ƏLİRZA NABDİL OXTAY
Türk Dünyasının Məşhurları-15
28 yaşında İran şahı tərəfindən edam edilmiş, şair və inqilabçı Əlirza Nabdil Oxtayın ömür yolu və yaradıcılığı...Əli Şamil
Göndərmə 13.05.2011 11:10:11 UTC
Güncəlləmə 13.05.2011 11:10:11 UTC
www.trtazerbaycan.com
http://www.trt.net.tr/trtworld/az/newsDetail.aspx?HaberKodu=cee44acf-e0c4-4599-86a3-ccfc0534a5fc
Əlirza Əli oğlu Nabdil 1944-cü ildə Təbrizdə ortabab bir ailədə anadan olub. Uşaqlıq və gənclik illərini Təbrizdə keçirən Əlirza Azərbaycan Demokrat Firqəsi haqqında xatirələri dinləyərək böyüyüb. Şəhərin hər guşəsində S.C.Pişəvərinin rəhbərlik etdiyi hökumətin bir ildə apardığı quruculuq işlərini görüb. Şəhərə boru ilə su çəkdirən, küçələrə asfalt döşədən, ana dilində qəzet-jurnal, məktəb, universitet, teatr açan vətənsevərlərə şah cəlladlarının divan tutduğunu eşitdikcə rejimə və onun qoruyucularına qarşı nifrəti artıb.
Şah rejimi milli düşüncəli, vətənsevər insanlara divan tutmaqla kifayətlənməyib, ana dilli qəzet və jurnalları, unversitetləri, məktəbləri, teatırı bağlayıb, dövlət idarələrində, məktəblərdə ana dilində danışanlar cərimələnib, cəzalandııb.
Buna görə də Arazın o tayında yaşayanların çoxuna, xüsusən, azadlıqsevər gənclərə Sovet Azərbaycanı cənnət – xalqların azad və xoşbəxt yaşadığı ölkə təsiri bağışlayıb. Ölkənin daxilində nələr baş verdiyini bilmədiklərindən sosializmi, xüsusən, Sovetlər Birliyini xalqların xilaskarı kimi tanıyıblar. Bu hisslərin təsiri ilə yeniyetmə yaşlarından şeirlər yazmağa başlayan Əlirzanın şeirlərinin dili olduqca sadə və anlaşıqlıdır. Gənc şair ana dilinə vurğunluğunu oxucuya belə təqdim edib:
Yollarım sınandı yad ölkələrdə,
Neçə yad dodaqda səsləndi adım.
Sağ ol, ana dilim, məni heç yerdə,
Yalqız qoymadın, köməksiz qoymadın...
Əlirza Nabdil şeirlərini ox və tay sözlərinin birləşməsindən əmələ gəlmiş Oxtay ləqəbilə yazıb. Yəni oxa tay, oxa bərabər, ox kimi, çağdaş sənət hədəfi düzgün müəyyən etməli, məqsədinə doğru uçuşunda “oxa tay” olmalıdır. Tamamilə uçuşa və təsirli zərbəyə sahib olmalıdır. Onun seçdiyi ləqəb belə daxilində bulaq kimi qaynayan vətənpərvər və prinsipial bir ruhdan gəlib.
O, poeziyada da, cəmiyyətdə də bir dəyişiklik baş verməsini istəyib. Özünü də bu dəyişiklikləri yaradanlardan biri kimi görüb. Var gücüylə buna can atıb. İranda yeni yaranmağa başlayan simvolik şeirin təsiri ilə, əsasən də sərbəst vəzndə şeirlər yazıb. Şeirə o, bir sənət nümunəsindən çox xalqını əsarətdən qurtaracaq, mübarizəyə aparacaq ideoloji silah kimi baxıb.
1961-ci ildə orta məktəbi bitirən Əlirza Nabdil elə həmin il də Tehran Universitetinin hüquq fakultəsinə qəbul olub. O, hüquq fakültəni bitirib insanlanların haqlarını qorumaq arzusunda olub. Ali məktəbdə oxuduğu illərdə başa düşüb ki, toplumun hüquqları pozulan bir ölkədə ayrı-ayrı insanların haqqını müdafiə etmək mümkün deyil.
Bu həmin illərə təsadüf edib ki, dünyanın ən böyük və güclü kapitalist ölkəsi olan ABŞ-ın necə deyərlər burnunun dibində – Kubada sosialist dövləti yaranıb. Sosializmin nəzəriyyəçiləri sayılan K.Marksın, F. Engelsin fikirləri sözdə təriflənsə, təbliğ edilsə də, əməldə onların yazdıqlarının əksi baş verib. Yeni sosialistlər belə düşünürdülər ki, kiçik bir mühərrik böyük mühərriki işə saldığı, hərəkətə gətirdiyi kimi, azsaylı silahlı dəstələr də xalq kütlələrini inqilabi hərəkata qoşa bilər. Argentinada doğulub boya-başa çatan Çe Qivaranın Fidel Kastro ilə birlikdə Kubada silahli mübarizədə iştirakı, sonra Afrikada və Güney Amerikada silahlı dəstələr yaratması sosialistlərin əsas təbliğat hədəfinə çevrilib.
Çe Qivara öldürülsə də, onun adı dünya gəncləri arasında azadlıq və mübarizlik simvoluna çevrilib. Gənclər onun azsaylı əsərlərni oxuyub, ömür yolunu öyrənib, onun kimi təşkilatlanmağa və mübarizə aparmağa çalışıblar.
İran sosialistləri arasında da kiçik silahlı dəstələr yaradaraq xalqı şah rejiminə qarşı qaldırmaq istəyənlər olub. Əlirza Nabdil unversitet illərində sosialist ruhlu insanlarla oturub-durduğuna görə 1967-ci ildə ali məktəbi bitirdikdən sonra ona ixtisası üzrə iş verməyiblər.
Çarəsiz qalan Əlirza Nabdil Təbrizə dönüb. Burada da münasib iş tapmadığından Xoy şəhərinə gedib və orada müəllim işləməyə başlayıb.
Əlirza Nabdil özündən beş yaş böyük və Azərbaycanın kəndlərində müəllimlik etməklə yanaşı, həm də bədii yaradıcılıqla məğul olan, folklor toplayan, millətini marifləndirən və haqq, ədalət uğrunda mübarizəyə səsləyən Səməd Behrənglə dostlaşıb. S.Behrəng onu Əmir Pərviz Puyanla tanış edib. Bu tanışlıq az sonra Behruz Dehqani, Manaf İmani və b. məsləkdaşlarıyla birlikdə İran Xalq Fədai Çerikleri təşkilatının Təbriz qanadının mərkəzi özəyinin yaradılması ilə nəticələnib.
Bu təşkilatın üzvləri İranın müxtəlif bölgələrinə səpələnib gizli fəaliyyətə başlayıb və silahlı üsyan ideyasını qızğın təbliğ ediblər. İranı bürüyən “Silahkəl silahlı üsyanı” yalnız şah rejimini deyil, dünyanın qüdrətli kapitalist ölkəsi olan ABŞ-da qorxuya salıb. ABŞ gizli təşkilatlarla mübarizədə İrana kömək üçün əlindən gələni əsirgəməyib. Şah rejiminin xüsusi xidmət orqanları üçün kadrlar hazırlayıb, onları modern avadanlıqlarla, gizli dinləmə cihazları və silahlarla təmin edib.
1968-ci ildə Səməd Behrəngin şübhəli ölümündən təsirlənən Oxtay gənc dostu haqqında “Səməd könlümdədir” elegeyasını yazıb. Şeir az zamanda gənclərin dillərin əzbərinə çevrilib. 1960-70-ci illərində Cənubi Azərbaycan poeziyasında süjetli lirikanın bir sıra gözəl nümunələrini yaradan Ə.Nabdil Oxtayın “Kürdüstan”, “Tozlu piano”, “İşıq”, “Yurd”, “Səttərxanın atlıları” və s. bu kimi əsərləri “adi əhvəlatlarda böyük həqiqətlər”in çox ustalıqla verilməsi, əsas ideyanın açılmasına xidmət edən original deyim tərzi ilə diqqəti cəlb edib.
Ə.Nabdil gənc nəslin vətənsevər, ədalətli, xeyirxah böyüməsində uşaq ədəbiyyatının rolunu yüksək qiymətləndirib. Bunun üçün də özü də uşaqlar üçün əsərlər yaradıb. Xalaxalinin “Sələbiyyə”sinin təsirilə yazdığı “Tülkü kitabı” gənc şairin günümüzədək gəlib çatan əsərlərindən biridir.
Dövrünün millətpərvər şairi Həbib Sahir Əlirza Nabdilin şeirlərini belə dəyərlərndirib: “Oxtayın şeirləri nə o tayın, nə də bu tayın şeirinə bənzəyir. Oxtay əlhanında yalnız gözəllik deyil, dərin bir duyğu və ahəng var. Şübhəsiz, Oxtay müstəsna istedada malik bir gənc idi. Lakin əfsus, o parlaq cəvahir qara torpaq altında çürüyüb fənaya getdi”
Əlirza Nabdilin ictimai-siyasi görüşləri 1970-ci illərdə fars dilində yazdığı “Azərbaycan və milli məsələ” adlı əsərində öz əksini tapıb. 12 bölmədən ibarət olan əsərdə “Azərbaycan dili və ədəbiyyatı necə yarandı?”, “İrtica fars millətçiliyini qabartmaqla İran xalqlarının mədəniyyaətinin məhvinə çalışır”, “Feodalizm dövründə Azərbaycan üçün milli məsələ mövcud deyildi”, “Məşrutə inqilabı və inqilabı mədəniyyət”, “Xiyabani hərəkatı”, “Rza şah diktaturası”, “1324-1325-ci illərdə (1945-1946-cı illər) demokratik hərəkat”, “Demokratların məğlubiyyətindən sonra”, “Azərbaycanda milli mədəniyyətə yeni meyl etmələr” və s. başlıqlar var.
Əlirza Nabdil hökumət əleyhinə silahlı mübarizənin vacibliyini təbliğ edərkən 1971-ci ilin yazında Tehranın Paminar rayonunda xəfiyyələr onu həbs etmək istəyib. O, müqavimət göstərib. Xüsusi xidmət orqanlarının əməkdaşları onu həbs etmək üçün atəş açıb və gənc şairi ağır yaralayıblar. Həbsxanada onun əməliyyat edilməsinə tanınmış cərrah Cavat Heyət dəvət edilib. Əməliyyat uğurla keçsə də, Oxtay işgəncələrə dözməyərək mübarizə yoldaşlarının adını çəkə biləcəyindən ehtiyatlanaraq intihara cəhd edib. Özünü həbsxana xəstəxanasının üçüncü qatından atarkən yarasının tikişləri sökülüb. O, yerə tökülən bağırsaqlarını əlinə dolayaraq qırmaqla ölümünü sürətləndirmək istəyib. Lakin özünü yetirən həbsxana işçiləri Oxtayın intihar etməsinə mane olublar. 11 aylıq ağır işgəncədən sonra 1972-ci il martın 13-də, sübh çağı Əlirza Nabdil Oxtay 8 məsləkdaşı ilə birlikdə edam edilib. Onu Təbrizdəki Behişti Zəhra qəbristanlığında dəfn ediblər.
Oxtayın əsərlərinin çoxu polis idarələrində, məhkəmələrdə, eləcə də hökumətdən qorxan dostlarının, tanışlarının evində məhv edilib. Sonralar dostları onun şeirlərini toplayaraq “İşıq” adlı bir kitabda nəşr etdiriblər. Əlirza Nabdil 28 yaşında edam edilsə də, ədəbi qəhramana çevrilib, haqqında neçə-neçə bədii əsərlər yaranıb.
|