaşı, aşıqlar tərəfindən məclislərdə də söylənmişdir. Bu şeirlərin söyləndiyi məclislər yalnız Türkiyə, İran və Qafqazla məhdudlaşmır. Qazaxıstanda, Özbəkistanda da məclislərdə söylənilir.
Aşığın Xosbiya bəylərindən Dədə bəyin məclisində Xəstə Hasanla deyişməsi daha çox yayılmışdır. Məclisdə qarşılaşan hər iki ustad sənətkar bağlamanın əvəzolunmaz incilərini yaratmışlar. Bu bağlamalarda yalnız məzmuna, vəzn, qafiyənin yerli yerində olmasına diqqət yetirilməmiş, səs axışına da önəm verilmişdir. Aşıq Ürfaninin dediyi:
Aradım, yoxladım könül şəhrini,
Gördüm bu könlümdə yenə dörd qaldı.
O dördün birini qaldırdım atdım,
Baxdım gerisinə yenə dörd qaldı.
Şeirə Xəstə Hasan belə cavab vermişdir:
Ol yaradan bu dünyanı xəlq etdi,
Nişangahı dörd qıvladı, dörddü dörd,
Yoxdan var eylədi cəmi insanı,
Abı, ataş, xaki, badda dörddü dörd.
İrfani:
Oxudum, oxudum mətləbə çatdım,
Bir bəzirgan tapdım yarısını satdım,
İndi də o dördün ikisin atdım,
Yenə baxdım gerisində dörd qaldı.
Xəstə Hasan:
Yoxdan var eylədi cümlə aləmi,
Endi fəriştələr, çəkdi qələmi,
Məhəmmədə gəldi haqqın salamı,
«İncil», «Tövrət», «Zabur», «Quran» dörddü, dörd.
İrfani:
İrfani deyər bu sözləri alana,
Eyvallahım var təcnisi bilənə,
Üçünü atdım, birini aldım qələmə,
Dörddən dörd tulladım yenə dörd qaldı.
Xəstə Hasan:
Dövr edilər bu dünya dönər, ha dönər,
Bir gün olar çıra bəndindən sönər,
Xəstə Hasan, sinənə əzrayıl qonar,
Dörd kimsə aparar, yenə dörddü dörd.
XIX yüzildə Osmanlı-Rusiya savaşlarında bölgədən çoxlu ailə Sivasa və bu günkü Türkiyənin iç bölgələrinə köc etsələr də, Aşıq Ürfaninin nəvə-nəticələrindən bir çoxu hələ də Çıldırın Koravel və Urta kəndlərində yaşayır.
İkinci Dünya Savaşı illərində, daha dəqiq 1944-cü il noyabrın 14-15-də Axıska türkləri zorla ata-baba yurdlarından Türküstana sürgün edildi. Yolda və sürgün olunduqları yerdə minlərlə insan həlak oldu. Ürfani şeirini, haqqında yaradılmış dastanları bilənlər sıradan çıxdı. Axıskalılar “vətənə xəyanət”də suçlandıqlarına görə nəinki o bölgədə yaşamış məşhur insanların fəaliyyətlərinin öyrənilməsi, hətta o bölgənin adının çəkilməsi belə yasaqlandı.
Bütün yasaqlara baxmayaraq xalq öz aşığının sözlərini, musiqisinin bəzilərini qoruyub saxlaya bildi. Bu gün də həmin musiqi və sözlər məclislərə yaraşıq, insanlara zövq verir.
Aşığın şeirlərinin böyük bir qismi haqqında qoşulmuş «Ürfani və Türkmən qızı» dastanında qoruyub saxlanmışdır.
Mətni yazdı Əli Şamil (Əli Hüseyin oğlu Şamilov).
|