RZA BƏRAHƏNİ
TÜRK DÜNYASININ MƏŞHURLARI 26/2010
Əziz və istəkli dinləyicilər bu günkü verlişimizdə sizlərə Təbrizdə doğulsa da fars dilində yazıb-yaratmaq məcburiyyətində qalmış, hazırda Kanadada mühacir həyatı yaşayan, Kanadadakı “Pen Klub”a, yəni yazıçılar kulubuna sədirlik etmiş Rza Bərahənidən söz açacaq, onun ömür yolundan və yaradıcılığından danışacağıq.
Rza Bərahənini 1990-ci ildən, yəni sərhəd məftilləri söküləndən sonra tanıdım. Həmin günlərdə o Tehranda yaşayır və işləyirdi. Naxçıvanda yaşadığımdan yaranmış qarışıqlıqdan istifadə edərək bir neçə dəfə Təbrizdə, Tehranda olmuşdum. Adlarını mətbuatdan tanıdığım ziyalılarla görüşmüşdüm.
Rza Bərahəni ilə ilk dəfə Bakıda Cavad Heyətin 70 illik yubileyi keçiriləndə, yəni 1995-ci ilin oktyabrında görüşdüm. Həmin günlərdə ondan bir müsahibə də aldım. Bu günkü verlişimizi də həmin müsahibə əsasında hazırlamlşam. Texniki qüsurlara görə onun səsini və diktofonuma söylədiyi “Həh” şerindən parçanı efirə verə bilmirik.
1935-ci ildə kasıb bir ailədə doğulan Rzanın ata-anası da, xanımı da Təbrizlidir.İlk təhsilini də Pərvayiş mədrəsəsində alıb. Özünün dediyi kimi “lisansa qədər Təbrizdə” oxuyub.
Uşaqlıqdan ədəbiyyata maraq göstərib. Ona məktəb divar qəzetini hazırlamaq tapşırılıb. 1946-ci ilin dekabrınadək hər şey çox gözəl gedib. Xaricdəki ağalarından dəstək alan Rza şah ordunu Azərbaycana yeridəndən, demokrat partiyasının üzvlərinə, tərəfdarlarına divan tutandan sonra ölkədə irtica hökm sürüb. Hətta məktəblərdə, dövlət idarələrində ana dilində danışmaq, yazmaq qadağan edilib.
Baş verənləri aydın dərk edə bilməyən balaca Rza həmişəki kimi divar qəzetini hazırlayıb məktəbin dəhlizinə vurub. Məktəbə gələn məmur divar qəzetində məqalənin türki dilində yazıldığını gördükdə elə türk dilində də bu məqalələri kim yazdığını soruşub. Sonra divardan qəzeti Rzanın özünə qopartdırıb yerə sərdirir və türkcə əmir edir ki, qəzetdəki yazını diliylə yalayıb yox etsin. Qəzetdə göy mürəkkəblə yazılmış məqalələri Rza yalayıb təmizləyənə kimi ağız-burunum gömgöy olub. Bu gələcək ədibin içində bir acı xatirə kimi həmişəlik yaşayıb.
Təqib və təzyiqlərə baxmayaraq yaşıdlarının bir çoxu kimi o da gizlicə ana dilində kitablar oxuyub. Bu da Türkiyəyə təhsil almağa gedəndə onun çox köməyinə çatıb. Türkiyədə Universitet oxuyarkən dərs əlaçılarından olub. 24 yaşında doktorğuq dissertasiyasını bitirib. Türkiyədə ingilis diində təhsil alıb da ingilis ədəbiyyatından doktorluq müdafiə edən ilk alim Rza Bərahəni olub.
İrana qayıdan Rza Bərahəni əsgər aparılıb. Sonra Tehran Universitetində ingilis dili və tətbiqi ədəbiyyatdan dərs deyib. 1968-ci ildə “Kişilik tarixi” kitabını çap etdirməyə çalışıb. Bu mümkün olmasa da “Hakim və məhkum mədəniyyət” məqaləsinə görə həbs olunub.
Rza Bərahəni İranın yenilikçi ədiblərindən Qulamhüseyin Səidi, Cəlal Aləhməd, Əhməd Şamlu ilə birlikdə yazıçılar birliyi yaradıb. Lakin təqib və təzyiqlər onların fəaliyyətinə mane olduğundan Rza Bərahəni xaricdə işləməyə gedib. Amerikadakı Yuta Unverisitetində ingilis dili və tətbiqi ədəbiyyatdan dərsd deyib, professor seçilib.
1979-cu ildə İranda baş verən inqilab mühacirətdə olan bir çox ziyalılar kimi Rza Bərahanidə də ölkədə demokratikləşmə baş verəcəyi ümidini oyadıb. Yenidən Tehrana qayıdaraq unversitetdə işləməyə başlayıb. Bir sıra romanlarını və ədəbi tənqidi məqalələrini qarışıqlıqdan istifadə edərək çap etdirə bilib. İran İslam rejimi yerini möhkəmlətdikdən sonra onu yenidən həbs edib. 9 ay zindanda yatan ədibi məhkəməsiz azad edilib və yenidən Tehran Unversitetində professor köməkçisi işləməsinə icazə verilib. Mühit onu sıxdığına, yaradıcılığına və araştırmalarına əngəl olduğuna görə yenidən Amerikaya gedərək Ayova Unversitetində çalışıb.
Rza Bərahəni elmi, pedaqoji fəaliyyətlə yanaşı ardıcıl bədii yaradıcılıqla da məşğul olub. Özü də olduqca məhsuldar bədii yaradıcılıqla. O, İran ədəbiyyatşünaslığında Avropa tipli ədəbi tənqidin banisi və Fars şeirində yeniləşmə hərəkatının öncüllərindən bir kimi tanınıb. Kəlimələri bir biriylə oynaşdırıb, şeir qəliblərini dağıdıb, yeni formalar yaradıb.
Yaradıcılıq axtarışları hakim dairələrdən çox könhnə qəliblərlə yazıb-yaradan ədibləri rahatsız edib. Ölkədə fars dilindən başqa yerli dillədə yazıb-yaratmaq qadağan edildiyindən və rəsmi yerlərdə danışmaq yasaqlandığından yeni bir yazıçılar nəsli yetişib. Onlar farsca yazsalar da Azərbaycanın və Azərbaycanlıların barəsində yazıb. Onlar Türk təfəkkürünü fars ədəbiyyatına gətirən, əslində fars ədəbiyyatını zənginləşdirən, ədəbiyyata yenilik gətirən sələflərini yolunu şərəflə davam etdirib.
Rza Bərahəni də türk təfəkkürünü fars ədəbiyyatında inkişaf etdirən yazıçılardan olub. Onun bir çox əsərləri Ruscaya, İstanbul tükrçəsinə, ərəbcəyə, ispancaya və b. dillərə çevrilərək çap olunub. 3 kitaına isə müəllifin ingiliscə yazdığı əsərləri daxil edilib. İndiyə kimi 56 kitabı çıxıb, bunun da 5-i roman, 14 şeir kitabıdı. Bu romanlar təqribən 4 min səhifədən çoxdur. Çoxlu ədəbi-tənqidi məqalələri çap olunub. İranda müasir elmi ədəbi tənqidin əsasını qoyanlar sırasında birinci Rza Bərahəninin adı çəkilib.
İran İslam İnqilabından sonra Cavad Heyətin Tehranda ana dilində nəşr etdirdiyi “Varlıq” jurnalı Rza Bərahıəniyə də öz təsirini göstərib. O bir sıra məqalələrini, xüsusən də türkcə, farsca, ərəbcə qarışıq yazdığı şeirlərini bu jurnalda çap etdirib. Həmin şeirləri sonradan kitablarına da daxil edib.
1990-ciı illərdə Tehranda çıxan “Xəta bepərvana” kitabında çox uzun bir farsca-türkcə şeri var ki, bunun əvvəlinci 3-4 sətri farscadır, qalan 35 - 40 sətri türkcədir.
Özünün dediyi kimi modernist düşüncə ilə yaxınlığı onun əsərlərinə də güclü təsir edib. Rza Bərahəninin Azərbaycan türkcəsində yazdığı və toplantılarda həvəslə oxuduğu “Həh!” şeiri də modernist düşüncənin məhsuludur. Şair deyir:
Qavalçalan oxuyar dağ ətəgində,
Bağın dibində,
Sənin əksini tapanda,
Bu əksi basanda bağrına gizlin,
“Dilim!”, “Dilim!” diyən
Heyf olmuşum, yazığım,
Gözəl dilim,
Necə bağrımda yandı,
lap külə döndü
Şəbi ho mən, şəbi ho mən!
Hələm, hələm,
hələ ləm!
Lə… lə… la… la..
Ləm gülüm.
Rza Bərahəni Cavad Heyətin yubileyində iştirak edərkən vəd etdi ki, ana dilində yazdığı şeirləri Bakıda çap olunmaq üçün mənə göndərəcək. 7-8 ay keçdi. Onun mənə göndərməli əlyazmalarından bir xəbər çıxmadı. 1996-ci ilin sentyabrinda Tehrana Əli Kamalinin yasına gedəndə Rza Bərahəniyə zəng vuraraq vədini xatırlatdım. O isə işlərinin heç də yolunda olmadığını, ona təziyqlərin gündən-günə artdığını söylədi. Bizimlə görüşə bilməyəcəyi üçün üzürxahlıq da etdi.
Az sonra onun xaricə mühacirət etdiyindən xəbər tutdum.
Rza Bərahəni bir də Bakıya 2009-cu ilin oktyabrında Amerikada, Kanadada, Almaniyada, Böyük Britaniyada, İsveçdə və b. ölkələrdə yaşayan, mühacirətdə olan 13 Cənubi Azərbacanlı yazıçı ilə gəldi.
Kanada Yazıçılar İttifaqının keçmiş sədri Rza Bərahani Odlar Yurdu Universitetinin fəxri doktoru seçildi. Yazıçı 2500 illik bir dövrü əhatə edən üç hissəli “Ayaz” rumanı üzərində işlədiyini, bu əsərləri əsasında 6 tamaşa hazırlanaraq Fransada göstərildiyini söyləri.
Ədib ana dilində yazmasa da milli düşüncəsini farsca, ingiliscə yazdığı əsərlərində oxucuya çatdırır. Onun ana dilində yazıb-yaradan, inqilabçi şair Əlirza Oxayın İran zindanında faciəli ölümünü təsvir edən əsəri Azərbaycanlı gənclərin sevə-sevə oxuduğu əsərlərdəndir.
Mətni yazdı və oxudu Əli Şamil (Əli Hüseyin oğlu Şamilov).
|