Əli Səlimi

ƏLİ SƏLİMİ

 

Türk Dünyasının Məşhurları-06

 

Azərbaycanın istedadlı musiqiçisi, “Ayrılıq”, “Sizə salam gətirmişəm” və b. lirik mahnılarıyla dinləyicilərin qəlbinə yol tapmış Əli Səliminin ömür yolu və yaradıcılığı…Әli Şamil

 

Göndərmə 11.02.2011 11:17:39 UTC

Güncəlləmə 11.02.2011 11:17:39 UTC

www.trtazerbaycan.com

http://www.trt.net.tr/trtworld/az/newsDetail.aspx?HaberKodu=b2fe4818-2505-4fc1-9ce0-e2e559f7e22b



19. yüzilin sonlarında və 20. yüzilin başlarında Bakıda neft sənayesinin, Gədəbəydə mis və qızıl mədənlərinin sürətlə inkişafi yalnız həmin sahələrdə calışanlara deyil, mühafizə, tikinti, nəqliyyat və xidmət sahələrində işləyənlərə də təlabatı artırdı. Arazın o tayından, Təbrizdən, Ərdəbildən, Sərabdan, Urmiyadan, Zəncandan və başqa bölgələrdən insanlar dili və dini bir olan qardaşlarının yanında işləməyə gəlirdilər. Onlar bir neçə il işləyib güzəranını yaxşılaşdırdıqdan sonra geri qayıtmaq arzusuyla gəlsələr də, çox vaxt müxtəlif səbəblərdən geri dönə bilmirdilər.

Ərdəbildən Bakıya işləməyə gəlmiş Zöhrab Səliminin belələrindən biri idi. O, Rus bolşeviklərinin təhriki və yardımıyla 1918-ci ilin martında ermənilərin Bakida, Şamaxıda, Qubada və b. bölgələrdə onminlərlə müsəlmanı qırmasının da, 1920-ci ilin may ayından başlayaraq Sovet əsgər və zabitlərinin xalqa tutduğu divanın da şahidi idi. Lakin bütün bu ağrılar-acılar, ölüm təhlükəsi də onu Ərdəbilə qaytara bimədi.

Bakıda yaşayan ərdəbilli Zöhrab Səliminin 1922-ci ildə bir oğlu olur. Adını Əli qoyurlar. Məktəb yaşı çatdıqda yaşıdları kimi o da məktəbə gedir. Balaca Əlinin musiqi duyumunun güclu olduğunu gördükdə onu yeni təşkil edilmiş musiqi məktəbinə qoyurlar. Orada tar çalmağı öyrənir. Görkəmli tarzən Əhməd Bakıxanovun sinfində oxuması Səlimini musiqiyə ömürlük bağlayır.

Əhməd Bakıxanov Əli Səlimiyə dərs deməklə kifayətlənmir, onu rəhbərlik etdiyi orkestrdə tarzən kimi də işlədir. Lakin bu xoş və şirin günlərin ömrü o qədər də uzun olmur. 1938-ci ildə İranı da təsirdairəsinə qatmaq istəyən SSRİ qısa bir zaman içində ölkədəki İran vətəndaşlarını İrana qaytarır.

Ailələri İrana qovulanda Əli Səliminin 16 yaşı varmış. Onlarla birlikdə qovulanlar arasında tanınmış tarizən Adil Axunzadə, sonralar xanəndə kimi məşhurlaşan Mustafa Payan, bəstəkar Cavid Səfərli və b. olur. SSRİ-dən qovulanlara İranda da xoş üz göstərilmir. Səlimilər ailəsi bir müddət Mazandaranda qaldıqdan sonra Ərdəbilə gedirlər. Orada iş və mənzil tapa bilmədiklərindən Tehrana köçür. Hökumət məmurları isə həmişə onların fəaliyyətinə şübhə ilə yanaşır, xüsusi xidmət orqanları daima onları nəzarətdə saxlamağa çalışır.

Sıxıntılara və məhudiyyətlərə baxmayaraq, Əli Səlimi sevimli tarından ayrılmadı. Daim məşq etdi, öz üzərində çalışdı. Dünyanı bürüyən “soyuq müharibə” irandan da yan ötmədi. Amerikanın təsirilə İran da SSRİ-nin apardığı təbliğatın qarşılığı olaraq radio təbliğatını gücləndirdi. Azərbaycan türkcəsində verlişlər hazırlayıb Sovet Azərbaycanının əhalisinə təsir göstərmək istədi. Bu verlişlər əlbəttə musiqisiz keçinə bilməzdi. Ona görə də Əli Səliminin orkestr təşkil etməsinə, mahnılar yaratmasına, həmin mahnıları efirdə səsləndirməsinə şərait yaratdı. Sovet Azərbaycanının əhalisinə təsir üçün yaradılmış orkestr və yazılan musiqilər sürətlə İranda da yayıldı. Həmin mahnıları yalnız azərbaycan türkləri deyil, İranda yaşayan farslar da, kürdlər də, ərəblər də, bəluclar da, larlar da, başqa xalqlar da həvəslə dinləyib və öz məclislərində oxudular. Beləcə Əli Səliminin şöhrəti gündən günə artırdı. Beləcə, Əli Səlimi uzun muddət Tehran radiosunda işləməli və orada yaşamalı oldu.

Əli Səlimi öz bəstələrinə musiqi yazmaq üçün Tehranda yaşayan həmyerlisi, Ərdəbil yaxınlığındakı Nir qəsəbəsinin Korabaz kəndindən olan gənc şair Rəcəb İbrahimini əməkdaşlığa cəlb etdi. Fərhad ləqəbilə şeirlər yazan Rəcəb İbrahimini əməkdaşlığı uğurlu alındı.

Rəcəb İbrahimini tez-tez xatırlayır ki, Əli Səlimi 1956-cı ilin payızında ona bir bəstəsi üçün “Ayrılıq” adlı mahnı mətni yazmasını tapşırdı. O da ustadın dediklərini nəzmə çəkərək üç bəndlik belə bir şeir yazdı:

Necə ki elimdən, ayrı düşəndən,

Sorar bir – birini, görüb biləndən.

Həsrətlə sızlayar dayim bu qəmdən.

Ayrılıq – ayrılıq, aman ayrılıq,

Hər bir dərddən olur yaman ayrılıq.

İllərdir uzağam arxam, elimdən.

Bülbüləm düşmüşəm ayrı gülümdən.

Zor ilə ayırıb şirin dilimdən.

Ayrılıq – ayrılıq, aman ayrılıq,

Hər bir dərddən olur yaman ayrılıq.

Olubdur "biganə" yarım – yoldaşım.

"Qəribə" sayılır sevgim – sirdaşım.

Bu cavan çağımda ağardıb başım.

Ayrılıq – ayrılıq, aman ayrılıq,

Hər bir dərddən olur yaman ayrılıq.

Əli Səlimi mahnını hazırladı. Orkestrdə dönə-dönə məşq etdilər. Mahnını Əli Səliminin xanımı Fatimə Qənnadi oxudu. Fatimə Qənnadi də 1920-ci ildə Tbilisidə Şəbüstərli Mehdinin ailəsində dünyaya göz açıb. 1938-ci ildə onlar da İrana qovulublar.

“Ayrılıq” mahnısı musiqiçilər tərəfindən yüksək dəyərləndirilsə də, senzor nəzarətindən keçmədiyindən efirdə səsləndirilmədi. Dostlarının təkid və xahişini nəzərə alan Əli Səlimi Fərhada yeni mətn yazdırdı. Yeni mətndə o tay, bu tay ayrılığında, xalqların və millətin ayrılığından deyil, sevgililərin ayrılığından söz açılsa da, musiqi əvvəlki ahəngində qaldığından olduqca yanıqlı və gövrəldici oldu.

Yeni mətnli “Ayrılıq” mahnısı 1958-ci ildə Tehran radiosu ilə səsləndirildi. 1960-ci illərdə Tehrana qastrol səfərinə gedən Rəşid Behbudovu Əli Səlimi qonaq apardı. SSRİ-dən gəlmiş musiqiçilərə Əli Səlimi bir neçə mahnısını bağışladı. Rəşid Behbudov İrandan döndükdən sonra “Ayrılıq” mahnısı üzərində işləyərək onu konsertlərdə oxumaqla yanaşı vala da yazdırdı. Bu ifa mahnının geniş yaylmasına və şöhrətlənməsinə səbəb oldu.

“Ayrılıq” mahnısını təbrizli ailəsində doğulub Tehranda yaşayan və Ququş kimi məşhurlaşan müğənni, Türkiyədə Zəki Müren, İrandan mühacirətə getmiş Yaqub Zürüfçü və b. neçə-neçə mügənni oxumuşdur. Əli Səlimi və Rəcəb İbrahiminin əməkdaşlığından “İntizar”, “Unutma məni”, “Ağlama”, “Açıl səhər”, “Savalan”, “Təbriz”, “Uzunçəmən”, “Lalə”, “Yaz gəlibdir”, “Səni görəndən bəri”, “Ceyran sevgilim” və b. 30-a yaxın lirik mahnı yarandı. Bu mahnıları Fatma Qənnadı, Yədullah Zeyvə, İsmayıl Kərimpur və başqa tanınmış müqənnilər oxudu.

Azərbaycanın sevilən və seçilən müğənnisi Şövkət Ələkbərova İrana qastrol səfərinə gedəndə onun oxumasından ilhamlanan Əli Səlimi və Rəcəb İbrahim cütlüyü “Şövkətə alqış” mahnısını yazdılar. Bu mahnını da ilk dəfə Vartuş ləqəbilə tanınan Fatma Qənnadə oxudu. Mahnı uzun zaman repertuardan düşmədi. Demək olar ki, İranın əksər konsert salonlarında səsləndirildi.

Şah rejimi dövründə ölkədə rəsmi yerlərdə fars dilindən başqa yerli dillərdə – Azərbaycan türkcəsində, kürdcə, ərəbcə, lorca, bəlucca və b. dillərdə danışmaq qadağan olunduğu halda Əli Səlimin mahnıları toylarda, məclislərdə, toplantılarda oxunub, böyük maraqla qarşılanırdı. Bu da ana dilinin unudulmamasına, bu dildə yeni şeirlər yaradılmasına şərait yaradırdı.

Əli Səlimi bir müddət Tehranda “Radio İran”da çalışdıqdan sonra onu, Fatma Qənnadini, və b. yoldaşlarını da işdən qovurlar. Onlar toylarda və el şənliklərində çıxışlarıyla güzaranını keçirirlər.

Rüdəki salonunda Azərbaycan Musiqi alətləri ansamblı yaradır. Bu ansambl 1978-ci ilin iyun ayında onu Təbrizdə yeni yaradılan radio televizya orkestrini qurmağa dəvət etdilər. O, Təbirzə yeni arzularla, burada yeni orkestr qurmaq, gənc musiqiçilər yetişdirmək istəyi ilə gəldi. “Rudəki” salonunda da orkestr qurdu. Lakin bunlar o qədər də uzun sürmədi. Ölkədə islam inqilabının baş verməsi, din xadimlərinin musiqini qadağan etməsi Əli Səlimini cətin vəziyytə saldı. Bütün bunlara baxmayaraq, Səlimi ruhdan düşmədi, uşaqlara yarı gizli musiqi təhsili verməklə güzaranını təmin etdi, bədii yaradıcılığından da qalmadı. 1978-ci ildə Ərdəbilli şair Valeh Mahmud Dəstupuşun "Sizə salam gətirmişəm" şerinə mahn yazdı.

Təzyiqlərə və qadağalara baxmayaraq, Əli Səlimi Təbrizdə “Musiqi evi” yaradaraq Azərbaycan musiqisini təbliğ etdi və musiqiçilər hazırladı.

Ömrünün sonlarında uzun müddət xəstəxanada yatan böyük bəstəkar 1997-ci ilin aprelin 22-də dünyasını dəyişdi və Təbirzəki Vadiyi rəhmət qəbristanlığında dəfn edildi .

Sənətkar dünyasını dəyişsə də, sevənləri heç vaxt onu unutmadılar. Musiqini yasaq sayanlar belə geri çəkilməli oldular.

2007-ci il dekabrın 15-16-da Ərdəbildə – sənətkarın ata-baba yurdunda onun şərəfinə ilk dəfə olaraq Azərbaycan muğam festivalı keçirdilər. Əməlləri Əli Səlimini yaşadır və onun şöhrətini gündən-günə artırır.

 
 
Sayğac
 
Flag Counter
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol