Kasbot Koçkarov

Türk Dünyasının Məşhurları 25

Qaraçay şairi Kasbot Koçkarovun ömür yolu və yaradıcılığı...Әli Şamil

Göndərmə 23.07.2010 08:57:37 UTC

Güncəlləmə 23.07.2010 08:57:37 UTC

www.trtazerbaycan.com

 

Qış-yay başı qarla örtülü uca Qafqaz dağlarının qüzey ətəklərində ömür sürmüş, özü də Qafqaz dağları kimi əyilməz xarakterli Qaraçay şairi Kasbot Koçkarov, onun ömür yolu və yaradıcılığı...

Kasbot Bağır oğlu 1834-ci ildə bugünkü Qaraçay Çərkəz Respublikasının Uçkulan qəsəbəsinin yaxınlığındakı Kasbot kəndində kasıb bir ailədə doğulub. Onun adı ilə doğulduğu kəndin adının eyni olması çoxlarını çaşdırır. Kəndlərimizin bir çoxu orada yaşayan tayfasının, yaxut kəndi salan insanın, nəslin adıyla adlanır. Kasbot da belə kəndlərdəndir.

Kasbot Bağır oğlunun uşaqlıq və yeniyetməliyi Qafqazda qanlı savaşların höküm sürdüyü bir dönəmə təsadüf edib. Qafqazın quzeyini işğal etdikdən sonra sürətlə güneyə doğru irəliləyən işğalçı Rus orduları bu yerləri də imperyanın tərkibinə qatıb. Lakin, işğal etdikləri əraziləri idarə etmək müharibə aparmaqdan çətin olub. Çünki Rusiyada təhkimcilik hələ də davam edirdi. Kinyaz ona məxsus kəndlərlə istədiyi kimi davranırdı. İstədiyi vaxt kəndlini, onun ailə üzvlərini, yəni qızını, oğlunu başqasına sata bilirdi. Bu alqı-satqı gizli deyil açıq-aşkar aparılırdı. Hətta qəzetlərdə belə kinyazların-ağaların kəndlilərinin ailə üzvlərini yol çəkilişində, meşə qırılmasında, tikintisində, gəmiçilikdə, ev qulluqçuluğunda işləmək üçün satdığına dair elanlar verilirdi. Yəni quldarlıq hələ də davam edirdi.

Türk xalqları isə minillərdi quldarlıqdan uzaqlaşmışdı. Quldarlığın ləğvində islam dininin də rolu böyük olmuşdu. Rusyanın hakimiyyət orqanları isə işğal altına aldıqları xalqların psixologiyasını, adət-ənənəsini, tarixini bilmədən onları istədikləri kimi, yəni zor gücünə idarə edirdi. Əsarət altına düşmüş xalqların silah istehsal edən zavodları, nizami ordusu olmasa da işğalçılara qarşı müqaviməti davam etdirir, minlərlə insan aliə şərəfini, namusunu qorumaq üçün döyüşə atılırdı.

Şeyx Şamilin Rus imperyasına qarşı apardığı inanılmaz mübarizə də belə bir ortamda davam edirdi. Balaca Kasbotun gözü qarşısında Şeyx Şamilin müridləri Rusiyanın toplu-tüfəngli ordularını pərən-pərənə salırdı. Analar döyüşlərdə şəhid olan oğullarına, bacılar qardaşlarına, qadınlar ərlərinə yırlar qoşurdular. Necə deyərlər Kasbotun gözü qarşısındaca hər gün yeni bir qəhrəmanlıq yırı yaranırdı. İstəsə də, istəməsə də o bu yırları eşidir, onlar yaddaşına hopur və onun bədii təxəyyülünü zənginləşdirirdi.

Şeyx Şamil 1859-cu ildə qazilərin fitvasıyla 30 ilə yaxın davam etdirdiyi döyüşü dayandırdı. Lakin qazavat dayandırılsa da dağlarda Rusiya əsgəri birliklərinə qarşı fərdi döyüşlər davam etdirdi. Çar Rusiyasının hökuməti məcburiyyət qarşısında bir sıra islahatlar həyata keçirdi. 1861-ci il təhkimçilik hüququnun ləğvi haqqında qanun qəbul edildi. Bu qanunu Avropa dövlətləri də, tərəqqipərvər Rus ziyalıları da sevinclə qarşıladılar. Beləliklər Qafqazda müridizm hərəkatı sönməya başladı. Rusiya təhkimçilik hüququnun ləğv etsə də müstəmləkəçiliyin əsas strategiyası olan “Parçala, höküm sür!” siyasətini davam etdirdi.

İşğal etdiyi ərazilərdə idarəetmənin yeni formasını tətbiq etdi. 1861-ci ildə Qafqazı vilayətlərə-quberniyalara böldü. Qaraçay türklərini Kuban vilayətinin, balkar türklərini isə Terek vilayətinin tərkibinə daxil etdi.

Baksan bölgəsində yaşayan, türkcə danışan toplum isə orusbiylər kimi göstərdi. Yəqin ki, orusbiy tayfası yaşayan Baksan bölgəsi üçüncü bir vilayətin tərkibinə daxil edilsəydi indi statistikada qaraçay, balkar adı ilə yanaşı orusbiy adlı bir xalqa da rast gələcəkdik.

Beləliklə, eyni dildə danışan, eyni mədəniyyətin daşıyıcısı olan, eyni dinə inanan, eyni kökənli toplumdan iki xalq - qaraçaylar və balkarlar kimi formalaşdırılmağa başlandı.

Statistikada “qaraçay”, “balkar” kimi qeyd edilən xalqların yaşadığı bölgə bir-birinə bitişikdir. Dilçiliyə, tarixə dair bütün ədəbiyyatlarda bu tayfaların eyni kökənli olduğu yazılır. Yüz illər boyu ərəb qrafikalı əlifbadan istifadə edən qaraçay-balkarlar 1929-cu ildə əksər türk xalqları kimi latın qrafikası əsasında yaradılmış əlifbaya keçdilər. Lakin bu, uzun sürmədi. 1938-ci ildə onlar üçün 38 hərfdən ibarət də Kiril qrafikalı əlifba yaratdılar. Tarix, ədəbiyyat, folklorlar bölgəsəl öyrənildi və təbliğ olundu. Sovet strateqləri bu ayrılığı getdikcə dərinləşdirmək üçün balkarlara Nalçikdə, qaraçaylara Çerkesskdə elmi-mədəni mərkəzlər yaratdı.

Kiçik yaşlarında molla yanında təhsil alan, Quran oxumağı, ərəb və fars dillərini öyrənən Kasbot mədrəsədə təhsilini davam etdirə bilmir. Yeniyetmə çağlarında çoxlu jır və xalq mahnıları əzbərləyərək yığnaqlarında oxuyur. Oxuduqlarının təsiri ilə gənc yaşından öz şeirlərini söyləməyə başlayır. Şairin «Xorasan», «Deboş», «Aycayak» jırları və mahnıları xalq arasında geniş yayılır. Araşdırıcılar xalq nəğmələri kimi bu gün də oxunan və antologiyalara daxil edilmiş «Candar», «Barak», «Qapalav» və «Kanamat»ın da yazarının Kasbot olduğu qənaətindədirlər.

Kasbot Koçkalanov mükəmməl dini təhsil almasa da sonralar, mədrəsə təhsili görmüş, Şərqin dini və mədəniyyət mərkəzlərini gəzib gəlmiş həmyerlilərinin söhbətlərini dinləməklə dini biliklərini artırmışdı. Ona görə də Kasbot Koçkalanovun jır və nəğmələrində didaktika, İslami dəyərlərdə dayanan öyüd və nəsihətlər çoxluq təşkil edir. Ənənəyə sədaqəti və fitri istedadı sayəsində yazdığı jır və mahnılar qaraçay-balkar poeziyasının qızıl fondunu təşkil edir.

19 yüzilin sonları 20 yüzilin əvvəllrində Kasbot Koçkalanov Qüzey Qafqazda yalnız Qaracay-balkarlar arasında deyil, noqaylar, çərkəzlər, abazalar,qumuqlar, qabardinlər və başqa xalqlar arasında da məşhur olmuşdu.

Kasbot Koçkalanovu üsyankar ruhlu şeirləri, həcvləri bolşeviklərin də diqqətini cəlb etmişdi. Bolşeviklər xalq arasında məşhur olan şairləri öz tərəfinə çəkməklə Kommunist partiyasına, Leninə, Stalinə mədhiyələr yazdırır, sosializm quruculuğunu tərənnüm etdirirdilər. Ləzgi xalq şairi Süleyman Stalskini, qazax Cambul Caboyevi, avar Həmzət Sadasanı və b. mükafatlarla, rəsmi toplantılara dəvətlərlə şirnikləndirərək sosializm quruculuğunun məddahina çevirə bildilər.

Sovetlərin dinə mənfi münasibətini, milli ayrıseçkilik siyasətini, müxtəlif adlar altında azad düşincəli insanları məhv etdiyini görən Kasbot Koçkalanov dəvətləri qəbul etmir. At üstündə dəvrişvari bir həyat sürərək, kənd-kənd gəzib jırlar oxuyur. Nə yazıq ki, onun yaddaşında gəzdirdiyi yüzlərlə jırı, nəğməni, mahnını, ata sözü və məsəlləri toplayan olmur.

Şairin ölümündən 24 il sonra, yəni 1964-cü ildə “Saylamala” (Seçmələr) və 1986-cı ildə “Koçkarlanı Kasbot-Xalq cırçılanı tamadası” (Kasbot Koçkar-xalq şairlərinin öncülü) kitablarını nəşr etdirillər.

Uzun illər qaraçay-balkar ədəbiyyatı tarixini araşdıranlar onun 18 yüzildən başladığını yazıblar. Son zamanlar isə qaynaqlara dayanaraq Mikail Şamsi Bastu (835-900), Tram xan (X-XII yüzillər), Zurum Biyçe (13…-1396), Akbilek Biyçe (13…-1396), Qoşayax Biyçe (XVI-XVI yüzillər), Semenlanı Kaltur (XVIII yüzil) kimi yaradıcı şəxsiyyətlər haqqında bilgi verməklə qaraçay-balkar yazılı ədəbiyyatının tarixinin 9-cu yüzilə qədər aparmağa çalışırlar. Gənc araşdırıcıların bəziləri isə ədəbiyyat tarixlərini Orxon-Yenisey abidələriylə başlayirlar. Bu da təbiidir. Xalq özünü tanıdıqca, tarixini öyrəndikcə milli şüuru artır, tarixinə də, ədəbiyyatına da, mədəniyyətinə də yiyə çıxır.

Rusiya işğalçılarının yeritdiyi ayrı-seçkilik siyasəti gücünü itirdikcə qaraçay-balkarlar arasında əski qıpçaq ədəbiyyatının, ümumtürk mədəniyyətinin öyrənilməsinə və təbliğinə da maraq artır.

20-ci yüzildə yaratdıqları ədəbi nümunələri yeni gözlə saf-çürük edir, Sovet dövründə yasaklananlar üzə çıxarılır, dəyərlilərini yenidən çap edərək gənc nəslin ixtiyarına verirlər.

1940-cı ildə, 106 yaşında dünyasını dəyişən Kasbot Koçkalanov sağ qalsaydı yəqin ki, 1943-cü ildə xalqı ilə birlikdə o da Qazaxıstana və ya Sibirə sürgün ediləcəkdi. SSRİ dağıldıqdan sonra Kasbot Koçkalanov əsərləri Türkiyədə də çap olunmağa başladı. Kasbot Koçkalanovun yaradıcılığına türk xalqlarında da maraq artmışdır. Onun qaraçay milli ruhunu özündə daşıyan şeirləri Türk xalqlarının ədəbiyyatının bir parçasına çevrilməkdədir.

 

 
Sayğac
 
Flag Counter
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol